Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2939/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, qanuni sahiblik, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma, sübutetmə yükü, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X8 xx.xx.2003-cü il tarixdə yazdığı və “iltizam” adlandırılan notarial təsdiqli əlyazısında göstərmişdir, o, İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya Qədirli küçəsi, 9-cu Vıyezdnoy ev 14 ünvanında olan 1 otaqlı evi satmışdır.
2. İddiaçı 14 iyul 2003-cü il tarixindən ünvan 1 ünvanda pasport qeydiyyatındadır və 2015-ci ilin sonlarına qədər həmin evdə yaşamışdır.
3. Bakı şəhəri, Yasamal Rayonu, 9-cu Vıyezdnoy küçəsi, 14 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
4. Cavabdeh X5 oğludur, o da digər şəxslərlə birlikdə Yasamal rayonu, 9-cu Vıyezdnoy ev 14 ünvanda pasport qeydiyyatındadır.
5. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 002198 nömrəli qəbzində göstərilmişdir ki, İddiaçı 9-cu keçid, ev 14 üçün 20 manat kommunal ödəniş etmişdir.
6. İddiaçı adına olan **********8000V saylı abunə kodlu işıq qəbzinə görə, 9-cu keçiddə yerləşən İddiaçı adına olan otaq üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi 0 manat məbləğində borc hesablanmışdır.
7. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının təsir dairəsinə düşmədiyindən hazırda söküntü mərhələsinə düşmür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin qanusuz olaraq zəbt etdiyi ona aid ünvan 3 ünvanında yerləşən təxminən 25 kvadratmetr sahəsi olan bir otaqlı mənzildən (bundan sonra mübahisəli mənzil) əşyaları ilə birlikdə çıxarılması və həmin otağın ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzili 10 may 2003-cü il tarixdə notarial qaydada təsdiq edilmiş yazılı iltizam əsasında cavabdehin anası mərhum X6 2700 ABŞ dolları ödəyərək almış, bir müddət mübahisəli mənzildə ailəsi ilə yaşamış, daha sonra isə oranı kirayəyə verərək başqa mənzilə çıxmışdır. Son illərdə həmin otaq yararsız halda olduğundan və sair səbəblərdən icarəyə verə bilməmiş, həmçinin plana düşdüyündən təmir etdirməmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin köçürmə komissiyası da otağının kvadratını hesablayaraq adına yazmışdır. Qonşular da bunu təsdiq edə bilərlər. Bütün kommunal ödənişləri etmişdir, borcu yoxdur və kommunal sayğaclar da öz adınadır. Bundan əlavə, mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdür. Sonuncu dəfə 21 fevral 2021-ci ildə bacısı ilə birlikdə evinə baxış keçirmək üçün gedərkən mübahisəli mənzilin cavabdeh tərəfindən başqa qapı qoyulmaqla zəbt edildiyinin şahidi olmuş, dəfələrlə cavabdehlə əlaqə saxlasa da sonuncu, mübahisəli mənzilin guya boş olduğunu gördüyü üçün təmir edib bağladığını bildirmiş, mənzili boşaltmaqdan imtina etmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmiş, lakin işin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməsini bildirmişlər. Cavabdehin qanunsuz hərəkətləri və mübahisəli mənzildən çıxmaması ona həm ciddi şəkildə maddi ziyan vurur, həm də kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Faktiki olaraq alqı-satqı ilə aldığı mülkiyyətindən məhrum olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır, cavabdehi də tanıyır. Sözügedən mənzili bacısı cavabdehin anasına pul ödəyərək almış, bacısı 2003-cü ildən 2015-ci ilə qədər orada yaşamış, sonra isə həmin otağı kirayəyə vermişdir. Daha sonra mənzili su basdığından təmiri yarasız hala düşmüş və mənzildə yaşayış olmamışdır.
11. Məhkəmənin şahid qismində dindirdiyi X3 da bənzər məzmunda ifadə vermişdir.
12. Məhkəmənin 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehin barəsində iddia tələbində göstərdiyi faktların təsdiqi ilə bağlı sübut təqdim edibetməməsindən asılı olmayaraq, iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Mübahisəli mənzilə dair iddiaçının mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən ümumiyyətlə sözü gedən ünvanda yerləşən mübahisəli evin reyestr xidmətində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçının sübut qismində istinad etdiyi 10 may 2003-cü il tarixdə bağlanmış iltizamla da, iddiaçının cavabdehin anasından aldığını iddia etdiyi bir otaqdan ibarət mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kvadratmetr sahədən ibarət olması müəyyən edilməməklə, iş materialları ilə evə dair naturada bölgünün mövcud olması da müəyyən edilməmişdir.
14. Gəldiyi nəticəni məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6.03.2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, mübahisəli mənzilin üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddianın rədd edilməsi üçün əsas deyil. Bundan əlavə, naturada bölgüyə ona görə ehtiyac olmayıb ki, mübahisəli yaşayış sahəsi qeyd edilən ünvanda ayrı girişi olan bir otaqdır, digər yaşayış otaqlarına maneəsi yoxdur. Mübahisəli mənzilə sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Eyni hakim tərəfindən eyni ünvanda eyni qaydada alınmış iltizam əsasında əldə edilmiş mənzilə dair oxşar sübutların mötəbər sayılaraq mülkiyyət hüququnun tanınması barədə iddiaçının bacısının iddiasının təmin edilib qətnamənin çıxarması, lakin hazırkı iş üzrə iddianın rədd edilməsi başa düşülən deyil. Təqdim edilən sənədlər, şahid ifadələri, kommunala dair ödəniş qəbzləri və s. artıq mübahisəli yaşayış sahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edir.
16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəlcə inzibati icraat qaydasında mənzilə dair hüquqularını təsbit etdirməli, bundan sonra əldə etdiyi hüquqların müdafiəsinə yönəlik mülki mühakimə icraatı qaydasında tələblər irəli sürməlidir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır.
19.1. İşə baxan aşağı instansiya məhkəmələri iddianı rədd edərkən mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etmiş, iddia tələblərinin hüquqi əsasının, müvafiq olaraq iddiaçının subyektiv hüququnun olmaması kimi işin hallarına uyğun olmayan qənaətə gəlmişdir. 19.2. İşin mübahisə olunmayan hallarından görünür ki, İddiaçı ünvan 5 ünvanda qeydiyyatdadır, xx.xx.2003-cü il tarixli iltizama görə həmin ünvanda bir otaq cavabdehin anası X10 tərəfindən ona 2700 ABŞ dollarını satılmışdır, iddiaçı 2015-ci ilin axırlarına kimi həmin ünvanda yaşamış, mənzilin elektrik enerjisi, kommunal və sair xərcləri onun tərəfindən ödənilmişdir. 19.3. İddiaçının göstərdiyinə görə mənzil 2021-ci ilin əvvəllərinə kimi onun sahibliyində olmuşdur. 19.4. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, mənzilin iddiaçının sahibliyində olmasını heç kimi mübahisələndirməmişdir. 19.5. Belə olan halda işə baxan məhkəmələr mənzilin əmlak kimi iddiaçının sahibliyində olması və cavabdeh tərəfindən özbaşınalıq yolu ilə həmin sahibliyin pozulması, bu pozuntulara son qoyulmasının iddiaçının iddia vermək hüququnun olmasını diqqətdən qaçırmışdır. 19.6. Mənzil üzərində sahiblik və istifadə hüququnun daşınmaz dövlət qeydiyyatına alınmaması, bu barədə ümumiyyətlə reyestr xidmətində hər hansı məlumat aşkar edilməməsi sahibliyi aradan qaldıran hallar deyildir, mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kvadrat metr sahədən ibarət olması isə iddiaçı tərəfindən göstərilmişdir, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə bu halları mübahisələndirməmişdir. Digər tərəfdən isə məhkəmə həqiqətə nail olmaq üçün yerində baxış keçirilmənin mümkünlüyünü izahetməklə iddiaçının prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməmişdir. 19.7. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.
21. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişə uyğun olaraq mübahisəsi gedən tikiliyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin tikili qeyd edilən ünvanda ayrı girişi olan bir otaqdır, müxtəlif şəxslərin yaşadığı və ümumi girişi olan həyətin sonunda yerləşir. Cavabdeh həyətin girişindəki otaqlardan birində yaşayır və deməsinə görə iddiaçının tələb etdiyi otağı artıq başqa bir şəxsə satmışdır. Mübahisəsi gedən otağın qapısını açmaq cavabdehə təklif olunsa da, o, açarın onda olmadığını bildirərək bundan imtina etmişdir. Həmin otağın anası tərəfindən iddiaçıya satılması barədə məlumatı olubolmadığına dair cavabdehə verilən suala cavab olaraq cavabdeh bildirmişdir ki, mərhum anası otağı iddiaçıya satmamış, sadəcə iddiaçıdan borc alaraq ev söküldüyü zaman həmin borcu faizi ilə birlikdə ona qaytaracağını demişdir. O, uzun illər cəzaçəkmə müəssisəsində cəza çəkmiş, anası da onun ehtiyacları üçün iddiaçıdan borc pul almışdır. İddia tələbini əsassız hesab edir və bildirir ki, səhhətindəki problemlərlə bağlı məhkəməyə gəlməyəcəkdir.
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış (ona həm bildiriş göndərilmiş, həm SMS vasitəsilə, həm də yerli baxış zamanı şifahi məlumat verilmişdir) cavabdeh məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
33. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
“X13 haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
45. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
46. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, mənzil üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması, bu barədə ümumiyyətlə reyestr xidmətində hər hansı məlumat aşkar edilməməsi sahibliyi aradan qaldıran hallar deyildir.
47. Başqa sözlə, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
49. Beləliklə, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır.
50. Bu kontekstdə qeyd olunmalıdır ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 31-33) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.
51. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).
52. Hazırkı iş üzrə müəyyən olunan odur ki, mübahisəli ev (otaq) əvvəllər cavabdehin anasının sahibliyində olmuş, 2003-cü ildə o, iddiaçıdan 2700 ABŞ dolları alaraq otaq üzərindəki sahiblik hüququnu iddiaçıya vermişdir.
53. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçının, onun sahibliyinə keçmiş mübahisəli mənzildən (otaqdan), oranı hansı əsasla zəbt etdiyi ümumiyyətlə müəyyən olunmayan cavabdehin çıxarılmasını və mənzilin (otağın) özünə təhvil verilməsini tələb etməyə subyektiv hüququ mövcuddur.
54. Nəzərə alınmalıdır ki, cavabdeh mübahisəsi gedən mənzilin ona məxsus olduğunu iddia etsə də, həmin əmlak üzərində onun hər hansı hüququnun mövcudluğu müəyyən edilməmişdir.
55. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının mübahisəsi gedən tikili üzərində subyektiv hüququnun mövcud olub-olmadığı əhəmiyyət kəsb edir; subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olubolmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.
56. Kollegiya onu da qeyd edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
57. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, cavabdehin hərəkətləri nəticəsində tərəflər arasındakı ədalətli tarazlıq pozulmuşdur.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 saylı iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbləri təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən təxminən 25 kvadratmetr sahəsi olan otaqdan əşyaları ilə birlikdə çıxarılsın və həmin otaq İddiaçı təhvil verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə