Məhkəmə qərarları › İş №2(103)-2969/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2969/2022

26.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2969/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin etibarsızlığı, işə bərpa və əmək haqqı» tələbinə dair 2(005)-421/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, onun işdən azad olunması barədə Cavabdeh MMC-nin 04.05.2021-ci il tarixli əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 3000 manat məbləğində maddi ziyana və 2000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətilə bağlı 2020-ci ilin fevral ayından ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC-də adminstrator vəzifəsində çalımış və əmək haqqısı 500 manat olmuşdur. İşlədiyi müddət ərzində nümunəvi işçi olmuş, işi şirkətə müraciətlərə cavab vermək və telefon əlaqələrini yönləndirməkdən ibarət olmuşdur. Müəssisənin pul vəsaitləri və maliyyə işləri ilə heç bir əlaqəsi olmamış və aidiyyatı belə söz mövzusu deyildir. 06.04.2021-ci il tarixdə şirkətin rəhbəri Əhməd Məhərrəmov heç bir əsaslı səbəb olmadan onunla münaqişə etmiş və şiddət tətbiq edərək xəsarətləndirmişdir. Münaqişə ilə əlaqədar polis orqanında araşdırılma başlanılmış, xəsarətlənməyi və araşdırılma aparılması səbəbindən də işçi olaraq müəyyən müddət iş yerində olmamışdır. Bu hadisə ilə əlaqədar işəgötürən özünün müəyyən etdiyi əsaslarla işin həqiqi və faktiki hallarına uyğun olmayan mövqe nümayiş etdirərək onu tutduğu vəzifədən azad etmişdir. Bu günədək əmrin surəti rəsmən təqdim olunmamışdır. Dəfələrlə ünvanına göndərdiyi poçt məktubları işəgötürən tərəfindən geri qaytarılmışdır. Odur ki, əmrin məzmunu və rekvizitləri barədə məlumatlandırılmamışdır. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.05.2021-ci il tarixli, **********5 saylı məktubu ilə bildirilmişdir ki, “onun Cavabdeh MMCdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X4 Xidmətinə ünvanladığı müraciətlərlə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi sənədlərdən və onun verdiyi izahatından müəyyən olmuşdur ki, müəssisə rəhbərliyi tərəfindən tərtib edilmiş əmək müqaviləsi qanunvericiliyin tələbi pozularaq birtərəfli qaydada imzalanmışdır. Aşkar olunmuş inzibati pozuntu ilə əlaqədar hüquqi şəxs olaraq Cavabdeh MMC barəsində tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəasi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda bildirirlər ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır.” Hazırkı vəziyyətdə verilmiş əmrin qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaması və işçinin işə bərpa olunması əsasları mövcuddur və tərəf olaraq bu pozuntunun qanuni aradan qaldırılmasını istəyir. Qanunvericiliyin tələblərinə əsasən mediasiya proseduruna tərəfindən baş vurulmuş, lakin heç bir nəticə əldə olunmamışdır. Borclu təşkilat işəgötürən əmək müfəttişliyinin göstərişini icra etmir və qərəzli mövqe nümayiş etdirir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Barəsində verilmiş əmrdən narazıdır və işinə bərpa olunmaq istəyir. Bundan əlavə almalı olduğu pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh ona 2020-ci ilin aprel ayından noyabr ayına qədər olan 7 aylıq (təxmini) müddəti üçün 2500 manat məbləğində ödənilməmiş əmək haqqı ödənilməlidir. Əlavə olaraq həmin borcu da vaxtında ödəmədiyi üçün Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən günə 1 % olmaqla ona ödəməlidir. Mövcud mübahisəli işdə cavabdehin imzaladığı mübahisəli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmadan və tamamilə qanunsuz verilmişdir. İşəgötürənin qanunazidd hərəkətləri üzündən işləri polisə düşmüş və Nərimanov rayon Polis İdarəsində araşdırılma aparılmışdır. Xəsarətləri ilə əlaqədar müalicə olunduğu və polisdə araşdırılma aparıldığı vaxtda Cavabdeh MMC-nin vəzifəli şəxsinin əmri ilə işdən azad olunmuşdur. Hazırda əmrin surətini də almadığından onun dəqiq rekvizitlərindən məlumatsızdır. Cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan əmr rəsmiləşdirməklə hüquqlarını pozmuş və qanunsuz işdən azad etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli, 02 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı fərqinin iddiaçı şəxsə ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 300 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hakimi işin hallarını öz qətnaməsində müəyyən etdiyini qeyd etsə də, yalnız işə bərpa olunmasını, əmrin etibarsızlığını müəyyən etmiş, ona vurulan maddi-mənəvi ziyanı müəyyənləşdirməmişdir. Odur ki, hazırkı vəziyyət iddiaçı kimi onu qane etmir və apellyasiya qaydasında mübahisələndirir. Qətnamənin əsalandırma hissəsində qeyd edilmişdir ki, iddiaçı maddi-mənəvi ziyanla bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, iş materiallarında cavabdehin işçiyə qarşı törətdiyi qanuna zidd hərəkətlər məhkəmə qərarları ilə, istintaq materialları ilə təsdiqlənmişdir. Mənzili qəbul etməkdən imtina etmiş və təmirsiz olduğundan başqa ünvanda kirayədə qalaraq bir neçə ay kirayələrə əlavə pul xərcləmişdir ki, bu da müqavilə şərtlərinin pozulması kimi dəyərləndirilməli idi. Cavabdeh MMC tərəfindən də qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 2019-cu ilin mart ayında Cavabdeh MMC-ni təsis etmiş və həmin vaxtdan da həmin MMC-nin direktoru vəzifəsində çalışır. MMC-nin iş funksiyası müxtəlif ticarət mərkəzlərində terminalların quraşdırılması və fəaliyyətini həyata keçirməkdən ibarətdir. İddiaçı 03.04.2020-ci il tarixdən MMC-də kompüter-operator vəzifəsinə işə qəbul olunmuşdur. 13 aprel 2021-ci il tarixdə saat 17:00 radələrində X3 terminalda olan pullardan 850 manatın əskik olduğunu aşkar etmiş, həmin pulların qəbzlərini İddiaçı tələb etmiş, lakin İddiaçı qəbzləri ona verməmişdir. 14 aprel 2021-ci il tarixdə Ə.Məhərrəmov təkrarən İddiaçı müraciət edərək, işində səhlənkarlıq etdiyi üçün hesabatın düz gəlmədiyini bildirmiş, bu vaxt aralarında mübahisə yaranmış, İddiaçı əyləşdiyi stuldan ayağa qalxaraq masanın üzərində olan komputerin monitorunu itələmiş və monitor yerə düşmüşdür. Sonra İddiaçı yüksək səslə qışqıraraq polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra İddiaçı, həmçinin Cavabdeh MMC-nin direktoru Ə.Məhərrəmov polisə şikayət etmişlər. 10 may 2021-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 14 iyun 2021-ci il tarixdə Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən 10.05.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş və material əlavə araşdırma aparılması aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. 12 iyul 2021-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 6(005)-119/2021 saylı qərarına əsasən, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. İddiaçı 15 aprel 2021-ci il tarixindən işə gəlməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq heç bir üzrlü səbəb təqdim etməmişdir. Bunun nəticəsi olaraq İddiaçı işə gəlməməsi barədə işçilərin iştirakı ilə 16.04.2021-ci və 21.04.2021-ci il tarixlərdə aktlar tərtib olunmuş, həmçinin bu barədə İddiaçı işə gəlməməsi barədə üzrlü sənəd təqdim etməsini, əks halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04.05.2021ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bunun nəticəsi olaraq Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli, 02 saylı əmrinə əsasən İddiaçı ilə bağalanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15.04.2021-ci il tarixindən xitam verilməsi, işdən azad edilmiş İddiaçı son haqqıhesabın ödənilməsi əmr edilmişdir. Həmçinin sözügedən halların araşdırılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 05.07.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsə də, Şəmkir Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 3(076)-695/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X1 verdiyi 05.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı İddiaçı özünün verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətini isə qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçını və cavabdehin təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası ilk öncə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə hesab edir ki, həmin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçı 3000 manat məbləğində maddi ziyana və 2000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsini tələb etsə də, iddiasının həmin hissələrdə əsaslı olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığı hallar qeyd edilmişdir, həmin hallara aiddir: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. Həmin Məcəllənin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işdə olan Cavabdeh MMC-nin 03 aprel 2020-ci il tarixli, 03 nömrəli əmrindən görünür ki, İddiaçı 03 aprel 2020-ci il tarixdən sınaq müddəti 3 ay olmaqla kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Əmək haqqı ştat cədvəli ilə müəyyən edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli 02 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin adminstratoru ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə 15.04.2021-ci il tarixdən xitam verilməsi, işdən azad edilmiş İddiaçı son haqq hesab hesablanıb ödənilməsi qərara alınmışdır. Həmin əmrə əsas kimi İddiaçı üzürlü səbəb göstərmədən işə çıxmaması barədə 16.04.2021-ci il və 21.04.2021-ci il tarixlərdə tərtib olunmuş aktlar və bu haqda İddiaçı ünvanına göndərilmiş xəbərdarlıq məktubu qeyd edilmişdir. İşdə olan 16.04.2021-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər Cavabdeh MMC-nin direktoru X3, Cavabdeh MMC-nin işçisi texnik-inkassator X6, Cavabdeh MMCnin işçisi texnik-inkassator X2 bu aktı ondan ötrü tərtib etmişlər ki, Cavabdeh MMC-nin adminstratoru İddiaçı 15.04.2021-ci il tarixindən heç bir üzrlü səbəb göstərmədən işə çıxmamışdır. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. İşdə olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədovun 12.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 6(005)-119/2021 saylı qərarının surətindən görünür ki, şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2021ci il tarixli qərar qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, “İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibb Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 tərəfindən verilmiş 12.07.2021-ci il tarixli, 13/222 nömrəli rəyindən görünür ki, vət. İddiaçı aşkar edilmiş xəsarətlər-sol sarğı nahiyəsinin küt travması lll-İV bel fəqərələrinin travmatik radikulopatiyası, asteno-nevrotik vəziyyəti ilə müşayiət olunan sol sarğı nahiyəsinin yumuşaq toxumaların şişkinlik halında əzilməsi-qançırı, sol yanağın sol saidin. sol əlin V barmağının sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində qeyd olunan 14.04.2021-ci il tarixdə zərərçəkmişin qeyd etdiyi şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sol sarğı nahiyəsinin küt travması, lll-İV bel fəqərələrinin travmatik radikulopatiyası. asteno-nevrotik vəziyyəti ilə müşayiət olunan sol-sarğı nahiyəsinin yumuşaq toxumaların şişkinlik halında əzilməsiqançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sol yanağın, sol saidin. sol əlin V barmağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı ilə işəgötürən arasında qərəzli müsasibətlərin olması müəyyən edilir ki, bu hal aşkardır. İddiaçı Cavabdeh MMC-nin direktoru Əhməd Məhərrəmov tərəfindən iş yerində ona xəsarət yetirməsi barədə polisə şikayət etmiş və Nərimanov RPİ-nin İŞ-nin 12.07.2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 6(005)-119/2021 saylı qərarı ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin həmin qərarı ləğv edilərək toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin araşdırma zamanı iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın 12.07.2021-ci il tarixli, 13/222 nömrəli rəyi ilə İddiaçı sağlamlığına yüngül zərər vurulması göstərilmişdir. Göründüyü kimi iddiaçının işdən azad edilməsi barədə əmrə əsas olmuş aktlarda qeyd edilən tarixlərdə işə çıxmaması üzürlü olmuşdur. İş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi müəyyən edilməmişdir. Digər tərəfdən, işdə olan Nərimanov rayonu 4 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş tibbi arayışdan görünür ki, tibbi müayinənin nəticəsində 1974-cü il təvəllüdlü İddiaçı 26.04.2021-07.05.2021-ci il tarixlərdə “kəskin respirator xəstəlik, kəskin lumbaqo” diaqnozu qoyulmuş və həmin müddətdə əmək qabiliyyəti müvəqqəti itirilmişdir. Əmək qanunvericiliyinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edildiyi halda, cavabdeh tərəfindən qanunvericiliyinin həmin tələbləri pozularaq iddiaçı ilə əmək münasibətlərinə qeyd edilən əsasla xitam verilməsi barədə 04.05.2021-ci il tarixdə əmr verilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməyərək, əmək qanunvericiliyinin tələbləri pozulduğundan və iddiaçının iddia tələbini bu hissədə əsaslı olduğundan təmin etməkdə haqlı olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia ərizəsinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli, 2(005)- 421/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar