Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2961/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Şahin Rəfiyevin iştirakı ilə İddiaçı cavabdehlər “xxxxxxxxxx” MMC-yə və qeyrilərinə qarşı evin bərpası, sərəncamın ləğv edilməsi, zərərin ödənilməsi və sair tələblərinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3643/2019 №-li mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC), Cavabdeh2 MMC-yə və Bakı Şəhər Cavabdeh3ə (bundan sonra – İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcra Hakimiyyətinin və Cavabdeh1 MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 53 saylı evin (bundan sonra – mübahisəli ev) mövcud vəziyyətində bərpa etmək vəzifəsinin qoyulması, İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 181 saylı Sərəncamının etibarsız hesab edilməsi, cavabdehlərin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən onun xeyrinə 10 000 (on min) mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mübahisəli evin yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması Cavabdeh2 MMC-yə həvalə edildikdən sonra, həmin şirkətə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əməl olunmasını tələb edib. Cavabdeh2 MMC-nin rəhbərliyi ona yalnız xx xxxxxxx 2016-cı il tarixli müqavilədə müəyyən edilmiş, yəni 1 otaqdan ibarət 38 kv.m və təmirsiz vəziyyət olan mənzillə təmin edəcəklərini bildirir. Buna etiraz edərək, Cavabdeh1 MMC ilə aralarında həm yazılı, eləcə də şifahi formada olan razılaşmanın yerinə yetirilməsini tələb edir. Lakin “xxxxxxxxx” MMC Cavabdeh1 MMC ilə bağlanmış şifahi razılaşmaların onlara heç bir aidiyyətlərinin olmadığını bildirir. İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli sərəncamının dəyişdirilərək Cavabdeh2 MMC-nin adına keçirilməsi barədə xx.xx.2017-ci il tarixli, 181 saylı sərəncamı tam qanunsuz və əsassız olmuş, sakinlərin buna razılıqları alınmamışdır. Cavabdehlərin hərəkəti qanunsuzdur və mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunsuzluq və özbaşınalıq edən “xxxxxxxxx” MMC tərəfindən ona dəfələrlə psixoloji təzyiqlər olmuş, nəticədə ağır iztirab sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı ilə “xxxxxxxxxx” MMC arasında müqavilə bağlanarkən iddiaçının həyat yoldaşının razılığı alınmayıb. Hazırda iddiaçının həyat yoldaşı bununla bağlı məhkəmədə ayrıca iddia qaldırıb. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə eyni tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi İcra Hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və mülki işin icraatına həmin hissədə xitam verilmişdir. İşin mübahisəsiz halları və işdə olan yazılı sənədlərlə müəyyən edilir ki, İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli sərəncamı ilə Cavabdeh1 MMCyə, rayonun Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsi və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cav abdeh1'’ MMC mübahisəli evdə yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus 8 saylı mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilədə, həmçinin nəzərdə tutulub ki, mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququ vardır. “xxxxxxxxxx” MMC xx.xx.2017-ci il tarixdə məktubla icra hakimiyyətinə müraciət edərək xx.xx.2016-cı il tarixli, 65 №-li Sərəncamın “xxxxxxxxx” MMC-nin adına dəyişdirilməsinə razılığını bildirmişdir. İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə xx.xx.2016-ct ıl tarixli, 65 saylı Sərəncam qüvvədən düşmüş hesab edilmiş, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmiş, qəzalı binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi, Qarabağ küçəsi 47, 49 51, 53 və Tələt Şıxəliyev küçəsi 10 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmir edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülmələri həvalə edilmişdir. Həmin sərəncamla Cavabdeh1 MMC ilə vətəndaşlar arasında bağlanmış bütün müqavilə və öhdəliklərə cavabdehlik “xxxxxxxxx” MMC-yə həvalə edilmişdir. İşə baxılması zamanı Cavabdeh2 MMC birinci instansiya məhkəməsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, "Cavabdeh1" MMC ilə iddiaçı arasında bağlanmış 142 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli müqaviləyə uyğun olaraq onun 1 otaqlı 29,9 kv.m. mənzilinin dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m. mənzilin (ev 111 mərtəbə 15) verilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Baxılan iş üzrə İcra Hakimiyyətinin sərəncamının etibarsız hesab olunması tələbi üzrə mülki işin icraatına həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi əsası ilə xitam verildiyindən hazırkı apellyasiya baxışının predmetini mübahisəli evin mövcud vəziyyətində bərpa edilməsi; cavabdehlərin iddiaçıya qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən onun xeyrinə mənəvi zərərin əvəzinin tutulması tələblərinə aid hissələr təşkil edir. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki Məcəllənin 1115-ci maddəsi zərərin əvəzinin ödənilməsi tələbini təmin etmək vasitələrindən biri kimi zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zədələnmiş əmlakı düzəltmək öhdəliyinin qoyulması qaydasını müəyyən edir. Eyni zamanda «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi mübahisəli evin bərpasını tələb etsə də, həmin ev yaşayış binasının mülkiyyətçiləri, o cümlədən, iddiaçı ilə cavabdeh “xxxxxxxxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən sökülmüşdür. İddiaçı hazırkı iş üzrə Cavabdeh1 MMC ilə aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsızlığı və ya ləğvi tələbini irəli sürməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi müqavilənin bağlanması zamanı iddiaçının həyat yoldaşının razılığının alınmadığını bildirsə də, iddiaçının müqavilənin etibarlılığını həmin əsasla mübahisələndirməklə bağlı subyektiv hüququ yoxdur. Beləliklə iddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binanın qanunsuz söküldüyü sübut edə bilməmişdir. Eyni zamanda əvvəllər “xxxxxxxxxx” MMC-yə verilmiş hüquq və vəzifələrin sonradan Cavabdeh2 MMC-yə verilməsi ilə bağlı İcra Hakimiyyətinin qərarının (sərəncamının) qanuniliyi barədə məsələ mülki məhkəmə icraatının predmeti olmadığından hazırkı icraat çərçivəsində həmin qərara hüquqi qiymət verilməsi də mümkün deyildir. Nəhayət iddiaçı Cavabdeh2 MMC tərəfindən onun hüquqlarının pozulduğuna dair heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, həmin hüquqi şəxs "Cavabdeh1" MMC ilə iddiaçı arasında bağlanmış 142 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli müqaviləyə uyğun olaraq "Cavabdeh1" MMC-nin bütün öhdəliklərini icra etməyi yazılı etiraf etmişdir. İddiaçı Cavabdeh2 MMC-nin "Cavabdeh1" MMC ilə əldə etdiyi şifahi razılaşmanın şərtlərini pozduğunu bildirsə də, həqiqətən sonuncu ilə aralarında müqavilədən kənar hər hansı razılaşmanın olduğunu sübut edə bilməmişdir. Mövcud vəziyyətdə cavabdehlər tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərin törədildiyi müəyyən edilmədiyi üçün iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsassızdır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan hissədə iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğu üçün Kollegiya həmin dəlillərə ayrıca qiymət verilməsinə zərurət görmür. Ona görə də şikayət təmin olunmamalı, qətnamə baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti evin bərpası, hüquqlarının pozulmuş hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələblərinə aid hissədə təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3643/2019 №-li mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi evin bərpası, hüquqların pozulmuş hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-2961/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2961/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver