Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2984/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5181/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli rəyin etibarsız hesab edilməsi, Cavabdeh-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç saylı "Əmək müqaviləsinə xitam verilməsinə dair" əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin mənəvi zərərə görə 100 000 manatın, şəxsiyyətini ləkələyərək onu iş kollektivində heç bir əsas olmadan dələduz adlandırdığına görə bu barədə yazılı təkzibin verilməsi, ödənilmiş 30 manat məhkəmə və 12 manat etibarnaməyə görə dövlət rüsumlarının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5181/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı qənaətə gəlməyinə təsir edən əsas amillərdən biri Yasamal rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarı olmuşdur. Lakin qeyd edilməlidir ki, Yasamal rayon prokurorluğunun müvafiq qərarına istinad edilməsi aşağıda sadalanan hallara görə əsassızdır. Yasamal rayon prokurorluğunun müvafiq qərarı iddiaçının əməlində hər-hansı cinayət tərkibinin əlaməti olmadığı qeyd edilmiş və cavabdehə mübahisəni mülki qaydada həll edilməli olması izah edilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan yalnız biri iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halıdır. Cinayət işinin rədd edilməsi barədə qərara əsaslanma, iddiaçı ilə əmək müqaviləsinin yalnız cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə xitam verilməsi halında qanuni ola bilərdi. Məhkəmə isə iddiaçı tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən digər halları araşdırmamışdır. Cavabdehin bununla bağlı, təqdim etdiyi sübutlar qiymətləndirilməmiş, bu sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməməklə onu hüquqi cəhətdən əsaslandırmamaşdır. İddiaçı tərəfindən həyata keçirilməli olan öhdəliklərdən biri də cavabdeh olduqları sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq və bütün xərclərin monitorinqinə yardım etmək və onlara nəzarət etmək üçün görüləcək tədbirlərin tövsiyə edilməsi, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etməkdir. Cavabdeh ilə fiziki şəxs Mustafayev Elmar arasında bağlanılan xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən Mustafayev Elmar cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirilməli, qeyd edilən xidmət əsasında isə, cavabdeh müqavilədə şərtləşdirilmiş muzdu Mustafayev Elmara ödəməli idi. Mustafayev Elmar müxtəlif dövrlərdə, cavabdeh tərəfindən ödənilməsi üçün hesabları iddiaçı vasitəsi ilə cavabdehə təqdim etmiş, cavabdeh isə iddiaçının öz öhdəliklərini vicdanla və düzgün şəkildə yerinə yetirdiyinə inanmaqla, hesablar üzrə ödənişləri yerinə yetirmişdir. Lakin sonradan cavabdehə məlum olmuşdur ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, belə ki, Mustafayev Elmar tərəfindən təqdim edilən hesabların doğruluğunu yoxlamadan, cavabdehi bu hesabların doğruluğuna inandırmışdır. Beləliklə, iddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuşdur. Belə ki, bir neçə icarəçi Mustafayev Elmarın xidmətindən istifadə etmədiyi halda, Mustafayev Elmar bu icarəçilərin guya onun tərəfindən tapıldığına dair cavabdehə hesab təqdim etmiş və iddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə (hesabların düzgünlüyünə nəzarət etmədiyi üçün və hesabları imzaladığı üçün) cavabdeh tərəfindən Mustafayev Elmara 53844 AZN (əlli üç min səkkiz yüz qırx dörd manat) məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilənlərlə bağlı məhkəməyə icarəçilərin Mustafayev Elmarı tanımadığı, cavabdehin daşınmaz əmlak obyektlərinin icarəsi zamanı Mustafayev Elmarın vasitəçi olmadığı və özlərinin birbaşa cavabdehə müraciət etdikləri barədə izahatları təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim edilən sənədlər, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri göstərilməmişdir. İddiaçının əmək vəzifələrini kobud şəkildə pozması həmçinin, Audit rəyi ilə də təsdiq edilmişdir. Belə ki, müvafiq Audit rəyinə əsasən audit yoxlamasına təqdim edilmiş müqavilələrin bağlanmasında Mustafayev Elmarın heç bir əlaqəsi müəyyən edilmədiyi halda Mustafayev Elmar tərəfindən təqdim edilən hesablar iddiaçı tərəfindən imzalanmış, bununla da işçi tərəfindən "diqqətsizlik etmək, və yaxud, qəsdən (bilərək) işçi tərəfindən, işəgötürənin maddi ziyanına səbəb olan hərəkətlərə yol verilməsi" baş vermişdir. Həm audit rəyi, həm də audit rəyinin əsaslandığı sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilən sənədlər, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri göstərilməmişdir. Məhkəmə iclasında Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, maliyyəyə nəzarət etmək iddiaçının vəzifəsi idi. Bu birbaşa iddiaçının əmək funksiyasında yazılmışdı. İddiaçı maliyyə yoxlamasını həyata keçirmədiyi üçün cavabdehə maddi ziyan dəyib. İddiaçı ümumi maliyyə məsələlərini həll etməli idi. İddiaçı əmin olmalı idi ki, müştərini həmin makler gətirib. Hesab fakturaları yoxladığını iddiaçı təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz təqdim etdi, etirazında göstərdiklərini müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində maliyyə yoxlamasını həyata keçirməli olması birbaşa göstərilməmişdir. Buna görə də iddiaçı heç bir halda cavabdehə maddi ziyan vura bilməzdi. İşə baxılmasının yeri və vaxtı barədə dəgər cavabdeh “xxxx” MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ştat vahidinin ixtisarı əsası ilə onunla əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə onunla əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi isə audit rəyinə əsasən onun tərəfindən işəgötürənə maddi ziyan vurulması olmuşdur. Lakin qeyd edilən audit rəyinə nəzər saldıqda müəyyən olunur ki, audit rəyində Elmar Mustafayevlə bağlı xidmət müqaviləsinin, həmçinin bunlarla əlaqəli sənədlərin araşdırılmasına qeyd olunan müqavilələrin icraçı Elmar Mustafayevin xidməti ilə əlaqəsinin (icarəyə götürənin tapılıb, təqdim edilməsi) müəyyən edilmədiyi, 53.844,00 manat məbləğ, Sifarişçi Cavabdeh Şirkəti ilə X3 arasında mövcud olmuş xidmət müqaviləsindən kənar ödənildiyi qeyd edilmişdir. Yasamal rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, X3 izahatında bildirmişdir ki, danışıqlar şifahi qaydada aparıldığı üçün müştərini otelə göndərdiyi zaman hər hansı rəsmi qeydiyyat aparılmamışdır, lakin onun tərəfindən xidmət göstərilmiş, xidmət göstərməsi müqabilində “Hayat Regency” otelindən qazanc əldə etmiş və bu qazancdan İddiaçı hər hansı məbləğdə pul vəsaiti verməmişdir. İş materiallarında olan rəsmi sənədlərlə də müəyyən olunur ki, xidmət göstərilməsi müqabilində pul X1 hesab kartına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən işəgötürənə maddi ziyan vurulması iş materialları ilə sübut olunmur. İddiaçı, həmçinin audit rəyini etibarsız hesab edilməsini tələb edir. Sözügedən audit rəyi təqdim edilmiş sənədlər əsasında verilmiş rəydir. Audit rəyinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. İşəgötürən tərəfindən iddiaçının dələduz adlandırılması, şərəf və ləyaqətinin ləkələnməsi iş materialları ilə sübut olunmur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.Təqdim edilmiş audit rəyi isə iddiaçının cavabdehə maddi ziyan vurmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan əlavə, Yasamal Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarı cinayət məhkəmə icraatı qaydasında da yoxlanılmışdir. Belə ki, həmin qərardan cavabdehin verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(004)-108/2020 nömrəli qərarı ilə təmin edilməmişdir. Cavabdehin həmin qərardan verdiyi şikayət də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 6(103)-4/2021 qərarı da cavabdehə münasibətdə təmin edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin qərara əsaslanması heç də cavabdehin qeyd etdiyi kimi, iddiaçı ilə əmək müqaviləsinin yalnız cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə xitam verilməsi halına görə deyil, məhkəmənin istinad etdiyi hala görə də qanuni olmuşdur. Belə ki, cinayət mühakimə icraatı qaydasında araşdırma ümumiyyətlə iddiaçının yaxud digər şəxslərin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə aparılmamışdır. Əksinə iddiaçının və digər şəxslərin cavabdehə məxsus pul vəsaitlərinin mənimsənilməsinə dair məhz cavabdehin müraciəti üzrə araşdırılmışdır. Bu fakt həmin qərarın və onun qanuniliyinin yoxlanılmasına dair yuxarıda qeyd olunan birinci və apellyasiya instansiya məhkəmələrinin də qərarlarının məzmunundan da açıq-aydın görünür. Ona görə də cavabdehin şikayətində göstərilən bu dəlil açıq-aşkar əsassız olmuşdur. Bundan əlavə, cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyini,həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğunu göstərsə də, konkret olaraq hansı öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək müqaviləsi üzrə həqiqətən belə bir öhdəliklərinin olmasına yaxud şikayətində göstərilən vəzifələrin iddiaçının əmək funksiyasına aid olmasına, eləcə də hansı təqsirli hərəkətlərinə(hərəkətsizliyinə) görə mülkiyyətçiyə maddi ziyan vurmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü. Lakin cavabdeh bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən Mustafayev Elmara 53844 (əlli üç min səkkiz yüz qırx dörd ) manat məbləğində ödəniş həyata keçirilməsi iddiaçının öz öhdəliklərini yerinə yetirmədiyinə görə baş verməmişdir. Qeyd olunduğu kimi, audit rəyi ilə də məhz iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində cavabdehə maddi ziyan vurulması təsdiq olunmur. Əksinə, apellyasiya şikayətinə iddiaçının verdiyi yazılı etirazda göstərilənlər iddianın təmin edilən hissəsinin əsaslı və qanuni olduğunu bir daha təsdiq etmiş olur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5181/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2984/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2984/2021
12.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver