Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2984/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ mənzilə hüquqların itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (məhkəmə) 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 verdiyi apelyasiya şikayəti məhkəmənin 28.02.2022-ci il tarixli qərardadı ilə şikayətin müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılmış, bu qərardaddan Cavabdeh1 verdiyi şikayət də məhkəmənin 04 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş Cavabdeh1 buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Hidayət Hüseynovun apellyasiya şikayətindən görünür ki, o, şikayətində uzun müddət onkoloji xəstəliklə bağlı müalicələr olunduğunu və xarici ölkədə əməliyyat edildiyini, eyni zamanda pandemiya ilə əlaqədar vaxtında şikayət verə bilmədiyini göstərməklə buraxdığı müddətin üzürlü hesab olunmasını xahiş etmiş, lakin məhkəmə onun bu vəsatətinə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasından görünür ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə (vəsatət) verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında Cavabdeh1 vəsatətini bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1567/2017 saylı iş üzrə 28 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2984/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2984/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver