Məhkəmə qərarları › İş №2(103)-298/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-298/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-298/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Stomatoloji Diş klinikasına və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Stomatoloji Diş klinikasına və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2425/2023 saylı, 4 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh1 ilə aralarında şifahi podrat müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən ona klinikada görəcəyi təmir işlərinin əvəzində pul vəsaitinin ödənilməli olmasına, lakin təmir işlərinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir vəsaitin ödənilmədiyinə istinad etmiş, cavabdeh tərəfindən təmir işlərinin əvəzi olaraq 3.972 manat məbləğin oa ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 Stomatoloji Diş klinikasına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 Stomatoloji Diş klinikasından və Cavabdeh1 3.972 manat pulun və ödədiyi 58 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, təmir işləri ilə məşğul olur. O, müxtəlif tikililərdə adətən səlahiyyətli şəxslərin tapşırığı ilə şifahi podrat müqaviləsi əsasında təmir işlərini həyata keçirir. 2020-ci il tarixdə aprel ayında Bakı şəhəri Xətai rayonunda yerləşən Cavabdeh2 Stomatoloji Diş klinikasının adından Cavabdeh1 onunla əlaqə saxlayaraq qeyd olunan klinikada müvafiq təmir işlərini görməsini ona sifariş etmişdir. Cavabdeh2 Stomatoloji Diş klinikasının adından Cavabdeh1 ona sifarişi tamamladıqdan sonra təmir ləvazimatlarını almaq məqsədilə çəkdiyi xərcləri və müvafiq işlərin görülməsi qarşılığında ödəniş ediləcəyini bildirmişdir. Aralarında bağlanmış şifahi podrat müqaviləsinə əsasən, o, təmir işlərini sentyabr ayına qədər yekunlaşdırmalı, rəhbərlik isə işlər bitdikdən sonra ona ödəniş etməli idi. O, sentyabr ayında bütün işləri tamamladıqdan sonra Cavabdeh1 ilə əlaqə saxlayaraq ödənişi tələb etmiş, sonuncu isə müxtəlif bəhanələrlə bir neçə gün ərzində etdiyi işlərin siyahısına uyğun olaraq ona ödəniş ediləcəyini bildirmişdir. Artıq uzun müddətdir ki, ona təmir işlərinin nəticəsində ödənilməli olan 3.800 manat məbləğində pul vəsaiti ödənilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2425/2023 saylı 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı müqavilənin olması, onun klinikada təmir işlərini aparıb başa çatdırması, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı cavabdeh ilə arasında “whatsapp” proqramı vasitəsilə aparılan yazışmanı təqdim edərək məhkəmə tərəfindən onun sübut kimi qəbul olunmasını xahiş etmişdir. İstinad olunan yazışma məhkəmə tərəfindən təhlil edilərək həmin yazışmalardan iddiaçının istinad etdiyi halların həqiqiliyinə dəlalət edən yazışmanı aşkar etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçı məhkəməyə öz əlyazması ilə tərtib edilmiş 2020-ci il mart-sentyabr aylarında görülən təmir işləri ilə bağlı smetanı təqdim edərək bunun da sübut kimi qəbul olunmasını xahiş etmişdir. Lakin əlyazmada əks olunanların cavabdehlə razılaşdırılması, həqiqətən də oradakı işlərin icra edilməsi, görülmüş işlərin dəyərinin orada göstərilən miqdarda olması ilə bağlı hər hansı bir sübut mövcud olmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2425/2023 saylı 4 may 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanunsuz və əsassız olmaqla yanaşı heç bir mötəbər sübutlaəsaslandırılmamışdır. Belə ki, həmin qətnamədə məhkəmə onunla cavabdeh arasında hər hansı müqavilənin olması, onun klinikada təmir işlərini aparıb başa çatdırmağı, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilmədiyini, bu halların məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədiyini qeyd etsə də, bununla bağlı qeyd edir ki, o, məhkəmədə X1 və X4 şahid qismində dəvət olunub dindirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. O, hazırki iş üzrə iddiası rədd olunduqdan sonra cavabdehdən tələb etdiyi pul vəsaitinin alınıb ona qaytarılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xətai RPİ-nin 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib və X5 həmin bölmədə işlə bağlı xx.xx.2023-cü ildə izahat verərkən onunla birlikdə 2020-ci ilin mart ayında Cavabdeh2 Stomatoloji Diş klinikasında təmir işləri apardığını, həmin təmirdən sonra cavabdeh tərəfindən müəyyən məbləğ pul ödənilsə də 3.972 manat pulu ödəmədiyini, hətta apardığı həmin təmir işlərinə görə onun pulunu Mustafa ödəmədiyinə görə hələ də Müslümə olan 580 manat pulu ödəyə bilmədiyini, həmçinin onun onunla Mustafa arasında olan borca dair söhbətlərdə iştirak etdiyini, Mustafanın dəfələrlə ondan borcu ödəmək üçün möhlət alsa da həmin borcu ödəməməsini bildirdi. Həmçinin həmin bölmədə etdiyi şikayət üzrə X6 da izahat verərək, Cavabdeh2 Stomatoloji Diş klinikasında tərəfimdən aparılan təmir işləri üzrə Mustafanın ona ödəməli olduğu 3972 manat borc pulla bağlı söhbətlərdə iştirak etdiyini, həmin söhbətlərdə Cavabdeh1 ona pul borcu olduğunu təsdiq etdiyini, pulu vermək üçün müxtəlif vaxtlar təyin etdiyini, axırıncı dəfə Cavabdeh1 yaranan borcu 2 həftəyə verəcəyini söz versə də həmin borcu ödəməməsinə dar izahatlar vermişlər. Bundan əlavə, həmin qətnamədə məhkəmə onun cavabdeh ilə arasında “whatsapp” proqramı vasitəsilə aparılan yazışmanı məhkəməyə təqdim etsə də istinad olunan yazışmanın məhkəmə tərəfindən təhlil edilərək həmin yazışmalardan istinad etdiyi halların həqiqiliyinə dəlalət edən yazışmanı aşkar etmək mümkün olmadığını qeyd etmişdir. Halbuki, həmin yazışmada və səs yazılarında cavabdehin hər dəfə ondan pulunu tələb etsə də o hər dəfə səbrli olmağını, yaxın vaxtlarda pulunu qaytaracağını qeyd edir, hətta yazışmaların birində ona Gürcüstan Respublikasında olduğunu, oradan borcunun əvəzinə avtomobil gətirməyi təklif edir. Beləliklə, məhkəmə onunla Cavabdeh1 arasında şifahi podrat müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən ona klinikada görəcəyi təmir işlərinin əvəzində pul vəsaitinin ödənilməli olmasına, lakin təmir işlərinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir vəsaitin ödənilməməsinə əhəmiyyət verməmiş və əsassız olaraq iddianın rədd olunması barədə məhkəmə qərarı çıxarmışdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, 2020-ci ilin mart-sentyabr aylarında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Cavabdeh2 Stomatoloji Diş klinikasında təmir-tikinti işləri aparırdı. Həmin işlər cavabdehlə aralarında olan şifahi danışıqlar əsasında aparılırdı Məhkəməyə təqdim olunmuş smeta heç kim tərəfindən imzalanmayıbdır, çünki cavabdeh hər dəfə deyirdi ki, filan yerə gəl, lakin daha sonra gəlmirdi. İş materiallarına həmin işlərin görülməsini təsdiq edən whatsapp danışıqları əlavə edilmişdir. O ustadır, fərdi sahibkar kimi qeydiyyata alınmamışdır. Tərəflərlə yalnız şifahi danışıq əsasında iş görürdü, yazılı müqavilə istəyən zaman imtina edirdilər. Dəfələrlə həmin yerə getmiş, şahidlər də orada olmuşdur, cavabdeh ona 3972 manat pul borcludur. O, bəzi işlərin pulunu almış, iş materiallarına əlavə edilmiş smetada haqqı ödənilməmiş işlərdir. O, orada 2020-ci ilin mart ayından sentyabr ayına kimi işləmişdir. Danışıqlar Mustafanın özü ilə aparılmışdır.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən işlərin görülməsinə baxmayaraq cavabdeh tərəf ödənişlərin müəyyən hissəsini etsə də, qalan hissəsini ödəməkdən yayınmışdır. İddiaçı həmin işləri tək yerinə yetirməmişdir, həmçinin onunla birgə Səfərov Müslüm də iştirak etmişdir. Hətta həmin məbləğdən hazırda 580 manatını İddiaçı Səfərov Müslümə borcludur. Həmçinin digər şahid Cəbrayılov Elçindir. Hər dəfə İddiaçı cavabdehdən pulu tələb etdikdə, o iddiaçıya səbrli olmağı, müəyyən müddətə gözləməyi bildirmiş, müəyyən bəhanələrlə pulun verilməsini yubatmışdır. Bu işin məhkəmə tərəfindən mülki qaydada araşdırılaraq iddia rədd olunduqdan sonra Xətai Rayon 34-cü Polis Bölməsinə müraciət olundu və orada Mehmanla bərabər onların da izahatları alındı. Həmin izahatlar iş materiallarına əlavə olunubdur. Həmin işlərin görülməsini təsdiq edən şəkillər vardır.

11. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X7 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia tamamilə əsassızdır. Heç bir podrat müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən heç bir iş görülməmişdir, bu barədə heç bir razılaşma olmamışdır. Onlar iddianı və apellyasiya şikayətini qəbul etmir. Klinikada hər 3 ay, 6 aydan bir təmir işləri gedir, orada iddiaçı təmir işləri görməmişdir.

12. Məhkəmə iclası zamanı sədrlik edənin göstərişinə əsasən Cavabdeh1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmışdır. Cavabdeh1 İddiaçı tanıdığını, İddiaçı klinikada işlədiyini, haqqını tam şəkildə ödədiyini, Mehman və yoldaşının onun klinikasında dişlərini düzəldirdiyini, İddiaçıla yoldaşının dişinin dəyərindən aşağı qiymətə düzəltdiyini, klinikada İddiaçı emulsiya, alçıpan işlərini gördüyünü, xaricə gedəcəyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, nümayəndəsinin məhkəmə iclasında iştirak etdiyini, son zamanlar klinik ada yeni ustalar işlədiyini bildirmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 22.445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 23.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 24.752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 25.759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyəbilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 26.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 27.770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 31.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 33.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 35.İş materiallarından göründüyü kimi iddiaçı şifahi formada bağlanmış podrat müqaviləsi üzrə işlərin nəticələrini cavabdehə təhvil verdiyinə istinad etməklə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi tələb edir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər iddiaçı tərəfindən iddia edilən işlərin podrat müqaviləsi üzrə sifarişçi olan cavabdeh ilə razılaşdırılaraq icra edilib-edilməməsi, mübahisə predmetini təşkil edən təmir işlərinin iddiaçı tərəfindən kimin sifarişi əsasında və hansı həcmdə yerinə yetirilməsi faktı təşkil edir. 36.Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 37.Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı müqavilənin olması, klinikada təmir işlərini aparıb başa çatdırması, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. 38.Sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq podrat müqavilələri üzrə görülmüş işlərin nəticələrinin sifarişçiyə təhvil verilməsini, göstərilən xidmətlərin həcmini sübut etmək yükü iddiaçının üzərinə düşür. 39.Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillər üzrə iddianın əsaslı olub-olmamasını yoxlamaq məqsədilə ekspertizanın təyin edilməsini labüd hesab etmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 40.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/8956 saylı ekspert rəyindən görünür ki, mülki işin materiallarına əlavə edilmiş smetada (iş vərəq 37-38) göstərilən işlərin Cavabdeh2 stomatoloji diş klinikasında aparıldığı, Cavabdeh2 stomatoloji diş klinikasında yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3.648,0 manat məbləğində olduğu müəyyən edilmişdir. 41.Bundan başqa məhkəmə iclası zamanı Cavabdeh1 ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılmış, o, İddiaçı tanıdığını, İddiaçı klinikada işlədiyini, haqqını tam şəkildə ödədiyini, Mehman və yoldaşının onun klinikasında dişlərini düzəldirdiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh1 müqavilə üzrə görülməli işlərin onunla razılaşdırıldığını, nəticələrinin təhvil verildiyini inkar etməmiş, bunun müqabilində iddiaçı və qohumları üçün başqa xidmət göstərdiyini qeyd etmişdir. 42.Beləliklə işdə olan sübutlara əsasən tərəflər arasında şifahi formada bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı, iddiaçının həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etdiyi öz təsdiqini tapmış, bununla da həmin müqavilədən irəli gələn cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyi sübuta yetirilmişdir. Cavabdeh isə öz növbəsində öhdəliyi tərəflərin razılaşması ilə başqa formada icra etdiyini, bununla da öhdəliyə xitam verildiyini sübut edə bilməmişdir. 43.Bununla belə iddiaçı müqavilə üzrə ödənilməli olan muzdun iddia ərizəsində göstərdiyi həcmdə razılaşdırıldığını sübuta yetirə bilməmiş, belə olan halda məhkəmə iş üzrə əldə edilmiş ekspert rəyinə əsasən Cavabdeh2 stomatoloji diş klinikasında iddiaçı tərəfindən yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3.648,0 manat məbləğində müəyyən edilmiş təqribi dəyərinin ağlabatan olduğunu qəbul edərək hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğ ekspert rəyində göstərildiyi həcmdə müəyyən edilməlidir. 44.Bundan başqa işin hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh1 ilə onun arasında müqavilə münasibətlərinin yarandığını sübuta yetirə bilsə də, digər Cavabdeh2 stomatoloji diş klinikasının işlərin görülməsi və s. ilə əlaqədar danışıqlara hər hansı aidiyyəti, aralarında öhdəlik hüquq münasibətlərinin yarandığı müəyyən edilmir və belə olan halda da iddiaçı ödənilmiş pul məbləğini ikinci cavabdehdən tələb emək hüququna malik deyildir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 45.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən istinad edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 46.Bununla əlaqədar apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2425/2023 saylı 4 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməklə 3.648 manat və dövlət rüsumu kimi ödənilmiş 87 (58+29) manatın 84 manatı, cəmi 3.732 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia Cavabdeh2 Stomatoloji diş klinikasına münasibətdə rədd edilməlidir. 47.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 48.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2425/2023 saylı 4 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 3.648 manat və dövlət rüsumu kimi ödənilmiş 87 (58+29) manatın 84 manatı, cəmi 3.732 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 Stomatoloji diş klinikasına münasibətdə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 96 manatı Cavabdeh1, 4 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar