Məhkəmə qərarları › İş №2(103)-2960/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2960/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2960/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli 48 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməsi və ünvan 1 ünvanında MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m-dən az olmayan 68 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən Maraqlı şəxs (nümayəndəsi) tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə adı çəkilən şəxs qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınaraq onun apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin qanunvericilikdə müəyyənləşdirilmiş qaydada həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə ona münasibətdə hər hansı qərar qəbul olunmamışdır. Onun nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə görə, mübahisəsi gedən mənzilin ilkin alıcısı məhz Maraqlı şəxsdur və müvafiq müqaviləni əldə edə bilməsə də, cinayət işi üzrə ittiham aktında həmin müqaviləyə istinadlar vardır. Qətnamənin Maraqlı şəxs maraqlarına toxunduğu qənaətinə gələrkən məhkəmə də eyni arqumentə əsaslanmışdır; halbuki cinayət təqibi üzrə ittiham aktında qeyd olunan hər hansı xüsusat mülki işə baxan məhkəmə üçün preyudisial xarakter daşımamaqla, qətnamənin işdə iştirak etməyən şəxsin maraqlarına toxunub-toxunmadığı onun təqdim edəcəyi sübutlar (müqavilə, maliyyə arayışı, pulun ödənilməsinə dair qəbzlər və s.) əsasında müəyyənləşdirilə bilər. Əks halda, müvafiq hüququ olmayan şəxsin şikayəti əsasında apellyasiya icraatı başlanmış olar ki, bu da apellyasiya baxışının mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, “MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanları nəzərə almaqla Maraqlı şəxs iddia etdiyi mənzilin, onun hazırda mübahisələndirdiyi qətnamə əsasında İddiaçı hüququnun tanındığı mənzillə eyni olub-olmadığını aydınlaşdırdıqdan, bununla bağlı müvafiq sübutlarını (müqavilə, maliyyə arayışı, mənzilin təhvil verilməsinə dair akt, ödəniş qəbzləri və s.) təqdim etməyi Maraqlı şəxs təklif və həmin sübutları tədqiq etdikdən sonra qətnamənin onun hüquq və vəzifələrinə toxunub-toxunmadığına qərar verməlidir. Kollegiya onu da qeyd edir ki, Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunlan şəxs qismində tanınması ilə bağlı qərardaddan şikayət verilməməsi apellyasiyanın mümkünlüyünün yoxlanılmasına mane olmur. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1418/2023 saylı iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması, əgər qətnamə maraqlarına toxunmursa şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar