Məhkəmə qərarları › İş №2(103)-2959/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2959/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2959/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “evə köçürülmə” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2, maraqlı şəxs Şahid və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs Şahid tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən evə köçürülmə tələbi barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 180.1, 180.2, 180.4; Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddəsinin 1-ci hissəsinə ;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1; Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə istinadən müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir, özbaşına tikili hazırda sökülməyib və mövcuddur. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində digər şəxslərin hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. İş üzrə dindirilmiş şahidlərin ifadəsi isə zəruri sənədlərlə təsdiq edilmədiyindən qəbul edilə bilməz. 3.Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübut, izahat və ifadələrlə müəyyən edilmişdir ki: - AZE № 18826338 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” qeyd edilmişdir, Bakı şəhəri Nəsimi rayonu A.D.Qurbarov ev 75 saylı mənzildə qeydiyyatdadır; - AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X5 xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuşdur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı xx.xx.2018-ci il tarixindən ünvan 3 ünvanında qeydiyyatdadır; - Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsinə əsasən, 114875 saylı müqavilə “Azəriqaz” İB ilə “İstehlakçı” adlandırılan Cavabdeh arasında bağlanmışdır; - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, №13-16/2- 01/1/01-7/5/10009/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin su və kanalizasiya təchizatında istifadəyə görə müqavilə müvafiq sənədlər əsasında Cavabdeh ilə xx.xx.2017-ci ildə bağlanılmışdır; - iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, 2017-ci ilin 09 sentyabrında tərəflər arasında nikah bağlanıb, nikah bağlandıqdan sonra tərəflər Səbail rayonu, Arif İsmayılov küçəsi ev 42A- da yaşamışlar. Həmin evdə yaşayarkən iki övladları anadan olmuşdur. 2023-cü ildə tərəflər arasında mübahisə olduğundan iddiaçı Kürdəmirdə atasının evində yaşayır. iyul ayında nikahın pozulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Noyabrın 27-də tərəflər arasındakı nikah pozulmuşdur. İyulun axırı avqust ayının əvvəllərində kommunal xərclərin müqavilələri cavabdehin adına olmuşdur. Burdan da sübut olunur ki, məhkəməni yanıltmaq üçün qərəzli olaraq evi satmışlar. Kommunal ödənişlərlə bağlı sənədlər iş materiallarına əlavə olunub, cavabdehin adına rəsmiləşdirilib. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron sistemə yerləşdirilmiş etiraz ərizəsində hər şey açıq şəkildə göstərilib. İddiaçı uşaqların həyat səviyyəsini yaxşı eləmək üçün, onların təhsili üçün qeyd olunan ünvana köçürülməsini istəyir; - cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı toy olandan sonra bibisinin evinə gəlib. Sonra nənəsi birgə yaşamaqları üçün nəvələrinə bu evi alıb. Cavabdeh 2-ci qrup əliliyi olan şəxsdir, diaqnozu şizofreniyadır. İddiaçı sonra acıq edib atasının evinə gedəndən sonra nənəsinin ehtiyacı olduğu üçün evi satmışdır. Qızın əşyalarını müvəqqəti olaraq bir yerdə saxlayıb ki, itməsin. Hal-hazırda həmin ev Şahid satılıb, o orda ailəsi ilə birgə yaşayır, iddiaçının ora köçürülməsi mümkün deyil. Nənəsi təklif edir ki, nəvələri çöldə qalmasınlar deyə onlara bir ev alsın. Mübahisə məhkəmədən kənar həll edilsəydi yaxşı olardı;- 25 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən şahid X4 ifadəsində həmin evi satdığını,lakin tərəflərin yenidən barışacağı təqdirdə onlara yenidən ev almağa hazır olduğunu bildirmişdir;- 25 dekabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən Şahid ifadəsində həmin evi 2023-cü ilin avqust ayında 36000 manata aldığını bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş e-2(009)-1983/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25, 60; Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 9.1, 54, 88, 217.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2023-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bu iş üzrə şahidlərin dindirilməsinin zəruri olduğunu bildirmişdir. xx.xx.2023-ci il tarixli məhkəmə iclasında vəsatəti təmin edilərək şahidlərə söz verilmişdir. Birinci evin indiki sahibi Şahid izahat vermişdir. O bildirmişdir ki, hal-hazırda evi cavabdehin nənəsindən almış və öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Sonra nənəsi X2 izahat vermək üçün söz verilmişdir. Məhkəmə ona harada yaşadığını soruşmuş və sonra zalı tərk etməyini istəmişdir. Hacıyeva Tərlan sübutunu məhkəməyə təqdim edə bilməmişdir. O sübut etmək istəyirdi ki, həmin mənzilin Şahid satılması barədə aralarında razılaşma olmuşdur. Beləliklə, sübutlar düzgün qiymətləndirilməmiş və bununla məhkəmə onun müdafiə hüququnu pozmuşdur. İddiaçı tələbini əsaslandırarkən iddia ərizəsində 09 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu, həmin gündən etibarən ünvan 4 ünvanında yerləşən evə gəlin köçdüyünü, həmin evə özünün cehiz əşyalarını da gətirdiyini, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat apardığını, birgə yaşadıqları dövrdə valideynlərinin maddi dəstəyi ilə cavabdehlə həmin evdə təmir-tikinti işləri apardığını bildirmişdir. Lakin iddiaçının vəkili X8 rayonu, Elçin Əzizov küçəsində yerləşən fərdi yaşayış evinin su və kanalizasiya təchizatından istifadəyə görə müqavilənin kimin adina olmasi barədə məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, No 055/3 sayli müraciətinə "xxxx" ASC-də baxılaraq, aşağıdakı kimi məlumat verilmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin su və kanalizasiya təchizatindan istifadəyə görə müqavilə (abonent kodu:**********000, sayğac markası və nömrəsi: CSS-20, ********) müvafiq sənədlər əsasında llkin Cabbarov Ceyhun oğlu ilə xx.xx.2017-ci il də bağlanılmışdır. Buradan da görsənir ki, iddiyaçı həmİn mənzilə gəlin gəlməmişdir. İddiaçı 09 sentyabr 2017- ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurduğu halda su və kanalizasiya təchizatindan istifadəyə görə müqavilə isə xx.xx.2017-ci il llkin Cabbarov Ceyhun oğlu adına müqavilə bağlanmışdır. Deməli bu da onu göstərir ki, cavabdeh həmin ünvana gəlin gəlməmişdir. Hakim bu məqamları araşdırmamışdır. Həmçinin şahid qismində dəvət olunmuş Cabbarov Sevil ümumiyyətlə, məhkəmə iclasında dindirilməmişdir. İddiaçı toy olandan sonra bibisinin evinə gəlib. Sonra nənəsi birgə yaşamaqları üçün nəvələrinə bu evi alıb. Cavabdeh 2-ci qrup əliliyi olan şəxsdir, diaqnozu şizofreniyadır. İddiaçı sonra acıq edib atasının evinə gedəndən sonra nənəsinin ehtiyacı olduğu üçün evi satmışdır. Qızın əşyalarını müvəqqəti olaraq bir yerdə saxlayıb ki, itməsin. Hal-hazırda həmin ev Şahid satılıb, o orda ailəsi ilə birgə yaşayır, iddiaçının ora köçürülməsi mümkün deyil.

5. Maraqlı şəxs Şahid şikayət verərək Səbail Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e- 2(009)-1983/2023 saylı qətnaməsi tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.( Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2510/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1983/2023 saylı qətnaməsindən Şahid tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir). Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1- 152.5, 157, 228.1, 228.2 ; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına; İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasınına dair 1-ci əlavə protokolun 1-ci maddəsi; Azərbaycan SSR-nin 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev Şahid satılmış, sonuncu həmin ev üçün 35 500 manat pul vəsaitini 29 iyul 2023-cü il tarixdə ödəmiş, 29 avqust 2023-cü il tarixdə isə ev təhvil verilərkən əlavə olaraq 500 manat pul vəsaiti ödəmişdir. Şahid sözügedən ev üçün ümumilikdə 36 000 manat pul vəsaiti ödəmişdir. Sözügedən ev üçün pul vəsaitinin ödənilməsi prosesi tərəflərin razılığı ilə video formatında qeydə alınmışdır. Apellyasiya şikayəti elektron qaydada verildiyindən həmin video material Apellyasiya Məhkəməsinə CD disk vasitəsi ilə təqdim ediləcəkdir. 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev Şahid satıldığından İddiaçının və onun himayəsində olan digər şəxslərin həmin evə köçürülməsi barədə Şahidun mülkiyyət hüquqları bərpaedilməz olaraq pozulur. Mübahisə predmetini təşkil edən mənzil dövlət qeydiyyatından keçmədiyi üçün iddiaçının və onun himayəsində olan digər şəxslərin sözügedən mənzilə dair istifadə hüquqları yaranmır. Səbail rayon Məhkəməsi 25 dekabr 2023-cü il tarixli, e- 2(009)-1983/2023 saylı qətnaməsində AR Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, iddiaçının və onun himayəsində olan digər şəxslərin evdən istifadə hüququnun yaranıbyaranmaması məsələsini araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, hazırkı iş üzrə cavabdehin ümumiyyətlə düzgün qoyulmadığını, belə ki, iddiaçının köçürülməsini tələb etdiyi evin cavabdehin deyil, onun nənəsinin mülkiyyətində olduğunu, tərəflər nikaha daxil olduqdan sonra evi müvəqqəti yaşaması üçün Cavabdeh verdiyi, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra nənənin evi 2023-cü ilin 29 iyul tarixində Şahid adlı şəxsə satdığını, evin kommunal ödənişlərinin cavabdehin adına olmasının səbəbinin isə nənənin yaşlı olması və bu məsələlərlə məşğul olmasına fiziki gücünün olmaması ilə bağlı olduğunu, lakin bütün bu halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını və kifayət qədər araşdırılmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Şahid nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, hüquqlarını təmsil etdiyi şəxs tərəfindən həmin mənzilin 29 iyul 2023-cü il tarixində alındığını, iddiaçının həmin mənzilə köçürülmə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, Mənzil Məcəlləsinin 34-cü maddəsində göstərilmiş əsasların olmalı olduğunu, lakin hazırkı iş üzrə bu əsasların olmadığını, iddiaçının hüquqlarından sui-istifadə edərək həmin evin satılmasından məlumatlı olmasına baxmayaraq maraqlı şəxsə heç bir pretenziya məktubu göndərmədiyini, həmçinin hazırkı iş üzrə tələbin ümumiyyətlə düzgün qoyulmadığını, həmin mənzilin dövlət tərəfindən qeydiyyata alınmadığını, özbaşına tikili hesab edildiyini və bu səbəbdən də ünvanın olmadığını, lakin iddia ərizəsində birbaşa ünvan yazıldığını, belə bir ünvanın mövcud olmadığını, beləliklə də iddia təmin olunacağı təqdirdə belə qətnamənin icrasının da mümkün olmayacağını bildirmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə öhdəliyini birbaşa hüquqlarını təmsil etdiyi şəxsin üzərinə qoyulduğunu, lakin hazırkı iş üzrə iddiaçı ilə maraqlı şəxs arasında heç bir hüquq münasibətlərinin olmadığını bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərini əsassız hesab etdiyini, maraqlı şəxsin nümayəndəsinin Mülki Məcəllənin 228, Mənzil Məcəlləsinin 34-cü maddələrini istinad etdiyini və həmin maddələrdə mülkiyyət hüququndan söhbət getdiyini, lakin sözügedən evin özbaşına tikili olduğunu və mülkiyyət hüququnu təsdiq edən heç bir sənədin olmadığını, cavabdehin nümayəndəsinin dediklərinə münasibətdə isə iddia ərizəsi ilə məhkəmə müraciət etdikdən sonra cavabdeh tərəfin etiraz ərizəsi təqdim etdiyini, həmin etiraz ərizəsində də cavabdehin əslində iddia ərizəsində qeyd olunan faktları təsdiq etdiyini, bu səbəbdən də həmin ərizənin cavabdehin etirazı kimi deyil etirafı kimi qəbul edilməli olduğunu, həmçinin hazırkı iş birinci instansiya məhkəməsinin icraatında olarkən kommunal ödənişlərlə bağlı sorğu verdiyini, həmin sorğunun cavabında da sayğacların Cavabdeh adına olduğunun müəyyən edildiyini, həmçinin qarşı tərəfin mənzilin 2023-cü ilin iyul ayının sonunda satıldığını və iddiaçının pretenziya qaydasına da əməl etmədiyini bildirsə də hazırkı iş üzrə mediasiya prosesinin artıq iyul ayından öncə başladığını, bütün bunları bilməsinə baxmayaraq cavabdehin həmin mənzili satmasının öz növbəsində iddiaçının hüquqlarının kobud şəkildə tapdalanması hesab etdiyini, həmçinin Səbail Rayon Məhkəməsində hazırkı iş üzrə kifayət qədər məhkəmə iclaslarının keçirildiyini, sadəcə olaraq sonuncu baxış iclasında cavabdehin nümayəndəsinin Şahid adlı şəxsə evin satıldığını bildirildiyini və həmin şəxsin şahid kimi dindirilməsi ilə bağlı vəsatət verdiyini, iddiaçı ilə Cavabdeh ər-arvad münasibəti olduğu üçün və onunla birgə həmin mənzildə yaşadıqları üçün hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh qoyulduğunu, həmçinin qarşı tərəfin şifahi şəkildə evin nənəsinə aid olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyini, onun vəkil sorğusuna əsasən kommunal ödənişlərin cavabdehin adına olması ilə bağlı cavab gəldiyini və bu səbəbdən də mülkiyyətçi kimi Cavabdeh gördüklərini qeyd etmiş, apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Şahid nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə əsasən: ”180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”

12. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən aşağıdakı maddələr üzrə hərəkət-hərəkətsizlik cinayət məsuliyyətini yaradır: -188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma; – 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma; - 222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda; - 314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə; - 314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması. Deməli, bilvasitə olaraq belə yuxarıda qeyd edilən dispozitiv şərtlərə münasib (cinayət təhdidi altında olan) qanunsuz əməllərə mülki müstəvidə qiymət verilməsi sui-istifadəyə və qadağan edilmiş özbaşınalığa şərait yarada (rəvac verə) bilən həssas məsələdir. 13.Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Ailə Məcəlləsinin 31-37, Mülki Məcəllənin 6, 11.1; 135-158, 180, 181, 185, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15, 50, 52, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 267, 385-390-cı maddələrinə istinadən mülki münasibətlərinin mümkünlüyün nəzərdən keçirən Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, tikilinin sahiblik, istifadə və digər hüquqlar, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır.

14. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia üzrə iddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdıır. Hazırki mülki hüquq münasibətlərdə iddiaçının cavabdehlə ailə (mülki) qanunvericliyinin maddi hüquq normalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları (qanuni gözləntisi) mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. Bu baxımdan mənzilə köçürmə tələbindən öncə mənzilin (yaşayış sahəsinin) mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan (müəyyən edilməyən) şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir. 15.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən: Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

17. İş üzrə mübahisəli tikilinin cavabdehə məxsusluğu, qeydiyyatı və ünvanı, habelə iddiaçıya aidiyyatı və əmlak (əşya) hüquqları olması sübuta yetirilmir. Əksinə, tikilinin cavabdehin nənəsinə məxsus olması, hazırda isə ümumiyyətlə üçüncü şəxsin sahibliyində olması qeyd edilsə də, iddiaçı tərəfindən bu dəlilləri inkar edən əsassız mülahizələr də sübuta yetirilmir. Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəli evin hüquqi statusu, faktiki sahibi və tələbin yönəldiyi şəxs üzrə təkzib edilən hallar ilə bağlı kifayət qədər araşdırma aparmadan yalnız iddiaçının mülahizələri əsasında qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin nənəsi və maraqlı şəxs şahid qismində ifadələrində iddiaçının köçürülməsini iddia etdiyi tikilinin cavabdehin nənəsinə məxsus olaraq, nikahdan sonra başqa ünvanda yaşayan tərəflərin yaşamasına şərait yaradılması, iddiaçı tərəfindən cavabdehlə münasibətləri pozulduqdan sonra tikilini tərk etməsi və tikilinin əvəzli əsaslarla maraqlı şəxsin sahibliyinə verilməsinə dair təkzibedici (mötəbər və sübutedici) dəlillər irəli sürülmədiyi halda şahid ifadələri növündə olan sübutlara əsaslı qiymət verilməmişdir. Ümumiyyətlə, tikilinin mənzil (yaşayış sahəsi) statusu olduğu təqdirdə belə iddiaçının başqa ünvanda qeydiyyatda olaraq müvəqqəti (ailə və sair ehtiyaclarından irəli gələrək) hər hansı yerdə yaşaması həmin yerə istifadə, sahiblik və ya digər əmlak (əşya) hüquqlarına malik olmasını müəyyən etmir. İddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı təmin etməklə, əslində sözügedən tikiliyə Mülki Məcəllənin 159, 162, 164.1-ci maddələri ilə qorunan sahiblik hüququ pozulmuşdur. Qeyd edilənlərlə yanaşı, formalaşan təcrübəyə istinadən belə iddiaçının əmlak hüquqları və onları əhatə edə biləcək “qanuni gözləntiyə” malik olduğuna dair də əsaslar müəyyən edilməmişdir.

18. Bununla belə qeyd edilməlidir ki, iddaçının mübahisə edilən tikilinin yaxşılaşdırılması və ya birgə nikah dövründə əldə edilmiş digər əmlak hüquqlarının pozulması ilə bağlı fərqli tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. İddia əsassız olduğundan, apellyasiya şikayətləri üzrə başqa tələb olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd, apellyasiya şikayətləri isə təmin edilməli, ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh və maraqlı şəxs Şahid şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar