Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2951/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin ləğv edilməsi və müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-305/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh “28 May” Neft və Qazçıxarma İdarəsi Qazın İlkin hazırlanması, nəqli və kompressor təssərüfatı sahəsinin Sıxıcı kompressor stansiyasında avadanlıqların təmiri və xidməti üzrə mexanik işləyir. 2.“28 May” NQÇİ-nin Neft Daşları ərazisində yerləşən QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasında işçilərə gündəlik pulsuz isti yemək və digər qida məhsulları verilir. İddiaçı və bir qrup işçi yeməklərin keyfiyyətindən narazı olduqlarına görə, gündəlik pulsuz yeməyin əvəzinə əlavə ödənişin işçilərə ödənilməsini cavabdehdən tələb ediblər. Cavabdeh bildirib ki, isti yeməklə qidalanma üçün ayrılmış vəsaitin işçilərə ödənilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Neft və X1 İttifaqı Respublika Komitəsinin “Gündəlik yemək xərcləri əvəzinə əlavə vəsait verilməsi və bəzi kateqoriyadan olan işçilərin pulsuz isti yeməklə təmin edilməsi haqqında” əmr-qərarına ziddir. 3.”28 May” NQÇİ rəisinin xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-1İ-223/2024 nömrəli əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Əmrdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində sahənin yeməkxanasına gəlmiş, baş aşbazdan menyunu soruşmuş, hazırlanmış yeməklərdən yeməyəcəyini bildirərək, əvəzində ona konservləşdirilmiş ərzaq məhsulu verilməsini tələb etmiş, baş aşbaz menyuda müxtəlif çeşiddə isti xörəklərin olduğunu və ona konservləşdirilmiş ərzaq məhsulu verə bilməyəcəyini dedikdə, iddiaçı bu sözlərə məhəl qoymayaraq nalayiq ifadələr işlətmişdir. Baş aşbaz onu sakitləşdirməyə çalışdıqda iddiaçı idarə rəhbərliyinin və ölkə rəhbrliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İddiaçının yol verdiyi kobud hərəkətlər və ifadə etdiyi söyüşlər həmin yeməkxanada olan işçilər tərəfindən müşahidə edilmiş və aktlaşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr ləğv edilsin və müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi ilə bağlı işçilərin tələbinin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. 5.Pirallahı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 8.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.İntizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsinə dair tələb təmin edilə bilməz. Belə ki, iddiaçı həmin əmri mübahisələndirmək üçün iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 190-cı maddənin 3-cü hissəsinə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, məhkəməyə müraciət üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsindən görünür ki, işçi intizam tənbehi verilməsi barədə əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İddiaçı (işçi) əmrlə xx.xx.2024-cü ildə tanış edilib. Bu tarixdən 1 ay 13 gün sonra - xx.xx.2024-ci tarixdə iddiaçı mediasiya təşkilatına müraciət edib, mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı xx.xx.2024-cü il tarixdə verilib, xx.xx.2024-cü ildə iddiaçı məhkəməyə iddia ərizəsi verib. Cavabdeh iddia müddətinin tətbiqi üçün ərizə verib. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi intizam tənbehinin ləğvi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 10.Müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi, yəni gündəlik pulsuz yeməyin əvəzinə əlavə ödənişin işçilərə ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, cavabdeh bu tələbə cavab verməli olan şəxs deyil, çünki həmin qaydanın dəyişdirilməsi onun səlahiyyətinə aid deyil. Bu məsələ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Neft və X1 İttifaqı Respublika Komitəsinin “Gündəlik yemək xərcləri əvəzinə əlavə vəsait verilməsi və bəzi kateqoriyadan olan işçilərin pulsuz isti yeməklə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, SOCAR181****30300030020A00013 nömrəli əmr-qərarı ilə tənzimlənib (iş v. 100). Digər tərəfdən, həmin obyekt yanğın təhlükəli obyekt olduğundan və 12 saatlıq iş rejimi tətbiq edildiyindən işçilərin pərakəndə şəkildə iş yerində özləri üçün yemək hazırlaması mümkün deyil. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-305/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2951/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2951/2025
13.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver