Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2945/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2 (eyni zamanda, Cavabdeh1 nümayəndəsi) iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 09 may 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsini, cavabdehlərin əməllərinə obyektiv hüquqi qiymət verilməsi, barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşqul olur. Bu işin həyata keçirilməsinin özəllikləri vardır, o cümlədən daşınar və daşınmaz əmlakların hesabına barter yolu ilə tikinti materiallarının alınması, əvəzləşdirilməsi və s. Cavabdeh3, tikinti materiallarının alış-satışı, barter yolu ilə dəyişdirilməsi, mənzillə əvəzləşdirilməsi ilə məşqul olur. 2020-ci ilin fevral ayından o, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 945 məhəllə ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşqul olur və artıq bir xeyli iş görülmüşdür. Cavabdeh3 ilə görüşdü, mənzil əvəzinə armatur verə biləcəyi ilə maraqlandı. Ona cavab verdi ki, hazır binada mənzil olarsa o bunun əvəzində mənzilin dəyərində Rusiya və ya Ukrayna istehsalı olan armatur verə bilər. Ona qabaqcadan razılığını aldığı İddiaçı1 mülkiyyət hüququ əsasında məxsus, sahəsi 194.50 kv.m. olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 göstərdi və o, bu mənzilin əvəzinə 300 000 manatlıq 326 ton armaturu verməyə razılaşdı. Bu barədə, Cavabdeh3 müvafiq qəbz aldı, razılaşdılar ki, mənzili Cavabdeh3 dediyi şəxsin adına alqı-satqı yolu ilə rəsmiləşdirəcək və o da bunun əvəzində 10 gün müddətində bu mənzilin əvəzinə 300 000 manatlıq 326 ton armaturu tikinti meydançasına göndərəcəkdir. Bundan sonra yeni tikiləcək binadan mənzillərin satışı başlandıqdan 6 aydan gec olmamaq şərti ilə hər tonuna 1100 manat+10% ödəməklə Cavabdeh3 aldığı armaturun dəyərini tam ödəyəcək, onun dediyi şəxsin adına formal və yalandan rəsmiləşdirdiyi mənzili yenidən ilkin sahibi İddiaçı1 adına rəsmiləşdirəcəkdir. Bundan sonra İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfındən təsdiqlənmiş 09 may 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqaviləni İddiaçı1 əvəzinə İddiaçı2, Cavabdeh1 əvəzinə Cavabdeh2 Nizam oğlu imzalamışdılar. Həmin vaxtdan 10 gündən də artıq müddət ötsə də, Cavabdeh3 üzərinə götürdüyü öndəlikləri yerinə yetirməmiş, pulsuz ələ keçirdiyi mənzilin əvəzinə verməli olduğu 300 000 manatlıq 326 ton armaturu İddiaçı2 verməmiş və verməkdən də yayınır. Onlarda artıq əsaslı şübhələr yaranmışdır ki, cavabdehlərin məqsədi onu aldatmaqla şəhərin yaxşı yerində olan mənzili ələ keçirmək olmuşdur. Beləliklə sübut olunur ki, həmir alqı-satqı müqaviləsində cavabdehlərin məqsədi həqiqətən də alqı-satqının həyatı keçirilməsi yox, armaturu barter adı ilə mənzillə dəyişdirilməsi, əslində isə heç armaturu vermədən mənzili ələ keçirmək olmuşdur. Bu isə mülki qanunvericiliyinin kobud pozulması deməkdir. Qeyd olunan alqı-satqı müqaviləsinin yalan və uydurma olması həmçinin onunla təsdiq olunur ki, guya mənzilin dəyəri kimi banka depozit kimi qoyulmuş pulu iddiaçılardan heç biri götürməmiş, həmin pul cavabdehlərin özləri tərəfindən götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2ünvanında yerləşən mənzilin əvəzinə 300000 manatlıq 326 ton armaturu verməyə razılaşmaları, daha sonra Cavabdeh3 ilə mənzili Cavabdeh3 dediyi şəxsin aına alqı-satqı yolu ilə rəsmiləşdirilməsi və cavabdehin də bunun əvəzində 10 gün müddətində həmin mənzilin əvəzinə 300000 manatlıq 326 ton armaturu tikinti meydançasına göndərəcəyi barədə Cavabdeh3 alınmış müvafiq qəbz iş materiallarına əlavə olunsa da birinci instansiya məhkəməsi tərəfindən həmin qəbzə hüquqi qiymət verilməmiş və nəzərə alınmamışdır. Digər tərəfdən aralarında olan razılaşmaya əsasən 300000 manat depozit hesaba yerləşdirilsə də dərhal sonra cavabdeh tərəfindən geri götürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, əqdin etibarsızlığı dedikdə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (eyni zamanda, Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, İddiaçı1la alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənziliəldə etmişdir. Müqavilə bağlanan zaman nümayəndəsi kimi anası onu təmsil etmişdir. Digər Cavabdeh3 isə tanımır. Bundan başqa müqavilə bağlandıqdan sonra depozitə qoyulmuş vəsait satıcı tərəfindən götürülmüşdür. Həmçinin barter yolu ilə tikinti işi ilə məşğul olmamışdır. Eləcə də İddiaçı1 mənzil satmasını internetdən makler vasitəsi ilə tapmışdır. Hesab edir ki, apellasiya şikayəti təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı2, cavabdehlər İddiaçı1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda qətnamədən yalnız İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilsə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 (194,50 kv.metr) İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 13.04.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhərinin notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş 09.05.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 2) 300.000 manata alıcı Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsində satıcı İddiaçı1 İddiaçı2, alıcı Cavabdeh1 Cavabdeh2 etibarnamə ilə təmsil etmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri 11 saylı notariat ofisində alqı-satqı müqaviləsi üzrə ödəməli olan 300 000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 09.05.2020-ci il tarixində Cavabdeh2 məktubuna əsasən "xxxx" ASC-də olan depozit hesaba qəbul olunmasını xahiş etmiş, həmin tarixdə 300 000 manat vəsait mədaxil olunmuş, 600 manat miqdarında vergi tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 (194,50 kv.metr) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 13.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45 İddiaçı1 mülkiyyətində olmuş, daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 2) 300.000 manata alıcı Cavabdeh1 satmış, hazırda mübahisəli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 13.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı tələbində qeyd edir ki, cavabdehlərin məqsədi onu aldatmaqla şəhərin yaxşı yerində olan mənzili ələ keçirmək olmuşdur. Beləliklə sübut olunur ki, həmin alqı-satqı müqaviləsində cavabdehlərin məqsədi həqiqətən də alqı-satqının həyatı keçirilməsi yox, armaturu barter adı ilə mənzillə dəyişdirilməsi, əslində isə heç armaturu vermədən mənzili ələ keçirmək olmuşdur. Bu isə mülki qanunvericiliyinin kobud pozulması deməkdir. Qeyd olunan alqı-satqı müqaviləsinin yalan və uydurma olması həmçinin onunla təsdiq olunur ki, guya mənzilin dəyəri kimi banka depozit kimi qoyulmuş pulu iddiaçılardan heç biri götürməmiş, həmin pul cavabdehlərin özləri tərəfindən götürülmüşdür. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfın yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Qeyd etməyi zəruri hesab olunur ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlə etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçılara hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları müəyyən edilməmişdir. İddiaçı iradə ifadəsini bildirməklə ona məxsus olan əmlakının 300.000 manat məbləğə satılması barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamış və bununla müqavilənin şərtlərini qəbul etmişdir. Qeyd edilən müqavilə notarial qaydada təsdiq edilmiş və müqavilə təsdiq edildikdən sonra qeyd edilən alqı-satqı müqaviləsi üzrə 300.000 manat məbləğində pul vəsaiti depozit hesabına yerləşdirilmişdir. Bununla da cavabdeh (alıcı) qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Hər bir halda iddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, müqavilənin şərtləri ilə tanış olarkən bu şərtləri qəbul etməkdən və müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçılar bunu etməmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmamasını, alqı-satqısı həyata keçirilən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməsi və qeyd edilən müqavilə üzrə tərəflərin üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olmaqla rədd edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırda cavabdehin iradə ifadəsinin həqiqi məzmununun və hüquqi niyyətlərinin mənzilə dair alqı-satqı müqavləsi bağlamaq olmaması işin faktiki halları ilə müəyyən edilməmişdir. İddiaçı tərəfindən bu barədə sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı tərəf iş materiallarında olan (1-ci cild, i.v 13) qəbzə istinad etmişdir, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən həmin qəbzin kim tərəfindən tərtib edilmə mənbəyi müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılar xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər və həmin qəbzin tərtib edilmə mənbəyinə dair hər hansı əsaslı dəlil irəli sürməmişlər. Həmçinin qəbzdə adı çəkilən şəxslər: Cavabdeh3, Cavabdeh2 və İddiaçı2 arasında hər hansı işgüzar münasibətlərin olması da işin faktiki halları ilə müəyyən edilməmişdir. Digər tərəfdən alqı-satqı müqaviləsi zamanı depozitə qoyulmuş pul vəsaitinin həqiqətən cavabdehlər tərəfindən geri götürülməsi də iş materialları ilə müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı2 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2945/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2945/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver