Məhkəmə qərarları › İş №2(103)-2979/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2979/2025

02.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2979/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1393/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1393/2024 saylı, 30 may 2024cü il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, 3 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1393/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi ona göndərilməmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsi vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsinə əsasən qətnamənin surətini xx.xx.2025-ci il tarixdə almışdır. Yuxarıda qeyd olunan səbəbdən prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsini xahiş edir. İddiaçı müddətin bərpasına dair ərizəyə dair yazılı etiraz verərək bildirmişdir ki, buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinə qəti etiraz edir. Belə ki, mülki işə baxılarkən dəfələrlə 11 saylı cəzaçəkmə müəssisəsinə bildirişlər göndərilmiş, həmçinin qətnamənin surəti cəzaçəkmə müəssisəsində cavabdeh tərəfindən vaxtında alınmışdır. Proses gedişində dəfələrlə cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış və iddia barədə məlumat vermişdir. Qardaşı Vüqar qətnamədən 2024-cü ilin iyun ayından məlumatlı olmuş, qətnamənin surətinin özünə verildiyini bildirmişdir. Onun səkkiz aydan sonra apellyasiya şikayəti verməsinə qəti etiraz edir. Cavabdehin ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi hallar yalan, şər və böhtandan ibarətdir. Cavabdeh öz övladına təcavüzə görə məhkum edildiyi halda, onun guya övladına görə narahat olması tamamilə yalandır. Qeyd olunanlara əsasən, ərizəyə iştirakı olmadan baxılmasını və ərizənin əsassız hesab olunaraq rədd edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1393/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1393/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilərək 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh ünvanlanan məhkəmə bildirişləri həmin cəzaçəkmə müəssisəsinə göndərilmiş, poçt xəbərnamələrinə əsasən rəsmi qaydada ona verilmişdir. Bu halı cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsi də təsdiq edir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti cavabdehə 10 iyun 2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. Cavabdehin apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi isə həmin vaxtdan səkkiz aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, həmçinin ərizədə göstərilən hallar (o cümlədən qətnamənin surətinin guya sonradan ərizəyə əsasən verilməsi) iş materialları ilə təkzib olunur, ona görə də müddətin üzrlü səbəbdən buraxılmasını müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müddətin bərpasına dair ərizə əsassız hesab olunaraq təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(002)-1393/2024 nömrəli qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 may 2024-ci il tarixli, 2(002)-1393/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətini vermə müddətinin bərpa olunması ilə bağlı ərizə ilə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli qərardadla prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Hazırda o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hesab edir ki, onun xx.xx.2025-ci il tarixdə prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsi xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, ona və iddiaçıya bu barədə bildiriş göndərilmişdir. 14 fevral həftənin şənbə gününə, 15 fevral isə bazar gününə təsadüf edir. İstirahə günləri “nəzərə alınmaqla” iclas təyin edilmişdir. İddiaçı altıncı-bazar günlərində bu bildirişi almış, hətta 17 fevrala qədər məhkəməyə ərizə göndərmişdir. Hətta hökmə qədər bu ərizə dəftərxanadan məhkəməyə çatmışdır. Hesab edir ki, Mülki Məcəllədə və Cinayət Məcəlləsində müddətin bərpa edilməsinə dair ərizənin qarşı tərəfə göndərilməsi ilə bağlı heç bir müddəa yoxdur. Həmçinin, hesab edir ki, qanunvericiliyə əsasən apellyasiya şikayəti qarşı tərəfə göndərilməməlidir. Qarşı tərəf apellyasiya şikayəti ilə bağlı etirazını yazıb göndərə bilər. Bildiriş iki yerə göndərilmiş, biri 14-15 fevral tarixlərində, digəri isə 19-20 fevral tarixlərində çatmışdır. Hesab edir ki, hakimin göstərişi əsasında köməkçisi iddiaçıya şəxsi telefonundan zəng vuraraq məhkəməyə çağırmış, hakim iddiaçıya diktə etmiş, iddiaçı isə yazıb imzalamışdır. Barəsində qətnamə verilən şəxslərdən ikisi azyaşlıdır. Azyaşlıların anası məhkəməyə çağırılmır, telefon zəngi edilmir. Analarına o da etibarnamə vermiş, onun adından məhkəmədə iştirak etməsini etibar etmiş və bu barədə etibarnamənin surətini ərizəyə əlavə etmişdir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli qətnamə əsassızdır, heç bir mötəbər və konkret sübutlara istinad edilməyib. Üç nəfərin sözü ilə qətnamə qəbul olunub. İki övladının qeydiyyatdan çıxarılmasına görə hazırda hərbi xidmətə gedə bilmirlər. Hələ sülh sazişinin imzalanmadığı bir dövrdə iki gəncin xidmətə göndərilməsinə maneçilik törədilməsi Ermənistanın maraqlarına uyğun gəlir. Maddi maraqlarını dövlətin maraqlarından üstün tutan hakimin qətnamə və qərardadı ləğv olunmalıdır. Hakim də yaxşı bilir ki, apellyasiya məhkəməsi onun qəbul etdiyi qətnaməni ləğv edəcək. Bu səbəblə müddətin bərpa edilməsinə süni maneçilik yaradır. Ona görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-1393/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1393/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-1393/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmılşdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.6. Apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1393/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi cavabdehin cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmiş, qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verən cavabdeh apellyasiya şikayətinin forma və məzmununa əməl etməmiş, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutunu, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəmə aktını təkrar aldıqdan sonra apellyasiya şikayəti verməsi müddətin buraxılmasının üzürlü səbəblərdən baş verməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa cavabdehin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olan xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, hazırkı mülki işlə bağlı ona göndərilən sənədləri almış, bu işlə bağlı narahat edilməməsini xahiş etmişdir. İstinad olunanlara əsasən kollegiya cavabdehin ərizəsində və şikayətində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya eyni zamanda izah edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1393/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsindən yetkinlik yaşınaçatmayan cavabdehlər xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları tərəfindən prossesual qanunvericiliyin tələblərinə əməl edilməklə apellyasiya şikayəti verilə bilər. Bu hüquqdan istifadə edə bilməsi üçün ona cavabdeh tərəfindən etibarnamə verilməsinə zərurət yoxdur. Belə ki, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən həyata keçirilir. (AM-in 51.2.-ci mad.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 1393/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar