Məhkəmə qərarları › İş №2(103)-2973/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2973/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2973/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzillərdən istifadə olunmasına qadağa qoyulması və mənzillərin boşaldılması" tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia tələbləri barədə iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı "mənzillərdən istifadə olunmasına qadağa qoyulması və mənzillərin boşaldılması" tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-294/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC Cavabdeh qarşı "mənzillərdən istifadə olunmasına qadağa qoyulması və mənzillərin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra Cavabdeh İddiaçı MMC-yə qarşı “aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli, 11 nömrəli müqavilə üzrə yekun borc 170.980 manat olmaqla, "xxxx" MMC-nin üzərinə aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

3. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə yazılı vəsatət verərək Bakı İnzibati Məhkəməsinin inzibati mübahisə üzrə qərarı qanuni qüvvəsini alana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus çıxarışı cavabdeh Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqla mübahisələndirmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 294/2025 nömrəli qərardadı ilə (hakim Ü.A.Xəlil) mülki iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7421/2025 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 254.1.4-cü maddəsinə əsasən, yalnız o halda mülki iş üzrə icraat dayandırıla bilər ki, başqa bir işin nəticəsi bu işin həlli üçün əlamətdar əhəmiyyət daşısın, yəni həmin iş baxılmadan mülki işə mahiyyəti üzrə baxmaq mümkün olmasın. Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddianın mahiyyətindən də göründüyü kimi o, müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsini faktiki olaraq etiraf edir və aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürməsi bu halın mübahisəsiz olaraq təsdiq edildiyini göstərir. Yəni, cavabdeh özü müqavilə üzrə öhdəliyin icra olunmadığını etiraf edib və qarşılıqlı iddia ilə yalnız ödəniş qrafikinin dəyişdirilməsini istəyib. Bu isə göstərir ki, onun inzibati məhkəmədə qaldırdığı iddia faktiki olaraq işin mahiyyətinə təsir etmir və yalnız süni ləngitmə məqsədi güdür. Məhkəmə, MPM-in 254.1.4-cü maddəsinə istinad etməklə icraatı dayandırmışdır. Lakin bu norma yalnız o halda tətbiq oluna bilər ki, digər işin nəticəsi hazırkı işin həlli üçün həlledici olsun. Halhazırda isə cavabdehin inzibati məhkəməyə müraciəti formal xarakter daşıyır və mülki işin mahiyyətinə heç bir təsir göstərmir. Bu onunla bağlıdır ki: - Cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyini etiraf etmişdir; - Qarşılıqlı iddia ilə sadəcə yeni ödəniş qrafikinin tərtib edilməsi tələb olunur; - İnzibati iddianın nəticəsi bu işin mahiyyətinə təsir etmir. – İcraatın dayandırılması ədalət mühakiməsinə çıxış hüququnu ləngidir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı inzibati Məhkəmədə qaldırdığı iddianın formal olması aşağıdakı hallarla sübut olunur: 1. Cavabdeh iddia vermək hüququnun olmaması: Cavabdeh mənzil üzrə müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və onun şərtlərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən onun həmin mənzil üzərində hüquqi marağı və ya hüquqi subyektivliyi mövcud deyil. Bu isə Cavabdeh çıxarışın ləğv edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqlarının olmamasını göstərir. (İddianın mümkün sayılmaması barədə inzibati məhkəməyə əlavə olaraq ərizə təqdim olunacaqdır). 2. Mövcud çıxarışın onun hüquqlarına təsir etməməsi: Mənzil İddiaçı MMC-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt Cavabdeh hüquqlarına heç bir mənfi təsir göstərmir, çünki tərəflər arasında bağlanmış müqaviləyə əsasən, yalnız mənzil üzrə ödənişlər tam icra olunduqdan sonra onun adına rəsmiləşdirilməli idi. Öhdəliklər pozulduğuna görə Cavabdeh həmin mənzilə dair hər hansı hüquqi sahib kimi hesab edilə bilməz. 3. İnzibati işin nəticəsinin hazırkı mülki işə təsirsizliyi: Hətta çıxarışın ləğvinə dair tələb təmin olunsa belə, bu hal İddiaçıMMC-nin Cavabdeh qarşı öhdəliklərin pozulması səbəbilə qaldırdığı mənzilin boşaldılması tələbinə hər hansı hüquqi təsir göstərmir. Çıxarışın ləğvi yalnız onun ilkin hüquqi vəziyyətə qaytarılması ilə nəticələnəcəkdir. İlkin vəziyyətdə isə, İddiaçı MMC, mənzilə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və həmin öhdəliklər pozulduğu halda mülki hüquq müdafiəsi vasitələrindən istifadə etmək hüququnu saxlayır və ləğv etmir. 4. Ədalət mühakiməsinin ləngidilməsi və suiistifadə halları: Cavabdehin bu formada inzibati iddia qaldırması və onun əsasında mülki iş üzrə icraatın dayandırılmasına nail olması, hüquqdan sui-istifadə halları ilə müşahidə olunur. Hazırkı halda isə Bakı İnzibati Məhkəməsində baxılan işin nəticəsi, işin mahiyyəti və iddia tələbi baxımından bu mülki işə heç bir təsir göstərmir və işə baxılmasını əngəlləmir. Bu səbəbdən də hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qəbul edilərkən qeyd olunan hüquqi tələblər nəzərə alınmamış, nəticədə əsassız olaraq iş üzrə icraat dayandırılmışdır.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarı: Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-294/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə tam şəkildə əlaqəli olduğundan və Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7421/2025 nömrəli inzibati iş üzrə məhkəmə qərarı ilə müəyyən ediləcək hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyildir. Bu səbəbdən də, qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalıdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

15. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, B-K 11 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı MMC hazırda mübahisə predmeti olan mənzilli tikilmiş halda sifarişçi Cavabdeh satmağı, sifarişçi isə mənzilin dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür.

16. İlkin iddia tələbi müqavilə üzrə ödənişlərin tam həyata keçirilmədiyinə, bu əsasla müqaviləyə xitam verildiyinə əsaslanaraq cavabdeh tərəfindən mənzilin boşaldılması barədə, qarşılıqlı iddia tələbi isə müqavilə üzrə MMC-nin üzərinə aylıq ödəniş qrafikinin müəyyən edilməsi öhdəliyinin qoyulması ilə bağlıdır.

17. Belə olan vəziyyətdə ilkin iddia üzrə iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın başqa məhkəmədə mübahisələndirilməsi səbəbindən, başqa sözlə, mənzilə dair ilkin iddia üzrə iddiaçının mübahisəli mənzilə dair çıxarışı ləğv edildiyi təqdirdə belə, mənzilə dair hüquqların kimə məxsus olacağı nəzərə alınmaqla iddiaçının müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi və müqaviləyə xitam verildiyi əsası ilə iddia tələbinə baxılmasının ümumiyyətlə mümkün olmaması birinci instansiya məhkəməsi tərəfindən qərardadda əsaslandırılmamışdır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-294/2025 nömrəli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar