Məhkəmə qərarları › İş №2(103)-2943/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2943/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2943/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi, Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2943/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi, Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilərək işə bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 384/2025 nömrəli 05 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş sertifikatlaşırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası” ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırmada iştirak etmədiyinə görə Bakı şəhər 27 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanına gəlmədiyinə görə kəsilmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 70-ci mаddəsinin “c” bəndinə əsаsən xx.xx.2024-cü ildən ləğv edilmişdir.

2. İddiaçı aid əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, onunla bağlanmış xx.xx.1989-cu il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 70-ci mаddəsinin “c” bəndinə əsаsən xitam verilmişdir.

3. İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Cavabdeh2 “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrinin ləğv edilərək onun işə (Cavabdeh2dəki vəzifəsinə) bərpa edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə onun iş fəaliyyətinə xitam verilmişdir. Səbəb sertifikasiya imtahanında ondan asılı olmayan səbəblərə görə və ya kimlərinsə səhlənkarlığına görə iştirak edə bilməməsidir. İşlədiyi 35 ildə öz işinə vicdanla yanaşmış, bir müəllim kimi çox uğurları vardır və məktəbin savadlı müəllimlərindən biridir. Birinci dəfə xx.xx.2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməməsinin səbəbi şəxsi kabinetinin açılmaması olmuşdur. Kabinet məktəb tərəfindən yaradıldığı üçün dəfələrlə direktorluğa müraciət etmişdir. Onun yanında telefonla Təhsil İdarəsinə 2 dəfə müraciət edilmişdir. Lakin imtahan vaxtı çatmış, Təhsil İdarəsi heç bir köməklik etməmişdir. O, şəxsi təşəbbüs göstərərək informatika müəlliminə müraciət etmiş, lakin kabinetin açılmasına nail ola bilməmişdir. Növbəti dərs ili sentyabrın 17-də 60 yaşı tamam olduqdan sonra sertifikasiya imtahanında iştirakına icazə verilməsi üçün təkrar müraciət etmişdir. Təhsil İdarəsindən 1 həftə sonra 60 yaşı tamam olan müəllimlərin sertifikasiyada iştirakına razılıq verilməməsi barədə xəbər gəlmişdir. 2024-cü ilin iyun ayında 60 yaşı olanların da iştirakı barədə məktəbə Təhsil İdarəsindən məlumat gəlmişdir və o, yenə iştirak etmək istəyini bildirmişdir. 1 gün sonra onu təcili Xətai rayonunda yerləşən 17 nömrəli məktəbə qeydiyyat üçün göndərmişlər. Orada məlum olmuşdur ki, onun işinə xx.xx.2024-cü ildən xitam verilmişdir. Baxmayaraq ki, o, həmin zaman sertifikasiyada iştirak etmək istəmişdir. Son 5 ildə 2 şagirdi Respublika müsabiqəsinin qalibi olmuşdur. Sözügedən sertifikasiyada iştirak edə bilməməsinin səbəbi savadsızlığı yox, kimlərinsə texniki səhvi ucbatından baş vermişdir. Bu səbəbdən Cavabdeh2 “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrin qanunsuz və əsasız olduğunu və hüquqlarını pozduğunu hesab edir. Belə ki, sözügedən əmrə əsasən “70c. peşakarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” norması ona uyğun deyildir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə ƏƏSMN-ə müraciət edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-384/2025 nömrəli 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilmiş, Cavabdeh2 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü iddiаçının sertifikasiya imtahanında tехniki səbəblərdən iştirаk еdə bilməməsinə bахmаyаrаq о, 60 yаşındа оlаrkən yеnə də həmin imtаhаndа iştirаk еtmək üçün mürаciət еtsə də, bu dəfə də iştirаk еdə bilmədiyi üçün bаrəsində qаnuniliyi mübаhisələndirilən əmr vеrilərkən nəzərə аlınmаmışdır ki, оnun təkrаr sertifikasiya imtahanında iştirаkı məcburi оlmаmışdır

8. Məhkəmə müəyyən etmişdir ki, X1 imtahanında iştirаkı məcburi оlmаdığındаn оnun bu imtаhаndа iştirаk еtmək üçün mürаciət еtməsinə və müəyyən səbəblərdən iştirаk еdə bilməməsinə bахmаyаrаq bu оnunlа bаğlаnmış əmək müqаviləsinə yuхаrıdа qеyd еdilən əsаslаrlа хitаm vеrilməsi üçün əsаs оlа bilməzdi.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Əmək Məcəlləsinin 70, 76, 300.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 26 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməsi üçün imtahanda iştirak etməli olduğu halda, imtahanda iştirak etməmiş və bununla Bakı şəhəri 27 nömrəli orta məktəbin müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. Birinci sertifikasiya imtahanı 24 iyun 2023-cü il tarixində keçirilən zaman İddiaçı 60 yaşa çatmadığından onun imtahanda iştirakı məcburi olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz (mülahizə) təqdim edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

15. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlmədiklərin kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 35, İV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 17.Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 67-2, 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 19.Maddə 67-2, 3-1-ci hissə. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 20.Maddə 67-2, 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 21.Maddə 70, “c” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər.

22. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”

23. 1.2-ci bənd. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

24. 1.5-ci bənd. 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmada iştirakı könüllüdür.

25. 5.2-ci bənd. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

26. 5.4-cü bənd. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göründüyü kimi, iddiaçı uzun müddət müəllim kimi fəliyyət göstərək xx.xx.2023-cü il tarixdə sertifikasiya imtahanında iştirak edə bilməmiş, bunu səbəbi kimi şəxsi kabinetinin açılmamasını göstərmişdir. 2023-cü ilin sentyabrın 17-də 60 yaşı tamam olmаsınа bахmаyаrаq о, təkrar xx.xx.2024-cü il tarixdə keçirilən sertifikasiya imtahanında iştirаk еtmək istəmiş, lakin bu dəfə də tехniki səbəblərdən аlınmаmışdır. Lаkin təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikatlaşırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası” ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırmada iştirаk еtmədiyindən sеrtifikаt əldə еtməmiş və bunа görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsаsən оnunlа bаğlаnmış əmək müqаviləsinə хitаm vеrilmişdir.

36. Kollegiya hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır.

37. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur.

38. xx.xx.2023-cü il tarixdə iddiaçının 60 yaşı tamam olduğundan, həmin tarixdən sonra onun sertifikasiya imtahanında iştirakı artıq könüllü xarakter almışdır. Ona görə də cavabdehin iddiaçıdan təkrar imtahan verməsi kimi tələbi tam əsasız olmuşdur.

39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər qətnamənin ləğvi üçün əsas təşkil etmir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-384/2025 nömrəli iş üzrə 05 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar