Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2955/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 saylı, 14.02.2022-ci il tarixli qərardadından İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 16-cı km ünvanında yerləşən 7057,5 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 saylı, 14.02.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, İddiaçı MMC və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxslərlə cavabdeh orqan arasında imzalanmış 15.07.2021-ci il tarixli “özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 621 saylı müqavilə”nin imzalanmasına əsas olmuş inzibati aktın ləğv edilməsi və sözügedən icarə müqaviləsinin etibarsız hesab olunmasına dair inzibati işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilənədək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair 2(002)-148/2022 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı vəkili Vəkil1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(002)- 148/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla məhkəmə qərardadını əsaslandırmamışdır. Məhkəmə yalnız cavabdehin xahişini, başqa iş üzrə iddia tələbini, MPM-nin 254.1.4-cü maddəsini və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25.03.2004-cü il tarixli qərarını qərardadında qeyd edərək hazırkı mülki iş üzrə icraatı dayandırmış, lakin bu zaman icraatın dayandırılmalı olması ilə bağlı, yəni inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa iş həll edilməyincə hazırkı işə hansı səbəbdən, nəyə görə baxmağın mümkün olmaması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamış, səbəblərini göstərməmişdir. Digər tərəfdən icraatın dayandırılması üçün əsaslar yoxdur. Belə ki, əvvəla mülki işdə olan sübutlardan müəyyən olunur ki, İddiaçı MMC-nin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanıdır. Həmin ünvanda İddiaçı MMC-nin xüsusi mülkiyyətində ümumi sahəsi 0,4146 ha olan torpaq sahəsi vardır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında əlavə olaraq 7057,5 kvm torpaq sahəsi də 15.07.2023-cü il tarixədək İddiaçı MMC-nin icarəsindədir. Digər tərəfdən mülki işdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı- Salyan şossesi, 15-ci km, 1 ünvanında dövlət mülkiyyətində olmaqla cavabdehin istifadəsində olan 0,2713 ha torpaq sahəsində cavabdehin xüsusi mülkiyyətində ümumi sahəsi 2418,1 kvm təşkil edən daşınmaz əmlak vardır. Habelə mülki işdə olan ******* nömrəli çıxarışın surətindən görünür ki, cavabdehin icarəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, cənubu, Salyan şossesinin 16-cı km-nin cənub hissəsində 4,45031 torpaq sahəsi də vardır. İddiaçı ilə cavabdehin icarələrində olan torpaq sahələrinin ölçüləri və ünvanlarından görünür ki, həmin torpaq sahələri başqa-başqa torpaq sahələridir. İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kvm torpaq sahəsi ilə cavabdeh tərəfin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, cənubu, Bakı-Salyan şossesinin 16-cı km-nin cənub hissəsində yerləşən 4,45031 torpaq sahəsinin ünvanları başqa-başqa olduğundan, onların ünvanlarında ümumi olan ifadənin yalnız 16-cı km ifadəsi olduğu, 1 (bir) km-də 1000 metr olduğuna görə isə ayrı-ayrılıqda nə iddiaçının icarəsində olan torpaq sahəsinin, nə də cavabdehin icarəsində olan torpaq sahəsinin eninin (bir) km-dən artıq olmadığını nəzərə alsaq, onda belə çıxır ki, cavabdehin iddiaçının icarəsində olan torpaq sahəsinə dair inzibati qaydada mübahisə qaldırmağa, əvvəla subyektiv hüququ yoxdur, subyektiv hüququ olsa belə, o iddianın təmin edilməsi perspektivi yoxdur. Bu baxımdan da hazırkı mülki iş sözügedən inzibati işə baxılmasından asılı deyildir. Digər tərəfdən mülki iş üzrə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kvm torpaq sahəsinin sərhədlərinin cavabdehin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,cənubu, Bakı-Salyan şossesinin 16-cı km.nin cənub hissəsində yerləşən 4,45031 torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşüb-düşmədiyinə dair məhkəmə ekspertizası təyin edilməmişdir, ekspertiza nəticəsində torpaq sahələrinin sərhədlərinin üst-üstə düşüb-düşmədiyi müəyyən olunmamışdır və bununla bağlı müvafiq ekspert rəyi mülki işə əlavə edilməmişdir. İş üzrə icraatın dayandırılması isə yalnız torpaq sahələrinin sərhədlərinin tam və ya qismən üst-üstə düşdüyünə dair müvafiq ekspert rəyi olduğu təqdirdə mümkün və doğru ola bilərdi. Lakin hazırkı halda mülki işdə torpaq sahələrinin sərhədlərinin üst-üstə düşüb-düşmədiyinə dair ekspertiza rəyi olmadığından, bu səbəbdən də müvafiq olaraq mülki iş üzrə icraatın dayandırılması üçün Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində göstərilmiş əsas mövcud olmadığından, hazırkı mülki iş üzrə icraatın cavabdeh tərəfin inzibati qaydada başlatdığısözügedən başqa işə baxılıb həll edilənədək dayandırılması doğru deyil. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli, 2(002)-148/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin apellyasiya məhkəməsində olarkən elektron kabinet vasitəsilə Cavabdeh vəkilinümayəndəsi Vəkil3 tərəfindən şikayətə etiraz daxil olmuşdur. Şikayətə etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı İnzibati Məhkəməsində iddiaçı kimi cavabdeh AR-sı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti olmaqla, üçüncü şəxs cari iş üzrə iddiaçı RR Caspi MMC və Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti olmaqla cari iş üzrə iddiaçı RR Caspi MMC ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında arasında imzalanmış mübahisəli torpaq sahəsinə dair 15.07.2021-ci il tarixli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 621 saylı müqavilə”nin imzalanmasına əsas olmuş İnzibati Aktı ləğv edilməsi və adı çəkilən İcarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə iddia qaldırmışdır. İddia ərizəi Bakı İnzibati məhkəməsində icraata qəbul edilmiş və hakim Rüstəm Kərimlinin icraatındadır. Qeyd edilən iddia tələbi bir başa olaraq iddiaçının iddia tələbinin əsasını təşkil edən və iddiaçıya Mülki iddia tələbinə dair subyektiv hüququ verən halı hədəf almışdır. Yəni Bakı İnzibati Məhkəməsində baxılan iddia tələbi üzrə inzibati məhkəmə işi təmin edilərsə, iddiaçını Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət üçün subyektiv hüququ aradan qalxır. Belə olan təqdirdə Bakı şəhər Qaradağ rayon Məhkəməsində mülki icraatın Bakı İnzibati Məhkəməsində iş baxılıb qurtaranadək dayandırılması qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “torpaq sahələrinin ünvanları eyni olsa da, torpaq sahələri başqa-başqa yerlərdir və onların üst-üstə düşməsi müəyyən edilməmişdir və belə olan halda ekspertiza keçirilməli, torpaq sahələrinin yeri müəyyən edilməlidir”. İddiaçının bu dəlili əsassızdır. Çünki, İnzibati məhkəmədə Cavabdeh tərəfindən qaldırılan iddia tələbinin əsasını sadəcə torpaq sahələrinin üst-üstə düşməsi təşkil etmir, o cümlədən inzibati qurum tərəfindən dövlət torpaqlarının icarəyə verilməsi qaydalarının pozulması, Torpaq Məcəlləsinin, Torpaqların İcarəsi haqqında qanunun, Mülki Məcəllənin, Prezidentin aidiyyatı fərmanlarının və Nazirlər kabinetinin sərəncamlarının normalarının tələblərinin pozulması da cari iş üzrə iddiaçıya mübahisəli torpaq sahəsinin icarəyə verilməsini qanunsuz hesab edir. Habelə, başqa-başqa torpaq sahələri olsa idi iddiaçı torpaqdan çıxarılma tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmazdı. İddiaçının məhkəmə iddiası özü cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinə dair mübahisə yaradır. Torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinə isə Bakı İnzibati Məhkəməsində olan inzibati icraatda da məhkəmə ekspertizası təyin etməklə müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxslər: İddiaçı MMC və Qaradağ Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “inzibati aktın mübahisələndirilməsi” tələbinə dair inzibati işdə hazırkı mülki iş üçün preyudisial əhəmiyyəti kəsb edən hallar müyyən edilmir. Belə ki, Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı-Salyan şossesinin 15-ci km, 1 ünvanında yerləşən torpaq sahəsi ilə qonşu olan İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kvm torpaq sahəsinin icarəyə ayrılmasına dair inzibati aktı mübahisələndirir. Qeyd edilən iddia ərizəsinin hazırki mülki işlə birlikdə tədqiqi zamanı aydın olur ki, İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən 7057,5 kvm torpaq sahəsinin sərhədlərinin cavabdehin icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, cənubu, Bakı-Salyan şossesinin 16-cı km.-liyinin cənub hissəsində yerləşən 4,45031 torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşüb-düşmədiyinə dair məhkəmə ekspertizası təyin edilməmiş, ekspertiza nəticəsində mübahisəli torpaq sahələrinin sərhədləri müəyyən edilməmiş, torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi müəyyən olunmamış və bununla bağlı müvafiq ekspert rəyi təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahələrinin sərhədləri və ya ünvanları barəsində hər hansı mübahisə olmadan Cavabdeh qaldırdığı inzibati iddia hazırki mülki işin icraatının dayandırılması üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili Vəkil1 şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-148/2022 saylı, 14.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2955/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2955/2022
29.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver