Məhkəmə qərarları › İş №2(103)-2944/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2944/2022

19.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2944/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, X1, Ərizəçinin nümayəndəsi Nümayəndə1, onun vəkili Vəkil, Maraqlı şəxs2 vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “fiziki şəxsin ölmüş elan olunması” tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-132/2010 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən ərizəçi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi X6 Maraqlı şəxs1nə qarşı «fiziki şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.01.2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsi ilə X3 atası, 20 may 1957-ci ildə Leninqrad şəhərində anadan olmuş, Bakı şəhəri, Tbilisi prospekti, ev 66, mənzil 43-də daimi qeydiyyatda olan Maraqlı şəxs2 Şərif oğlunun ölmüş elan edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Maraqlı şəxs2 Şərifovoçin nümayəndəsi və vəkili Nümayəndə2 13 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 06.01.2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 Nəsimi Rayon Məhkəməsində cavabdeh Nümayəndə1 qarşı iddia qaldıraraq mülkiyyət hüququ əsasında özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 66 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.01.2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsi ilə ərizəçi X3 ərizəsi təmin olunmuş və 20.05.1957-ci ildə Leninqrad şəhərində anadan olmuş, Bakı şəhəri, Tbilisi prospekti, ev 66, mənzil 43-də qeydiyyatda olan atası Maraqlı şəxs2 ölmüş elan edilmişdir. Maraqlı şəxs2 Bakı şəhərində anadan olub böyümüş, 1984-cü ildə Nümayəndə1 ilə ailə qurmuş, birgə nikahdan 2 övladları olmuş, nikahları ləğv olunandan sonra əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasına köçmüş və orada yaşamışdır. Nikahları ləğv olunsa da, övladları ilə daimi ünsiyyətdə olmuşdur. 1997-ci ildə anası vəfat etmiş, vərəsəliyi rəsmiləşdirmək üçün müvafiq sənədləri notariat kontoruna təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 66 saylı evin 43 saylı mənzilinə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin şəhadətnaməni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edib daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış almışdır. Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə məhkəməyə ərizə verən oğlu X6 daim onunla ünsiyyətdə olmuş, görüşlər keçirmiş, evlərinə qonaq getmiş, məzuniyyət vaxtı bir yerdə istirahət etmişlər. Aleksey Zakirovun məhkəməyə müraciət edib atasının ölmüş elan edilməsi mülkiyyətində olan mənzili ələ keçirmək məqsədi daşımışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-132/2010 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş ərizənin təmin edilməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.01.2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Hazırkı qətnamə əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Maraqlı şəxs2 Şərif oğlunun ölməsi barədə qeydin ləğv edilməsi üçün əsas olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Maraqlı şəxs2 Şərif oğlu hazırda Rusiya Federasiyasında (olduğu yer) yaşamaqla Rusiya Federasiyasının vətəndaşıdır, eyni zamanda Azərbaycan Respublikasının dövlət sərhəddindən 15.02.2020-ci il tarixdə giriş etməsi, 07.03.2020ci il tarixdə isə çıxış etməsi, Bakı şəhəri 9 saylı notariat ofisində Nümayəndə2 adına özünün iştirakı ilə (notariat ofisi tərəfindən çəkilmiş fotoşəkil) etibarnamə vermiş, habelə, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla çıxarış almışdır. Qeyd olunan hallarla məhkəmə qətnaməsi ilə ölmüş elan edilmiş Maraqlı şəxs2 Şərif oğlunun gəlməsi və onun olduğu yerin aşkar olması təsdiq olunmaqla onun sağ olması sübuta yetirilir. Apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçinin nümayəndəsi Nümayəndə1 və ərizəçinin vəkili Vəkil qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(006)-132/2010 nömrəli qətnaməsinin ləğv edilməsi, icraata xitam verilməsi və ya Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06.02.2010-ci il tarixli 2(006)-132/2010 nömrəli qətnaməsindən nümayəndə tərəfindən verilmiş şikayətin işlə bir yerdə geri qaytarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə, şikayətin dəlillərin yoxlamamış və qiymət verməyərək, maddi və prosessual hüquq normaları pozmaqla qanunsuz qətnaməni çıxarmışdır. Belə ki, işin materialları ilə və şahidlərin ifadələri ilə müəyyən olunur ki, Maraqlı şəxs2 1995-ci ildən Azərbaycan üzrə itkin düşdüyündən 2010-cu ildə ölmüş elan edlmişdir. Həmi qətnamə ilə onun anası X10 1997-ci ildə ölüm faktı qeyd olunur və Maraqlı şəxs2 adından ancaq 2021-ci ildə Bakı şəhəri, 14 saylı notariat ofisinə müraciət olunmuş, və qanunsuz olaraq vərəsəliyin əmələ gəlməsi vaxtı açılmasından 23 il keçmiş müddətindən sonra müraciət etmiş ölmüş şəxsin adından fevral 2021 ildə kim isə qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməni almış olur. Ondan əvvəl kim isə əvvəlcə X5 Bakı şəhəri, Tbilisi prospekti, ev 66, mənzil 43-dən qeydiyyatdan çıxardır. Diqqət yetirilməlidir ki, həmin anda Maraqlı şəxs2 Azərbaycan Dövlətinin adından çıxarılmış 2010-cu ilin qətnamə ilə ölmüş elan etdiyindən bu barədə bu məlumat bütün “elektron məlumat” dövlət informasiya bazalar serverlərdə, mənbələrdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin “Avtomatlaşdırılmış informasiya sisteminin-Vətəndaşların vəziyyəti aktları”nda Maraqlı şəxs2 Şərif oğlunun 2010-cu ildə ölmüş haqqında qeydin elektron ümumi informativ bazasında qeyd olunmuşdur. Buna baxmayaraq 2020-ci ildə 14 saylı Notariat ofisi onun adına vərəsəlik haqqında Şəhadətnaməni 2020-ci ildə verildiyindən, ikinci səhvi Daşınmaz Əmlak Dövlət reyestri xidməti təkrar etdiyindən Nümayəndə1 yaşadığı 43 nömrəli mənzilə mülkiyyət haqqında çıxarış verilir. Həmin Çıxarışı əsas tutaraq Nümayəndə1 mənzildən istifadə hüququna xitam verilməsi ilə məhlkəməyə müraciət edirlər. Halbuki, Maraqlı şəxs2 İdentifikasiyası bu halda mütləqdir. Çünki onun nümayəndəsi Rəhimcanın gah Leninqradda, gah Bakıda anadan olunmasını qeyd edir. Eyni zamanda onun şəxsiyyətini xarakterizə olan diqər hallar məhkəmədə baxılmadı və onun müəyyən olunmadı. Halbuki 2010-cu ilin qətnaməsində X4 ölmüş elan Maraqlı şəxs2 Şərifovicin elə olan halda Aleksey həmin qətnaməni 2010-cu ildə notariat ofisinə təqdim etməklə öz adına 43 nömrəli mənzilə dair qanun üzrə Şəhadətnaməni, daha sonra həmin Şəhadətnaməni daşımaz əmlak dövlət reyestr xidmətinə təqdim etməklə mülkiyyət haqqında Çıxarışı ala bilərdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.2021-ci tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, Nəsimi RM-nin 25.08.2021-ci il tarixli qərardad ilə iş üzrə icraat başqa iş (iddiaçının ölmüş elan edilməsi barədə iş) üzrə qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş ərizəyə baxılıb yekun mahkəmə aktl çıxarılana qədər dayandırılsın. Belə ki, başqa iş üzrə Nəsimi rayon məhkəməsi tərəfindən qəbul olunmuş 06.02.2010-cu il tarixli qətnamə ilə hazırki iş üzrə iddiaçı ölmüş elan edilib, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İcraatın dayandırılmasının hüquqi əsası kimi MPM-nin 254.1.4-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Cavabdeh Nümayəndə1 bu qərardaddan şikayət verib. Şikayətdə tələb olunur ki, qərardad ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayəti onunla əsaslandırıb ki, iddiaçının ölmüş elan edilməsi barədə qətnamə qüvvədədir, ölmüş elan edilən şəxsin iddiası üzrə məhkəmə icraatı həyata keçirə bilməz. Belə ki, həmin işə baxılması nəticəsində 06.02.2010-cu il tarixdə yekun məhkəmə aktı qəbul edilib. Ona görə də həmin maddəyə istinad olunmaqla iş üzrə icraatın dayandırılması düzgün sayılmır. İki haldan biri mövcud olduqda hazırki iddia ərizəsi Nəsimi RM tərəfindən icraata qəbul oluna bilməz. 1-ci, şəxsin ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edildikdə və o, qanuni qüvvəyə mindikdə. 2-ci ölmüş elan edilən şəxs hazırki iş üzrə şəxsən məhkəməyə gəldikdə 1-ci hal mövcud deyil, iddiaçının ölmüş elan edilmiş barədə qətnamə ləğv edilməyib. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı şəxsən məhkəməyə gəlməyib əgər iddiaçı şəxsən məhkəməyə qələrək iddia ərizəsini məhkəməyə təqdim etsəydi və ya iddia ərizəsinin mümkünlüyünün yoxlanılması üzrə keçirilən məhkəmə iclasında şəxsən iştirak etsəydi, belə halda iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılardı, baxmayaraq ki, onun ölmüş elan edilməsi barədə qətnamə ləğv edilməyib. Lakin, yuxarıda göstərilən iki halın heç biri müvcud olmadan Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul edib. Əslində isə ölmüş elan edilən şəxsin iddia ərizəsi məhkəməyə daxil olduqda Nəsimi RM iddia ərizəsinin mümkünlüyü məsələsinə onun özünün iştirakı ilə baxmalı idi. Belə ki, iddia ərizəsindəki imza vizual baxımdan iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 imzasına oxşayır. Etibarnamə ilə ona bu səlahiyyət verilib, odur ki, iddia ərizəsi nümayəndə tərəfindən imzalana bilər. Lakin nəzərə alınmalıdır ki, etibarnaməni ölmüş elan edilən şəxs verib. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə1 və ərizəçinin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Məcəllənin: - 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-132/2010 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və işin həqiqi halları əsasında yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən nəhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin ilkin halları ondan ibarət olmuşdur ki, ərizəçinin atası Maraqlı şəxs2 1995-ci ildən ölkəni tərk edib getmiş və ondan bir daha məlumat ala bilməmişdirlər. X14 1997-ci ildə rəhmətə getməsindən sonra miras qalan əmlakın idarə edilməsi zərurəti yaranmışdır. Həmin əmlakda o, anası ilə birlikdə yaşayır. Bu səbəbdən vərəsəlik qaydasında atasına qalan əmlakı qəbul etmək məqsədilə, atası Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə Maraqlı şəxs2 ölmüş elan edilmişdir. Daha sonra Maraqlı şəxs2 gəlmiş və ölmüş elan edilmə barədə qətnamə ləğv edilmişdir. Qətnamədən ərizəçinin nümayəndəsi şikayət verərək, Maraqlı şəxs2 yaşadığını qəbul etməmişdir. Maraqlı şəxs2 ölmüş hesab edildiyindən Azərbaycan Respublikasında adından hər-hansı hüquq hərəkətlər apara bilməzdi və bu da sonuncunun adından məhkəməyə təqdim edilmiş sənədlərin həqiqiliyini şübhə altına alır. İşin apellyasiya instansiyası məhkəməsində yoxlanılması zamanı mübahisənin ədalətli həllinə nail olmaqdan işin həqiqi halları müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Maraqlı şəxs2 20.05.1957-ci il tarixdə Rusiya SFSR-nin Leninqrad şəhərində anadan olmuş, atası X15 və anası X9muşdur. Maraqlı şəxs2 ilə Zakirova (Bobrovskaya) Maina Alekseyevna arasında 11.03.1984-cü il tarixdə 210 nömrəli akt qeyd ilə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydə alınmış və rəsmi nikah yenə həmin qeydiyyat şöbəsində 30.05.1995-ci il tarixdə pozulmuşdur. Nikahın bağlanması haqqında 106 nömrəli, 01.03.1997-ci il akt qeydindən görünür ki, 20.05.1957-ci il tarixdə Leninqrad şəhərində anadan olmuş, təqaüdçü Maraqlı şəxs2 ilə 26.02.1966-cı il tarixdə “Opera və Balet Teatrı”nda baş mühasib işləyən X13 arasında 01.03.1997ci il tarixdə rəsmi nikah bağlanmışdır. Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 17.11.2009-cu il tarixli, 05/2-3169/8 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs2 ilə Nümayəndə1 arasında bağlanmış nikah Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində 30 may 1995-ci il tarixdə 203 saylı akt qeydi ilə pozulmuşdur. Eyni zamanda, Maraqlı şəxs2 ilə X8 01 mart 1997-ci il tarixdə Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsində 106 saylı aktla nikahları qeydə alınmışdır. Həmin akt qeydinin üzərində nikahın pozulması barədə qeyd aparılmamışdır. Xətai Rayon MKTB-nin 90 saylı MKİS-in 2143 nömrəli, 30.12.2009-cu il tarixli arayışından görünür ki, X13 Sarayev küçəsi 18 saylı evin, 148 nömrəli mənzilində 22.06.1982-ci il tarixdən 16.03.1997-ci il tarixədək göstərilən ünvanda qeydiyatda olmuşdur. 16.03.1997-ci il tarixdə Sankt- Peterburqa gedərək qeydiyyatdan çıxmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 28.12.2009-cu il tarixli, 82 nömrəli məktubundan görünür ki, X13 10.03.1995-ci ildə iqtisadçı vəzifəsinə qəbul edilmiş, 01.12.1996-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və qeyri-rəsmi məlumata əsasən Sankt- Peterburq şəhərinə köçmüş və hazırda orada yaşayır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 33/2046 nömrəli, 19.06.2021-ci il tarixdə Maraqlı şəxs2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. 15.02.2020 Giriş-Rusiya, 07.03.2020 Çıxış-Rusiya. Maraqlı şəxs2 dövlət sərhədindən hərəkəti zamanı Rusiya Federasiyasına məxsus pasport təqdim etməklə dövlət sərhədindən buraxılmışdır. Məktuba pasportun şəkli də əlavə edilmişdir. 76 ******* saylı pasportdan görünür ki, Maraqlı şəxs2 Rusiya Federasiyasının vətəndaşıdır və pasport ona 30.01.2020-ci il tarixdə verilmişdir. Elektron notariat AİS-dən Çıxarışdan görünür ki, Maraqlı şəxs2 04.03.2020-ci il tarixdə Bakı şəhər 9 saylı Notariat Ofisində vəkil Nümayəndə2 etibarnamə vermiş və etibarnamə verərkən notariat hərəkətlərini icra edən şəxs tərəfindən 04.03.2020 saat 16:43-də etibaredən Maraqlı şəxs2 fotoşəkli çəkilərək etibarnaməyə əlavə edilmişdir. İddiaçı Maraqlı şəxs2 cavabdeh Nümayəndə1 qarşı “kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 26.11.2020-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 vəkili-nümayəndəsi Nümayəndə2 yuxarıda qeyd edilən məhkəmə mübahisəsi zamanı hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə iclaslarında iştirak etdiyini, lakin Nümayəndə1 onunla üzləşmək istəməməsi səbəbindən məhkəmə iclaslarında iştirak etmədiyini bildirmişdir. Nümayəndə2 bu arqumentinə Nümayəndə1 tərəfindən heç bir qarşı arqument bildirilməmişdir. Məhkəmə iclası zamanı Nümayəndə2 istifadəsində olan mobil telefonu vasitəsilə Maraqlı şəxs2la görüntülü zəng şəraitində əlaqə yaratmağa nail olmuş, iclasa sədrlik edən hakim Nümayəndə1 şəxsin tanınmasına nail olmaq üçün qarşılaşdırma aparılması təklif edilsə də, sonuncu bundan imtina etmişdir. Daha sonra sədrlik edən hakim tərəfindən görüntülü zəng şəraitində dindirilən şəxsin, həqiqətən, Maraqlı şəxs2 olub-olmaması barədə şəxsiyyətin müəyyən edilməsi istiqamətində və hazırda harada yaşadığı barədə suallar verilmiş, verilən cavabların doğruluğu Nümayəndə1 tərəfindən təsdiq edilmiş və hər iki şəxs arasında “çarpaz dindirmə” süjetində araşdırma aparılmışdır. Araşdırma zamanı Kollegiya tərəfindən, yalnız Maraqlı şəxs2 və Nümayəndə1 məlum ola biləcək şəxsi suallar, yəni nikahlarının harada bağlandığı, hər iki tərəfindən valideynləri, Bakı şəhərində harada yaşadıqları, Bakı şəhərində yaşayarkən harada işlədikləri, övladları, onların harada yaşadıqları və işlədikləri, onların həyat yoldaşları və hətta həyat yoldaşlarının da harada işlədikləri, nəvələri barədə suallar verilmiş, Maraqlı şəxs2 tərəfindən bu suallara verilən cavabların doğruluğu Nümayəndə1 tərəfindən təsdiq edilmişdir. Daha sonra ərizəçinin vəkili tərəfindən də Maraqlı şəxs2 suallar verilmişdir. İşə təqdim edilmiş sübutlar və məhkəmə kollegiyasının araşdırması nəticəsində Kollegiyanın zənnində Maraqlı şəxs2 həqiqətən həyatda olduğuna dair hər hansı şübhə qalmamışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 41.1-ci maddəsi məhkəmə fiziki şəxsi ölmüş elan edərkən, onun ölüm faktını deyil, ölüm mülahizəsini təsdiq edir. Hər bir mülahizənin isə, nə qədər inandırıcı görünsə də səhv ola bilməsi ehtimalı istisna edilmir. Odur ki, qanunvericilikdə ölmüş elan edilmiş şəxsin gəlməsi və ya onun olduğu yerin aşkar edilməsi halları və bunun hüquqi nəticələri nəzərdə tutulmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərində və məhkəmə iclaslarında ərizəçi tərəfin dəfələrlə qeyd etdiyi iş üzrə Mülki Məcəllənin 42.1-ci maddəsinin dispozisiyasında qeyd edilən şərtin baş vermədiyini, yəni ölmüş elan edilmiş şəxsin gəlmədiyi barədə arqumentlərinə münasibətdə qeyd edir ki, maddənin dispozisiyasında qeyd edilmiş bu ifadənin hərfi mənasına əsaslanaraq tətbiq etmək işin həqiqi hallarını nəzərə almamaqla ədalətsiz qərar qəbul etməyə səbəb ola bilər. Kollegiya Maraqlı şəxs2 “gəlməsinə” münasibətdə qeyd edir ki, o, həqiqətən Azərbaycan Respublikasına gəlmiş və bu barədə məhkəməyə mübahisəsiz sübutlar təqdim edilmişdir. Maddənin dispozisiyasında qeyd edilən digər şərt, yəni “onun olduğu yer aşkar edildikdə” şərti isə ödənilmişdir. Belə olan halda, şəxsin ölmüş elan edilməsi barədə qərarın qüvvədə qalması onun mülki hüquq faəliyyət qabiliyyətinin əsassız ləğvinə səbəb olacaqdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur....qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Mülki Prosessual Məcələnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-132/2010 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar