Məhkəmə qərarları › İş №2(103)-2961/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2961/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2961/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, Cavabdeh3 nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlunun,iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)-760/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 1(103)-984/2019 nömrəli icra vərəqəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 nömrəli mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində f21a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi, "xxxx" ASC və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunması, İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 nömrəli mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində 21a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməsi, hərracdan əldə olunan vəsaitdən artıq qalarsa 28336 manat vurulmuş ziyana görə "xxxx" ASC-yə və vergidən yayındırılmış məbləğə görə 509524,25 manat Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ödənilməsi qərara alınmışdır. X1 10 sentyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 1(103)984/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

2. İddiaçı 10 sentyabr 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

3. X1 15 fevral 2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarına əsasən borclu İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 nömrəli mənzillərinin və həmin ünvanda yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün “Sərraf-M" MMC-dən mütəxəssis dəvət edilməsi, qiymətləndiricinin xidmətindən istifadə olunması ilə bağlı xərclərin bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır.

4. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli, 038/22 nömrəli ekspert rəylərinin nəticə hissələrindən görünür ki, aparılan təhlil və hesabatlar nəticəsində İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 31 və 35 nömrəli mənzillərin real bazar dəyəri 261660 manat təşkil edir.

5. Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin "xxxx" MMC-yə və İddiaçı ünvanladığı 28 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 1(103)984/2019 nömrəli icra sənədinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 35 nömrəli mənzillərinin qiyməti 261660 manat müəyyən edilmişdir. Mənzillərin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur.

6. "xxxx" MMC-nin 06 may 2022-ci il tarixli, 193/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 5340-133564/19-5-33 nömrəli, 28 aprel 2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 35 nömrəli mənzillərin ilkin satış qiymətləri 261660 manat təşkil edir. Hərrac 01 iyun 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

7. 01 iyun 2022-ci il tarixli, 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 01 iyun 2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamışdır.

8. "xxxx" MMC-nin 03 iyun 2022-ci il tarixli, 193/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 5340-133564/19-5-33 nömrəli, 28 aprel 2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 35 nömrəli mənzillərinin təkrar satiış qiymətləri 222411 manat təşkil edir. Hərrac 20 iyun 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

9. 20 iyun 2022-ci il tarixli, Y-193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracın nəticələri haqqında yekun protokolundan müəyyən olunur ki, 20 iyun 2022-ci il, saat 11:00a təyin edilmiş hərracda İddiaçı məxsus olan ünvan 4 6 nömrəli mənzili son qiyməti 222411 manat dəyərində olmaqla Cavabdeh3 əldə etmişdir. 20 iyun 2022-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləndən də görünür ki, ünvan 4 6 nömrəli mənzili 222411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən alınmışdır.

10. 17 iyun 2022-ci il tarixli 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracda iştirak üçün sifarişin surətindən görünür ki, Cavabdeh3 əmlakın hərracda iştirakı üçün ərizəsinin qəbul edilməsini xahiş etmişdir. 12 yanvar 2023-cü il tarixli, 410/22 nömrəli "xxxx" MMC tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan müəyyən olur ki, keçirilmiş hərracda İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir.

11. "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli 410/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 11316-133564/19-5-33 nömrəli, 28 oktyabr 2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 309,0 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti ******* manat təşkil edir. Hərrac 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

12. "xxxx" MMC-nin 30 noyabr 2022-ci il tarixli, 410/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 11316-133564/19-5-33 nömrəli, 28 oktyabr 2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyriyaşayış sahəsinin satiş qiyməti ******* manat təşkil edir. Hərrac 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

13. AZ 1045/********** nömrəli teleqramın məzmunundan görünür ki, İddiaçı ünvanlanan SS808681686 AZ saylı məktub 15 noyabr 2022-ci il tarixdə saat 12:38-də təyinatı üzrə çatdırılmışdır.

14. “Market” reklam və elanlar qəzetinin 04-10 noyabr 2022-ci il tarixli sayından görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat müəyyən edildiyini və açıq hərracın 30 noyabr 2022-ci il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur.

15. “Market” reklam və elanlar qəzetinin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti ******* manat müəyyən edildiyini və açıq hərracın 20 dekabr 2022-ci il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur.

16. “Market” reklam və elanlar qəzetinin 23-29 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar hərracı 20 dekabr 2022-ci il tarixdə baş tutulmaması barədə məlumat dərc olunmuşdur.

17. 04 iyul 2022-cü il tarixli, 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21a nömrəli evin 4, 8, 14, 25, 27, 29, 35 nömrəli mənzillər ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir.

18. AZ 1004/000392586 nömrəli teleqramdan görünür ki, 04 iyun 2022-ci il tarixində Quliyev Nicata ünvanlanan SS787768668AZ nömrəli məktub 10 iyun 2022-ci il tarixdə saat 09:48-də təyinatı üzrə çatmışdır.

19. “Market” reklam və elanlar qəzetinin 06-12 may 2022-ci il tarixli sayından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzillərin ilin satış qiymətləri 261660 manat müəyyən edilmişdir açıq hərrac 01 iyun 2022-ci il tarixdə saat 11:00-da baş tutmaması barədə məlumat dərc olunmuşdur.

20. “Market” reklam və elanlar qəzetinin 03-09 iyun 2022-ci il tarixli sayından görünür ki, ünvan 6 ünvanında yerləşən mənzillərin təkrar hərracı 20 iyun 2022-ci il tarixdə baş tutmaması barədə məlumat dərc olunmuşdur.

21. “Market” reklam və elanlar qəzetinin 24-30 iyun 2022-ci il tarixli nömrəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzillərin təkrar hərracı 20 iyun 2022-ci il tarixdə 11:00-da baş tutmaması barədə məlumat dərc olunmuşdur.

22. 12 yanvar 2023-cü il tarixli, 409/22 nömrəli "xxxx" MMC-nin tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olur ki, ünvan 4 ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir.

23. "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli 409/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 11315-133564/19-5-33 nömrəli, 28 oktyabr 2022-ci il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satiış qiyməti ******* manat təşkil edir. Hərrac 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

24. "xxxx" MMC-nin 30 noyabr 2022-ci il tarixli 409/22 nömrəli hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon İcra şöbəsinin 11315-133564/19-5-33 nömrəli, 28 oktyabr 2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyriyaşayış sahəsinin satış qiyməti 980857,50 manat təşkil edir. Hərrac 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir.

25. “Market” reklam və elanlar qəzetinin 04-11 noyabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat məbəğində müəyyən olunmuşdur. Açıq hərracın 30 noyabr 2022-ci il tarixdə saat 11:00-da baş tutulmaması barədə məlumat dərc olunmuşdur.

26. “Market” reklam və elanlar qəzetinin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin tərkar satış qiyməti 980857,50 manat məbəğində müəyyən olunmuşdur. Açıq hərracın 20 dekabr 2022-ci il tarixdə saat 11:00-da baş tutulmaması barədə məlumat dərc olunmuşdur.

27. “Market” reklam və elanlar qəzetinin 23-12 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 21a ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin tərkar hərracı 20 dekabr 2022-ci il tarixdə baş tutmamışdır.

28. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin "xxxx" MMC-ə ünvanlanmış məlumatda cəmiyyətin vergi uçötuna alındığı 12 fevral 2016-cı il tarixdən fəaliyyətinin dayandırılması barədə ərizəsi vergi orqanlarına daxil olmamış, hesabat dövrləri üzrə bəyannamələr təqdim edilmiş və 31 yanvar 2023-cü il tarixə təqdim edilməmiş bəyannamələri mövcud deyildir və hazırda cəmiyyətin fəaliyyəti aktivdir.

Birinci instansiya məhkəməsində icraat

29. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 01 iyun 2022, 20 iyun 2022-ci il tarixli hərracların, habelə 20 iyun 2022-ci il tarixli Y-193/22 nömrəli protokolun, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21A nömrəli evin 4, 8, 14, 25, 27, 29, 31, 35 nömrəli mənzillərin 1167657,75 manat borc əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 04 iyul 2022-ci il tarixli 193/222 nömrəli protokolun, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 409/22 nömrəli protokolun, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 410/22 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 1(103)-984/2019 nömrəli icra vərəqəsinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonunda 28 May küçəsində yerləşən 21A nömrəli evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 nömrəli mənzillərinin, Bakı şəhəri Nəsimi rayonunda 28 May küçəsində 21A ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməli, artıq qalan vəsait isə ləğv edilmiş "xxxx" ASC-yə və vergi borclarının ödənilməsinə yönəldilməlidir. İcra sənədi üzrə Nəsimi rayon İcra şöbəsində 10 sentyabr 2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılmış, iş 2 ildən artıq müddətdə hərəkətsiz saxlanıldıqdan sonra 15 fevral 2022-ci il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək "xxxx" MMC-yə sifariş verilmişdir. İcra işinin materiallarına əlavə olunmuş qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın aidiyyəti şəxslərə göndərilməsi haqqında müşaiyət məktubundan görünür ki, həmin qərar İddiaçı ümumiyyətlə göndərilməmiş, başqa sözlə, qiymətləndirmə gizli qaydada həyata keçirilmişdir ki, bununla da iddiaçının “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayət vermək hüququ bilərəkdən məhdudlaşdırılmış, qərarda bu hüquq ümumiyyətlə nəzərdə belə tutulmamışdır. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli 041/22 nömrəli ekspert rəyində 14 nömrəli mənzilin bazar qiyməti 261660 manat, 039/22 nömrəli rəydə 6 nömrəli mənzilin qiyməti 261660 manat, 038/22 nömrəli rəydə 4 saylı mənzilin qiyməti 261660 manat, 046/22 nömrəli rəydə 35 nömrəli mənzilin qiyməti 261660 manat, 045/22 nömrəli rəydə 31 nömrəli mənzilin qiyməti 261660 manat, 044/22 nömrəli rəydə 29 nömrəli mənzilin qiyməti 261660 manat, 043/22 nömrəli rəydə 27 nömrəli mənzilin qiyməti 261660 manat (mənzilə baxış keçirilməyib), Q42J22 nömrəli rəydə 25 nömrəli mənzilin qiyməti 261660 manat (mənzilə baxış keçirilməyib), 040/22 nömrəli rəydə 8 nömrəli mənzilin qiyməti 261660 manat (mənzilə baxış keçirilməyib) müəyyən edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı "xxxx" MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş ekspert rəyi M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin göstərilən xüsusatlara uyğun olduğunu təsdiq edən sənədlər mövcud deyil. M.V.Babayev rəyi və müşayiət məktubunu "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Lakin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin direktoru X3r. Bu isə vəzifə səlahiyyətlərinin mənimsənilməsi olmaqla, bir daha sübut edir ki, İddiaçı əmlakı qanunvericiliyin bütün tələbləri pozulmaqla talanır. “Sərraf-M" MMC qiymətləndirmənin nəticələri haqqında hesabat əvəzinə ekspert rəyi tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru ekspert deyil, qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul etmişdir. İkincisi, "xxxx" MMC-nin ekspert rəyi tərtib etmək səahiyyəti də yoxdur. Bununla da, M.V.Babayev adlı şəxs ikinci kobud qanuntusuna yol verərək ekspertin də səlahiyyətlərini mənimsəmiş olmuşdur. M.V.Babayev nə ekspert deyil, nə ekspert olmasını təsdiq edən şəhadətnaməsi yoxdur, nə də icra məmurunun məhkəmə ekspertizası təyin etmək səlahiyyəti yoxdur ki, M.V.Babayev ekspert rəyi tərtib etsin. Məhkəmə bu hissəsə xüsusi qərardad qəbul edərək göstərilən xüsusatların araşdırılmasını aidiyyəti qurumlara tapşırmalıdır. Qiymətləndirmədən sonra icra məmuru və qurumun rəhbəri əmlakların açıq hərracda satılması (49 nömrəli mənzil istisna olmaqla) üçün 28 aprel 2022-ci il tarixli 5340/133564/19-5-33 nömrəli məktubla “Bakı Hərrac Mərkəzi" MMC-yə sifariş vermişdir. İddiaçı isə həmin sifarişdən məlumatı belə olmamışdır. Sifarişdə İddiaçı ünvanı Bakı şəhəri T.Elçin küçəsi ev 7 mənzil 33 göstərilmişdir. Halbuki İddiaçı 7 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsindədir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqəsində də onun ünvanı Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi göstərilmişdir. Bu da bir daha icra qurumunun İddiaçı qarşı qərəzli olduğunu, əmlakları gizli qaydada özgəninkiləşdirmək niyyətində olduqlarını sübut edir. Sözügedən əmlaklar ipoteka ilə yüklü edildiyinə görə “İpoteka haqqında" Qanunun 41.2-ci maddəsinə 28 dekabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verməli idi. İcra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatına sifariş vermiş, başqa sözlə, tərəflərlə razılıq əldə edilməsinə belə səy göstərməmişdir. Bu barədə İddiaçı vəkili Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və "xxxx" MMC-yə ünvanlanmış 14 iyun 2022-ci il tarixli müraciət ünvanlamasına baxmayaraq, həmin müraciətə hazıradək cavab verilməmişdir. Əmlakların açıq hərracda ilkin satışı 01 iyun 2022-ci il tarixə təyin edilmiş, bu barədə hərrac bildirişi 22 may 2022-ci il tarixdə İddiaçı imza etdirilməklə təqdim olunmuşdur. Hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyan İddiaçı hərraca 8 gün qalmış təqdim olunmuşdur ki, bu da kobud qanun pozuntusudur. 01 iyun 2022-ci il tarixdə keçirilmiş açıq hərrac baş tutmadığına görə növbəti hərrac 20 iyun 2011-ci il tarixə təyin olunmuşdur. Bu dəfə isə ümumiyyətlə İddiaçı məlumat verilməmiş, bu barədə onun vəkili iş materialları ilə tanış olarkən məlumat əldə etmişdir. 20 iyun 2022-ci il tarixdə keçirilmiş hərrac zamanı isə mübahisəli mənzillərdən birini - 21A nömrəli evin 6 nömrəli mənzilini Kəlbəcər şəhər sakini Cavabdeh3 222411 manata almışdır. Hərrac barədə mülkiyyətçinin məlumatı olmadığı halda, Kəlbəcər şəhər sakininin hərrac barədə məlumat əldə etməsi və qalib alıcı elan edilməsi müəmmalıdır. İddiaçı vəkili Vəkil1 tərəfindən Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və "xxxx" MMC-yə ünvanlanmış 14 iyun 2022-ci il tarixli müraciətdə İddiaçıla arvadı arasında əmlakın bölünməsi tələbinə dair mülki işə baxılıb qurtaranadək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(003)-326/2020 nömrəli qərardadı ilə İddiaçı məxsus müəyyən əmlakların, o cümlədən açıq hərracda satışının təşkil edilməsi barədə sifariş verilmiş əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş və tərəfindən icra məmuruna bu barədə məlumat verilməsinə baxmayaraq, hərracın keçirilməsi davam etdirilmişdir. Vəkilin qeyd olunan müraciətində "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmaması xüsusilə vurğulansa da, nə icra məmuru, nə də hərrac təşkilatı buna məhəl qoymamışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin 02 avqust 2022- ci il tarixli məktubunda fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. 5 illik fəaliyyətin olmamasını sübut etmək məqsədilə "xxxx" MMC-nin təsis olunduğu tarixdən 2021-ci ilədək aktiv fəaliyyətinin olub-olmaması, hansı məbləğdə gəlir (mənfəət) və s. vergiləri ödəyibödəməməsi (illər göstərilməklə), habelə ona təqdim edilmiş və ya onun tərəfindən təqdim qaimə-fakturalar barədə məlumatların göndərilməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən xahiş olunmuş, lakin 02 avqust 2022-ci il tarixli məktubda qeyd olunan məlumatların sirr təşkil etməsi əsas göstərilərək verilməsindən imtina olunmuşdur. Hərrac təşkilatının 5 il əvvəl təsis edilərək vergi orqanlarında qeydiyyata alındıqdan sonra ötən dövrdə VÖEN aktiv olmasına baxmayaraq, faktiki fəaliyyətinin olmaması, yəni vergi bəyannamələrində fəaliyyətinin 0 göstərilməsi həmin təşkilatın daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat hesab olunub-olunmaması barədə izah verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə müraciətlər ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin 09 dekabr 2022-ci il tarixli **********686900 nömrəli məktubunda qeyd edilmişdir ki, ixtisaslaşdırılmış təşkilatın 5 ildən az olmayan dövrdə daimi fəaliyyət göstərməsi qeyd olunan müddət üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olması ilə yanaşı eyni zamanda dövriyyəsinin olması ilə də şərtləndirilir. Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi 06 dekabr 2022-ci il tarixli 03/112858/2 nömrəli məktubunda göstərmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları şərh edir. Qanunvericilikdə hərrac təşkilatının 5 illik fəaliyyət dedikdə onun vergi ödəyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Çünki ipoteka ilə yüklü edilmiş əmlakı yeni yaranmış hər hansı hərrac təşkilatı deyil, bu sahədə oturuşmuş təcrübəsi olan təşkilat həyata keçirməlidir. Məhz ona görə də “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən kobud qanun pozuntularına yol verilmiş, bu pozuntulara yol verilməsi isə onların bu sahədə oturuşmuş təcrübəsinin olmamasından və qanunvericiliyin tələblərini dərindən bilməmələrindən xəbər verir.

31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)- 760/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

32. Qətnamənin əsaslarına görə, hərracların keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin əsaslanaraq hesab etmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fəaliyyət göstərir və bugünə qədər fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbuledilməzdir. Məhkəmə qeyd etmişdir ki, hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə hesab etmişdir ki, mənzillərə və qeyri-yaşayış sahələrinə dair keçirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokollar tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, “İcra haqqında” Qanunun 53.1, 53.2, 62.2, “İpoteka haqqında” Qanunun 41.2, 42.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

34. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Apelyasiya şikayətinin dəlillərinə görə, ilk hərracın keçirilməsinə dair bildiriş, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun normaların tələblərinin pozulması ilə, yəni, hərraca 8 gün qalmış İddiaçı təqdim edilmişdir. 01 iyun 2022-ci il tarixli ilkin hərrac baş tutmadığına görə, növbəti hərrac, yəni, 20 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə İddiaçı ümumiyyətlə bildiriş təqdim edilməmiş və qeyd olunan normanın tələbi kobud surətdə pozulmuşdur. İcra məmuru Qanunun 41.2-ci maddəsinin tələbinə də əməl etməmiş, əmlakın satılması üçün öz istəyinə və seçiminə uyğun olaraq, müvafiq hərrac təşkilatına sifariş vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən hərracı həyata keçirmiş təşkilatın 5 il daimi fəaliyyətinin olması halı tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, qanunvericiliyə əsasən, hərrac təşkilatının 5 illik fəaliyyəti dedikdə, onun vergi ödəyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Həmçinin, birinci instansiya məhkəməsi yuxarıda toxunulan hallara münasibətdə öz qətnaməsində vurğulamışdır ki, iddiaçı tərəfindən onun tələblərinin əsası kimi istinad etdiyi halları sübut edən dəlillər (sənədlər) məhkəməyə təqdim edilməmişdir və iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə müvafiq qaydada vəsatət verilmiş, qeyd olunan halları təsdiq edəcək sübutları(vəsatətdə ətraflı qeyd olunmuşdur) məhkəmə tərəfindən müvafiq sorğu verilərək, əldə edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən, işdə iştirak edən şəxs müstəqil qaydada zəruri sübutları əldə edə bilmədikdə, həmin sübutların əldə edilməsini məhkəmədən xahiş edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

38. Cavabdehlərin nümayəndələri apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasnı xahiş etdilər.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

40. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. [91] Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. İlkin olaraq onu qeyd etmək lazımdır ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində iddianın hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad etmişdir.

44. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

45. Qeyd olunan məsələyə münasibətdə əvvəllər məhkəmə praktikasında fərqli hüquqi yanaşmalar mövcud olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadı ilə bu məsələyə aydınlıq gətirilmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadında qeyd olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur.

47. Hazırkı işin hallarına nəzər yetirdikdə isə müəyyən olunur ki, tərəflər arasında mülki hüquqi müqavilə mövcud deyildir, tələbin əmlaka yönəldilməsinin əsasını icra sənədi təşkil edir, həmin icra sənədi də mülki hüquqi müqaviləyə deyil, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələbin əmlaka yönəldilməsinə əsaslanır. Buna görə də hazırkı mübahisənin araşdırılması üçün icra sənədinin icrası və hərracların keçirilməsi haqqında qanunvericiliyin tələblərinin pozulub – pozulmamasına qiymət verilməlidir.

48. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsində nəzərdə tutulmuş qayda iddiaçının istinad etdiyi “İpoteka haqqında” AR Qanununun 41.2ci maddəsində nəzərdə tutulmuş müddəalarla eynilik təşkil edir. Həmin normanını tələbinə görə borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

49. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərracı həyata keçirmiş təşkilatın 5 il daimi fəaliyyətinin olması halı tam, obyektiv və hərtərəfli araşdırılmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fəaliyyət göstərir və hal – hazıra kimi fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat mövcud deyil. Məhz qeyd edilən rəsmi sənədlə təsdiq olunur ki, hərracların keçirildiyi 2022-ci ildə qiymətləndirici artıq 6 il fasiləsiz fəaliyyət göstərmişdir.

50. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, əmlakların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadının 29-cü bəndinə müvafiq olaraq bazar dəyərinə uyğun həyata keçirilmişdir.

51. Apellyasiya şikayətinin digər dəlili – bildirişlərin çatdırılmaması ilə bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qeyd olunan normanın məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Yəni, qanunvericilikdə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana həmçinin, həmçinin onu cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə rəsmi qaydada məlumat göndərilmiş, hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.

52. Qeyd olunanlar məhkəmə kollegiyasına bu qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

53. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)- 760/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)- 760/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar