Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2982/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 11.188,10 manat maddi, 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 16.188,10 manat və qətnamə icra olunan günədək hər gün üçün ümumi məbləğin 1% hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinin, 73-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı 01 avqust 2003-cü ildən 30 mart 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilib. 30 mart 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən xitam verilib və həmin tarixdə onunla yeni yaradılmış cavabdeh arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanıb və o, “Əmək bazarının proqnozlaşdırılması” Şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 30 iyun 2020-ci il tarixli, **********5 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə 30 iyun 2020-ci il tarixdən xitam verilib. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsasına görə xitam verilib. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinin müddətli olduğunu bilmədiyini, bu faktla bağlı aldadıldığını iddia etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər və kifayətedici sübutlar təqdim etməyib. Digər tərəfdən, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə də müqavilə məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinin tələbləri pozulmayıb. Ona görə də iddia rədd olunmalıdır. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4757/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-159/2022 saylı, 01 fevral 2022-ci tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4757/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 01 avqust 2003-cü ildən 30 mart 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilib. 30 mart 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən xitam verilib və həmin tarixdə onunla yeni yaradılmış cavabdeh arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanıb və o, “Əmək bazarının proqnozlaşdırılması” Şöbəsinə “aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul edilib. Daha sonra, işdən görünür ki, işəgötürənin 30 iyun 2020-ci il tarixli, **********5 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə 30 iyun 2020-ci il tarixdən xitam verilib. Əvvəla, işdən görünür ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni Mərkəz ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Digər tərəfdən, iddiaçının ləğv edilmiş Mərkəzdə, həmçinin yeni yaradılmış publik hüquqi şəxsdə vəzifəsi- “aparıcı metodist; “baş elmi işçi; “aparıcı mütəxəssis” olub, əmək funksiyası isədövlət əhəmiyyətli proqramların icrasında iştirak etmək, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda emalı, təhlili və təkliflərin hazırlanması, elmi tezislərin və kitabçaların çap olunması və sairdən ibarət olub. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Yaddan çıxarmaq olmaz ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt- işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47- ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 45, 47-ci maddələrinin tələblərini pozaraq, iddiaçının 01 avqust 2003-cü ildən son 17 il müddət ərzində fasiləsiz və etirazsız olaraq cavabdehdə müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə, lakin buna baxmayaraq işəgötürənin iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamasına diqqət yetirmədən, sonuncu ilə müddətli əmək müqaviləsinin bağlanması üçün əsasların olub-olmadığını araşdırmadan, yalnız əmək müqaviləsinin müddətinin qurtarmasını əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin bütün bunlara baxmayaraq işəgötürən, son 17 il müddət ərzində onunla əmək münasibətində olan iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb və sonradan isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından Əmək Məcəlləsinin 47, 68, 73-cü maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddələrin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Həmin Maddənin 4-cü hissəsində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi, işə baxarkən qeyd olunan maddələrin təfsirində səhvə yol verib. Belə ki, sözügedən maddələrin mənasına görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz. İşəgötürən iddiaçı ilə müddətli əmək müqaviləsini o, vaxt bağlaya bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsinə nəzərdə tutulan hallar olmuş olsun. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 02 iyun 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyəsinə də tam uyğundur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə apellyasiya qaydasında yenidən qiymət verilərkən ilk növbədə iddiaçının son 17 il müddət ərzində əvvəl Mərkəzdə, sonradan isə yeni yaranmış publik hüquqi şəxsdə fasiləsiz və etirazsız işləməsi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməlidir. Eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri baxımından iddiaçıya münasibətdə işəgötürənin daha üstün statusda olması nəzərə alındıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b)bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində məhz işəgötürənin əsas vəzifəsi sayılır. Qeyd etmək lazımdır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, 17 il müddət ərzində fasiləsiz və etirazsız olaraq ləğv edilmiş Mərkəzdə işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45.4.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə.47. “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarını səhv təfsir etməklə, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. İkincisi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq etməsi(Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli 95 nömrəli Qərarı təsdiq edilmiş Nizamnaməsinin 4.1-ci bəndi) o demək deyil ki, bu cür standartları tətbiq edərkən əmək qanunvericiliyinin imperativ tələblərini pozmalıdır. Milli Observatoriyada işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılması işçinin əmək hüquqlarını pozmamalıdır. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilməsi nəzərdə tutulmuşdur. Yəni, əmək müqaviləsini sınaq müddəti ilə bağlamaq işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin işdən görünür ki, iddiaçı ilə müqavilə 3 ay müddətinə bağlansa da müqavilədə sınaq müddəti göstərilməmiş, ona görə də Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən bu müqavilə sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. İddiaçının kifayət qədər əmək stajı var, o cümlədən 17 ildən artıq cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Buna görə də iddiaçı ilə hazırki əmək müqaviləsi onun peşəkarlıq səviyyəsi yaxud müvafiq əmək funksiyasını icra etmək bacarığı yüksək olduğundan 3 ay müddət müəyyən edilmədən, yəni müddətsiz bağlanılmalı idi. Üçüncüsü, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 17 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. Dördüncüsü, əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmalıdır. Düzdür, apellyasiya icraatı zamanı 30 may 2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə ilə(bax.i.v.164)məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməyi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işdən azad olunmağı barədə 30.06.2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ancaq apellyasiya mərhələsində iddia tələbinin həcminin azaldılması nəzərdə tutulmasa da əslində iddiaçının məqsədi də elə bu ərizədə göstərdiyinə nail olmaq olmuşdur. Göstərilənlərə baxmayaraq, iddia tələbinin məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 11.188,10 manat maddi, 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 16.188,10 manat və qətnamə icra olunan günədək hər gün üçün ümumi məbləğin 1% hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulub ona ödənilməsi hissəsi qeyri-müəyyən olduğundan və digər hissələrə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən həmin hissələrdə iddia təmin edilə bilməz. Əvvəla, qeyd olunduğu kimi, iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olaraq onsuzda təmin ediləcəkdir. Bu məbləğin 11.188,10 manat olması və ya bundan az yaxud çox olacağı işə bərpa olunan günə uyğun hesablanacaqdır. Ona görə də hazırki vəziyyətdə konkret məbləğin göstərilməsi qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. Bundan əlavə, iddiaçı mənəvi zərərə məruz qalmasına dair də məhkəməyə mötəbər sübut təqdim etmədiyindən bu hissədə də iddia təmin oluna bilməz. Bundan başqa qətnamə icra olunan günədək hər gün üçün ümumi məbləğin 1% hissəsində hesablanacaq cərimə də cavabdehdən tutula bilməz. Çünki, əmək haqqının gecikdirilməsi tərəflər arasında fərdi əmək mübahisəsi yaratmışdır. Bu cür vəziyyətdə iddiaçıya Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının azı bir faizi məbləğində ödənc verilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin **********5 nömrəli , 30 iyun 2020-ci il tarixli əmri ləğv edilməli, o, həmin Şəxsin “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin **********5 nömrəli, 30 iyun 2020-ci il tarixli əmri ləğv edilsin, o, həmin Şəxsin “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2982/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2982/2022
11.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver