Məhkəmə qərarları › İş №2(103)-2975/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2975/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2975/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli 78/k saylı əmri ilə iddiaçının anası X10 Buzovna qəsəbəsi 117 ünvanında 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron Rayon İcra hakimiyyətinin 770 saylı 22 noyabr 1993cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçının ailəsi həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Daha sonra iddiaçının ailəsi torpaq sahəsinin 0,0357 ha sahəsini və fərdi yaşayış evini X1, 06 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə iddiaçı X16 qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini X2 almış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən cıxarış almışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ev 117 İddiaçı mülkiyyətindədir.

3. Cavabdeh ilə iddiaçının qardaşı X22 arasında 04 mart 2011-ci ildə nikah bağlanmış, iddiaçı həmin evə gəlin gəlmiş və elə həmin ildə də ərinin işi ilə əlaqədar Qazaxıstan Respublikasına gedərək orda yaşamışlar. Cavabdeh 2015-ci ildə əri və uşaqları ilə Bakıya qayıtmışlar, qayıtdıqdan sonra iddiaçının ailəsi tərəfindən mübahisə predmetinə aid olan evə yerləşdirilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X14 və X7 (hazırki iş üzrə iddiaçının valideynləri) cavabdehlər Cavabdeh, X8, X11, X20 və X17 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik- Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X8, X6 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

5. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-300/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X15 və X9 cavabdehlər Cavabdeh, X18, X17 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən (hazırki mübahisəli evdən) çıxarılma və digər evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi 117 saylı ev xüsusi mülkiyyətindədir və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onun X27un həyat yoldaşıdır. Onlar xeyli müddət Qazaxıstan Respublikasında yaşamış və 2015-ci ildə Azərbaycana qayıtmışlar. Evləri olmadığı üçün o öz evindən onlara otaq ayırıb vermiş və müvəqqəti yaşamalarına icazə vermişdir. X27 14 yanvar 2017-ci ildə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra cavabdeh müntəzəm olaraq onları incitmiş, evdə davadalaş salmış, hətta anası Durna Qasımovanı döymüş və bu cinayət əməlinə görə Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Lakin cavabdeh bu cəzadan da nəticə çıxarmamışdır və onlarla yola getmir. Belə şəraitdə cavabdehlə bir evdə yaşaması qeyri-mümkündür və onun mülkiyyət hüquqları kobud şəkildə pozulur.

8. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehə 5000 manat kompensasiya verilməklə ona məxsus evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Cavabdeh 5000 manat kompensasiya verilməklə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin mübahisəli evə nə ora gəlin köçən dövrdə, nə də sonrakı dövrlərdə istifadə hüququ yaranmamışdır və dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan iddiaçı bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququdur. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən Cavabdeh təklif edilmiş 5000 manat kompensasiya məğləği ağlabatan məbləğdir. Belə ki, həmin məbləğlə cavabdeh və onun azyaşlı uşaqları eyni şəraitli evlə özlərinin yaşamaq hüquqlarını müəyyən müddət ərzində təmin edə biləcəklər.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 146.2, 152.1, 228.2, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, istinad olunan məhkəmə aktlarından məlum olur ki, artıq mübahisəli evdən çıxarılma hissəsinə xitam verilmişdir. Hazırda iddiaçı subyekt və evin hüquqi statusu dəyişmişdir. Məhkəmənin ağlabatan hesab etdiyi 5000 manatı 3 ilə böldükdə 138 manat təşkil edir, nəinki həmin ərazidə, hətta ondan qıraq ərazilərdə 138 manata kirayə ev yoxdur. Həmin ərazidə kirayə haqqı orta hesabla 300 manatdır, bu isə 10800 manat təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili qeyd etdi ki, müəyyən edilmiş 5000 manat kompensasiya məbləği ağlabatan deyil, ən azı 9000 manat kompensasiya təklif olunarsa, razılaşma əldə oluna bilər.

16. İddiaçı ərizə təqdim edərək 7000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. İşin mübahisəsiz halıdır ki, mübahisəli evə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

31. İddiaçı iddia tələbində 5000 manat kompensasiya verilməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmişdir.

32. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin mübahisəli evə nə ora gəlin köçən dövrdə, nə də sonrakı dövrlərdə istifadə hüququ yaranmamışdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququdur.

33. Kollegiya əlavə olaraq qeyd edir ki, əvvəlki qətnamələrdən müəyyən olunur ki, ən azı 2018-ci ilədək mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində heç kəsin adına qeydə alınmamışdır. Yəni, iddiaçı 2011-ci ildə mübahisəli evə köçərkən ev özbaşına tikili statusunda olmuşdur. Reyestr xidmətindən həmin evə dair arxiv sənədləri tələb olunmuş və təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, ev xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmış və sonuncu ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, mübahisəli evi İddiaçı satılmışdır.

34. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.”

35. Qeyd olunan hüquqi mövqeyə görə, mübahisəli mənzil 2021-ci ildə il tarixdə X3 adına qeydə alındıqdan (mənzilin statusu dəyişdikdən) sonra sonuncu ilə həmin mənzildən istifadə edən cavabdeh arasında yeni mənzil münasibətləri yaranmışdır və həmin münasibətlərdən doğan mübahisələr də qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin tələbləri daxilində həll edilməlidir.

36. Qeyd olunan normanın tələblərinə görə isə cavabdeh nə əvvəlki mülkiyyətçi X3, nə də hazırki mülkiyyətçi İddiaçı ailə üzvü və ya “digər qohumu" olmamışdır.

37. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmamışdır və hazırda da onun həmin yaşayış sahəsindən istifadə hüququ yoxdur. Əvvəlki işlərə dair məhkəmə qətnamələri də ona belə bir hüquq qazandırmamışdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlmiş, kompensasiya təklifini isə iddiaçının müstəsna hüququ kimi qiymətləndirmişdir.

38. Kollegiya da hesab edir ki, tərəflər qohum (xala uşaqları) olduqları üçün iddiaçının 7000 manat kompensasiya təklif etməsi onun müstəsna hüququdur, buna görə də həmin məbləğin az və ya çox olması müzakirə predmeti ola bilməz.

39. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır.

40. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

42. İddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinə aid hissədə dəyişdirilməli və cavabdehə cəmi 7000 manat kompensasiya ödənilməklə mənzildən çıxarılmalıdır.

44. Kollegiya həmçinin hesab edir ki, qətnamə eyni vaxtda icra olunmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2060/2022 saylı iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh ödənilməli olan kompensasiyanın məbləği (5000 manat) dəyişdirilərək, həmin məbləğ 7000 manat müəyyən edilsin. Cavabdehin həmin mənzildən çıxarılması ilə iddiaçı tərəfindən 7000 manat kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar