Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2984/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-ə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2984/2024 (Açar sözlər: mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 08 may 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanın yerləşən 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMCyə ödənilmişdir, onun mənzilə dair hər hansı bir borcu yoxdur, həmin mənzilə dair iddiaçının istifadə və sahiblik hüququ vardır, tərəflər İddiaçı və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur.
2. Bağlanmış kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə və iddiaçının tələbinə baxmayaraq kirayəçi Cavabdeh2 həmin ünvanda yaşamağa davam etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçıya məxsus ünvan 2 ünvanlı Yeni tikili binanın 76 kvm.olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi; mənzildə yaşadığı 1 il 8 ay müddət ərzində yaranmış maddi zərər (borc) üzrə 6000 (altı min) manat məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus ünvan 2 ünvanlı Yeni tikili binanın 76 kv.m olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 mənzildə yaşadığı müddət ərzində, yəni xx.xx.2022-ci il tarixindən hər ay 300 manat olmaqla məhkəmə qərarının icra olunduğu günə hesablanmış məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 15 sentyabr 2021-ci ilin tarixində ünvan 2 ünvanlı Yeni tikili binanın 76 kvm. olan iki otaqlı mənzili "xxxx" MMC-dən 95.000 manat məbləği ödəyərək tam tamirli mənzil qiymətinə satın almışdır. Bununla bağlı müqavilə bağlanılmış və icraçı "xxxx" MMC payçı olaraq ona həmin mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirərək mənzilin dəyərini icraçıya ödəsə də, mənzilin təhvil verilməsi məsələsi indiyədək öz həllini tapmamışdır. Belə ki, iddiaçı mənzili alarkən mənzildə Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşamışdır. İcraçı ilə bağlanılmış müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirildikdən sonra o, cavabdehdən mənzili boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh ondan 10 gün möhlət istəmiş, iddiaçı da cavabdehin ailəli olduğunu nəzərə alaraq ona 10 gün möhlət vermişdir. Daha sonra cavabdeh ev tapa bilmədiyini bəhanə edərək iddiaçıdan vaxtı bir ayadək uzatmağını xahiş edib. İddiaçı narazılığını bildirsə də, yenidən ona vaxt vermiş, nəhayət, bir ayın tamamında mənzilin boşaldılmasını tələb etdiyi zaman cavabdeh ona binanın tikintisi ilə məşğul olan "xxxx" MMC-nin ona borcunun olduğunu bildirərək həmin borc ödənilməyəcəyi təqdirdə evi boşaltmayacağını bildirdi. Şirkətin rəhbərliyinə müraciət edildikdə ona məsələnin qaydaya qoyulduğu bildirilsə də, indiyədək iddiaçı satın aldığı mənzili təhvil ala bilməmişdir. 1 ildən artıq müddət hər iki tərəflə ancaq danışıqlar aparmış, lakin bu nəticə verməmişdir. Mütəmadi təkidlər etdikdən sonra 05 aprel 2022-ci il tarixində cavabdehlə kirayə müqaviləsi bağlayaraq notarial təsdiq etdirmişdir ki, münasibətləri rəsmi qaydasına düşsün. Kirayə müqaviləsi üzrə cavabdeh evdə qaldığı müddətdə hər ay üçün iddiaçıya 300 (üç yüz) manat məbləğində pul ödəməlidir. Lakin yenə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərdən yayınaraq müqavilə müddətinin bitməsindən sonrakı müddətdə belə kirayə pulunu iddiaçıya ödəməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər X12, X5, X8, X9, X10, X6 və X7 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəllə, mənzil 109 (Yeni qaydalarla: AZ1129, ünvan 3 ünvanında yerləşən yaşayış mənzilindən çıxarılmaları, həmin mənzilin iddiaçı X1 qaytarılması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.2, 152.3, 164.1, 164.2, 381.1, 675, 689.1, 697.1, 697.2, 1096.1, 1096.2ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti və ona əlavə verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti və ona əlavəni belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinin mahiyyətindən və məhkəmədə verdiyi izahatlardan belə aydın olur ki, iddiaçının cavabdehlə notarial qaydada kirayə müqaviləsi bağlamaqda əsl niyyəti mənzili cavabdehin istifadəsinə vermək yox, həmin şəxsin qısa zaman ərzində mənzildən çıxarılması üçün hüquqi zamin yaratmaq olmuşdur. Belə ki, cavabdeh dəfələrlə bildirmişdir ki, iddiaçı onunla kirayə müqaviləsi bağlamaqla bir il vaxt verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin hüquqi savadının olmaması və müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilməməsi səbəbindən qeyd olunan müqavilənin şərtləri ilə tanış olmadan imza etmişdir. Bütün bu hallar da kirayə müqaviləsinin etibarlı əqd olmadığını təsdiq edir. Bundan əlavə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinə əməl edilməmiş, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən borcun həcmini dəqiq müəyyən etməmişdir. Belə ki, qətnamədən görünür ki, hakim iddiaçının cavabdehdən pul tutulması hissəsində olan iddia tələblərini öz qətnaməsinə köçürməklə kifayətlənmiş, qanunvericiliyin məhz hansı normasına istinad edərək pulun tutulmasının xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsinin icra olunduğu vaxtadək hesablanmasını əsaslandırmamışdır. Halbuki işin hallarından görünür ki, cavabdeh iddiaçının tələb etdiyi mənzili qanunsuz olaraq tutmamış və ya zəbt etməmişdir. Mənzil iddiaçıdan əvvəl 2019-cu il tarixində cavabdehə təvil verilmiş, cavabdeh 35.000 manat məbləğində vəsait sərf edərək mənzili təmir etdirmiş və ailə üzvləri ilə birgə həmin mənzildə yaşamışdır. Daha sonra iddiaçıdan mənzilə çəkdiyi xərclərin əvəzini tələb etmiş, iddiaçı isə müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsinin etibarlılığı birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, çəkişmə prinspinə əməl edilməmişdir. Cavabdehin mənzildən çıxarılması qanunsuzdur. O cümlədən qətnamə ilə müəyyən edilmişdir ki, hər ay 300 manat tutulsun. Bu, aliment deyil, ona görə də hər ay pul tutulmalı deyil. İddia tələbi və ona müvafiq olaraq qətnamə də konkret olmalıdır. "xxxx" MMC cavabdehi aldadıb.
12. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, evi almaq üçün 95.000 manat pul ödəmiş, maliyyə arayışı almışdır. Cavabdehə demişdir ki, etirazı yoxdursa, evi alır. O isə cavabında bunun "xxxx" MMC-lik olduğunu bildirmişdir. Evi aldıqdan sonra 15 gün ərzində çıxmalarını xahiş etmiş, lakin bu olmamış, iddiaçı polisə müraciət etməli olmuşdur. Biz də kirayə müqaviləsi bağladıq. Dedi ki, uşaqlar məktəbi bitirsinlər, çıxacaq. Yenə də çıxmamış və borclu olduğunu bildirmişdir. Sonda iddiaçı da bu məsələnin çox yubandığını görərək məhkəməyə müraciət etməli olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
20. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
21. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
24. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.
25. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
26. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
27. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
28. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və yalnız Cavabdeh2 iddianın təmin olunan hissəsini mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. Belə ki, iş materiallarında olan 008 nömrəli Müqavilədən görünür ki, "xxxx" MMC və İddiaçı arasında Bakı şəhər İH başısının 582 №-li sərəncamına əsasən Yaşayış binasının tikintisi haqqında Sərəncamına əsasən, Sarayeva küçəsi 13 T ünvanında yerləşən 6 mərtəbəli mansardlı binanın blok 1, mərtəbə 3, ümumi sahəsi 76 kv.m olan 8 №-li mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi İddiaçı verməyi, İddiaçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçünn 1250 manat təşkil edir, sahəsi 76 kv.m olan mənzil üçün cəmi 95.000 manat ödənilmişdir.
40. İş materiallarında olan maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Hüquqi şəxs X11 məxsusdur. Bu binanın blok 1, mərtəbə 3, ümumi sahəsi 76 kv.m olan, izoləolunmuş 2 otaqdan ibarət 8 №-li mənzilin pay dəyəri 95.000 manat təşkil edir. İddiaçı tərəfindən 95.000 manat ödənilmişdir, borcu yoxdur.
41. xx.xx.2022-ci il tarixdə imzalanmış kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m olan 2 otaqlı mənzili Cavabdeh2 kirayə verməyə, kirayəçi Cavabdeh2 bunun əvəzində hər ay 300 manat məbləğində kirayə haqqını İddiaçı ödəməyi öhdəsinə götürmüş, kirayə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, həmçinin müqavilənin bitməsinə bir ay qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi üçün müraciət etməzsə, müqavilənin daha bir ay müddətinə uzadılmış hesab edilməsi razılaşdırılmışdır. Müqavilənin 15-ci bəndinə əsasən, kirayəçi kirayəyə götürdüyü mənzili kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra təhvil verməyə borcludur.
42. Beləliklə, iş materiallarından da göründüyü kimi, ünvan 1 ünvanın yerləşən 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir, onun mənzilə dair hər hansı bir borcu yoxdur, həmin mənzilə dair iddiaçının istifadə və sahiblik hüququ vardır, tərəflər İddiaçı və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur. Bağlanmış kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə və iddiaçının tələbinə baxmayaraq kirayəçi Cavabdeh2 həmin ünvanda yaşamağa davam edir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
44. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır.
45. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
46. Göründüyü kimi hazırki iş üzrə mübahisəli mənzil iddiaçıya məxsus olmaqla dəyəri onun tərəfindən tam ödənilmiş, əsaslarla həmin mənzillə bağlı mülkiyyət hüququ və ondan irəli gələn digər hüquqlarını həyata keçirməsi ilə bağlı qanunvericiliklə ona qarşı hər hansı məhdudlaşdırılma nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq həmin məhdudlaşdırılma hazırki iş üzrə cavabdeh tərəfindən həyata keçirilmişdir.
47. Belə ki, tərəflər arasında kirayə müqaviləsi bağlanılaraq müddəti xx.xx.2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur. Bağlanmış kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə və iddiaçının müqavilənin tərəfi olaraq bu müddətdən sonra müqaviləni davam etdirməməklə bağlı niyyətini cavabdehə dəfələrə bildirməsinə baxmayaraq cavabdeh mübahisəli mənzili tərk etməmiş, iddiaçının qanunla qorunan mənafelərini pozmuşdur.
48. Beləlikdə, məhkəmə kollegiyası cavabdehin öz ailə üzvləri ilə birlikdə mübahisəli mənzili özbaşına zəbt edib orada yaşamasını, mənzildən istifadə ilə bağlı ona qanuni əsas verən kirayə müqaviləsinin müddətinin bitməsinə və müqavilə tərəfinin bu münasibətləri davam etdirmək istəməməsinə baxmayaraq mənzili tərk etməməsini iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab edir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalı, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.
49. Kollegiya iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mənzil xx.xx.2022-ci il tarixdən cavabdehin qanunsuz istifadəsində olduğundan və bu müddət ərzində iddiaçı öz əmlakına istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyindən, bununla da adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olduğundan tərəflər arasında bağlanmış kirayə müqaviləsinin də şərtlərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsinin icra olunduğu tarixədək (mənzildən çıxanadək) hər ay üçün 300 manat məbləğində pul hesablanmaqla iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
50. Məhkəmə cavabdehin iddia tələbinin və qətnamənin konkret olmaması, əgər tutulacaqsa, ümumi və konkret məbləğin qətnamə ilə müəyyənləşdirilməli olduğu və hər ay müəyyən məbləğdə pulun ödənilməsinin əsassız olduğu ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Hazırki iş üzrə iddiaçının hüquqlarının pozulması davam edən münasibətlər çərçivəsindədir və iddiaçının hüququnun pozuntusunun başlanma tarixi məlum olsa da, bu pozuntunun bitəcəyi və qəbul edilən qətnamənin cavabdeh tərəfindən nə zaman icra ediləcəyi məlum olmamışdır. Mübahisəli mənzil xx.xx.2022-ci il tarixdən cavabdehin qanunsuz istifadəsində olduğundan iddiaçının həmin tarixdən qanunsuz istifadəyə son qoyulacağı tarixədək ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ mövcuddur. Kollegiya həmçinin qeyd edir ki, mülki qanunvericilyə əsasən bir icra vərəqəsinin maksimum icra edilmə müddəti 30 il təşkil edir və hazırki iş üzrə cavabdehin də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 30 il müddətində icra etməyəcəyini fərz etsək, iddiaçının hüquqları həmin müddət ərzində davamlı pozulmuş olacaq və ona zərərin dəyməsi həmin müddət boyunca ardıcıl davam edəcəkdir. Bu zaman da iddiaçının hər müəyyən dövrdən bir ona dəymiş zərərin tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırması prosessual qənaət prinsiplərinə tamamilə zidd olacaqdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçıya dəyəcək zərərin məbləği ilə bağlı öncədən müəyyənləşdirilmənin aparılması qeyri-mümkün olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassız hesab edilməlidir.
51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, artıq iddiaçının mübahisəli mənzilə dair tam mülkiyyət hüququnun olması, cavabdehin həmin mənzilə dair sahiblik və istifadəni həyata keçirmək üçün heç bir qanuni əsasının olmaması səbəbindən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova