Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2941/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-4780/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 50000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı ilin yay aylarında Adıgözəlova Zivər Bəybala qızı ona qaynı qızının evinin yanmasını və evin təmirinə təxminən 30000 manat pul lazım olmasını, pulu verən şəxsə həmin məbləği 3 ay ərzində üstündə əlavə xeyri ilə qaytaracağını bildirmişdir. Qeyd edilən şərtlə təxminən iki ay ərzində bir neçə dəfə olmaqla Zivər Adıgözılovaya üst-üstə 50000 manat pul vermiş, o da, vəd vermişdir ki, tezliklə həmin məbləği üstündə 10000 manat xeyir qoymaqla qaytaracaqdır. Qeyd edilən məbləğin bir qismi yaşadığı evdə, bir qismi isə cavabdehin yaşadığı evdə və onların evinin qarşısındakı meyvə satış köşkündə verilmişdir. Pulları verən anlarda yanında anası və bibisi olmuşdur. Cavabdeh inandığı üçün aralarında heç bir qəbz imzalanması həyata keçirilməmiş, lakin sonradan Cavabdeh ilə borc barəsində danışdıqları söhbətin səs yazısı tərəfındən diskə yazılmışdır. Lakin Cavabdeh verəcək məbləği bu günə kimi də müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. 2019-cu ilin aprel ayında Yasamal rayonu 28-ci PBnə ərizə ilə müraciət etmiş, Cavabdeh öz izahatında etiraf edərək göstərmişdir ki, 2015-ci il sentyabr ayında ilk dəfə ondan 2000 manat, sonra isə iki il ərzində üst-üstə hissə-hissə olmaqla 25000 manat pul almış, müəyyən məbləğ ona qaytarılmış, lakin əsas 25000 manat məbləğ isə borc olaraq qalmışdır. Cavabdeh izahatında müxtəlif vaxtlarda faiz verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Yasamal RPİnin 28-ci Polis Bölməsinin təhqiqatçısı 06.05.2019-cu il tarixdə mübahisənin mülki xarakter daşıması və bu əsasda məhkəməyə müraciət edilməsi izah edilməklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)- 4780/2020 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, cavabdehin polisdə verdiyi izahatının nəzərə alınmamasını, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh polisdə araşdırma zamanı sərbəst iradəsi əsasında yazılı izahat yazmış və izahatında iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 25000 manat pul almasını etiraf etmişdir. Halbuki, cavabdeh iddiaçıdan 50000 manat pul almışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi heç etiraf edilmiş 25000 manatı da təmin etməmişdir. Polisdə cinayət işinin başlanması rədd edildikdən sonra, 2019-cu ilin iyun ayında cavabdeh borcundan 500 manat da ödəmiş, qalan 24500 manat hissəsini isə hazıradək qaytarmamışdır. İddiaçı hüquqlarının pozulmasını polisə şikayət ərizəsi ilə müraciət edən zaman, yəni 2019-cu ilin aprel ayında bilmişdir. Çünki, ona qədər cavabdeh pulu qaytaracağını vəd verirdi. Hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Həmçinin, cavabdeh polisdə borcunu etiraf etmişdir ki, bu da iddia müddətinin axımının kəsilməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, həqiqətən tərəflər arasında pul məsələsi olmuş, cavabdeh iddiaçıdan hissə-hissə iki il müddətində, yəni 2015-ci ildən 2016-cı ilin dekabr ayınadək ümumilikdə 25000 manat pulu faizə götürmüşdür. Cavabdeh bir müddət pulun faizlərini ödəmiş, sonuncu dəfə 2017-ci ilin avqust ayında iddiaçıya faiz ödəmiş, ondan sonra hər hansı pul qaytarmamışdır. Cavabdeh iddiaçıya həmin tarixdə pulu qaytara bilmədiyini demişdir. Bu səbəbdən də iddiaçının hüquqlarının pozulmasını bildiyi son tarix 2017-ci ilin avqust ayı hesab olunmalıdır. İddiaçının nümayəndəsinin bildirdikləri, yəni 2019-cu ilin iyun ayında cavabdeh tərəfindən 500 manat pul ödənilməsi həqiqətə uyğun deyildir. Hesab edir ki, mübahisə üzrə iddia müddəti keçmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə və iddianı rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə və iddia müddətinin keçməsinə əsaslanmışdır. Halbuki, işdə olan Bakı şəhəri Yasamal rayon Pİ-nin 28-ci PB-nin 06 may 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından və izahatlardan görünür ki, iddiaçının şikayəti üzrə araşdırma zamanı cavabdeh iddiaçıdan iki il ərzində (2015-ci ilin sentyabr ayından etibarən) hissə-hissə 25000 manat pul almasını, 2017-ci ilin avqust ayınadək aldığı pulun faizlərini ödəməsini, pulun özünü isə qaytara bilməməsini göstərmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi də apellyasiya baxışı zamanı qeyd edilən xüsusatları təsdiq etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh onun qonşularıdır. 2019-cu ilin yay aylarında nəvəsi ilə Leylagilə getmiş, həmin vaxt Zivər də ora gəlmiş və Leylaya butkada pul vermişdir. Leyladan Zivərin ona niyə pul verdiyini soruşanda bildirmişdir ki, ona pul verməlidir. Göründüyü kimi, işdə olan sübutlarla cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda (2015-2016-cı illər), hissə-hissə 25000 manat pul alması müəyyən olunur. Eyni zamanda cavabdeh həmin pul vəsaitini qaytarmamasını da etiraf etmiş, keçən müddət ərzində yalnız faizlər ödəməsini bildirmişdir. İddiaçı tərəf isə cavabdehdən faizlər almamasını, pulun qaytarılmamasını, yalnız 500 manat pulun ödənilməsini bildirmişdir. Göründüyü kimi, istər izahat və ifadələrin, istərsə də işdə olan yazılı sübutların müqayisəli təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçıdan 25000 manat pul almış, həmin pul vəsaitindən 500 manat qaytarmış, 24500 manat borcu qalmışdır. İddiaçı iddia tələbindən cavabdehin ondan daha artıq, yəni 50000 manat pul almasını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları araşdıraraq hesab edir ki, cavabdehin iddiaçıdan 25000 manat pul alması, həmin pul vəsaitinin 24500 manat hissəsini hazıradək qaytarmaması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə iddia müddəti keçməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi nəticəsinə gəlsə də, iddiaçının hüquqlarının pozulmasını əvvələnin hansı tarixdən hesablanmalı olmasını müəyyən etməmiş, qətnaməni həmin hissədə ümumi ifadələrlə əsaslandırmağa çalışmışdır. Halbuki, iddia müddətinin tətbiqi zamanı müəyyən edilməli hallardan biri də müddətin axımının hansı gündən başlanılmalı olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-nin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-nin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İşdə olan sübutlardan aydın olur ki, iddiaçı 2019-cu ilin aprel ayında cavabdehin onun aldadaraq, pulunu mənimsəməsi ilə əlaqədar Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnə müraciət etmişdir ki, bu halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin gün qəbul edilməlidir. Belə ki, tərəflər arasında münasibətlər şifahi qaydada yaranmış, pullar hissə-hissə alınmış, alınmış pulların qaytarılması müddəti isə dəqiq müəyyən olunmamışdır. İddia müddətinin əvvəlinin pulların cavabdeh tərəfindən alındığı tarixlərdən hesablanması isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi alınmış pulların hansı tarixdə qaytarılmalı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçı tərəf cavabdehin əvvəllər müəyyən vədlər verərək pulları qaytaracağına söz verməsini, bu səbəbdən də cavabdehə inanmasını, lakin cavabdehin onu aldatmasına, pulları qaytarmaqdan imtina etməsinə əmin olduqdan sonra, polisə müraciət etməsini bildirmişdir. Həmçinin, polisdə araşdırma zamanı cavabdehin verdiyi izahatlardan da göründüyü kimi, pulları aldıqdan sonra iddiaçıya müəyyən pul vəsaitləri ödəməsini bildirmiş, ümumilikdə 25000 manat pul almasını, həmin pul vəsaitini qaytarmamasını etiraf etmişdir. Göründüyü kimi, əksi sübut olunmayınca, iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxt, onun cavabdehdən şikayət ərizəsi ilə istintaq orqanına müraciət etdiyi tarix qəbul edilməlidir. İşdə olan sübutlardan isə iddiaçının hüquqlarının pozulmasının daha əvvəl bilməsinə dair hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi izahatında sonuncu ödənişin 2017-ci ilin avqust ayında olmasını, həmin vaxtı cavabdehin iddiaçıya pulu qaytara bilməməsini deməsini, bu səbəbdən də iddia müddətinin axımının məhz 2017-ci ilin avqust ayından hesablanmalı olmasını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçı tərəf isə bu halları təsdiq etməmişdir. Belə olan halda cavabdeh tərəfin izahatı özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə 10 sentyabr 2020-ci il tarixdə müraciət etmiş, beləliklə üç illik iddia müddətini ötürməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi ilə bağlı mövqeyi əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 24500 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-4780/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-4780/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 24500 (iyirmi dörd min beş yüz) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2941/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2941/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver