Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2957/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı (DSMF publik hüquqi şəxsi və X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: sosial sığorta məbləğinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu, Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı (DSMF publik hüquqi şəxsi və X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sosial sığorta məbləğinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2024 nömrəli 16 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-də 6-cı dərəcəli sürücü vəzifəsinə qəbul olmuş və xx.xx.2010-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2010cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi cavabdeh "xxxx" (keçmiş "xxxx") Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin, həmçinin müəssisə tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunması və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. 1975-cı ildən başlayaraq müxtəlif müəssisə və təşkilatlarda işləmişdir. Ümumi iş stajı 27 il 10 ay 13 gün təşkil edir. Ancaq əmək fəaliyyəti demək olar ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənə qədər olmuşdur. Bu qanun qüvvəyə mindikdən sonra yalnız iki ay işləmişdir və əmək haqqından bütün məcburi tutulmalar, o cümlədən icbari sosial sığorta tutulmuşdur. Yuxarıda göstərilən iki ayı 2010-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində (hazırda "xxxx" ASC adlanır) Taxta körpü sahəsində sürücü peşəsində işləmişdir. Müəssisədə aylıq əmək haqqı 1000 manat civarında olmuşdur. 65 yaşı tamam olduğu üçün 2023-cü ilin yanvarında ona pensiya təyin olunması barədə DOST xidmətinə müraciət etmişdir. Müəssisədə ona bildirmişlər ki, pensiya təyin olunması üçün əmək stajı kifayət etsə də, müəyyən edilmiş məbləğdə pensiya kapitalı yoxdur. Bununla da ona əmək pensiyası yox, sosial müavinət təyin edilmişdir. DOST xidmətində bildirmişlər ki, qanunun tələbinə görə onun “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindikdən sonra hər hansı bir pensiya kapitalına malik olsa idi ona 25 il pensiya stajı olan şəxs kimi əmək pensiyası təyin olunacaqdır. O, əmək kitabçasını təqdim etsə də ona bildirilmişdir ki, 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi sürücü peşəsində işlədiyi "xxxx" (keçmiş "xxxx") Açıq Səhmdar Cəmiyyəti əmək haqqından tutduğu məcburi dövlət sığortası məbləğini Dövlət Sosial Müdafiə Fonduna keçirmədiyi üçün 2006-ci ilin yanvarından sonra onun 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı yoxdur. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə görə aldığı əmək haqqından tutulmuş məcburi dövlət sığortası məbləğini Dövlət Sosial Müdafiə Fonduna keçirməməklə onun pensiya hüququnu pozmuşdur. Qanunda pensiya kapitalının 2018-ci ilin 1 iyul tarixinə yığılması nəzərdə tutulur ki, o 2010-cu ilin aprel-may aylarında cavabdehlə əmək münasibətlərində olmuş və 1000 manatdan çox əmək haqqı almışdır. Əgər cavabdeh 2010-cu ildə onunla əmək müqaviləsi əsasında işlədiyi üçün aldığı əmək haqqından tutduğu 3 faiz və özünün ödəməli olduğu 22 faiz məcburi dövlət sosial sığorta məbləğini Dövlət Sosial Müdafiə Fonduna (onun sığorta hesabına) keçirsə idi, o sosial müavinət yox, əmək pensiyası alardı.
4. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxs xx.xx.2003-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2013-cü il tarixdə adı dəyişdirilərək "X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır. Bundan başqa, "X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir.
5. 22.12.2023-cü il tarixli ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, yuxarda qeyd edilənləri nəzərə alaraq araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsistemində sığorta edən “X1 Evraskon” ASC (SUN:**********5) tərəfindən 2006-2023-cü illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı (SSN:**********771) məlumatlarının qeyd edilmədiyi üçün 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi dövrlər üzrə İddiaçı əmək haqqısından tutulan məcburi dövlət sosial sığorta məbləğləri, həmçinin müəssisə tərəfindən ödənilməli olan digər məbləğlərin cavabdeh “X1 "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna ödənilibödənilməməsini müəyyən etmək mümkün olmadı.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral-cü il tarixli 2(004)-108/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmiş, cavabdeh “X1 "xxxx" ASC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 20 aprel 2010- cu il tarixdən 01 iyun 2010cu il tarixə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
7. Məhkəmə göstərmişdir ki, qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. İddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğin köçürülməməsinə istinad edərək həmin məbləğin köçürülməsini tələb edir. İş materiallarından göründüyü kimi 2006-2023-cü illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı məlumatları qeyd edilməmişdir. Beləliklə İddiaçı işlədiyi müddətdə sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və nəticədə hesabatda əksini tapmaması öz təsdiqini tapmış, cavabdeh tərəfindən həmin halı təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının pensiya yaşı 26 dekabr 2022-ci il tarixdə tamam olmuşdur. Bununla əlaqədar İddiaçı 2023-cü ilin yanvar ayında pensiya təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta Fondunun müvafiq qurumuna müraciət etmişdir. Məhz həmin vaxt ona bildirilmişdir ki, 2010-cu ildə onun cavabdehin Taxta Körpü sahəsində işlədiyi zaman aldığı əmək haqqından tutulan sosial sığorta ödənişləri Sosial Sığorta Fonduna ödənilməmişdir. Bunun nəticəsində də ona pensiya deyil, sosial müavinətin ödənilməsi barədə qərar çıxarılmışdır. İddiaçı və vəkili tərəfindən 05 may 2023-cü il tarixdə cavabdehə vəkil sorğusu verilmiş, 27 iyul 2023-cü il tarixdə isə məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.
9. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 9, 43.2, 54.1, 287, 292.1, 296.4, 304.2, 307.2, “Sosial sığorta haqqında” Qanunun 2, 14.1, 14.2, 14.3, 14.3.1, 14.3.2, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 7, 22-1, 22-1.2, 22-1.2.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır. İddiaçı pensiya üçün müraciət edən zaman bu halın ortaya çıxmasına dair dəlillər gətirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tətbiqi zamanı yanlışlığa yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
15. Üçüncü şəxs DSMF publik hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
17. Maddə 9 j) bəndi. İşçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüququ vardır.
18. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması.
19. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
20. Maddə 304.2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
21. Maddə 307.2. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.
23. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.
24. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
25. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu
26. Maddə 7. 7 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.)
27. Maddə 22-1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.
28. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İddiaçı hazırki tələbində işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğin köçürülməməsinə görə ona əmək pensiyası təyin edilmədiyindən həmin məbləğin köçürülməsini tələb etmişdir.
38. Qanunvericiliyin tələbinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur.
39. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 2006-2023-cü illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda iddiaçının məlumatları qeyd edilməmişdir. Beləliklə iddiaçının işlədiyi müddətdə sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və nəticədə hesabatda əksini tapmaması öz təsdiqini tapmışdır.
40. Göründüyü kimi iddiaçının hüquqları pozulmuşdur və haqlı olaraq hazırki iddianı qaldırmışdır.
41. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
42. Lakin göründüyü kimi iddiaçı pensiya yaşı tamam olduqdan sonra 2023-cü ilin yanvar ayında müvafiq olaraq pensiya təyin edilməsi üçün müraciət etmiş, ona pensiya deyil, sosial müavinət ödənilməsi qərara alındıqda məlum olmuşdur ki, 2010-cu ildə onun cavabdehin Taxta Körpü sahəsində işlədiyi zaman aldığı əmək haqqından tutulan sosial sığorta ödənişləri Sosial Sığorta Fonduna ödənilməmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddiaçı və vəkili tərəfindən 05 may 2023-cü il tarixdə cavabdehə vəkil sorğusu verilmiş, 27 iyul 2023cü il tarixdə isə məhkəmədə iddia qaldırmışlar, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2024 nömrəli iş üzrə 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.