Məhkəmə qərarları › İş №2(103)-2948/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2948/2022

26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2948/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(005)- 2397/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "uşağın himayəsi və aliment” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 05 may 2007-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və cavabdehdən 05 may 2005-ci il təvəllüdlü X4, 05 may 2007-ci il təvəllüdlü X3 və 16 avqust 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 18 iyun 2004-cü ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuş, birgə nikahdan 05 may 2005-ci il təvəllüdlü X7, 05 may 2007-ci il təvəllüdlü X8, 16 may 2009-cu il təvəllüdlü X10 və 22 yanvar 2013-cü il təvəllüdlü X11 adlı dörd uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların analarının yanında qalması və ondan hər uşağa görə 100 manat, 22 yanvar 2013-cü il təvəllüdlü X6 3 yaşına çatanadək 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2016-cı ildən etibarən isə birgə nikahdan doğulmuş 05 may 2005ci il təvəllüdlü X7, 05 may 2007-ci il təvəllüdlü X8, 16 avqust 2009-cu il təvəllüdlü X10 onun yanında yaşayır. Belə ki, cavabdehin 2016-cı ildən başqa şəxslə faktiki ailə münasibətlərinə daxil olması və 2018-ci il tarixdə qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməsi səbəbindən uşaqlar onunla birlikdə qalmaq istəmirlər. Aralarında uşaq tələbi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olub. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş 05 may 2005-ci il təvəllüdlü X7 və 16 avqust 2009cu il təvəllüdlü X10 onun yanında saxlanılmış, 05 may 2007-ci il təvəllüdlü X3 isə anasının yanında saxlanılması qət edilmişdir. Lakin buna baxmayaraq qeyd etdiyi kimi 2016-cı il tarixdən X8 da onunla birlikdə yaşayır, hər üç uşağı özü saxlayır və onların bütün xərclərini qarşılayır. Cavabdeh isə uşaqların saxlanılmasında heç bir maddi yardım etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(005)- 2397/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilmiş, 05 may 2007-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsi, cavabdeh X1 05 may 2005-ci il təvəllüdlü X4, 05 may 2007-ci il təvəllüdlü X3 və 16 avqust 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının 12 aprel 2021-ci il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ondan alimentin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin alimentin tutulması hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, rəsmi olaraq heç bir yerdə işləməməsi, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşaması, aylıq kirayə pulunu çətinliklə ödəməsi, həmçinin himayəsində digər körpə uşağının da olması, iddiaçının ona 15000 manatdan artıq aliment borcunun olması, buna baxmayaraq ondan aliment tələb etməsi, qeyd edilən halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, iddiaçı tərəifndən onun aliment ödəmək üçün maddi imkanının olması barədə hər hansı sübutun məhkəməyə təqdim olunmaması, iddianın alimentin tutulması hissədə rədd olunmalı olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamədən yalnız alimentin tutulması hissəsində narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 18 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahdan dörd yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22.10.2013cü il tarixli, 2(005)-2395/2013 saylı qətnaməsi ilə pozulması, uşaqların ananın yanında saxlanılmasının qət olunması, lakin sonradan məhkəmə qərarları ilə uşaqlardan 05 may 2005-ci il təvəllüdlü X4, 05 may 2007-ci il təvəllüdlü X3 və 16 avqust 2009-cu il təvəllüdlü X5 iddiaçının yanında (himayəsində) qalmasının müəyyən edilməsi, beləliklə hazırki vaxtda uşaqlardan üçünün iddiaçının, birinin isə cavabdehin yanında qalması işin mübahisə olunmayan halladır. Eyni zamanda tərəflərin izahatlarından və elektron məhkəmə informasiya sisteminin məlumatlarından aydın olur ki, cavabdehin himayəsində digər şəxslər faktiki nikahından bir azyaşlı (05 dekabr 2018-ci il təvəllüdlü X2) uşağı da vardır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. AM-nin 78.3-cü maddəsinin tələbinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. AM-nin 78.2-ci maddəsinin tələbinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.5-ci bəndindəki mövqeyinə görə sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olubolmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, tərəflərdən hər biri ilə uşaq qalıbsa, o zaman bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. Hazırki işin faktiki hallarından isə görünür ki, işdə cavabdehin iddiaçıdan daha təminatlı olması ilə bağlı hər hansı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi özü qətnaməsində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin daimi iş yerinin və qazancının olmaması, həmçinin himayəsində körpə uşağının olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə nəyə görə cavabdehdən iddiaçının xeyrinə 3 uşağın saxlanılması üçün hər ay sabit pul miqdarında 150 manat aliment tutulmalı olmasını əsaslandırmamışdır. Eyni zamanda, tərəflərin izahatlarından görünür ki, iddiaçı fərdi işləməklə (taksi fəaliyyəti) müəyyən qazanca malikdir. Bununla yanaşı, işdə olan Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı əvvəl də yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmiş, lakin iddiası həmin hissədə təmin olunmamış, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı əmək qabiliyyətli olmaqla, onun maddi imkanı uşaqların saxlanılmasına kifayət edir. İddiaçının aliment tutulması barədə iddiasının təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Göründüyü kimi, hazırki vəziyyətdə cavabdehdən iddiaçının xeyrinə iddiaçının yanında qalan uşaqların saxlanılması üçün alimentin tutulmasına qanuni əsaslar müəyyən edilmir. Bunun əski, həmçinin iddiaçının himayəsində olan azyaşlı uşaqların saxlanılmasına da mənfi təsir etməklə, cavabdehin maddi vəziyyətinin daha da ağırlaşması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə əsassızdır, şikayətin dəlilləri onun həmin hissədə ləğvi üçün tam əsasdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (hər ay sabit pul miqdarında 150 manat alimentin miqdarı MPM-in 112.1.3-cü maddəsinə əsasən 1 il ərzində ödəmənin məcmusuna əsasən 5000 manatdan azdır). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(005)- 2397/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(005)- 2397/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdeh X1 05 may 2005-ci il təvəllüdlü X4, 05 may 2007-ci il təvəllüdlü X3 və 16 avqust 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının 12 aprel 2021-ci il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi” hissələrində ləğv olunsun, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar