Məhkəmə qərarları › İş №2(103)-2977/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2977/2025

04.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2977/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X27 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-602/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hazırda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.038110 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, ev 160 ünvanında yerləşən 185,90 kv.m sahəsi olan fərdi yaşayış evinin 6/8 hissəsinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin evin 2/8 hissədən ibarət 2 otağı (y/s 39,6 kv.m) Cavabdeh1, digər 2/8 hissədən ibarət 2 otağı isə (y/s 29,7 kv.m) Cavabdeh3 məxsusdur.

2. xx.xx.1933-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 həmin daşınmaz əmlaka dair ½ hissədə payını hazırki iş üzrə cavabdehlərin nənəsi X1.

3. 20.03.1954-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi şəxsi mülkiyyət hüququ ilə X20 məxsusdur, mənzil fonduna məxsus deyil.

4. 05.04.1954-cü il tarixli çıxarışa əsasən sözügedən fərdi yaşayış evinin ½ hissəsi X20 məxsusdur, ½ hissəsi Oktyabr rayonunun evlər idarəsinin balansındadır.

5. 22.09.1978-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1963-cü ildə vəfat etmiş X15 vərəsələri oğlu X23 və qızı X11r, hər biri miras əmlakdan 1/4 hissədə pay alamlıdır.

6. xx.xx.1978-ci il tarixli çıxarışa əsasən, M.Fətəli 160 ünvanında olan əmlak 1\8 hissədə X16, 3\8 X12 məxsus olmuş, 4/8 hissə isə evlər idarəsinin balansında qalmışdır. X5 ölümündən sonra Cavabdeh2 xx.xx.1995-ci il tarixdə həmin əmlaka münasibətdə 1\4 hissədə vərəsəlik hüququ əldə etmişdir.

7. xx.xx.1995-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 1/8 hissədən ibarət payı hüquq vərəsə Cavabdeh2 Abbasəli oğluna verilmişdir.

8. xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən X24 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 2/8 hissədən 2 otaq y/s 39,6 kv.metrini oğlu Cavabdeh1 bağışlamışdır.

9. xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 1/2 hissəsi “JEK”in balansında, 2/8 hissəsi X6, 1/8 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2, 1/8 hissəsi X7 mülkiyyətində olmuşdur.

10. xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 1/8 hissədən ibarət payı hüquq vərəsə Cavabdeh2 Abbasəli oğluna verilmişdir.

11. xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 qalmış miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 2/8 hissədən ibarət (2 otaq) paya hüquq vərəsə Cavabdeh3 verilmişdir.

12. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evi Bakı şəhəri 5 DNK-nın 1V-212 reyestr nömrəli xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə və 2V-1-125 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına (6/8 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 5 DNK-nın 2V-1-185 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh3 adına (2/8 hissədən 2 otaq y/s 29,7 kv.m) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 19 DNK-nın 3M/2 reysestr nömrəli xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh1 adına (2/8 hissədən 2 otaq y/s 39,6 kv.m) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

13. Bakı şəhəri Oktyabr rayonu xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı Qərarı ilə M.Fətəli küçəsi 160-da yaşayan iddiaçının əri X13 (özü, arvadı və iki qızı) yaşadığı yer üzrə mənzil qeydiyyatına qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X13 4 nəfərdən ibarət ailəsi ilə birlikdə 1971-ci ildən daimi qeydiyyata alınıb və M.Fətəli küçəsi, 160-da özəl sektorun binasında kirayəçi kimi yaşayır, orada sahəsi 18 kv.m ibarət bir otağı tutur.

14. X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********97-1010 ( qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185-90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onlardan doğan hüquqi nəticələrin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********97-1010 (qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185.90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X14 1971-ci ildən olaraq daimi qeydiyyatda olmaqla Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X42 küçəsi 160 saylı ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 1975-ci ildə rəsmi olaraq X14 ilə nikaha daxil olaraq Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X49 küçəsi 160 saylı ünvanda rəsmi olaraq qeydiyyata düşmüşdür. Yaşadığı mənzilin sahəsi 34 kvadmetrdir və onunla həmin mənzildə ondan başqa ailə üzvləri İddiaçı Fəzili qızı, X21, X17, nəvələri X28, X9, X18 yaşamaqla həmin mənzildə qeydiiyatdadırlar. Məzilə dair bütün komual xərclər (işiq, su, qaz, telefon) 50 ildir ki, onun tərəfindən ödənilir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə onları məlumatlandırmadan və xəbərsiz olaraq qeyd olunan ünvanda evə dair ********** saylı qeydiyyat nömrəsi olan çıxarış əldə etmişlər və həmin evi əsassız olaraq xüsusi mülkiyyətlərinə keçirmişlər və çıxarış əldə etmişlər. Xüsusi mülkiyyətçi kimi qeyd olunan X10 isə həmin ünvanda qeydiyyatda belə yoxdur. Bakı Şəhər Oktyabr Xalq deputaları Soveti İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı qərarından görünür ki, mərhum əri X13 həmin evdə qeydiyyatdadır. Həmin vaxt mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edilib qeydiyyata alınsa da, bu günə qədər mənzil verilməmişdir. Bildirir ki, 1972-ci ildən mərhum əri X14, 1975-ci ildən sonra o və ailə üzvləri yaşadıqları mənzildən tam, mübahisəsiz istifadə etmiş, mübahisəsiz sahibliklərində olmuş, kommunal, telefon, su, elektrik, qaz enerjisi xərcləri tərəflərindən ödənilmişdir.

18. Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 160 nömrəli fərdi yaşayış evini babası cavabdehin nənəsi X15 adına almışdır. Həmin ev alınarkən evin ümumi sahəsi 0.830 kv.m olmuşdur, bundan 0.2778 kv.m yaşayış evi, 0.101 kv.m torpaq sahəsi, qalan hissə isə evlə üzbəüz at saxlamaq üçün yer olmuşdur. Təxminən 1950-ci illərdə həmin atların saxlanılması üçün olan hissə naməlum səbəbdən o vaxtkı Oktyabr rayonu MKİİ-nə keçmişdir. Daha sonra həmin ev qanun üzrə vərəsəlik qaydasında cavabdehin anasına və nənəsinin adına keçmişdir. İstər əvvəlki sənədlərdə, istərsə də vərəsəlik işlərində həmin fərdi yaşayış evinin ümumi sahəsi 0.3817 kv.m qeyd olunmuşdur. Həmin evə 1967-ci ildə cavabdehin anası X5 adına, o zaman qırmızı çıxarış deyilən yəni həm torpaq sahəsini, həm də ümumi evi əhatə edən çıxarış verilmişdir. DƏDRX-in 2011-ci il tarixdə verdiyi Çıxarışda yanlışlıq olduğundan və aşkar edildikdən sonra yenidən DƏDRX-ə müraciət olunmuş və 2021-ci ildə həm evə, həm torpağa düzgün çıxarış verilmişdir. Bu çıxarış tam qanuni və əsaslı olmaqla hüquqlarının təminatıdır. Bundan başqa bildirir ki, M.Fətəli küçəsi ev 160 da 5 ayrı-ayrı təsərrüfatı olan ailələr yaşayır (cavabdeh öz ailəsi ilə, bacıları Qurbanova Ofeliya və İsayeva Esmira öz ailələri ilə və cavabdehin iki oğlu öz ailələri ilə).

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 602/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia tələbi təmin edilməmişdir.

20. Məhkəmə qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlərin ulu babalarından onlara miras qalmış, növbəliliyə əsasən yekun olaraq cavabdehlərin mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlaka dair cavabdehlərin mülkiyyət hüququ vərəsəlik qaydasında və bağışlanma müqaviləsi əsasında əldə edilmişdir. İddiaçı isə hazırda sözügedən mübahisəli mənzilin cavabdehlərin mülkiyyətinə keçməsini təmin edən hüquqi əsasları mübahisələndirir. Lakin 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadərnamələrin verilməsi zamanı, bağışlanma müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir.

21. Bununla yanaşı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu ünvanlamış və sorğuya verilən cavab məktubuna əsasən cavabdehlər tərəfindən əmlakın əldə edilməsinin qanunsuzluğu əsasları, vərəsəlik şəhadətnamələrinin ləğvi və ya iddiaçının mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun olması, mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları müəyyən edilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdyi faktları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

22. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla, iş materialları ilə də təsdiq olunmudur ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evi məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsidir. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır.

23. Məhkəmə həmçinin iddia tələbinin “onlardan doğan hüquqi nəticələrin və çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 337.1, 337.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsində istinad edilən bütün sübutlar məhkəməyə təqdim edilmiş, məhkəmə təqdim edilən sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən istinad edilən ləğvi qoyulan sənədlər üzrə həmin sənələri vermiş notariat orqanları və çıxarışı verən təşkilatlar işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli, iddia tələblərinə dair onların fikirləri dinlənilib, izahatlarının alınması təmin edilməmişdir. Məhkəmə cavabdehlərin adlarına onların mülkiyyətində olmayan, evlər idarəsinin balansında 1\2 hissə saxlanılmış və iddiaçının həmin evlər idarəsinin balansında olan evdə yaşamağına hüquqi qiymət verməmişdir. Halbuki, cavabdehlər evlər idarəsinin balansında olan mənzillərini, o cümlədən onun yaşadığı, istifadəsində və sahibliyində olan evi öz adlarına rəsmiləşdirmişdilər. Məhkəmə işin bu halını görməməzlikdən gəlmişdir. Cavabdeh tərəfin vəkili tərəfindən məhkəməyə təqdim edilən sənədlər rus dilində olmaqla Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan Dilinə tərcümə edilməmişdir. Xarici dildə olan sənədlər Azərbaycan Respublikası Məhkəmələrinə yalnız Azərbaycan dilinə tərcümə edilmiş formada təqdim oluna bilər. Əks halda sübutlar sırasında aid edilib istinad edilə bilməz. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 2(004)-3964/2023 saylı qətnamənin isə bu iddia ilə heç bir əlaqəsi yoxdur və həmin mülki işdə tərəf, maraqlı şəxs qismində iştirak etməmişlər. Bakı şəhər icraiyyə Komtəsi tərəindən verilmiş 1967-ci il tarixli çıxarışından görünür ki, Mizə Fatalı küçəsində yerləşən 160 saylı ünvanda olan mənzillərin 1\4 hissəsi X3, 1\4 hissə Evlər idarəsinin balansındadır. Çıxarışda mənzil sahəsi kv. metri qeyd edilməmişdir. Yəni həmin ünvanda qeyd edilmir. İlkin çıxarışlarda torpaq üzərində mülkiyyət dövlət mülkiyyəti qeyd edilir. Həmin torpaq sahəsinin cavabdehlər tərəfindən xüsusi mülkiyyət keçirilməsi barədə vərəsəlik işində heç bir sənəd təqdim edilmir. 2v-185 saylı vərəsəlik işində olan xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsindən də görünür ki, 1\2 hissə JEKİN balansındadır. Mənzil istismar sahələri (JEK) balansında olan evlər isə dövlət mülkiyyəti sayılır. Həmçinin Bakı şəhəri Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 3m- 2.129 saylı vərəsəlik işində olan çıxarışda, xx.xx.1978-ci il trixində X19 1\8 hissə, X12 3\8 hissə, 4\8 hissə isə evlər idarəsinin balansında qalmışdır. Yəni, qeyd edilən evin 4/8 hissəsi qeyd edilən şəxslərə məxsus olmamışdır. Bu sənədlə saxtakarlıqlara başlayan cavabdehlər, rəsmi dövlət orqanlarının köməyi ilə qeyd edilən ünvanı tam olaraq öz mülkiyyətlərinə keçirmələrinə nail olmuşlar. Əsassız olaraq JEK-in balansında olan 1\2 hissə əmlak mənimsənilmişdir. Onların yaşadığı, istifadə və sahiblik etdiyi 34 kv. metr əsassız olaraq cavabdehlərin adlara keçirilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 ziddiyyətli ifadələr vermiş, gah mənzili onlara kirayə verdiyini, gah satılması iddiasının olması, gah qonşuluqda olan mənzilini 350 manata kirayə verdiyi, özünün bağda yaşadığını bildirmişdir. Cavabdeh2 dediklərinə inansaq belə bir sual meydana çıxır ki, nə vaxtdan cavabdehin mərhəməti ilə orada yaşayan iddiaçı tərəf bütün komunal xidmətləri, işıq, qaz, su, telefon xərcləri onların adına yazılmaqla iddiaçı tərəfdən ödənməlidir. Yəni, Cavabdeh2 dediyi kimi olsa idi, mənzil onun tərəfindən iddiaçı və onun ailə üzvlərinə kirayə verilsə idi, bütün xərclər Cavabdeh2 adına gəlməli və onun adından ödənməli idi. Sual olunur ki, həqiqətən də iddiaçı və onların ailə üzvlərinin yaşadığı 34. kv.m olan mənzil cavabdehlərə aid olmuşsa, nə üçün bu günə qədər məhkəmədə onların mənzildən və qeydiyyatdan çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət edilməmişdir. İddiaçı tərəf evlər idarəsinin balansında olan mənzil sahəsində kirayə yaşamış yəni, kirayədar Cavabdeh2 olmamışdır. 1971-ci ildə dövlət mənzil fonduna aid olan mənzildə kirayəçi olmuşdur. Kirayəçiyə verilən bütün hüquqlardan istifadə etmişlər. Cavabdehlər tərəfindən onların mülkiyyətində olmayan mənzillərin öz adlarına keçirilməsi iddiaçının hüquqlarını birbaşa pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırmış, həmçinin bildirmişdir ki, birinci növbədə, ümumiyyətlə iddiaçının cavabdehlərə qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Həmçinin “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, özəl sahə dedikdə vətəndaşların xüsusi mülkiyyətində olmayan bələdiyyə və dövlət mülkiyyəti nəzərdə tutulur. Qarşı tərəf öz etirazlarında etiraf edirlər ki, hazırki sahədə həmin sahənin onlara heç bir aidiyyəti yoxdur. Notarius və reyestr xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməli idilər. Belə ki, əmlakın tam olaraq cavabdehlərin mülkiyyətinə hansı əsasla keçməsi məlum deyil. Forma arayışda bütün şəxslərin adı çıxır, habelə Daxili İşlər Nazirliyindən orada qeydiyyatda olan şəxslər dairəsi ilə bağlı arayış əldə etmişdir. İbrahimov Əlibala adından iddia qaldırıldı, lakin məhkəmədə iddia qaldırdığı dövrdə dünyasını dəyişdiyi üçün yoldaşının adından iddia qaldırmışlar. Hazırda iddiaçının yaşadığı əmlakın ətrafında olan bütün tikililər sökülür. Həmin evlərin plan sxemini təqdim etmişdir. Cavabdehlərin əldə etdikləri sənədlər iddiaçının digər hüquqlarını məhdudlaşdırır. Sağ və sol hissə cavabdehlərindir, iddiaçı yaşayış sahəsi ortada yerləşir. Məhkəməyə təqdim edilən qətnamə üzrə təmsil etdiyi şəxs izahat vermiş və 1975-ci ildə oraya gəlin köçdüyünü bildirmişdir. Qarşı tərəfin təklif etdiyi pulu istəmirlər. Onların yeri dövlət mülkiyyətində olduğu tanındıqdan sonra pulu müəssisədən alacaqlar. İddiaçı yaşadığı hissənin çıxarışla kimə məxsus olduğunu bilmir. Cavabdehlərə verilmiş çıxarışın kökü yanlışdır. İddiaçı 1971-ci ildən dövlətin verdiyi əsasa uyğun olaraq orada qeydiyyata düşmüşdür. XDS rəsmi surətdə onun orada yaşadığını tanımışdır. İddiaçının yaşayış sahəsini özəlləşdirmə hüququ var. Özəlləşdirmə üçün XDSnin rəsmi qərarı var. Bağışlama müqaviləsini 19 saylı Dövlət İdarəsinə sorğu verərək əldə etmişdir. Bu müqavilə birinci instansiya məhkəməsində də təqdim edilmişdir. Hal-hazırda onlarda mövcud olan bu sənədlər gizlədilib və notariata təqdim olunmayıb, hətta bu sənəddə 9-un xanıma aid olduğu göstərilir. Bu ev dövlətin mülkiyyətindədir, özəlləşdirilməsinə aid heç bir sənəd mövcud deyil. Nə onlara, nə də dövlətə məlum olmayan səbəblərdən ev qarşı tərəfin adına keçmişdir. Məmmədov Eyyub özünə aid olan payı bağışlamışdır, lakin Zübeydə xanıma aid olan hissə bağışlanmamışdır. Onların bu gün yaşadığı yerin qarşı tərəfin mülkiyyətinə heç bir aidiyyatı yoxdur. Hal-hazırda 1971-ci ildən həmin evdə yaşamaqla tam maneəsiz evdən istifadə etmişlər. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər və iddiaçının istifadə hüququ Yasamal Rayon Məhkəməsi tərəfindən tanınmışdır. İddiaçının istifadə hüququ pozulur. Mülkiyyətçi bağışlama müqaviləsində göstərilən sənədi rəsmi orqanlara təqdim etmədiyindən onlara aid olan evi öz adına özəlləşdirərək həmin mənzillə bağlı vəsaiti əldə etmişdir.

29. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, sonuncu çıxarışın düzəlişində söhbət torpaqdan gedir. Belə ki, tikili əvvəlki çıxarışda da qeyd olunmuşdur. Bu evin ümumiyyətlə jekə aidiyyəti yoxdur, fərdi yaşayış evidir. Eyni iddia ilə orada qeydiyyatda olan X25 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə məhkəmə iclası zamanı hazırki İddiaçı təmsil etdiyi Cavabdeh2 xeyrinə izahat verərək, oranın əvvəldən cavabdehlərə məxsus olmasını bildirir. Hazırda bu iddianın qaldırılmasına səbəb orada söküntü işlərinin aparılmasıdır. Tikinti işlərini aparan şirkət təmsil etdiyi şəxsə qarşı çıxarışın ləğv edilməsi iddiası ilə iki dəfə məhkəməyə müraciət etmişdir. Lakin iddia doğru olmadığından hər iki iş üzrə baxılmamış saxlanıldı. Söhbət torpaqdan gedir. Əvvəlki çıxarışda torpaq qeyd edilməsə də, sonuncu çıxarışda torpaq qeyd edilmişdir. Təmsil etdiyi şəxs bildirir ki, iddiaçı 1971-ci ildən orada yaşayır və bütün kommunal ödənişləri də onlar ödəməlidir, tikinti şirkəti onunla razılıq əldə edib ödəniş etdikdən sonra o da öz növbəsində iddiaçı ilə razılıq əldə edəcək. Hər hansı hüquq pozuntusu mövcud deyildir.

30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdə olan sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin 2/1 hissəsi xx.xx.1933-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehlərin nənəsi X15 mülkiyyətinə keçmiş, hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsi, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin 2/1 hissənin vərəsələrə keçməsi və bağışlanması ilə bağlı olmuşdur.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin sənədlərin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar müəyyən edilmir. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadərnamələrin verilməsi zamanı, bağışlanma müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.

39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, həmin sənədlərin, habelə həmin əmlaka bütövlükdə cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən çıxarışın mübahisələndirilməsi üçün subyektiv hüququ yoxdur.

40. Belə ki, işdə olan Bakı şəhəri Oktyabr rayonu xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı Qərarı ilə müəyyən edilir ki, iddiaçının əri ailə üzvləri ilə birlikdə M.Fətəli küçəsi, 160-da özəl sektorun binasında kirayəçi kimi yaşayır və 1971-ci ildən həmin ünvanda qeydiyyatdadır.

41. Həmin qərardan göründüyü kimi, iddiaçı ailə üzvləri ilə birlikdə dövlətin mülkiyyətində olan hissədə deyil, özəl sektorun binasında, yəni 1933-cü ildən X15 mülkiyyətində olmuş yaşayış sahəsində kirayəçi kimi yaşamağa başlamışdır.

42. Bundan başqa, sözügedən qərar ilə iddiaçının əri X13 yaşadığı yer üzrə mənzil qeydiyyatına alınmışdır, qərarda məhz həmin evdən ona yaşayış sahəsinin ayrılacağı qeyd edilməmişdir.

43. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiyinə əsasən məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən ünvanda istifadə hüququ da tanınmışdır. Bundan başqa, apellyasiya şikayətində qeyd olunur ki, həqiqətən də iddiaçı və onların ailə üzvlərinin yaşadığı 34. kv.m olan mənzil cavabdehlərə aid olmuşsa, nə üçün bu günə qədər məhkəmədə onların mənzildən və qeydiyyatdan çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin sözügedən ünvanda qeydiyyatda olması, həmin yaşayış sahəsindən istifadə etməklə kommunal xidmətlərə görə ödənişlər etməsi, habelə sonradan həmin sahəyə məhkəmə aktı ilə istifadə hüququnun tanınması onun cavabdehlərin mülkiyyətində olan sahəyə mülkiyyət hüququnun əldə edilməsi üçün əsas deyil. İddiaçının apellyasiya şikayətinin məzmunundan da müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən istifadə edilməsinə maneələr yoxdur, cavabdehlər tərəfindən iddiaçının mənzildən və qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırılmamışdır.

45. Mülki qanunvericiliyin tələblərinə əsasən yaşayış evinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil.

46. Bakı şəhəri, Yasamal rayonu, X49 küçəsi, 160 saylı fərdi yaşayış evinin dövlətin mülkiyyətində olmuş 2/1 hissəsinin gələcəkdə iddiaçının mülkiyyətinə keçməsi (özəlləşdirilməsi) üçün hüquqi əsaslar da iş materiallarından müəyyən edilmir. Yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Oktyabr rayonu xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı qərarı ilə iddiaçının əri X13 yaşadığı yer üzrə mənzil qeydiyyatına alınmışdır, qərarda məhz həmin evdən ona yaşayış sahəsinin ayrılacağı qeyd edilməmişdir.

47. Bundan başqa, 1971-ci ildən başlayaraq vəfat etdiyi tarixədək (xx.xx.2024-cü il) iddiaçının əri tərəfindən mənzil növbəsinə qəbul edildiyinə görə məhz həmin evdə ona yaşayış sahəsinin təqdim edilməsi barədə aidiyyəti dövlət qurumlarına müraciət edilməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilərkən notariat ofisi və reyestr xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməmiş, sonradan bununla bağlı birinci instansiya məhkəməsində onun tərəfindən vəsatətlər verilməmişdir. Məhkəmə kollegiyası hazırki işə apellyasiya qaydasında baxarkən həmin qurumların üçüncü şəxs qismində işə cəlb edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərin rus dilində olması ilə bağlı iddiaçının dəlillərini isə məhkəmə kollegiyası formal hesab edir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 602/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar