Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2984/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2984/2025 (Açar sözlər: istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-568/2025 nömrəli 12 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 və xx.xx.2009-cu il tarixdə doğulmuş X1 analarının yanında qalmaları qət edilmişdir.
2. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə X1 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən görünür ki, X7 nikah pozulandan sonra onun anasının yanında qalması qət edilməsinə baxmayaraq əslində atasının yanında qaldığını bildirmiş və onu atasından ayırmamağı xahiş etmişdir.
3. X7 atası ilə yaşamasına baxmayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə qeydiyyatda qalmışdır.
4. İddiaçı ilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə birgə nikah dövründə əldə olunmuş əmlaklarin bölünməsinə dair Saziş təsdiq edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda reyestrdə 3M-667 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Sazişə əsasən iki mənzil, iki qeyri-yaşayış sahəsi cavabdehdə, bir ev (ünvan 1) iddiaçıda qalmışdır.
5. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (mübahisəli ev) X6 mülkiyyətinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi verərək, iddiaçının mülkiyyətində olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Qəmbərov küçəsi ünvanında yerləşən 14/2 nömrəli fərdi yaşayış evindən X2 istifadə hüququnun itirililmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 8, 14/2 saylı ev xx.xx.2017-ci il tarixində qeydə alınmış ********** nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzildə iddiaçının oğlu X8 pasport qeydiyyatındadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 atası Cavabdeh himayəsinə verilməsi qərara alınmış və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsinə minmişdir. İddiaçının azyaşlı oğlu məhkəmə qətnaməsi ilə atası Cavabdeh himayəsinə verilmişdir. O, artıq 4 ildən çoxdur ki, həmin mənzildə yaşamır və adıçəkilən fərdi yaşayış evindəki qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh hazırda faktiki olaraq digər ünvanda yaşasa da, iddiaçıya məxsus evdə qeydiyyatdadır. Hal-hazırda cavabdehin onun evində qeydiyyatda olması, iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Bundan başqa, iddiaçı yenidən ailə qurmuşdur.
8. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, o özü iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda onun oğlu X8 qeydiyyatdadır. Nizaminin həmin mənzildə yaşamamasının səbəbkarı elə iddiaçı özüdür. Belə ki, 3 ilə yaxındır ki, iddiaçı tərəfindən həmin mənzil "xxxx" MMC-yə məxsus RELİVİUM Reabilitasiya Mərkəzinə icarəyə verilmişdir. Bu səbəbdən də cavabdeh və oğlu qardaşı X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəqqi, 10cu döngə, giriş 163 B ünvanda qonaq kimi müvəqqəti yaşayırlar. Nə cavabdehin, nə də ki, oğlu Nizaminin özünə məxsus yaşamaq üçün yeri yoxdur. Yuxarıda qeyd edilən səbəblərə görə oğlu Nizami Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə olan istifadə hüquqlarını həyata keçirə bilmir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən artıq, yəni 6 aydan artıq saxlanılmasına yol verilmir. Qeyd edilən bu xüsusatla bağlı bildirir ki, həmin qərarda şərh edilmiş Mənzil Məcəlləsində icarədar və onun ailə üzvlərindən bəhs edilir. Lakin, hazırkı mübahisədə mülkiyyətçi və onun ailə üzvü arasındakı münasibətlərdən irəli gələn mübahisələrə baxıldığı, 2009-cü ilin oktyabrın 1-dən yeni qüvvəyə minmiş Mənzil Məcəlləsində istifadə hüququnun xitam edilməsinin hər hansı müddətlə şərtlənmədiyini, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsini nəzərə alaraq hal-hazırda baxılan mübahisəyə Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi Konstitusiya və qanunlara ziddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qayda hüquqi müəyyənlik prinsipindən irəli gələn qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin edilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə əlaqədar məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmamalıdır. Odur ki, cavabdeh X8 xx.xx.2009-cu ildə sözügedən mənzildə dünyaya gəldiyi üçün onunla mülkiyyətçi arasındakı mübahisəyə AR MM-nin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin yuxarıda qeyd edilən faktiki hallarından da göründüyü kimi Cavabdeh və Abdullayev Nizami özlərinə hər hansı bir yaşayış sahəsi əldə etməmişdir, halhazırda cavabdeh qardaşına məxsus mənzildə müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Yuxarıda göstərilən faktiki halları və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsi, ev 14/2 saylı evdə olan istifadə hüququna yalnız bazar qiymətinə uyğun kompensasiya verilməklə xitam verilə bilər.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 fevral 2025-ci il tarixli 2(008)-568/2025 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, hazırda cavbadehin mülkiyyətində heç bir daşınmaz əmlak qalmamışdır (izahata əsasən cavabdeh hamısını satmışdır). İddiaçı həmin evi icarəyə vermişdir.
11. Məhkəmə hesab etmişdir ki, X2 valideynlərinin arasında əmlak bölgüsü olduqdan sonra, o, atası ilə birlikdə getdikdən sonra onun mübahisəli evə hüququ itmişdir və onun həmin evdəki qeydiyyatı formal xarakter daşıyır. Əmlak bölgüsü zamanı cavabdehin payına daha çox daşınmaz əmlak ayrılmışdır. Məhkəmə, hazırda cavabdeh tərəfindən onun adında hər-hansı əmlakın olmaması səbəbindən oğlunun mübahisəli evə hüququnun tanınmasını istəməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.1, 228.5, 255.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, nə o, nə də oğlu Nizami yeni yaşayış sahəsi əldə etməmişlər. Nizaminin həmin mənzildə yaşamamasının səbəbkarı elə iddiaçı özüdür. Belə ki, 3 ilə yaxındır ki, iddiaçı tərəfindən həmin mənzil icarəyə verilmişdir. Bu səbəbdən də cavabdeh və oğlu qardaşı X9 məxsus evdə qonaq kimi müvəqqəti yaşayırlar. Nə onun, nə də ki, oğlu Nizaminin özünə məxsus yaşamaq üçün yeri yoxdur. Yuxarıda qeyd edilən səbəblərə görə oğlu Nizami Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T. Qəmbərov küçəsiev 14/2 saylı evdə olan istifadə hüquqlarını həyata keçirə bilmir. X8 xx.xx.2009-cu ildə sözügedən mənzildə dünyaya gəldiyi üçün onunla mülkiyyətçi arasındakı mübahisəyə AR MM-nin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. X2 mübahisəli evdə olan istifadə hüququna yalnız bazar qiymətinə uyğun kompensasiya verilməklə xitam verilə bilər. Tərəflər arasında əmlak bölgüsü xx.xx.2017-ci il tarixdə əldə edilsə də, onlar arasında nikah 8 ay sonra pozulmuşdur, yəni xx.xx.2018-ci il tarixədək X8 iddiaçı ilə birgə yaşamışdır. Daha sonra mülkiyyətçi tərəfindən X3 mülkiyyətdən istifadə imkanı yaradılmadığı üçün atası ilə yaşamağa başlamışdır. Hal-hazırda isə atası ilə birgə əmisinə məxsus mənzildə yaşayır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçının nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh (onun himayəsində olan oğlu Nizami Abdullayev) həmin mənzildə qeydiyyatdadır.
31. İddiaçı hazırki tələbində onun istifadə hüququnun itirilməsini xahiş etmişdir.
32. Məhkəmə iddianı təmin edərək, X2 ünvan 8 ünvanında yerləşən 14/2 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab etmişdir.
33. Göründüyü kimi X8 iddiaçının ailə üzvü (oğlu) olması və mənzilə dair iddiaçının mülkiyyət hüququnun yarandığı vaxtdan (xx.xx.2017-ci il) və ondan əvvəlki dövrdən onunla birlikdə mənzildə yaşaması işin mübahisəsiz halıdır. Lakin iddiaçı ilə cavabdehin nikahı pozulduğu vaxtdan xx.xx.2018-ci il tarixdən Nizami Abdullayev atası Cavabdehlə yaşamışdır. Bundan əlavə iddiaçı ilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə birgə nikah dövründə əldə olunmuş əmlaklarin bölünməsinə dair notariala qaydada bağlanmış Saziş təsdiq edilmiş və iki mənzil, iki qeyriyaşayış sahəsi cavabdehdə, bir ev (mübahisəli) iddiaçıda qalmışdır.
34. Nizami Abdullayev məhkəmə qətnməsi ilə iddiaçının himayəsinə verilsə də, faktiki olaraq cavabdehlə yaşamışdır. Bu hal sonradan məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur.
35. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
37. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qeyd etmişdir Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
38. Göründüyü kimi Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
39. Göründüyü kimi, valideynlərinin münasibətləri kəsildiyi vaxtdan, yəni 2018-ci ildən cavabdeh və himayəsində olan oğlu mübahisəli evdə yaşamırlar və bu müddət “müvəqqəti” və ya “məcburiyyətdən” anlamına gələ bilməz. Cavabdehin “fərdi yaşayış evini icarəyə verməsi səbəbinən Nizami Abdullayevin istifadə hüququnun həyata keçirə bilməməsi” kimi dəlillərinin əsasını yalnız ümumi ifadələr təşkil edir.
40. Nəzərə alınmalıdır ki, əmlak bölgüsü zamanı yalnız 1 fərdi yaşayış evi iddiaçının müliyyətinə keçmişdir. Cavabdeh isə özünə aid edilmiş əmlakları öz mülahizəsinə uyğun olaraq satmışdır.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin himayəsində olan oğlunun mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından və o, uzun müddətdir mənzildə yaşamadığından onun formal olaraq istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur.
42. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında nikah pozularkən Nizami Abdullayevin 8-9 yaşı olmuş və o, atası ilə qalmışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinin tələbinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Yəni, artıq 2017-2018-ci ildən (ən azı 2020-ci ildən) Nizami Abdullayevin mübahisəli evə olan istifadə hüquqlarına xitam verilərək, onun yaşayış yeri atasının yaşayış yeri hesab olunmuşdur.
43. Kollegiya birinci instansiya məhkəməsini möveqini haqlı hesab edir. Belə ki, X2 valideynlərinin arasında əmlak bölgüsü olduqdan sonra, o, atası ilə birlikdə getdikdən sonra onun mübahisəli evə hüququ itmişdir və onun həmin evdəki qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə, hazırda cavabdeh tərəfindən onun adında hər-hansı əmlakın olmaması səbəbindən oğlunun mübahisəli evə hüququnun tanınmasını istəməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
44. Cavabdehin məqsədi oğlunun qeydiyyatından istifadə (sui-istifadə) etməklə, iddiaçıdan istifadə hüququna xiam verilməsinin şərti kimi müəyyən məbləğdə kompensasiya almaqdır.
45. Beləliklə, şikayətin dəlilləri formaldır. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və presessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-568/2025 nömrəli iş üzrə 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.