Məhkəmə qərarları › İş №2(103)-2984/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2984/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2984/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-142/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMCyə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2811/2008 saylı icra vərəqəsi əsasında verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45-də yerləşən 11 saylı mənzillə bağlı xx.xx.2022-ci il tarixli, 0384/22İBİ saylı mənzilin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-142/2023 saylı 21 fevral 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-142/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası baxılan mülki işlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45-də yerləşən 11 saylı mənzillə bağlı hərracın yekunları ilə bağlı protokol 15 iyul 2022ci il tarixdə tərtib edilmişdir. Eləcə də iş materillarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, borclunun ipotekada olan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin mövqeyindən də göründüyü kimi, ipoteka predmetinin qiymətləndirilməsinin mübahisələndirilməsi iddia icraatı qaydasında yalnız hərrac keçirildikdən sonra olmalıdır. Hərracın keçirilməsinədək olan dövr ərzində isə icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilə bilərdi. İş materiallarında görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə müraciət edərkən hərrac keçirilməmiş, bununlada hazırki tələb iddia icrratı qaydasında məhkəmənin icraatına götürülərkən məhkəmə düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-142/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 385.1.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-142/2023 saylı 21 fevral 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərraz Mərkəzi MMCyə qarşı ("xxxx" ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar