Məhkəmə qərarları › İş №2(103)-2969/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2969/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2969/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2969/2024 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-542/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Ucar Rayon Məhkəməsinin 2(063)- 4/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Ucar rayon İcra və Probasiya şöbəsinin 60654/2019-54-1 saylı, 17 may 2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 34000 manat, 15% endirimlə 28900 manat olmaqla "xxxx" ASC-nin balansına keçirilmişdir.

2. İddiaçı hazırda ipoteka predmetinin dəyərinin düzgün müəyyənləşdirilməməsi, o cümlədən hərracın keçirilməsi zamanı ona məlumat verilməməsi səbəbindən hərrac nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21/02 nömrəli protokolunu ləğv edərək, hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı 25 avqust 1955-ci il tarixində Ucar rayonunda anadan olub. Hazırda Ucar rayonu, Qazyan kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən hərracın qanunsuz və əsassız keçirilməsi, eləcə də ipoteka predmetinin hərracda satış qiymətinin real bazar qiymətindən kəskin fərqlənərək satılması ilə bağlıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin 2(063)-4/2018 saylı mülki iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X6, X6 və X4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia tələbi təmin edilərək, cavabehlər X5, İddiaçı və X2 müştərək qaydada 51R000000684 nömrəli kredit razılaşması üzrə əsas borca görə 19638.31 USD, faiz borcuna görə 5166.62 USD, dəbbə puluna görə 1000 USD, cəmi 25804.93 USD, 051R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 888.94 USD, faiz borcuna görə 189.72 USD,dəbbə puluna görə 50 USD, cəmi 1128.66 USD,051KK**********01 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 996.62 USD, faiz borcuna görə 291.41 USD, dəbbə puluna görə 50 USD, cəmi 1338.03 USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqında görə 21 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ucar rayonu, Qazyan kəndinə cavabdeh İddiaçı mülkiyyətində olan 0.41 ha torpağ sahəsi və həmin torpağ sahəsinin üzərində yerləşən mərtəbəliyi 2,4 otağlı, 95.2 kv.m yaşayış, 155 kv.m yardımçı, ümumilikdə 250.2 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 34.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğin iddiaçı "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icra edilməsi üçün Ucar rayon icra və probasiya şöbəsi göndərilmiş, sonuncu tərəfindən 17 may 2022-ci il tarixli məktub ilə hazırki iş üzrə cavabdehə “hərracın keçirilməsi haqqında” sifariş məktubu göndərərək hərracın keçirilməsini xahiş etmişdir. Hərrac təşkilatının ipoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 21/02 saylı protokol ilə hərrac keçirilmiş və ipoteka predmeti hərracda dəyərindən aşağı qiymətə satılmışdır. Bildirilir ki, qiymətləndirmə işi qeyri-obyektiv aparılmış, real bazar qiymətləri lazımi səviyədə nəzərə alınmamış, real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Həmçinin qeyd edilir ki, hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmişdir. Protokolda hərracın təkrar olaraq keçirildiyi qeyd edilmişdir. Lakin qeyd edilir ki, hərracın keçirilməsindən xəbəri olmamış, bu barədə rəsmi bildiriş iddiaçıya çatdırılmamışdır. Hərrac barədə məlumatı yalnız icra orqanı tərəfindən hərrac keçirildikdən sonra məlumat əldə etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edilir ki, mənzilin real bazar qiymətindən aşağı satılması, eləcə də, hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq keçirilməsi səbəbindən hərrac etibarsız sayılmalıdır. Bildirilir ki, ilkin olaraq cavabdehin hüquqi ünvanına görə tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırılsa da, məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılmışdır və aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-542/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2 və 62.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

13. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

14. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

15. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

16. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

17. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (hərracın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)

18. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

19. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

20. Maddə 42.5-ci və 42.6. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar.

21. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

22. Maddə 43.7 və 43.7-1. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

23. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

24. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

26. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

27. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. Belə ki, iş materiallarında olan Ucar rayon İcra və Probasiya şöbəsinin "xxxx" MMC, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, AR-nın ƏN İcra Baş İdarəsinə ünvanlanmış 17 may 2022-ci il tarixli “hərracın keçirilməsi haqqında” sifariş məktubunun surətindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş № 2(063)-4/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27142.96 ABŞ dolları və 61 manat məbləğində tələbin borclu İddiaçı ipoteka predmeti olan Ucar rayonu Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 2, 4 otaqlı, ümumi 250.2 kv.metr olan sahədən ibarət fərdi yaşayış evinə yönəldiyi üçün həmin əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir.

40. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 250.2 kv.metr olan fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

41. Hərrac Təşkilatının 28 iyul 2022-ci il tarixli 21/02 №-li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)- 4/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi və Ucar rayon İcra və Probasiya şöbəsinin 60654/2019-54-1 saylı, 17 may 2022-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 21675 manata "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir.

42. İddia tələbindən görünür ki, iddiaçı hərracın və onun nəticələrinin etibarsızlığını keçirilən hərracların heç biri barədə onun xəbərinin olmaması və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumatın verilməməsi ilə əsaslandırmışdır. Kollegiya buna dairı apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyin zəruri hesab edir.

43. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

44. İş materiallarından göründüyü kimi Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/984 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 34000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1700 manat olmaqla hərraca çıxarılması və hərracın 23 iyun 2022-ci il tarixdə saat 11:00-17:00- dək (növbəlilik əsasında) ünvan 2 ünvanında keçiriləcəyi barədə X6, X4 və məlumat üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

45. Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/1166 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 34000-15 %=28900 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 1445 manat olmaqla hərraca çıxarılması və hərracın 13 iyul 2022-ci il tarixdə saat 11:00-17:00dək (növbəlilik əsasında) ünvan 2 ünvanında keçiriləcəyi barədə X6, X4 və məlumat üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

46. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən X6, X4, "xxxx" QSCyə və Ucar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/1302 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifin surətindən görünür ki, ipoteka ilə yüklü edilmiş Ucar rayonu, Qazyan kəndində yerləşən 0,41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə, yəni 21675 manata ipoteka saxlayana təklif olunmuşdur.

47. İş materiallarında olan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən müəyyən olunur ki, hərracın keçirilməsi barədə bildirişlər İddiaçı və X4 göndərilmişdir.

48. “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, X6 məxsus olan Ucar rayonu, Qazyan kəndində yerləşən 0,41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.

49. Göründüyü kimi hazırki iş üzrə cavabdeh Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən hər iki hərracın keçirilmə vaxtı və yeri barədə tərəflərə, o cümlədən iddiaçıya lazımi qaydada bildiriş göndərilmişdir və qanunvericiliyin tələblərinə əsasən bildirişlərin göndərilməsi artıq hərracın etibarlılığı ilə bağlı ilkin şərtin ödənilməsini ehtiva edir.

50. Hərçənd ki, hərracların təşkil edilməsi ilə bağlı bildirişin göndərilməsi faktı iddia tələbinin bu hissədə əsassızlığına dəlalət etsə də, kollegiya həmin bildirişlərin iddiaçıya çatıb-çatmaması ilə bağlı məsələyə də münasibət bildirməyi zəruri hesab edir.

51. Belə ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, istər xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər, istərsə də, xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən borclunun, yəni iddiaçının Ucar rayonu, Qazyan kəndindəki ünvanına göndərilmiş, həmin sənədlər müvafiq olaraq xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə “İsayev Əli” adlı şəxs tərəfindən qəbul edilmişdir.

52. Göründüyü kimi iddiaçı hərrac prosesinin keçirilməsi ilə bağlı bütün zəruri sənədləri qəbul edərək bundan məlumatlı olmuşdur.

53. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

54. Növbəti olaraq kollegiya iddiaçının mübahisəli əmlakın dəyərinin düzgün qiymətləndirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

56. Göründüyü kimi Ucar Rayon Məhkəməsinin 2(063)-4/2018 saylı xx.xx.2018-ci il tarixliqanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçının mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 34.000 manat məbləğində müəyyən edilmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığına dəlalət edir və bu səbəbdən mübahisəli əmlakın dəyəri hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz. 57 Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

58. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

60. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

61. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

62. İş materiallarından görünür ki, iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin hərracda ilkin olaraq 34.000 manata, daha sonra isə 15 % endirimlə 28.900 manata satılacağı barədə 2022-ci ilin may-iyul aylarında məlumatlı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2023-ci ilin oktyabr ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır.

63. Bununla da kollegiya hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür. Bu səbəbdən də hazırki iddiası təmin edilə bilməz.

64. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-542/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar