Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2965/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7, Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbi barədə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(005)-49/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MTK (Podratçı) ilə X4 (Sifarişçi) arasında bağlanmış 11 may 2012-ci il tarixli, 97 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 78 saylı 3 otaqlı mənzili inşa edib Səkinə Məlikovaya (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77668,8 manat pulun 30 faizini, yəni 23300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi isə 161,81 kv.metr müəyyən edilmişdir.
2. İddiaçı ilə X4 arasında bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi barədə fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Səkinə Məlikova Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış “B” binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşəcək 3 otaqlı, 78 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə X4 (Sifarişçi) arasında 11 may 2012-ci il tarixdə bağlanmış 97 saylı "xxxx" müqaviləyə əsasən Səkinə Məlikova tərəfindən həmin MTK-ya ödənilməli olan 23300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər.
3. "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında bağlanmış 01 iyun 2012-ci il tarixli, 127 saylı "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 28 saylı 3 otaqlı mənzili inşa edib Rasim Süleymanzadəyə (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77668,8 manat pulun 30 faizini, yəni 23.300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 kv.metr olaraq müəyyən edilmişdir.
4. İddiaçı ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Rasim Süleyman-zadə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış “C” binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə Süleymanzadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında 01 iyun 2012-ci il tarixdə bağlanmış 127 saylı "xxxx" müqaviləyə əsasən Rasim Süleyman- zadə tərəfindən həmin MTK-ya ödənilməli olan 23300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşdür.
5. "xxxx" MTK (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 17 oktyabr 2012ci il tarixli, 164 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən C binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 59 saylı 4 otaqlı mənzili inşa edib İddiaçı (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 141148,80 manat pulun 30 faizini, yəni 42344,64 manatını müqavilə imzalanan gün, qalan hissəsini hər ay 3952,17 manat olmaqla 25 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 520 manat, hesablaşma sahəsi 271,44 kv.metr olaraq müəyyən edilmişdir.
6. 07 iyul 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-nə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir.
7. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə X1 (İddiaçı arvadı) Cavabdeh1 MMC-nə qarşı “müqavilənin ləğv edilməsi, mənzilə görə ödənilmiş pulun, memara ödədiyi pulun” tutulması barədə iddiası təmin edilmiş, həmin qətnamədən MMC-in verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Elmira Məmmədovanın xeyrinə sahəsi 249,11 kv.metr olan mənzilə görə tutulan məbləğin 249,110 ABŞ dolları müəyyənləşdirilmiş, Cavabdeh1 MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək qətnamə iddianın təmin olunan hissəsində ləğv edilib yeni apellyasiya baxışına göndərilmişdir.
8. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsi öz qərarında vurğulamışdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X6 və Cavabdeh1 MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dollarının tutulması” hissəsində ləğv olunmuş, iddia tələbi qismən təmin edilmiş, mənzilin əksik olan 24,1 kv.metri üçün 24.100 ABŞ dollarının Cavabdeh1 MMC-dən X3 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(102)-3754/2023 nömrəli qərarı ilə qətnamə ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək X3 iddiası rədd edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2024cü il tarixli, 2(102)-2112/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
13. 30 sentyabr 2021-ci il tarixdə İddiaçı Cavabdeh1 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağladığı müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən 89,5 kv.metr çatışmayan sahəyə görə 143200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 143230 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş aşağıdakı mənzillərin sahibidir: “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 161,81 kv.metr olan 78 saylı mənzilin (əsas: 97 saylı 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 161,81 kv.metr olan 28 saylı mənzilin (əsas: 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 13cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 271,44 kv.metr olan 59 saylı mənzilin (əsas: 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”). 07 iyul 2011-ci il tarixdə Vergilər Nazirliyinin BŞVD KHŞDQİ tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-yə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir. Mənzillər üzərində mülkiyyət hüquqları hazıradək dövlət qeydiyyatına alınmamışdır. Bina inşa edilərkən 2016-cı ilin aprel ayınadək tam məbləğ ödəmişdir və tamamlama işləri davam edir. Mənzillərin təmiri üçün dizaynermemarla birgə onlara baxış keçirərkən, mənzillərin ümumi sahələrinin tərəflər arasında imzalanmış müqavilələrdə qeyd olunduğundan fərqli olduğunu müəyyən etmişlər. X14 tərəfindən verilən hesabata əsasən 4 otaqlı mənzilin sahəsi müqavilədə göstərilən 271,44 kv.metr əvəzinə faktiki 227,36 (yəni 44.08 kv.m. əskik), 3 otaqlı mənzillərin hər birinin sahəsi 161,81 kv.metr əvəzinə 139,1 kv.metr (yəni 22.71 birində olmaqla iki mənzildə 45.42 kv.m. əskik) təşkil edir. Beləliklə, cəmi üç mənzil üzrə 89,5 kv.metr sahə müqavilələrdə göstəriləndən azdır. Müqavilələrə görə mənzillərin qiyməti 2012-ci ildə 3 otaqlı mənzillərin hər kvadrat metrinə görə 498 manat, 4 otaqlı mənzilə görə isə 538 manat olmuşdur. Lakin hazırda bu binalarda yerləşən mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin ən aşağı bazar qiyməti 1600 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehin ona vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahəyə görə 1600 manat olmaqla, cəmi 143200 manat məbləğindədir. Məhkəməyə müraciət edilənədək, cavabdeh şirkətin baş mühasibi və şirkətin rəhbərinin nümayəndəsi (Nazim İbrahimov) ilə aparılan danışıqlar zamanı əskik gələn sahəyə görə pulun qaytarılması ona vəd edilsə də, hazıradək bu öhdəlik cavabdeh şirkət tərəfindən icra olunmamışdır.
15. Sonradan iddiaçının nümayəndəsi, Cavabdeh2 da cavabdeh qismində göstərməklə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən üç mənzil üzrə 89,5 kv.metr çatışmayan sahəyə görə 179000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 179030 manat pulun, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzildə, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 28 saylı mənzildə və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 59 saylı mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70000 manat pulun, mənzillərin giriş qapılarının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində iddiaçıya üç mənzilə görə dəymiş zərərin məbləği 143200 manat göstərilmişdir. Lakin, hazırda bu binalarda yerləşən oxşar mənzillərin faktiki sahəsinin bir kvadratmetrinin qiyməti yüksəlmişdir və minimum bazar qiyməti 1800 manat təşkil edir. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehlərin iddiaçıya vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahənin hər kvadratmetrinə görə 1800 manat olmaqla, cəmi 161100 manat təşkil edir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilə, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilə və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilə dair bağlanmış müqavilələr üzrə öhdəliklərin icrası ilə bağlı MMC tərəfindən "xxxx" 97 saylı 11 may 2012ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktyabr 2012-ci il tarixli müqavilə şərtlərinin tam yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən, arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə iddiaçıya ümumilikdə 70000 manat ziyan cavabdehlər tərəfindən vurulmuşdur və hesab edir ki, dəymiş ziyan olaraq həmin məbləğdə pul cavabdehlərdən tutularaq ona birdəfəlik qaydada ödənilməlidir. Həmçinin iddiaçıya məxsus hər üç mənzilin giriş qapısının açarları cavabdehlər tərəfindən bilərəkdən xeyli müddət təqdim edilməmişdir. Hətta bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi əvvəlcə mümkün olmamış, sonradan iddiaçı məcbur olub peşəkar usta xidmətindən istifadə edərək, hər üç mənzilin giriş qapısının açarlarını məcburən dəyişdirmişdir. Nəticədə, cavabdehlər tərəfindən iddiaçıya əlavə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı hər mənzilə 100 manat olmaqla ümumilikdə 300 manat xərc çəkmişdir.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.metr təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 97 saylı, 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.m) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “C” yaşayış binasının 7ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə mənzilə dair bağlanmış 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.km) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 229,5 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 164 saylı, 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (271,44 kv.m) arasında Qaydalara uyğun lociyaya və balkona azaltma əmsalı tətbiq olunduqda (11.4 kv.m azalma) 41,94 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyini nəzərə alaraq, müqavilələrdə qeyd olunan sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589- cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) qonaq otağı ilə mətbəx və holl arasındakı arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu müəyyən edilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləği 4.553,5 manat müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 78 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, “C” yaşayış binasının 13-ci mərtəbəsində yerləşən 59 saylı mənzilin divarlarının və ara kəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edilməklə sahəsinin 271,0 kv.m təşkil etdiyi müəyyən edilir.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(005)- 49/2023 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir.
19. Məhkəmə, müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97; 127 və 164 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən mənzilin pay dəyəri ödənilmiş və mənzillər iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı hər üç mənzildə çatışmayan 89.5 kv.metr sahəyə görə 179000 manat pulun, mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə 70000 manat pulun, eləcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli, 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər əsasında yaranmışdır və həmin müqavilələrin 1.1-ci bəndinə uyğun olaraq sifarişçi bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı isə Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B. ünvan 3 ünvanda tikilən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzili, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 161,81 m2 sahəsi olan 28 saylı mənzili və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilələrin 2.1 və 2.2-ci bəndlərində ödənişin mənzillərin ümumi yaşayış sahəsinə görə hesablandığı və hesablaşma sahələrinin üç mənzil üzrə müvafiq olaraq 161.81, 161.81 və 271,44 kv.metr olduğu müəyyən edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtləri və tərəflərin həmin müqavilələr üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı müqavilələrin 4.1.1-ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay ərzində tamamlamağı, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması isə tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
21. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsindən ibarətdir.
22. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
23. Məhkəmə qeyd etmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
24. Məhkəmə qeyd etmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
25. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübut etmənin predmetini təşkil edir. İddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunması cavabdeh tərəfindən sübut edilməlidir. Bu halı sübut etmək yükünün isə artıq cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
26. Məhkəmə müəyyən etmişdir ki, ekspert rəyində hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyi, müqavilələrdə qeyd olunan və təhvil verilən sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri çərçivəsində MMC müqavilədə göstərilən ölçüdə mənzilləri verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Belə ki, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə təhvil verilmiş mənzilin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı (iddia ərizəsində göstərilən həcmdə olmasa da) müəyyən edilmişdir.
28. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutlarla birlikdə qiymətləndirərək qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilələrdə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı bir müddəa yoxdur.
29. Məhkəmə iddia tələbinin sözügedən mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə hər üç mənzil üzrə 70000 manat ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu və qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləğinin 4553,5 manat olduğu müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi çatışmayan sahəyə görə pulun ödənilməsi və mənzillərdə işlərin düzgün görülməməsinə görə maddi zərərin ödənilməsi hissələrində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
30. Belə ki, məhkəmə iddiaçının mənzillərin sahələrinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərin təmiri üçün memarla birgə mənzillərə baxış keçirərkən məlumatlı olması və mənzillərin ona gec təhvil verilməsi barədə dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, 2012-ci ildə mənzillərə dair müqavilələr bağlanarkən podratçı mənzilləri 30 ay ərzində inşa edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda irəli sürülən iddianın mahiyyəti nəzərə alınarsa cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsini, müqavilə şərtlərini pozmasını və mənzilləri əhəmiyyətli dərəcədə gecikdirməklə təhvil verməsini sübuta yetirmək vəzifəsi də həmin halları iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia müddətini ötürmədiyini göstərsə də, mənzillərin ona nə vaxt təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, mülki iş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün 967 manat ödəniş etmişdir.
31. Məhkəmə həmçinin tərəflər arasında gedən digər mənzillərlə bağlı uzun sürən məhkəmə çəkişmələrini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının ona məxsus mənzillərin uzun müddət təqdim edilməməsi ilə bağlı hüququnun pozulmasını mübahisələndirməməsi iddiaçının istinad etdiyi halları bir daha təkzib edir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.
32. Məhkəmə iddia tələbinin mənzillərin açarlarının dəyişdirilməsinə görə 300 manat məbləğində zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilərkən açarların onda olmaması, bu səbəbdən mənzilə baxış keçirilməsinin mümkün olmaması, açarların cavabdeh tərəfindən gizlədilməsi barədə izahatları mənzillərin açarlarının məhz cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən dəyişdirilməli olmasını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz.
33. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 377.1, 390.4, 425.1, 752.1, 762.1, 766, 773, 776.1-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
34. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibəti səhvən podrat münasibəti olaraq qiymətləndirmiş və bu səbəblə də əsassız olaraq iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmiş, işin hallarına uyğun olmayan qətnamə çıxarılmışdır.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(103)-4900/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir.
38. Belə ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirmişdir və bu xüsusat mənzillərin ən azından göstərilən tarixdə iddiaçıya təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verir.
41. Belə ki, iddiaçı mənzilləri təhvil aldığı zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə 30 sentyabr 2021-ci il tarixdə (5 il 5 ay sonra) məhkəməyə təqdim etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, eyni binada onun oğluna məxsus olan mənzillə bağlı, oğlu müvafiq iddia tələbini 04 oktyabr 2018-ci il tarixdə qaldırmışdır.
42. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzil sahibinə təhvil verildikdən sonra iddiaçı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, o qeyd edilən tədbirlərdən heç birini görməmiş və bununla da tələb etmək hüququnu itirmişdir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əslində, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” saylı binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 saylı və “C” binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzillərlə bağlı iddiaçının MMC-nə qarşı tələb hüququ ümumiyyətlə mövcud deyildir.
44. Belə ki, həmin mənzillər iddiaçı ilə Səkinə Məlikova və Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” müqavilələr əsasında adı çəkilən şəxslər tərəfindən iddiaçıya verilmiş, MMC bu müqavilələrin tərəfi olmamış və iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hətta həmin müqavilələri mübahisələndirmişdir. Başqa sözlə iddiaçı, cavabdehin digər üzvlərindən onların paylarını, dəyərlərini məhz həmin payçılara ödəməklə əldə etmiş, nə MTK, nə də onun hüquqi varisi olan MMC iddiaçı qarşısında birbaşa öhdəlik götürməmişlər (iki mənzilə münasibətdə).
Kassasiya instansiyası məhkəməsində icraat
45. İddiaçı, kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, hazırkı işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. Birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtlərinə və tərəflər arasındakı öhdəliklərin xarakterinə görə onlar arasındakı münasibətlər podrat münasibətləri olmuşdur. Mübahisə predmetini təşkil edən hər üç mənzillə bağlı bağlanmış müqavilələrin podrat müqaviləsi hesab edilməsi mülki hüquqa ziddir. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmetini təşkil edən mənzillərin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qənaətinə gəlsə də, mülki iş materiallarında bununla bağlı bir sübut belə mövcud deyil. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh mənzillərin və mənzillərin yerləşdiyi binaların təhvil verilməsi, dövlət komissiyası tərəfindən təhvil alınması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin mənzillərin təhvil verilmiş kimi qiymətləndirməsi absurddur və anlaşılan deyil.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2(102)-413/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(103)- 4900/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir.
48. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “- 78. Kassasiya instansiyası məhkəməsi, sözügedən müqavilələrin şərtlərini və tərəflərin həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əslində podrat münasibətləri olub. - 79. Belə ki, sözügedən müqavilələrin şərtlərinə görə, cavabdeh müqavilələrin 4.1.1- ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulan texniki normalara uyğun olaraq 30 ay müddətində tamamlayıb iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin müqavilələrdə şərtləşdirilmiş pul məbləğlərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilələrdəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. - 80. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Çünki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdırlar. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. - 81. Qeyd olunanlar baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya mənzillərin sahələrinin həcmi baxımından qüsurlu mal verib-verməməsi ilə bağlıdır. ... - 87. Göründüyü kimi, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib. - 88. Əksinə, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulandan az ölçüdə mənzil verdiyini əsas tutub hazırkı iddia tələblərini irəli sürüb. Mülki iş materiallarında olan sənədlərlə, habelə məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyi ilə də sözügedən mənzillərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir. - 89. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermədiyini, qüsurlu olduğunu bilə-bilə iddiaçının pretenziya irəli sürmədən sözügedən mənzilləri qəbul etdiyini, belə olan halda qüsurlarla bağlı onun tələb hüququnun əmələ gəlmədiyini, iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirdiyini və bu xüsusatların mənzillərin ən azından göstərilən tarixdə ona təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verdiyini, lakin onun iddia ərizəsini 30 sentyabr 2021-ci il tarixdə 5 il 5 ay sonra məhkəməyə təqdim etdiyini və mənzillər ona təhvil verildikdən sonra iddiaçının ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzillərin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, qeyd olunan tədbirlərdən heç birini görmədiyini və bununla da tələb etmək hüququnu itirdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. - 90. Əvvəla, işdən görünür ki, cavabdeh iddiaçı üçün podratı elə icra edib ki, podratın nəticəsi açıq-aşkar qüsurlardan azad deyil. Podratın nəticələrinin qüsursuzluğu dedikdə - onun müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Müqavilədə podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədikdə, o, müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun olmalı və ya adi istifadə üçün yararlı olmalıdır. - 91. Hazırkı halda ekspertin rəyi ilə müəyyən olunur ki, həqiqətən hər üç mənzilin ümumi sahələri ilə müqavilələrdə nəzərdə tutulan sahələrin ölçüləri arasında kəskin fərq vardır və podratın nəticələri qüsurludur, yəni cavabdehin icra etdiyi podrat, tərəflər arasında bağlanmış müqavilələrdə şərtləndirilmiş mənzillərin sahələrinə uyğun gəlmir. - 92. Digər tərəfdən, Mülki Məcəllənin 752-ci maddəsinin mənasına görə, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməli və həmin işin nəticəsini sifarişçiyə təhvil verməlidir. Yəni, müqavilədə nəzərdə tutulmuş işi tam icra etdiyini və həmin işin nəticəsini sifarişçiyə təhvil verdiyini sübut etmək yükü sifarişçinin deyil, bilavasitə podratçının üzərinə düşür. - 93. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və işdə, cavabdehin sözügedən müqavilələrdə nəzərdə tutulmuş mənzilləri sahələrinə uyğun şəkildə inşa etməsi və həmin mənzilləri ona təhvil verməsi barədə heç bir mötəbər yazılı sübut olmadığı halda, iddiaçının həmin mənzillərin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onları qəbul etməsi və həmin qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, sözügedən podrat müqavilələrinin məzmununu təşkil edən tərəflərin hüquq və vəzifələri arasında Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulmuş podratçının işi qüsursuz icra etmək vəzifəsi xüsusi yer tutur. - 94. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirməsi, mənzillərin göstərilən tarixdə ona təhvil verilməsi nəticəsinə gəlməyə əsas vermir. Çünki yuxarıda sadalanan normaların mənasına görə, podrat müqaviləsinə əsasən icranın qüsurları barəsində sifarişçinin tələb hüququ o, vaxt əmələ gəlmiş olur ki, podratçı müqavilədə nəzərdə tutulmuş işi tam icra etmiş olsun və həmin işin nəticəsini bilavasitə sifarişçiyə təhvil versin və ya sifarişçi işin nəticəsini faktiki qəbul etməsini etiraf etmiş olsun. - 95. Hazırkı işdə isə, belə hallar yoxdur və iddiaçı podrat müqavilələrində nəzərdə tutulan işin nəticəsini cavabdehdən təhvil aldığını etiraf etmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının, sözügedən podrat müqavilələri üzrə görülmüş işin icrasının qüsurları barəsində hazırkı tələbləri işin nəticəsini qəbul etdiyi gündən 5 il, 5 ay sonra irəli sürməsi barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. - 96. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmadan, sonuncunun həmin mənzillərin qüsurları barədə tələb hüququnun nə vaxtdan əmələ gəldiyini, başqa sözlə Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının nə vaxtdan başladığını dəqiqləşdirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq, iddiaçının hazırkı iş üzrə iddia olunan qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. - 97. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. Yəni, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. - 98. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi qətnamədə iddia müddətinin axımını- iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılmasına görə həyata keçirdiyi ödəniş tarixlərindən hesablasa da, mənzillərə dair təhvil-təslimin nə vaxt, kimlər arasında aparıldığını, həmin mənzillərin qeyd olunan tarixdə həqiqətən iddiaçıya təhvil verilib-verilmədiyini aydınlaşdırmayıb.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
49. Apellyasiya şikayətinin dəlilləri qərarın 34-cü bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
51. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
54. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayətində qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
58. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında olan münasibətlər düzgün olaraq podrat müqaviləsi üzrə münasibətlər kimi qiymətləndirilmişdir.
59. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzilin təhvil verilməsi də işin faktiki halları ilə təsdiqini tapır. Belə ki, cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib, ekspert rəyi ilə də sözügedən mənzillərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir.
60. Hal – hazırda işin mübahisə doğuran və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən araşdırılmalı olan halları iddia müddətinin keçtb – keçməməsi məsələsinə qiymət verilməsidir. Kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib yeni qərar qəbul etməməsi, işi yenidən araşdırılmaq üçün göndərilməsi də bununla bağlıdır ki, müddətlə bağlı məsələlər araşdırılaraq qiymət verilsin.
61. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı apellyasiya şikayətinin dəlili olaraq ona istinad etmişdir ki, binanın istismarına icazə verilmədiyindən bina təhvil verilməmiş hesab olunur.
62. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, binanın istismara qəbul edilməməsi mənzillərin sakinlərə təhvil verilməməsi ilə eyni mahiyyət daşımır. Tikinti sferasında mövcud təcrübədə sakinlərə təhvil verilmiş, hətta illərlə yaşayış olan binaların belə istismara qəbul edilməməsi halları kifayət qədərdir. Çünki, istismara qəbul etməkdən imtina adətən digər səbəblərlə, zəruri sənədlərin, müvafiq rəylərin alınmaması və digər hallarla bağlı olur. Lakin qeyd olunan halların mövcudluğu belə mənzillərin sakinlərə təhvil verilməsi üçün maneə deyildir.
63. İlkin olaraq ona diqqət yetirmək lazımdır ki, İddiaçılə müqavilələrin bağlanması 2012-ci ilə təsadüf etsə də, sonuncunun həyat yoldaşı X5 ilə müqavilə 2015-ci ildə bağlanmışdır. Həmin iş üzrə iddiaçılar eyni olmasa da, ailə üzvləri olduqlarından müddət məsələsi araşdırılarkən obyektivlik baxımından bu işlər üzrə halların birlikdə qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, iddiaçının oğlunun adına da həmin binadan mənzillər alınmış və eyni məzmunlu tələblərlə 04 oktyabr 2018-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur.
64. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2024-cü il tarixli, 2(103)-770/2024 nömrəli qərarında məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, yaşayış binası 2015-ci ildə hazır olmuş və X1 həmin vaxt mənzildə ölçü işlərini aparmağa imkanı olmuşdur. Həmin qətnamədən verilmiş kassasiya şikayətinə baxan kollegiya 26 iyul 2024cü il tarixli, 2(102)-2112/2024 nömrəli qərarında apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşdığını qeyd etmişdir.
65. Kassasiya instansiyası məhkəməsinin göstərişlərindən birini cavabdehin podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmaq təşkil edir. Apellyasiya instansiyası məhkəməsində bu xüsusatın araşdırılması üçün dəfələrlə məhkəmə iclası təxirə salınaraq bu barədə sübutların təqdim olunması tərəflərə təklif olunsa da, məhəkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası iddia müddəti ilə bağlı məsələni yalnız iş materiallarında olan sübutlar əsasında qiymətləndirir.
66. Mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə - bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir, sifarişçi binaya aid icranın qüsuru barədə tələbi 5 il ərzində irəli sürə bilər.
67. Kassasiya instansiyası məhkəməsi iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirməsini mənzillərin göstərilən tarixdə ona təhvil verilməsi nəticəsinə gəlməyə əsas vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halın mövcudluğu mənzillərin təhvil verilməsini təsdiq etməsə də, bu xüsusat işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.
68. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 avqust 2016-cı il tarixli müqavilədən də görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında inşa olunan 3 bloklu binada İP Domofon sisteminin quraşdırılması və texniki xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Domofon sisteminin quraşdırılması, xidmətlərin göstərilməsi yalnız hazır vəziyyətdə olan binalarda mümkün olduğundan məhkəmə kollegiyası həmin vaxt artıq binanın hazır olması və ən geci bu tarixdə iddia müddətinin axımının başlandığı qənaətinə gəlir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 30 sentyabr 2021-ci il tarixdə müraciət etmiş, yəni, bu tarix əsas götürüldükdə belə 5 illik iddia müddətini ötürmüşdür.
69. Məhkəmə kollegiyası işin faktiki hallarını qiymətləndirərək bu qənaətə gəlir ki, həm iddiaçının ailə üzvləri tərəfindən eyni məzmunlu iddiaların, xüsusilə də oğlu X12 tərəfindən 04 oktyabr 2018-ci il tarixdə qaldırılması, həmçinin, 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün iddiaçının ödənişlər həyata keçirməsi, 04 avqust 2016-cı il tarixli müqaviləyə əsasən binada İP Domofon sisteminin quraşdırılması, texniki xidmətlərin göstərilməsi mənzilin ən geci 2016-cı ilin avqust ayında təhvil verilməsi qənaətinə gəlməyə əsas verir. İddiaçının həmin vaxtdan mənzildə ölçü işlərini aparmağa imkanı olmuş, lakin heç bir pretenziya irəli sürməmiş, 5 illik iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.
70. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi səbəbilə iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(005)- 49/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(010)- 212/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev