Məhkəmə qərarları › İş №2(103)-2953/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2953/2020

22.05.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2953/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəbrayılov Orxan Akif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 avqust 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qorunan əmanətlər çərçivəsində depozit hesabında olan 2.222.000,43 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” ASC (bundan sonra – Bank) arasında 18.04.2017-ci il tarixində 70249417-13 nömrəli “Bank əmanət müqavilələri” bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq 2.200.000,00 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən illik 15 faiz dərəcəsi ilə Banka əmanət olaraq qoyulmuşdur. 02.03.2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. Bankla iddiaçı arasında müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. 23.12.2017-ci il tarixində X8 X2 qərarı ilə Bankın lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən Bank Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bu Bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ərizə ilə Fonda müraciət edərək, sözügedən əmanətin “X5” MMC-nin 30.10.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında yaranmış borcuna yönəldilməsini xahiş etmişdir. Lakin cavabdeh Fond iddiaçının bu müraciətinə münasibət bildirməmişdir. Tərəflər arasında bağlanmış 18.04.2016-cı il tarixli “Girov müqaviləsinə” əsasən girov predmeti olan pul vəsaiti adına açılmış 51-70249417-13 saylı yeni depozit hesabında saxlanılmaqla məbləği 2.200.000 manat təşkil edir. Hazırda kreditor tələblərinin qeydiyyatı barədə 23.02.2018-ci il tarixli qəbzə əsasən 2.222.000,43 manat tələb qeydə alınmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, depozit hesabında olan 2.222.000,43 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 26.08.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini, iddiaçı ilə Bank arasında bağlanmış 70249417-13 №-li, 18.04.2017-ci il tarixli “Bank əmanəti müqaviləsi (Göy əmanət)” üzrə 2.222.000,43 manat məbləğində pulun cavabdeh Fonddan iddiaçının xeyrinə tutulmasını qət etmişdir. İş üzrə cavabdeh Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Fondun nümayəndəsi və iddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə əmanətçi olan iddiaçı arasında bağlanmış 18.04.2017-ci il tarixli, 70249417-13 №-li “Bank əmanəti müqaviləsindən (Göy əmanət)” görünür ki, Bank əmanətçi olan iddiaçıdan daxil olmuş 2.200.000 manat məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə (iddiaçıya) illik 15 faiz ödəməyi öhdəsinə götürmüşdür. (Ləğv prosesində olan) Bank tərəfindən verilmiş 23.02.2018-ci il tarixli qəbzdən görünür ki, kreditor olan iddiaçının Banka qarşı 2.222.000,43 manat məbləğində kreditor tələbi qeydə alınmışdır (kreditorun reyestr nömrəsi 0566). Beləliklə göstərilənlərə və işdə olan digər sənədlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilən və işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bank ilə əmanətçi olan iddiaçı arasında 18.04.2017-ci il tarixli “Əmanət müqaviləsi” bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 15 faiz ödənilməsi şərti ilə yerləşdirmişdir. Azərbaycan Respublikası X8 X2 22.12.2017-cı il tarixli 49/1 saylı qərarı ilə “xxxx” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23.12.2017-ci il tarixindən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Bankda sığorta hadisəsi günü 22.12.2017-ci il müəyyən edilmişdir. Həmçinin Maliyyə X3 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Fond Banka ləğvedici təyin edilmişdir. Maliyyə X1rşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 27.09.2017-ci il tarixli məktubla Banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 19.10.2017-ci il tarixli məktubla Fonda məlumat vermişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə görə, sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 4.1.4-cü maddəsinə görə, Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Qanunun 8.1.20-ci maddəsinə görə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X8 orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Qanunun 27.1-ci maddəsinə gərə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qanunun 5.1-ci maddəsinə görə, əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X7 16.09.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən, banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16.09.2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16.09.2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. Göründüyü kimi, Bankla əmanətçi olan iddiaçı arasında bağlanmış müqaviləyə əsasən əmanət üzrə müəyyənləşdirilmiş faiz dərəcəsi 15 faiz müəyyən edilmişdir. X7 16.09.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətinə tam sığortalanması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X7 16.09.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, Bankın fəaliyyətinin aparılması üçün verilmiş lisenziyanın 23.12.2017-ci il tarixdən ləğv edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, iddiaçı ilə Bank arasında bağlanmış 18.04.2017-ci il tarixli “Bank Əmanəti” müqaviləsinə əsasən milli valyutada qoyulmuş əmanət üzrə illik faiz dərəcəsinin 15 faiz həddində müəyyən edildiyini və beləliklə də əmanət məbləğinin tam sığortalı əmanət kateqoriyasına aid edildiyini nəzərə alaraq, iddiaçının əmanət məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə görə qorunan əmanətlərə aid olması, ona görə də iddianın bu hissədə əsaslı olması qənaətinə gəlməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 avqust 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Fondun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar