Məhkəmə qərarları › İş №2(103)-2965/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2965/2022

24.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2965/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(005)- 749/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılarkən ona verilməmiş son haqqhesabın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh şirkətə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 2018-ci il tarixindən 01 may 2020-ci il tarixinədək Cavabdeh MMC-də icraçı direktor vəzifəsində işləmiş, 01 may 2020-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 1000 manat təşkil etmişdir. İşlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxarkən ona istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi verilməmişdir. Son haqq-hesabın verilməsi üçün cavabdeh təşkilata dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş, MMC-nin direktoru Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 18 mart 2021-ci il tarixli qərarla inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra da cavabdeh təşkilat ona son haqq-hesabı ödəmədiyindən, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(005)- 749/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya son haqq-hesabın verilməməsi X2 Xidmətinin inzibati xəta haqqında iş üzrə qərarı ilə sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulduğu anı düzgün müəyyən etmədən iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Halbuki, iş materiallarından iddiaçıya əmək kitabçasının gec verilməsi, haqq-hesab sənədlərinin isə verilməməsi müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Vəkil izahatında həmçinin göstərdi ki, ödənilməmiş son haqq-hesabın məbləği təxminən 2000- 3000 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına üzrlü səbəblər olmadan öz nümayəndəsini göndərmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(005)- 749/2022 saylı qətnaməsi ləğv olunmalı, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 01 avqust 2018-ci il tarixindən 01 may 2020-ci il tarixinədək Cavabdeh MMC-də icraçı direktor vəzifəsində işləmiş, 01 may 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdən çıxarkən ona istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi verilməmişdir. Son haqq-hesabın verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş, MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 18 mart 2021-ci il tarixli qərarla 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Yenə həmin Məcəllənin 144.2-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı 2019 və 2020-ci illərdə məzuniyyətə çıxmadığı halda işdən azad olunarkən Cavabdeh MMC tərəfindən ona istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Bu hal MMC-nin direktorunun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və qərarla təsdiq olunur. Cavabdeh MMC iddiaçıya son haqq-hesabın, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, mübahisənin məhkəmədən kənar qaydada barışıq yolu ilə həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etməmiş, birinci instansiya məhkəməsində işə baxılarkən MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə işini bitmiş hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçıya işdən çıxarkən haqq-hesab sənədləri verilməmiş, MMC-nin rəhbərliyi iddiaçıya son haqq-hesabı ödəmədiyinə görə 2021-ci ilin mart ayında inzibati qaydada tənbeh olunsa da, son haqq-hesabı ödəməmiş, iddiaçı 2021ci ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxmamışdır. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edib iddianı rədd etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 və 4-cü bəndlərində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur. Cavabdeh MMC tərəfindən iddiaçıya işdən çıxarkən son haqq-hesab ödənilmədiyindən, iddia tələbi təmin olunmalıdır. İddia ərizəsinin məzmunundan görünür iddiaçıya ödənilməmiş son haqq-hesaba 2 il ərzində istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin verilməsi daxildir. İddiaçıya ödənilməmiş son haqq-hesabın məbləği barədə Cavabdeh MMC-yə sorğu göndərilsə də, sorğuya cavab verilməmişdir. İddiaçı iddia ərizəsində aylıq əmək haqqının müqavilə üzrə 1000 manat, iki il ərzində ödənilməmiş məzuniyyət pulu isə 2000 manat təşkil edir. Apellyasiya icraatı zamanı iştirak edən iddiaçının nümayəndəsi izahatında ödənilməli olan son haqq-hesabın 2000-3000 manat civarında olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(005)- 749/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı son haqq-hesabın ödənilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar