Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2944/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Sabunçu rayon İcra Şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 ASCyə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh3 ASC ilə Səfərov Dağlar Sədrəddin oğlu arasında kredit müqaviləsi başlanmışdır. Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən həmin mənzil Səfərov Dağlar Sədrəddin oğlunun kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-869/2017 nömrəli, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, borcun ipoteka predmetinin ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə, Bakı şəhəri, Vidadi küçəsində istifadədə olan 0.02196 ha torpaq sahəsində yerləşən 85 nömrəli, 2 mərtəbəli binada 85.4 kv.m ümumi, 70 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzilə və ipoteka predmetinin ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 nömrəli mənzilinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunan vəsaitin banka ödənilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icra məmuru X9 icraatına daxil olmuş və borclular "xxxx" Firması, X11, İddiaçı, X4, X13 və Səfərov Dağlar Sədrəddin oğluna 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif olunması qərara alınmışdır.
4. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin "xxxx" MMC-yə və iş üzrə tərəflərə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin hərrac vasitəsi ilə satılması üçün sənədlər həmin cəmiyyətə göndərilmişdir.
5. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 87/02 saylı, xx.xx.2021-ci il tarixli Protokola və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin, 26 saylı mənzili 73.312,50 manata Cavabdeh3 ASC-yə satılmışdır. 6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin, 26 saylı mənzilinə dair “Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 1835 nömrəli reyestr kitabının 168946 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. İş üzrə tərəflərə, o cümlədən İddiaçı ünvanlanması üçün tərtib edilmiş açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2021-ci il tarixli, 02 saylı bildirişlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili ilə bağlı müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, saat 11:00-da və xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq hərrac keçiriləcəkdir.
8. Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin talonlarına əsasən açıq hərracın keçirilməsi barədə bildirişlər, habelə ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2021-ci il tarixli təklif müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı göndərilmişdir. xx.xx.2021-ci il tarixli bildiriş iddiaçının rayonda olması, xx.xx.2021-ci il tarixli təklif isə mənzildə kirayəçinin yaşaması səbəbindən təqdim edilməmiş, xx.xx.2021ci il tarixli bildiriş isə imza edilməklə qəbul edilmişdir.
9. “Birja” qəzetinin 19 oktyabr 2021-ci il, 16 noyabr 2021-ci il və 07 dekabr 2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzillə bağlı müvafiq olaraq birinci və ikinci hərracın keçirilməsi, habelə hərracın baş tutmaması barədə məlumatlar yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və Cavabdeh3 ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin hərracın yekunları barədə 30 dekabr 2021ci il tarixli, 87/02 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini və Cavabdeh3 ASC-ni də cavabdeh qismində müəyyən edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin satılmasına dair "xxxx" MMC-nin hərracın yekunları barədə 30 dekabr 2021-ci il tarixli, 87/02 nömrəli protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 30 dekabr 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair Cavabdeh3 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, 22 aprel 2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili (bundan sonra mənzil) onun mülkiyyətindədir. Cavabdeh3 ASC ilə "xxxx" firması arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, ipoteka müqaviləsi bağlanmış və həmin mənzil ipotekaya qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən borclulardan müştərək qaydada 162.840,74 manat məbləğində borc tutularaq, tələbkar Cavabdeh3 ASC-yə ödənilməsi və tutmanın mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunmuş vəsaitin banka ödənilməsi qət edilmişdir. Banka olan borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edərək, 10 gün müddətində icranın könüllü təmin edilməsini göstərmişdir. Lakin həmin qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir. Hətta həmin qərarın qəbul edilməsindən 10 gün müddət keçməmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 13 oktyabr 2021-ci il tarixli, 5056-233756/17 saylı məktubuna əsasən ona heç bir rəsmi və şifahi məlumat verilmədən mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC isə ona heç bir məlumat vermədən mülkiyyətində olan mənzili hərraca çıxararaq, hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə saat 11:00-a və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərir. İpoteka saxlayana və ipoteka qoyana elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməlidir (göndərilməlidir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq, keçirilməli olduğu halda, cavabdeh "xxxx" MMC ona hərracın keçirilməsi barədə heç bir bildiriş göndərməyərək, qanunvericiliyin tələblərini pozmuşdur. "xxxx" MMC-nin 30 dekabr 2021-ci il tarixli, 87/02 nömrəli protokoluna əsasən mənzilin ilkin satış qiyməti 25 faiz endirilərək, 73.312,50 manata Cavabdeh3 ASC-yə satılmış və həmin cəmiyyətlə Cavabdeh3 ASC arasında xx.xx.2021-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilə bağlanmışdır. Bundan sonra mənzilə dair Cavabdeh3 ASC-nin adına xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Bununla belə, mülkiyyətində olan mənzilə dair hərrac keçirilsə də, ona bu barədə heç bir məlumat verilməmişdir. xx.xx.2021-ci il tarixdə mənzil bank tərəfindən hərracdan alınsa da, hərrac təşkilatçısı və bank ona keçirilən hərraclarla bağlı heç bir məlumat verməmişdir. Kuryer xidmətləri üçün müəyyən edilən 226595 nömrəli mədaxil qəbzində olan imza ona məxsus deyil. Belə ki, orada göstərilən imza ilə ona məxsus imza tam fərqlidir. Həmin qəbzə onun adından onlar özləri imza etmişdir. Mənzilin hərracdan satılması barədə son günlərdə məlumat əldə etmişdir. Mənzillə bağlı hərrac keçirilərkən, qanunvericiliyin tələbləri pozulmuş, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan mənzil Bank tərəfindən hərracdan alınsa da, hərrac təşkilatçısı və bank ona keçirilən hərraclarla bağlı heç bir məlumat verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, “İpoteka Haqqında” Qanunun 42-ci və 43-cü maddələrinin məzmunundan müəyyən olunur ki, hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda, hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırki işdə hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin, iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları təsdiq olunmur. Behin qanunvericiliklə müəyyən olunmuş qaydada qoyulmaması, hərracda azı iki nəfərin iştirakının təmin olunmaması hərracın qaydalarının pozulduğunu göstərir. Qeyd olunan qaydalar onun mülkiyyətində olan mənzilə dair keçirilmiş hərraca münasibətdə də pozulmuşdur.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokolun ləğv edilməsi, həmin hərracın nəticələrinin etibarsız hesab olunması və alqısatqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim X7)
14. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X9 icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif etmişdir. Lakin icra məmuru verilmiş 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərmişdir. xx.xx.2021-ci il tarixdə Hərracın yekunları barədə müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin, 26 saylı mənzili 73.312,50 manata Cavabdeh3 ASC əldə etmişdir. Bu qaydaların pozulması ilə keçirilmiş hərrac etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə, həmçinin hesab etmişdir ki, qanunvericiliyin tələbləri pozularaq keçirilmiş hərrac və həmin hərracın yekunlarına əsasən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilə dair Çıxarış da ləğv edilməlidir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 34-cü, 39-cu, 41-ci, 42-ci, 44-cü maddələrinə, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 17-ci, 19-cu, 44-cü, 53-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu, 317-ci, 319-cu, 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 78-ci, 80-ci, 81-ci, 88-ci, 217-ci, 220-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh3 ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin məhkəmə iclasında iştirak etməyən və iş üzrə cəlb olunmuş yeni cavabdehlərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin etməmiş, eləcə də, iş üzrə cəlb olunmuş yeni cavabdehlərə nə yeni iddia tələbi barədə, nə də məhkəmə baxışı iclasının yeri və vaxtı barədə heç bir məlumat verməmişdir. Bundan başqa, İddiaçı iddia tələbində hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etdiyi halda məhkəmə qətnaməsində protokolun ləğv edilməsini qət etmiş, bununla da, mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələblərindən kənara çıxmışdır. Qeyd olunan hallar, prosessual hüquq normalarının kobud şəkildə pozulması hesab olunur və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd edir ki, mübahisələndirilən hərrac ipoteka predmetinin satılması ilə əlaqədar olduğundan, “İpoteka haqqında” Qanunun 42-ci maddəsində nəzərdə tutulan hərracın keçirilmə qaydasına əsasən təşkil edilmiş və keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hərracın qanunvericilikdə nəzərdə tutulmuş keçirilmə qaydalarına əsasən keçirilib-keçirilməməsi ümumiyyətlə yoxlanılmamış və bununla əlaqədar əldə olunmuş sübutlara qiymət verilməmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilərkən sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclas katibini elan etmiş, işdə iştirak edən şəxslərin onlara etiraz etmək hüququnu izah etmişdir. Məhkəmə hazırlıq iclası sorğuların göndərilməsi ilə əlaqədar təxirə salınmışdır. xx.xx.2022- ci il tarixdə məhkəmə hazırlıq iclası eyni tərkibdə davam etdirilmiş və iddiaçı tərəfin iddia tələbinin həcminin artırılacağı ilə əlaqədar təxirə salınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə hazırlıq iclası məhkəmə iclas katibinin dəyişməsi ilə davam etdirilmiş, lakin sədrlik edən dəyişmiş məhkəmə iclas katibini elan etməmiş və işdə iştirak edən şəxslərin ona etiraz etmək hüququnu izah etməmişdir. Bununla da, məhkəmə maddi-prosessual hüquq normasını pozaraq, işdə iştirak edən şəxslərin məhkəmə iclas katibinə etiraz etmək hüququnu məhdudlaşdırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6555/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski)
Kassasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-661/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6555/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclulara icra sənədində qeyd olunanların könüllü olaraq icra edilməsi üçün 10 gün müddət təklif etmişdir. Lakin icra məmuru bu müddəti gözləmədən xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün hərrac mərkəzinə sifariş məktubu göndərmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri (mübahisə üzrə qərarın kontekstində “könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi” əsası) olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Göründüyü kimi, qanunun normaları borcluya təklif edilmiş 10 gün könüllü icra müddətini gözləmədən məcburi icra tədbirlərini həyata keçirmək üçün hər hansı istisna qaydalar müəyyən etməmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd olunan qanun pozuntusunu kobud pozuntu hesab etməmiş və bu nəticəyə gələrkən hansı qanun normasına istinad etdiyini qeyd etməmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin “hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. İş materiallarında isə hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının özünün rəsmi internet saytında hər hansı məlumatın dərc edilməsinə dair sübut aşkar edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halların aradan qaldırılması üçün müvafiq araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Təkrar məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ilkin və təkrar hərracın qanunvericiliklə nəzərdə tutulmuş qaydalar çərçivəsində keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən hərracın keçirilməsi barədə elanın könüllü icra müddətinin səkkizinci günündə dərc edilməsi qanun pozuntusu deyil. Belə ki, bu müddətin məhz 10 gün olması imperativ xarakter daşımır. Həmçinin, qanunvericiliyə əsasən açıq hərracın keçirilməsi barədə elan digər bazar iştirakçılarının diqqətini cəlb etmək funksiyası daşıyır. İlkin hərracın keçirilməsi barədə elan 19 oktyabr 2021-ci il, təkrar hərracın keçirilməsi barədə elan 16 noyabr 2021-ci il, hərracın baş tutmaması barədə elan 07 dekabr 2021-ci il tarixdə mətbuatda dərc edilmişdir. Bununla bağlı iddiaçıya lazımi qaydada məlumat verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bildirişlər göndərilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. İddiaçı nümayəndəsi (etibarnamə üzrə səlahiyyət müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir) və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, Ali Məhkəmənin iş üzrə müvafiq qərarında qeyd edildiyi kimi, könüllü icra müddəti gözlənilmədən əmlakın açıq hərrac yolu ilə satışı həyata keçirilmişdir. Belə ki, könüllü icra müddətinin axımı icra məmurunun bu barədə bildirişi tərəfə çatdırıldığı andan başlayır. Onlar isə icraata başlama haqqında bildirişi almamışlar. Digər bir məsələ isə açıq hərracın keçirilməsi ilə bağlı elanlar barədə bildirişlərin onlara çatdırılmamasıdır. İlkin hərracın keçirilməsi barədə elanın bildirişi onlara çatdırılmayıb, təkrar hərracın keçirilməsi barədə bildiriş isə iddiaçı ilə heç bir əlaqəsi olmayan şəxs tərəfindən qəbul edilərək imzalanmışdır. Hərracın keçirilməsi barədə bildirişdə göstərilir ki, evdə kirayəşin yaşayır. Halbuki həmin mənzildə heç vaxt kirayəşin qalmayıb. Təkrar hərracın keçirilməsi barədə bildirişdəki imza iddiaçıya məxsus deyil, bunu vizual olaraq iddia ərizəsində olan imza ilə tutuşdurduqda da görmək olur. Bu halların hər birini həm iddia tələbində, həm də apellyasiya şikayətinə etirazda qeyd etmişdir. Hazırda borc məbləği 104 599,86 manat təşkil edir. Açıq hərracın keçirilməsi ilə bağlı mətbuatda dərc edilmiş elanlarla bağlı qeyd edilməlidir ki, həmin sənədlər mövcud olsa belə, onlar hazırki mərhələdə sübut kimi qəbul edilə bilməz. Belə ki, qarşı tərəf birinci instansiya məhkəməsində iştirak edib və həmin sənədləri o zaman təqdim etməmişdir. Bu səbəbdən həmin sənədlər sübut kimi qəbul edilə bilməz. İddiaçı ilə bank arasında danışıqlar olmuş, lakin bankın rəhbərliyi dövlət reyestrindən çıxarışın yalnız məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğunu bildirmişdir. Buna görə də danışıqlar nəticəsiz qalmışdır. İddiaçı və onun ailəsi həmin ünvanda yaşayıblar, orada heç vaxt kirayəşin qalmayıb. Əmlak hərracdan çox ucuz qiymətə satılmışdır. Bakıxanov qəsəbəsində həmin qiymətə 4 otaqlı mənzil yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Digər cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, bu cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə bu cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
28. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üşün əsasdır; 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir; 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
30. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isəünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.
31. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
35. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə almaqla, apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd edilməsi xahiş olunduğundan, məhkəmə kollegiyası tərəfindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin “hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokolun ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla qeyd edilən protokol etibarsız hesab edilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
38. İcra məmurunun sifarişi daxil olduqdan sonra "xxxx" MMC tərəfindən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq, müəyyən edilmiş qaydada və müddətlərdə iddiaçının mülkiyyətində olan əmlakın açıq hərracdan satılması üzrə müvafiq tədbirlər görülmüş, o cümlədən mediada və rəsmi internet saytda zəruri məlumatlar yerləşdirilmiş, iddiaçıya keçirilmiş hərraclarla bağlı (ilkin və təkrar) özündə zəruri məlumatları əks etdirən bildirişlər, habelə hərracın baş tutmaması ilə bağlı təklifin surəti göndərilmişdir.
39. Məhkəmə kollegiyası hərracın keçirilməsi yeri və vaxtı, habelə özündə digər məlumatları əks etdirən bildirişlərin iddiaçıya göndərilməməsi ilə bağlı vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi qəzetlərin ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə, habelə internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı bütün bildirişlər göndərildiyi müəyyən edilmişdir.
40. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir.
41. İcra məmuru da hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etməklə, həmin qərarı tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəflərə, o cümlədən borclu olan iddiaçıya göndərmiş və tələbin könüllü icra edilməsi ilə bağlı 10 gün müddət müəyyən etmişdir. Lakin həmin sənədlərin iddiaçı (borclu) tərəfindən qəbul edilməsini müəyyən etmədən, ən əsası da qeyd edilən könüllü müddətin bitməsini gözləmədən iddiaçının mülkiyyətində olan əmlakın satılması ilə bağlı hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə sifariş vermişdir. Halbuki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməməsi məcburi icra tədbirlərinin tətbiqini, hazırki vəziyyətdə isə hərracın keçirilməsi ilə bağlı sifarişin verilməsini hüquqi baxımdan qeyri-mümkün edir.
42. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, icra məmuru tərəfindən ipoteka saxlayan və ipoteka qoyanla hərracın keçirilməsi barədə sifarişin veriləcəyi təşkilat da razılaşdırılmamış, yəni icra məmuru qanunvericiliyin tələblərinə uyğun olaraq bu məsələ ilə bağlı onlara müraciət etmədən bir başa "xxxx" MMC-yə sifariş göndərmişdir. Halbuki, təkcə bu razılığın əldə edilməsi üçün qanunvericilik 5 günlük müddət müəyyən etmişdir.
43. Bununla belə, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə sifariş məktubu göndərilməklə, “ İcra haqqında” Qanunun 8.2-ci və 44.1.3-cü, habelə “İpoteka Haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu da öz növbəsində keçirilmiş hərracın və onun nəticələrinin, o cümlədən protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və bunun nəticəsi olaraq əmlakla bağlı Cavabdeh3 ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışın ləğv edilməsini şərtləndirir.
44. Eyni zamanda, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmış və bu barədə tələb olmadığı, habelə iddiaçının hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsini tələb etdiyi bir halda, səhv olaraq xx.xx.2021-ci il tarixli protokolun ləğv edilməli olması qənaətinə gəlmişdir. Bu səbəbdən qətnamə həmin hissədə ləğv edilməli və irəli sürülmüş tələb əsas götürülməklə verilmiş hüquqi qiymətə uyğun olaraq həmin protokol etibarsız hesab edilməlidir.
45. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tələbin həcminin artırılması və Cavabdeh3 ASC-nin cavabdeh qismində müəyyən edilməsi barədə Cavabdeh3 ASC artıq məlumatlıdır. Birinci instansiya məhkəməsi tərəfindən 06 iyun və 10 iyun 2021-ci il tarixli məhkəmə iclaslarında isə məhkəmə iclas katibi X12 olmuş və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ona etiraz etmək hüququnun olması izah edilmişdir (i.v. 70-ci və 123-cü səhifələr).
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti protokolun ləğv edilməsi ilə bağlı dəlillər istisna olmaqla, əsassızdır və təmin edilə bilməz. Bu səbəbdən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya Məhkəməsinin qətnaməsi qismən, yəni “hərracın yekunları barədə Protokolun ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməklə, qeyd edilən protokol etibarsız hesab edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1981/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni “hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokolun ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokol etibarsız hesab edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.