Məhkəmə qərarları › İş №2(103)-2968/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2968/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2968/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2022 saylı, 03 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 11.03.2010-cu il tarixdə aralarında bağlanmış nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanmışdır. Belə ki, onların birgə nikahdan 07.09.2007-ci il təvəllüdlü X2, 09.07.2012-ci il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. ünvan 1 nikahları pozulana kimi uşaqlarla birlikdə yaşamışdır. Lakin boşanmaqdan sonra cavabdeh onu və uşaqları orada yaşamağa imkan verməmişdi. Onların isə yaşamağa başqa yerləri və ünvanları yoxdur. İddiaçı övladları ilə birlikdə həmin ünvanda, yəni qeydiyyatda olduğu ünvanda yaşamaq istəyir. Hazırda həmin ev plana düşdüyü üçün həmin ünvanda hündürmərtəbəli bina tikirlər və oradan həmin iddiaçının qeydiyyatda olduu mənzilin yerinə yeni mənzil verəcəklər. İddiaçı bilir ki, cavabdeh həmin mənzildə onu və uşaqlara yaşamağa imkan verməyəcək. Həm də qorxur ki, həmin mənziz onusuz sata bilər. Ona görə də qabaqlayıcı tədbir kimi həmin ünvan 1 ünvanına mənzil tam təhvil verildikdən sonra uşaqlarla birlikdə köçürülməsi istəyir. Göstərilənlərə əsasən iddiaçının və övladları 07.09.2007-ci il təvəllüdlü X2, 09.07.2012-ci il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X1 ünvan 1-ə gələcəkdə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıran iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razı olmadığını, həmin nəticəni işin həqiqi hallarına və qüvvədə olan maddi hüquq normalarına zidd hesab etdiyini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, həm özünün, həm də uşaqlarının mənzildə pasport qeydiyyatında olmaqla mənzildən istifadə hüquqlarının itirilmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verən iddiaçı bildirmişdir ki, keçmiş həyat yoldaşı Cavabdehlə nikahları 2021-ci ildə pozulmuşdur. İlk vaxtlar atası ilə qalmışdır. Sonradan atası rəhmətə getdiyi üçün kirayə yaşamağa başlamışdır. Artıq kirayə haqqını ödəyə bilmir və qeydiyyatda olduğu mənzilə qayıdıb orada uşaqları ilə birlikdə yaşamaq istəyir. Lakin cavabdeh buna etiraz edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, ev 2002-ci ildə alınmışdır. O, 2012-ci ildə iddiaçını və uşaqları həmin ünvanda qeydiyyata aldırmışdır. Ev artıq sökülüb və yerində artıq çoxmərtəbəli mənzil tikilməkdədir. Bu mənzil ona aiddir, o, iddiaçı ilə boşanmışdır və mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 saylı evin 28 saylı mənzilinə uşaqları ilə köçürülməsini xahiş etsə də, həm iddia ərizəsi, həm apellyasiya şikayətinin məzmunu və işin ümumi halından, həm də birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı özünün verdiyi izahatlardan onun iradə ifadəsi faktiki olaraq məhz sökülmüş və tikilməkdə olan mənzilə köçürülməsinə yönəlmiş olduğu məlum olur. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədikləri hallarına əsasən, 2002ci ildə cavabdeh alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 saylı evin 28 saylı mənzili almışdır. Tərəflər arasında 06.10.2007-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 05.09.2007-ci il tarixdə Selcan, 09.07.2012-ci il tarixdə Yağmur və 12.10.2013-cü il tarixdə Amin adlı övladları dünyaya gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh nikahları pozulmuşdur. Cavabdehlə nikahlarının pozulması və münasibətlərinin kəskinləşməsi ilə əlaqədar iddiaçı hazırda övladları ilə birlikdə kirayədə yaşayır, sökülmüş və tikilməkdə olan mənzilə uşaqları ilə birlikdə köçürülməsini xahiş edir, cavabdeh isə tələbinə etiraz edir. İşin mübahisələndirilməyən halı, həmçinin, ondan ibarətdir ki, iddiaçı və övladları Selcan Allahverdiyeva, Yağmur Allahverdiyeva və Amin Allahverdiyev ünvan 2 ünvanında olan və sökülmüş mənzildə daimi pasport qeydiyyatında olublar. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228, 255 və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil tikinti şirkətinə satılmış, mənzil sökülmüş, onun yerində yeni mənzil tikilmişdir. İddiaçının istifadə hüququ olmuş olsa da belə, həmin istifadə hüququ yalnız əvvəlki mənzilə münasibətdə mövcud olmuşdur. Cavabdehin mülkiyyətində olan mənzilin sökülməsi və onun yerində yeni mənzilin tikilməsi iddiaçıya yeni mənzilə istifadə hüququnun yaranması demək deyildir və bu hüquq (məhdud əşya hüququ) yeni əsaslarla yaranan mənzilə keçə bilməz. Bu halda yalnız istifadə hüququ olduğu halda iddiaçının mənzil satılarkən razılığın alınmaması olardı ki, bu halı təkzib edən hal isə tərəflərin məhkəmə prosesi zamanı izahatlarından göründüyü kimi razılıq ərizəsinin verilmiş olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin yuxarıda qeyd olunan mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi iddiaçı 2007-ci ildə mübahisəli mənzilə gəlin qismində ailə üzvü olaraq köçüb orada yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Ona görə də, iddiaçının mənzilə istifadə hüququna yalnız mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməyərək müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə çıxarmışdır. Kollegiya qeyd edir ki, iddiaçının sökülmüş mənzilə istifadə hüququ olduğundan, həmin mənzilin əvəzinə cavabdehə veriləcək mənzilə də istifadə hüququ mövcud olur, çünki qeyd olunduğu kimi cavabdehə tikilməkdə olan veriləcək mənzil məhz sökülmüş mənzilin əvəzidir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, İddiaçı övladları ilə mübahisə predmeti olan mənzilə bina tam tikilib mənzil təhvil verilən andan sonra köçə bilərlər. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında 02.11.2018-ci il tarixli, 072 saylı bağlanan müqavilə şərtlərinə əsasən T.Allaherdiyev mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən faktiki ümumi sahəsi 24,28 kv.m. olan mənzili sökülmək üçün "xxxx" MMC-yə təhvil verib və bunun əvəzində Tikinti Şirkəti, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50,0 kv.m. təmirli mənzili Cavabdeh təhvil verəcəkdir. Digər tərəfdən, məhkəmə kollegiyası mübahisə predmeti olan mənzilin hazırda təhvil verilməməsi səbəbindən iddianın rədd edilməli olmasını da əsassız hesab edir və qeyd edir ki, bu məsələ mənzil təhvil veriləndə iddiaçının yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin bildirdiklərinə görə mənzil artıq təhvil verilmə ərəfəsindədir Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(011)-2572/2018 saylı iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı övladları X2, X3 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsi, ev 15, 28 saylı mənzilin sökülməsi nəticəsində inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50,0 kv.m. təmirli mənzilinə (mənzil təhvil verilən andan) köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar