Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2973/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s.kimi işlərlə məşğul olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 Ne-li Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 2019-cu il 04 iyun tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox,“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8-ci maddəsinin 8.03. bəndinə uyğun olaraq“ işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X3 adına ərizə yazdırdılar. İddiaçı 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 2020-ci il 29 mart tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar iddiaçı yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir.
3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 1733/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 30.06.2020-ci il tarixli, **********5 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5ə “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Nigar Nəbizadə).
4. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə materiallardan göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. 30 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmr ilə İddiaçı Milli Observatoriyanm "Əmək bazarının monitorinqi və təhlili" şöbəsinin mütəxəssisi vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Başqa sözlə əmək qanunvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasını təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (bax. Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi). Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq Məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə faktiki olaraq iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını pozaraq və səhv təfsir edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsi qənaətinə gəlmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş əqdin (müqavilənin) doğurduğu hüquqi nəticələrin (əmək müqaviləsinə xitam verilməsi barədə əmr və s.) ləğvi barədə qətnamə çıxarmışdır. Halbuki, əqdin özü mübahisələndirilmədən onun doğurduğu hüquqi nəticələr ayrıca və müstəqil mübahisə predmeti ola bilməz. Mübahisəli məhkəmə qətnaməsi ilə işçinin əmək müqaviləsinə xitam verilməsinə dair ləğv edilmiş əmr faktiki olaraq həmin əmək müqaviləsinin 2.1-ci bəndinin doğurduğu hüquqi nəticələrdən biridir. Mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin müddəalarını iddiaçının ayrı- seçkiliyə məruz qalması əsası ilə etibarsız hesab etmiş, bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə işçi ilə işəgötürən arasında sözügedən əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı prinsiplərinə riayət edilməsi ilə bağlanması faktını əsassız subyektiv mülahizələr əsasında şübhə altına almağa çalışsa da bununla bağlı heç bir real sübuta və məhkəmə prosesində müəyyən edilmiş işin həqiqi hallarına istinad edə bilməmişdir. Əksinə tərəflər arasında 30.03.2020- ci il tarixli müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi, qarşılıqlı razılığı və azad iradə ifadəsi əsasında bağlanmışdır. İddiaçının əvvəlki iş yeri olan ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) isə Milli Observatoriyadan tamamilə fərqli olaraq müvafiq sahələrdə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasını həyata keçirən əsas və əlaqələndirici təşkilat kimi ixtisaslaşdırılmış, tərkibində məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərmiş, müxtəlif ölkələrin elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri olan, aspirantura və dissertantura vasitəsilə müvafiq sahələrdə mütəxəssislər hazırlayan elm və tədris mərkəzi olmuşdur. Qeyd olunan funksiyaları Azərbaycan Respublikasının təhsil sisteminə daxil olan digər təhsil müəssisələri həyata keçirdiyindən Mərkəzin perspektiv fəaliyyətinə lüzum qalmamış və Mərkəz ləğv edilmişdir. Göründüyü kimi yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti tamamilə fərqli xarakter daşımış, Mərkəz sırf nəzəri, elmi-tədqiqat və kadr hazırlığı müəssisəsi kimi fəaliyyət göstərsə də, Milli Observatoriya müvafiq sahədə empirik və praktiki fəaliyyət göstərən, bu sahədə monitorinq və sorğuların təşkili kimi tətbiqi fəaliyyətlə məşğul olan publik hüquqi şəxs qismində yaradılmışdır. Eyni zamanda Milli Observatoriya ləğv edilmiş Mərkəzdən fərqli olaraq Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə ki, ləğv edilmiş Mərkəzin sərbəstləşən işçiləri, o cümlədən iddiaçı Milli Observatoriyaya ərizə ilə müraciət edərək işlə təmin olunmalarını xahiş etmiş, Milli Observatoriya da öz növbəsində faktiki olaraq sınaq müddəti məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 3 aylıq müddətli əmək müqaviləsi bağlanılmaqla onları işlə təmin etmiş, həmin müddət ərzində ləğv edilmiş Mərkəzin işlə təmin edilmiş sərbəstləşən işçilərinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi aparılmış, qiymətləndirmənin nəticələri həmin əməkdaşların birbaşa struktur bölmə rəhbərlərinin şifahi rəyləri, işə davamiyyəti, nizam- intizam qaydalarına riayət etmələri, ünsiyyət və kommunikasiya həmçinin, komandada işləmək potensialları və s. keyfiyyətləri nəzərə alınmaqla müəyyən edilmiş və bir sıra əməkdaşların əmək müqavilələrinin müddətinin uzadılmaması məqsədəuyğun hesab edilmişdir. Həmin əməkdaşlardan biri də iddiaçı olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş İddiaçı Milli Observatoriyaya işlə təmin olunması barədə ərizəsinin surəti qeyd olunan xüsusatları təsdiq edir. Göründüyü kimi işəgötürən ləğv edilmiş Mərkəzin sərbəstləşən işçilərini faktiki olaraq sınaq müddəti üçün yeni yaradılmış quruma işə götürmüş, onlarla bağlanan əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş, bunu istisna edən hər hansı bir fakt və ya sübut mövcud olmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6974/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Xəyal Sarıyev).
7. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Ali Məhkəmənin 2(102)-301/2022 saylı, 14.02.2022-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6974/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Aqil Abbasov). Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Əliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: 12.Belə ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı 30.03.2020ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsinə üç ay müddətinə işə qəbul edilmiş və onun əmək funksiyaları kimi aşağıdakılar göstərilmişdir: “ ... müəssisə və təşkilatın struktur bölməsində (şöbəsində, sektorunda və s.) müəyyən bir sahə üzrə tədqiqat işlərinin aparılmasında iştirak edir. Struktur bölmədə aparılan tədqiqat işlərində iştirak edir və aidiyyəti tapşırıqları yerinə yetirir. Zəruri informasiyanın toplanmasına, təhlilinin aparılmasına və yayılmasına kömək edir. Tematik mövzunun müəyyən hissələrini işləyir, analitik, iqtisadi, texniki, ictimai-siyasi və başqa istiqamətlər üzrə məlumatın, xüsusi ədəbiyyatın, normativ hüquqi aktların toplanması, mövzu üzrə xarici ölkələrdən aidiyyəti materialların əldə edilməsi işlərini aparır. Struktur bölmədə müəyyən edilmiş kargüzarlıq işlərini aparır. Seminar, konfrans və yığıncaqların keçirilməsi üçün təşkilatı işləri yerinə yetirir və materialların toplanmasına kömək edir”. 13.İş materiallarında olan 30.03.2020-ci il tarixli **********5 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işlədn azad edilmişdir. Hüquqi dəyərləndirmə: 14.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 16.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. 17.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 18.Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. 19.İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 09.01.2017-ci il tarixdən Əmək və Sosial Problemlər üzrə X1 işləmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18.01.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019-cu il tarixli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması qərara alınmışdır. 04 iyul 2019-cu il tarixli Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir. Həmçinin müəyyən edilib ki, iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni yaradılmış hüquqi şəxsdə bağlanan əmək müqaviləsi müddətli olmaqla 3 ay müddətinə bağlanmışdır. 20.İş materiallarından görünür ki, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətisiz olduğu halda, yeni əmək müqaviləsini müddətli bağlanması əsası aydın deyildir. Belə ki, İddiaçı 2020-cin ilin mart ayınadək əmək haqqı aldığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzindən öz xahişi ilə işdən azad edildikdən sonra 30.03.2020-ci il tarixdə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” adlanan publik hüquqi şəxşə müddətli əmək müqaviləsinə əsasən işə qəbul edilməsi anlaşılmazlıq yaradır. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi iş materiallarından müəyyən edilmir. 21.Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanrkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.” 22.Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 23.Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. 24.Kollegiya iddia tələbinin məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 25.İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. 26.Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması əsası mövcud olmaması səbəbindən müqavilənin müddətsiz bağlanması Əmək Məcəlləsinin tələbi olduğundan 30.06.2020-ci il tarixli, **********5 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5ə “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 28.Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 29.Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: 30.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. 31.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev