Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2938/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aydın oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli qətnamədən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Aydın oğlunun, cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 527,56 manat borcun silinməsi, onun tərəfindən ASC-yə ödənilmiş 150 manat məbləğində pulun ASC-dən tutularaq geri qaytarılması, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 210 manat məbləğində pulun ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, “Albalılıq” bağ sahəsində yerləşən 106 "xxxx" saylı fərdi yaşayış evi cavabdeh ASC tərəfindən elektrik enerji isə təchiz edilir və istehlak edilmiş elektrik enerjisinin dəyəri, ASC tərəfindən həmin ünvanda, küçədə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə hesablanır. ASC-nin əməkdaşları, elektrik xəttinə və sayğaca qanunsuz müdaxilələrin olub-olmamasını, onların işlək vəziyyətdə olmasını yoxlamaq üçün mütəmadi olaraq elektrik xəttinə və sayğaca baxış keçirirlər. ASC-nin əməkdaşları növbəti dəfə, yəni 2021-ci ilin noyabr ayının sonunda, dekabr ayının əvvəlində elektrik xəttinə və sayğaca baxış keçirən zaman aşkar etmişlər ki, sayğac səhv işləyir. Buna görə də, onlar əvvəlki sayğacı yenisi ilə əvəz etmiş və əvvəlki sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmişlər. Bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Bundan bir müddət sonra iddiaçıya əlavə sərfiyyat kimi 527,56 manat borc hesablanmış və evin elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. İddiaçı, borcun yaranmasının və elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbləri ilə bağlı maraqlandıqda ASC-nin əməkdaşları bildirmişlər ki, laboratoriya tərəfindən müəyyən edilmişdir ki, sayğac, baş vermiş qısa qapanma nəticəsində 33% enerji itkisi ilə işləmişdir, buna görə də elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılmışdır və əgər o, elektrik enerjisinin verilməsinin bərpa edilməsini istəyirsə, onda gərək 100-150 manat məbləğində ödəniş etsin. İddiaçı məcburiyyət qarşısında qalaraq borcun bir hissəsini, yəni 150 manatı ASCnin hesabına ödəmiş və yalnız bundan sonra elektrik enerjisinin verilişi bərpa edilmişdir. İddiaçı hesab edir ki, ASC-nin ondan qeyd edilən məbləğin ödənilməsini tələb etməsi əsassızdır. Çünki sayğac küçədə yerləşir və iddiaçının özü, habelə ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə vəkilə 210 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh ASC tərəfindən iddiaçıya hesablanmış 527,56 manat məbləğində borcun əsassız olaraq hesablanması səbəbindən silnməsini, iddiaçı tərəfindən ASC-yə ödənilmiş 150 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya qaytarılmasını, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvana dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 027152 saylı aktda qeyd edilən fakt - yəni baş vermiş qısa qapanma nəticəsində sayğacın 33% enerji itkisi ilə işləməsi faktı cavabdeh ASC-yə əsas vermir ki, həmin fakta görə iddiaçıya borc hesablasın və həmin borcun ödənilməsini tələb etsin. Buna görə də, həmin akt üzrə iddiaçının adına olan abonent koduna hesablanmış borc əsassız sayılaraq silinməlidir. Həmin borc əsassız olaraq hesablandıqdan iddiaçı həmin borcun bir hissəsi olaraq 150 manat məbləğində pulu ASC-yə ödəməli deyildi. Buna görə də həmin məbləğ ASCdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, ASC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman hüquqi yardım almaq, aldığı hüququ yardıma görə müvafiq Vəkil Bürosuna 210 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. Lakin müəyyən edilir ki, həmin məbləğ ağlabatan deyil. Buna görə də, bu tələb qismən təmin edilməli, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pul ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi barədə hissədə ləğv edilməsini və iddianın həmin hissəsinin də rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC-nin əməkdaşlarının iddiaçının ünvanında quraşdırılmış elektrik sayğacının yenisi ilə əvəz etmələrinə və əvvəlki sayğacın yoxlanılması üçün laboratoriyaya göndərmələrinə səbəb o hal olmuşdur ki, sayğac səhv işləyir. Bu fakt sayğacın laboratoriyada tərəfindən yoxlanılması zamanı təsdiq edilmişdir. Belə ki, laboratoriyada sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğac, 33% enerji itkisi ilə işləyir. Aparılmış hesablama nəticəsində isə müəyyən edilmişdir ki, sayğacın səhv işləməsi nəticəsində ASC-yə 527,56 manat məbləğində ziyan dəymişdir. Buna görə də, həmin məbləğin ödənilməsi iddiaçıdan ödənilməsi tələb olunmuş və iddiaçının həmin borcundan ödədiyi 150 manat ASC tərəfindən qəbul edilmişdir. ASC-nin əməkdaşlarının hərəkətləri, tərtib etdikləri akt və protokol, ziyanın əvəzinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” (bundan sonra – EEİQ) tələblərinə uyğun olduğundan ziyan iddiaçı tərəfindən ASC-yə ödənilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi qismi təmin edilsə də, iddiaçı, qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
10. ASC-nin qətnamədən verdiyi apellyasiya şikayətindən də görünür ki, ASC, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
11. Göstərilənləri, iddia tələbinin bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh ASC tərəfindən elektrik enerji isə təchiz edilir və istehlak edilmiş elektrik enerjisinin dəyəri, ASC tərəfindən həmin ünvanda, küçədə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə hesablanır.
14. ASC tərəfindən iddiaçıya ünvanlanmış cavab məktublarından və işdə olan sənədlərdən görünür ki, ASC-nin əməkdaşları, elektrik xəttinə və sayğaca qanunsuz müdaxilələrin olub-olmamasını, onların işlək vəziyyətdə olmasını yoxlamaq üçün xx.xx.2021-ci il tarixdə baxış keçirən zaman aşkar etmişlər ki, iddiaçının ünvanında quraşdırılmış elektrik hesabat sayğacı səhv işləyir. Bununla bağlı ASC-nin əməkdaşları NDM seriyalı, 027152 saylı akt tərtib etmiş, əvvəlki sayğacı yenisi ilə əvəz etmiş və əvvəlki sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmişlər. Laboratoriya tərəfindən müəyyən edilmişdir ki, sayğac, baş vermiş qısa qapanma nəticəsində 33% enerji itkisi ilə işləmişdir. Müəyyən edilmiş səbəbdən, ASC, ona dəymiş zərərin həcmi hesablamış və dəymiş zərərin əvəzi olaraq 527,56 manatın ödənilməsi iddiaçıdan tələb edilmişdir.
15. ASC tərəfindən iddiaçıya ünvanlanmış bildirişdən görünür ki, ASC, hesablanmış zərərin əvəzinin 1 iş günü müddətində ödənilməsini iddiaçıdan tələb etmiş və ziyan ödənilmədiyi halda onun ünvanına elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdar etmişdir.
16. İşdə olan “Ödəniş qəbzlərindən” və “Abonentin saldosundan” görünür ki, iddiaçı, yuxarıda qeyd edilən NDM seriyalı, 027152 saylı akt əsasında ona hesablanmış əlavə sərfiyyat borcundan cəmi 150 manatı cavabdeh ASC-nin hesabına ödəmişdir.
17. Cavabdeh ASC hesab edir ki, onun əməkdaşlarının hərəkətləri, tərtib etdikləri akt və protokol, ziyanın əvəzinin hesablanması EEİQ-in tələblərinə uyğun olmuş, buna görə də, ASC-yə dəymiş ziyan iddiaçı tərəfindən ödənilməlidir.
18. İddiaçı isə hesab edir ki, ASC-nin ondan qeyd edilən məbləğin ödənilməsini tələb etməsi əsassızdır. Çünki sayğac küçədə yerləşir və iddiaçının özü, habelə ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər.
19. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
21. EEİQ-nın tələblərinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur (bənd 7.11.). İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir (bənd 8.17.). Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər (bənd 8.34.). Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur (maddə 8.32.). Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (maddə 8.33.). İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.).
22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh ASC apellyasiya şikayətində yuxarıda qeyd edilən akta əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, ASC-nin əməkdaşlarının iddiaçının ünvanından götürdükləri və yoxlanılması üçün laboratariyaya göndərdikləri sayğaca laboratoriyada müayinə edilərkən müəyyən edilmişdir ki, sayğac, baş vermiş qısa qapanma nəticəsində 33% enerji itkisi ilə işləyir.
23. Göründüyü kimi, iddiaçıya məxsus ünvandan götürülmüş sayğacdakı problem ona edilmiş müdaxilə nəticəsində deyil, baş vermiş qısa qapanma nəticəsində yaranmışdır.
24. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə münasibətdə delikt törədərək ASC-yə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, cavabdeh ASC-yə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış borcu ödəməməlidir. Rayon Məhkəməsi həmin borcun silinməsi, iddiaçının həmin borcdan ASC-yə ödədiyi 150 manatı iddiaçıya geri qaytarılması, iddiaçının aldığı hüququ yardıma görə çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun ASC-dən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
25. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə faktlar nöqteyinəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.