Məhkəmə qərarları › İş №2(103)-2975/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2975/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2975/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan “Bank Standart” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/116277/15 nömrəli “Kredit razılaşması” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 47.996,08 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.049,14 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 363,80 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.327,33 ABŞ dolları, cəmi isə 53.736,35 ABŞ dolları, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 31 manat məbləğində pulun borcalan Cavabdeh1 tutularaq Banka ödənilməsi; tutmanın ipoteka predmetinə - iş üzrə digər Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən 3/8 nömrəli evin 67-ci mənzilinə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 100.500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə edilə biləcək pul vəsaiti hesabına Banka olan kredit borcunun ödənilməsi; mənzil satıldıqdan sonra 1 aydan gec olmayaraq boşaldılmadığı halda cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/116277/15 nömrəli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “Kredit müqaviləsindən” irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/116277/15 nömrəli “İpoteka müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq borcalan olan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə onun iddiaçı Banka 47.996,08 ABŞ dolları məbləğində əsas, 4.049,14 ABŞ dolları məbləğində faiz borcu, 1.327,33 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu yaranmışdır. Bank, yuxarıda qeyd edilən müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh1 cərimə tətbiq etmişdir ki, cərimənin məbləği 6.363,80 ABŞ doları təşkil edir. Cavabdeh1 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin verilməsi üçün 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün isə 31 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 47.996,08 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.049,14 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.327,33 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 363,80 ABŞ dolları, cəmi isə 53.736,35 ABŞ dolları (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 31 manat məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsini; tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini; ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə edilə biləcək pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsini, artıq qala biləcək məbləğin Cavabdeh2 qaytarılmasını; satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh1 ümumi qaydada tutulmasını; satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılmasını və cavabdehlərin mənzildən çıxarılmalarını; iddianın qalan hissədə təmin edilməməsini; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pulun dövlət büdcəsi xeyrinə, digər bir ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində pulun isə “xxxx” MMC-nin xeyrinə Cavabdeh1 tutulmasını qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın iddia ərizəsində qeyd edilən qaydada təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini əmlakın real bazar qiymətindən yuxarı müəyyən etməklə əsassız nəticəyə gəlmişdir. Həmin mənzilin bugünkü bazar dəyəri 120.000 manat məbləğindən xeyli aşağıdır. İş üzrə obyektiv və ədalətli nəticəyə gəlmək üçün mənzil təkrar qiymətləndirilməlidir. Cavabdeh (borcalan) Cavabdeh1 də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsini, habelə cavabdehlərin mənzildən məcburi çıxarılmaları barədə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüququ normalarının tələblərini pozmuşdur ki, bu hal iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, Cavabdeh1 həyata keçirdiyi ödənişlərin çox hissəsi faiz borcunun silinməsinə yönəldilmiş, bununla da əsas borc şişirdilmişdir. Rayon Məhkəməsi tərəfindən həmçinin mənzilin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, “İpoteka müqaviləsi” bağlanan zaman mənzilin qiyməti 10.500 ABŞ dolları olduğu halda, 4 il sonra 120.000 manat olması inandırıcı deyildir. Çünki, daşınmaz əmlakın ortalama illik satış qiyməti 10 faizdir ki, belə olan halda mənzilin ilkin satış qiyməti 150.000 manat civarında olmalıdır. Bundan başqa, Rayon Məhkəməsi cavabdehlərin mənzildən çıxarılmaları barədə də iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mənzil açıq hərracdan satıldığı halda, cavabdehlərin mənzildən çıxarılmaları barədə tələbi yalnız mənzilin yeni mülkiyyətçisi tərəfindən irəli sürülə bilər. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Bankın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, borcalan olan Cavabdeh1 həmin müqaviləyə əsasən 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə Bankdan 50.000 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh1 Bank qarşısında olan kredit öhdəliyinin təminatı olaraq iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. İşdə olan sənədlərdən və Cavabdeh1 apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri tam həcmdə ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka olan əsas borcu 47.996,08 ABŞ dolları, faiz borcu 4.049,14 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 1.327,33 ABŞ dolları cərimə borcu isə 363,80 ABŞ dolları, cəmi isə 53.736,35 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Bank borcun ödənilməsini Cavabdeh1 təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. “Ödəniş tapşırıqlarından” görünür ki, “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün Bank tərəfindən 31 manat, habelə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi Cavabdeh1 üzərinə düşür. Lakin Cavabdeh1 öhdəliyin onun tərəfindən icra edilmədiyini mübahisələndirmir. O, bildirir ki, müqavilə üzrə həyata keçirilmiş ödənişlər Bank tərəfindən təyinatı üzrə düzgün silinməmiş, bu isə ondan tələb olunan borcun düzgün hesablanmamasına gətirib çıxarmışdır. Cavabdeh1 bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, borcalan Cavabdeh1 tutulması tələb olunan kredit borcunun məbləğinin düzgün hesablanıb-hesablanmamasını araşdırmaq üçün Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 3528 nömrəli rəydən görünür ki, borcalan Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” şərtləri əsas götürməklə, müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə borcalanın Banka olan cəmi borcu 77.857,14 ABŞ dolları məbləğində müəyyən olunur ki, həmin məbləğin 47.996,08 ABŞ dolları əsas borc, 29.861,06 ABŞ dolları isə faiz borcudur. Rəydən həmçinin görünür ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə hesablanan cəriməyə dair hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən borcalana müqavilə üzrə cərimə hesablanmamışdır. Göründüyü kimi, ekspertiza rəyində qeyd edilən əsas borcun məbləği iddia ərizəsində qeyd edilən məbləğ ilə eyni olsa da, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği iddia ərizəsində qeyd edilən məbləğdən xeyli yüksəkdir. MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 47.996,08 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 4.049,14 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.327,33 ABŞ dolları, cərimə borcunun ödənilməsi məqsədi ilə 363,80 ABŞ dolları məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Cavabdeh1 kredit borcunun məbləğinin şişirdildiyini təsdiq edən hər hansı sübutu (məsələn adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusat yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin, sonra faizlərin və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunan maddi hüquq normasının tələblərinə əsaslanan Məhkəmə hesab edir ki, Cavabdeh1 həyata keçirdiyi ödənişlər Bank tərəfindən düzgün olaraq ilk öncə faiz borcunun ödənilməsinə yönəldilmişdir. Ona görə də hesab edilməlidir ki, Cavabdeh1 apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə, hesab edir ki, Cavabdeh1 Bank qarşısında icra edilməmiş müqavilə öhdəlikləri mövcuddur və o, bu öhdəlikləri Bankın tələbi ilə icra etməlidir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 “Kredit müqaviləsindən” irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 tutulacaq borcun ipoteka predmeti olan mənzilə yönəldilməli olması barədə nəticəyə gələn Rayon Məhkəməsi, bu zaman “X1” MMC-nin rəyinə əsaslanaraq mənzilin ilkin satış qiymətini 120.000 manat müəyyən etmişdir. Hazırda həm iddiaçı Bank, həm də Cavabdeh1 Rayon Məhkəməsinin müəyyən etdiyi ipoteka predmetinin ilkin satış qiymətinə etiraz edirlər. Bank bu qiymətin həmin əmlakın real bazar dəyərindən qat-qat yuxarı olduğunu və şişirdildiyini, Cavabdeh1 isə bu məbləğin olduqca aşağı hesablandığını bildirirlər. Məhkəmə apellyasiya şikayətlərinin sözügedən dəlili ilə əlaqədar bildirir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qanunun 39.3 və 39.3.3-cü maddələrinin tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan xx.xx.2015-ci il tarixli “İpoteka müqaviləsindən” görünür ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri “X7” MMC tərəfindən 100.500 manat məbləğində müəyyən edilmişdir. Rayon Məhkəməsi hazırki mübahisənin obyektiv həll edilməsi məqsədilə iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini “xxxx” MMC-yə həvalə etmişdir. “xxxx” MMC tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 250 nömrəli “Qiymətləndirmə rəyinə” görə, ipoteka predmeti olan mənzilin bazar dəyəri 120.000 manat təşkil edir. Ekspert rəyinə etiraz edən iddiaçı Bank hesab edir ki, mənzilin təkrar qiymətləndirməsi aparılmalıdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirir ki, Məhkəmə “xxxx” MMC-nin sözügedən rəyinin əsaslılığına şübhə ilə yanaşmadığından ipoteka predmeti olan mənzilin təkrar qiymətləndirilməsinə əsas görməmişdir. Digər tərəfdən, iddiaçı Bankın apellyasiya şikayətində irəli sürdüyü bu tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır. MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 371-ci maddəsinin tələbinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə olan sənədlərdən görünür ki, “xxxx” MMC-nin sözügedən rəyi Rayon Məhkəməsinə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və məhkəmə prosesi xx.xx.2019-cu il, daha sonra isə xx.xx.2019-cu il tarixlərə təyin edilmişdir. Hər iki məhkəmə baxışı iclasında iddiaçı Bankın nümayəndəsi iştirak etmiş və mənzilin təkrar qiymətləndirilməsi barədə şifahi və ya yazılı formada vəsatət verməmişdir (iş materiallarında yazılı vəsatət mövcud deyil; vəsatətin şifahi formada verilməsi məhkəmə iclas protokolunda yoxdur). MPM-nin 271-ci maddəsinə görə, məhkəmə iclasının protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir (maddə 271.1.). İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (maddə 274.1.). Lakin iş materiallarından görünür ki, iddiaçı Bank hazırki iş üzrə keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, Bank, məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Bankın apellyasiya şikayətinin müzakirə olunan bu dəlili əsassızdır və təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh1 də “xxxx” MMC-nin təqdim etdiyi rəyi şübhə altına ala biləcək hər hansı sübutu (ən azından digər qiymətləndiricinin rəyini) Məhkəməyə təqdim edilmədiyindən, habelə rəyin əsassız hesab edilməsi üçün hər hansı bir hal apellyasiya baxışı zamanı aşkar edilmədiyindən, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı hesab edilməlidir. Cavabdeh1 də apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Cavabdeh1 apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi cavabdehlərin mənzildən çıxarılmaları barədə də iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mənzil açıq hərracdan satıldığı halda, cavabdehlərin mənzildən çıxarılmaları barədə tələbi yalnız mənzilin yeni mülkiyyətçisi tərəfindən irəli sürülə bilər. Cavabdeh1 apellyasiya şikayətinin bu dəlilinə münasibətdə Məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (maddə 59.3.2). Göründüyü kimi “İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin əmlakı boşaltmaq vəzifəsi nəzərdə tutulmuşdur. Bu vəzifənin yerinə yetirilməsini tələb etmək hüququ isə ipoteka münasibətləri çərçivəsində yalnız ipoteka saxlayana, yəni indiki halda iddiaçı Banka məxsus ola bilər. Odur ki, qətnamə müzakirə olunan hissədə də əsaslı, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər 2 apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün iş üzrə tərəflərin ödədikləri dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar