Məhkəmə qərarları › İş №2(103)-2985/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2985/2022

27.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2985/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-567/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin həmin bankın Mikro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi barədə 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “AccesBank" QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən bankın mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 10.11.2021-ci il tarixdən xitam verilmişdir. Əmrin surəti iddiaçıya 11.11.2021-ci ildə təqdim olunmuşdir. Əmrdə onun verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilsə də, həmin akt iddiaçıya təqdim olunmamış, şifahi olaraq onun banka dair kommersiya sirrini yaydığı bildirilmiş və bununla əlaqədar izahat vermək təklif edilmişdir. İddiaçı 02.11.2021-ci il tarixli yazılı izahatında kredit verdiyi müştərilər barəsində iş komputerində excell faylında olan qeydləri əvvəllər də olduğu kimi, bank emailinə və şəxsi emailinə göndərdiyini, məqsədinin işdə olmadığı dövrlərdə, yolda və ya evdə olarkən müştərilərlə birbaşa əlaqə saxlamaq və gecikmələrlə məşğul olmaq olduğunu göstərmişdir. İddiaçı öz xahişi ilə işdən çıxmaq üçün cavabdehə ərizə versə də, cavabdeh əmək müqaviləsinə onun xahişi ilə deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç'’ bəndinə əsasən xitam vermişdir. İddiaçının əmək fəaliyyəti ilə əlaqədar kredit verdiyi müştərilər barəsindəki məlumatlar (müştərinin adı, tel nömrəsi, kredit məbləği, gecikmə günləri və s.) onun özünə məlum olan və qanuni əsaslarla sahib olduğu informasiyadır. Odur ki, işçinin həmin məlumatları özünün şəxsi e-poçtuna göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır. Cavabdeh QSC İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2021-ci il tarixində Cavabdeh QSC-nin Şəkil filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılmış və bu yoxlamaların nəticəsində aşkar edilmişdir ki, 29 oktyabr 2021-ci tarixdə saat 17:35-də iddiaçı korporativ elektron poçt ünvanından-Mikayil.MElektron ünvan şəxsi poçt ünvanına – mikayilzadə@gmail.com cavabdehin müştəri məlumatlarını daşıyan excel faylı göndəmişdir. Həmin faylda cavabdehin 2015-ci ildən 2021-ci il qədər olan müştərilərinin ad və soyadları, ünvanları, verilmiş kreditin məbləği, verilmə tarixi və müddəti, müştərinin fəaliyyət sahəsi, kreditin təsnifatı və ən əsası müştərilərin əlaqə məlumatları qeyd edilmişdir. Bütün bu faktlar barədə 02 noyabr 2021-ci il tarixində yoxlamanın nəticələri barədə Akt (bundan sonra "Akt") tərtib edilmişdir. İddiaçı yoxlama aktı ilə tanış edilmiş, həmin aktı imzalamış və öz qeydlərini aktın bunun üçün ayrılmış hissəsində qeyd etmişdir. Bütün bunlar isə o deməkdir ki, iddiaçı Cavabdeh QSC üçün maddi dəyərə malik olan və yayılacağı təqdirdə cavabdehin gələcək fəaliyyətinə təsir edə biləcək məlumatları özünə göndərmiş və elektron surətini çıxartmışdır. Bunları nəzərə alaraq Cavabdeh QSC 10 noyabr 2021-ci il tarixli 21-1077 nömrəli kadr əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Əmək Məcəlləsi") 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. İddianın əsaslandırılması üçün 3 məsələnin izah edilməsi tələb olunur. Bunlar iddiaçının özünə göndərdiyi sənəddəki məlumatların cavabdehə məxsus kommersiya və bank sirri olması, həmin kommersiya və bank sirlərinin rejimini pozduğuna görə iddiaçının ödəməli olduğu cərimə və həmin kommersiya və bank sirlərinin yayılması nəticəsində cavabdehə dəymiş ziyanın ödənilməsidir. Göndərilən faylın və onun ehtiva etdiyi məlumatların kommersiya sirri olmasını aşağıdakı meyarların mövcudluğu sübut edir: 1. İddiaçının öz elektron poçtuna göndərdiyi faylda Bankın müştərilərinin əlaqə məlumatları, götürdükləri kreditlərin ümumi miqdarı, onlarla bağlanmış kredit müqaviləsinin əsas şərtləri kimi bir çox başqa şəxslərə məlum olacağı təqdirdə kredit bazarı sahəsində müştəri əldə etməkdə üstünlük qazandıracaq məlumatlar mövcuddur. Bu isə o deməkdir ki, göndərilən məlumatlar kommersiya dəyərinə malikdir. 2. Cavabdeh ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatların məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatların məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahibi tərəfindən qorunması üçün hüquqi, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi faktı aydındır. 3. Cavabdeh tərəfindən göndərilən məlumatların heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, göndərilən məlumatlar sərbəst şəkildə əldə edilməsi məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir. Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onları daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı, isə sadəcə həmin məlumatların konfidentidir və cavabdeh tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etmək öhdəliyi daşıyır. Kommersiya sirri haqqında Qanunun 5.0.3-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Cərimə anlayışı da mövcud təcrübəyə əsasən müqavilə münasibətlərində geniş istifadə olunan və müqavilə tərəflərinin həmin müqavilənin şərtlərini pozmaqdan çəkindirməklə şərtlərin pozulma təhlükəsindən maraqlı tərəfi qoruyan vasitədir. Hazırkı işdə də Bank Razılaşmanın 11-ci maddəsində kommersiya sirri rejiminin pozulmasından qorunmaq üçün cərimə tətbiq etmişdir. Həmin cərimənin qeyd edildiyi bəndə əsasən Razılaşmanın şərtlərini pozaraq kommersiya sirrini açıqlayan şəxs sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cərimə ödəməlidir. Beləliklə, hazırkı iş üzrə cavabdeh kommersiya sirri rejiminin tələblərini pozmaqla onu Bankın nəzarətindən kənara çıxardığı və onu digər şəxslərə açıqladığı üçün sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cəriməni Bankın xeyrinə ödəməlidir. İddiaçı müştəri məlumatlarını özünə göndərdikdən sonra bir çox müştərilər kreditlərini vaxtından əvvəl bağlayıblar. Bu isə qeyd edilən vəziyyətə uyğun olaraq həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə olunması və daha aşağı kredit faizlərini təklif edilməsi nəticəsində baş vermişdir. Beləliklə, iddiaçı Bankdan kənara çıxardığı müştəri məlumatlarını yaymışdır və bu da onun nəticəsidir ki, müştərilərin bir çoxu öz kreditlərini vaxtında əvvəl bağlayıblar. Müştəri öz kreditini vaxtından əvvəl bağladığı təqdirdə isə Bank həmin kreditin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəyi təqdirdə əldə etməli olduğu gəliri itirmiş olur. Bu isə Bankın kommersiya sirləri ilə əlaqədar hüquqları pozulmayacağı təqdirdə əldə etməli olduğu gəlir hesab olunduğu üçün Bankın əldən çıxmış faydasıdır. Beləliklə, iddiaçı müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştərilərin bəziləri keditlərini vaxtından əvvəl bağlaması faktını nəzərə aldıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Hazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu iddiaçının bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün "yaymış"dır. Bu əməlləri nəticəsində idiaçı Bankı gələcəkdə qazanacağı gəlirdən məhrum etdiyi üçün iddiaçı bu məbləği cavabdehə tam həcmdə ödəməlidir. İddiaçı ilə cavabdeh arasında imzalanmış əmək müqaviləsinin ("Əmək Müqaviləsi") 5.1-ci bəndinə əsasən "Tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır." Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, "Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." X4 7.6-cı bəndinə əsasən "İşçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır." İddiaçı ilə cavabdeh arasında imzalanmış 09 iyun 2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razşılaşma ("Razılaşma") 1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunubolunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində isə qeyd edilmişdir ki, “kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz. "Razılaşmanın 10-cu bəndinə əsasən "İşçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və Kommersiya Sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır." Razılaşmanın 11-ci bəndində isə bildirilir ki, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi “Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 (iyirmi dörd) misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir.” Həmçinin cavabdeh bank ilə bütün işçiləri arasında digər münasibətlər cavabdehin Davranış Kodeksi ("Davranış Kodeksi") ilə tənzimlənir. İddiaçı 03 noyabr 2020ci il tarixində "işçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə imzalayıb. X5 isə qeyd edilmişdir ki, "əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtumuza göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir”. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-567/2022 saylı, 25 yanvar 2022ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək “AccesBank" QSC-nin “işdən azad olma” barədə 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmri ləğv edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığı irəli sürülmüş, əlavə olaraq bildirilmişdir ki, hazırki mübahisədə İddiaçı kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə İddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. Belə olan halda isə İddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla yayaraq əldə edilən – başqa şəxs hesab olunmalıdır. Bu isə o deməkdir ki, İddiaçı kommersiya sirrini yaymış, məhkəmə isə Kommersiya sirləri haqqında Qanunun 2-ci və xüsusilə də 2.0.7-ci bəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığı qətnamədə qeyd edilməmişdir. Həmçinin İddiaçı hərəkətləri nəticəsində kommersiya sirri rejimini pozmuş, bununla da işəgötürən olaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqlarına və kommersiya sirri haqqında qorunan mənafelerinə ziyan vurmuşdur. Belə olduğu təqdirdə isə aydın görünür ki, məhkəmə Əmək Məcəlləsinin 71.2-ci bəndini düzgün tətbiq etməmişdir. Bundan başqa Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti olan kadr əmrini əsaslandırmaq məqsədilə iş materiallarında olan aktdan istifadə edilmiş və akt əmək qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ilə tanış edilmişdir. Həmin aktda İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının zəruriliyi barədə kifayət qədər məlumat əks olunmasına baxmayaraq məhkəmə qətnaməsində həmin aktı nəzərə almamış və əsassız olaraq Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Bu hal isə özü-özlüyündə onu göstərir ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 71.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Eyni zamanda məhkəmə İddiaçı əməllərində Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndində qeyd edilən sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi halının mövcudluğunu araşdırmamışdır. Bu halın aydınlaşdırılmadığı üçün də Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri məhkəmə tərəfindən nəzərə alınmamış və bunun nəticəsində də məhkəmə əmək müqaviləsinin ləğvini qanunvericiliyin tələblərini düzgün şərh etməyərək əsassız hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştərilərin bəziləri kreditlərini vaxtından əvvəl bağlaması faktı nəzər alındıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Halhazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu iddiaçının bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün yaymış olmasıdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ziyan dəyməsinə faktını nəzərə almadan yayılma faktının mövcud olmadığı qərarına gəlmişdir. Lakin qeyd edilməlidir ki, yayılma faktının mövcud olub-olmamasını sübut edən konkret hallardan biri də Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə dəymiş ziyandır və birinci instansiya məhkəməsi bu faktı öz qərarında nəzərə almamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus kommersiya sirlərini yaymamışdır. Hal-hazırda isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı öz elektron poçt ünvanına göndərdiyi müştəri portfelində əhəmiyyətli itkiləri mövcuddur və artmağa davam edir. İddiaçı müştəri məlumatlarını və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərdikdən sonra məlumatları göndərilən müştərilən bir hissəsi kreditlərini vaxtından əvvəl bağlamış və bununla da Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin faiz gəliri itirməsinə səbəb olmuşdur. Müştərilərin kreditlərini vaxtından əvvəl bağlanması isə onu göstərir ki, həmin müştərilərə digər kredit təşkilatı tərəfindən daha aşağı faizlə kredit təklifi olmuş və müştəri bunu qəbul etmişdir. Belə bir kredit təklifinin verilməsi üçün isə digər kredit təşkilatı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin müştəriyə verdiyi kreditin məbləği, faizi və müştərinin əlaqə məlumatlarına malik olmalıdır. Təsadüf deyildir ki, İddiaçı şəxsi elektron poçt ünvanına göndəriyi faylda bütün bu məlumatları mövcud olmuşdur. Beləliklə İddiaçı kommersiya sirlərini öz şəxsi elektron poçt ünvanına göndərməsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə əldən çıxmış fayda formasında zərər dəyir və bu zərərlə İddiaçı hərəkətləri arasında birbaşa əlaqə mövcuddur. Buna baxmayaraq məhkəmə kommersiya sirrinin yayılmadığını qeyd edir və eyni zamanda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə yalnız həmin müştəri məlumatları və kommersiya sirləri yayılsa idi dəyə biləcək olan ziyan dəyməkdədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı qeyd etdi ki, təqdim etdiyi müştəri kodları ilə tərtib edilmiş çıxarışdan görünür ki, bankın müştəriləri ilə olan kredit müqavilələri vaxtından əvvəl bağlanmış, bu isə bankın faiz itkisi ilə üzləşməsinin sübutudur. Bu hal İddiaçı müştərilər barəsində olan məlumatların öz emailinə ötürməklə kommersiya sirrini pozması nəticəsində baş vermişdir. Həmçinin qeyd olunan pozuntu müəyyən edildiyi zaman akt tərtib edilmiş və İddiaçı həmin akta imza etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, İddiaçı müştərilər barəsində olan məlumatların öz emailə göndərməsində məqsəd həmin müştərilərlə istənilən vaxt, yəni evdə olduğu vaxtda da əlaqə yaratmaqla öz işini görmək olmuşdur. Həmçinin İddiaçı tərəfindən həmin məlumatların başqa banka ötürülməsi barədə bankın bildirdikləri əsassız olmaqla sübut edə bilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış PERSORD- 82641 saylı 16 iyun 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-də işçi, mikro və pərakəndə müştərilər üzrə kiçik mütəxəssi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən, Mkro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi vəzifısində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin əməkdaşları – İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X3, Risklərin İdarə edilməsi üzrə icraçı direktor X2 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X6 tərəfindən tərtib edilmiş 02.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” aktda göstərilmişdir ki, 02.11.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır. 29.10.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı korporativ elektron poçt ünvanından- Mikayil.MElektron ünvan , şəxsi elektron poçt ünvanına - mikayilzadə@gmail.com, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında 09.07.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində əsasən, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən, işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və kommersiya sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. Razılaşmanın 11-ci bəndinə əsasən, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində əsasən, bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz. Əmək Müqaviləsinin 7.6-cı bəndinə əsasən, işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, 16 iyun 2017-ci il tarixli PERSORD-82641 saylı əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh QSC-nin Şəki filialınıln Mkro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. 02.11.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır və 29.10.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı Bankın korporativ elektron poçt ünvanından-Mikayil.MElektron ünvan , şəxsi elektron poçt ünvanına- mikayilzadə@gmail.com, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərməsi halı aşkar edilmiş, bu barədə “Yoxlamanın nəticələrinə dair” akt tərtib edilmişdir. İddiaçı izahat verərkən bu faktı inkar etməmişdir. Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatları yayması, yəni məlumatın başqa şəxslərə açıqlaması məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır. İşçinin həmin məlumatları şəxsi elektron poçt ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğv edilməsi üçün müstəqil əsasdır. Beləliklə, qeyd edilənlərdən açıqaşkar göründüyü kimi İddiaçı iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin bankın kommersiya sirri təşkil edən məlumatlarını yaymasını iddia edərək, banka vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutulmasını xahiş edilir. Məhkəmə araşdırması zamanı iddiaçının banka məxsus kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilməmiş, əksinə iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının banka aid olan kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilmədiyindən və iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmadığından, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından ilk iddia təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “işdən azad olunma” barədə 21-1077 nömrəli 10 noyabr 2021-ci il tarixli əmri ləğv edilməli, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olsa da, hazırki iş üzrə isə Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrin verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Həmin aktda göstərilmişdir ki, 02.11.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır. 29.10.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı korporativ elektron poçt ünvanından - Mikayil.MElektron ünvan , şəxsi elektron poçt ünvanına- mikayilzadə@gmail.com, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı izahat verərkən müvafiq məlumatları Bankdan kənara çıxardığını bildirmişdir. İddiaçı aktda özü tərəfindən hazırlanan excell formanı direct və overdue müştərilərlə bağlı dəfələrlə telefonuna köçürdüyünü, bu iradın onun işdən çıxmaq ərizəsindən sonra irad tutulmasına razı olmadığını qeyd etmişdir. Lakin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC İddiaçı tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhz poçt ünvanına göndərdiyi məlumatların hesabına bank müştərilərinin bankda olan kredit müqavilələrini vaxtından əvvəl yekunlaşdırması halı müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsinin təqdim etdiyi müştəri kodlarına əsasən tərtib edilmiş sənədə münasibətdə is qeyd edilməlidir ki, sübutlar işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməlidir, digər tərəfdən həmin cədvəl ümumiyyətlə sübut kimi qəbul edilə bilməz, çünki hər hansı məsul şəxs tərəfindən imzalanmalayaraq müvafiq möhürlə təsdiq edilməmişdir. Göründüyü kimi İddiaçı həmin məlumatları şəxsi elektron poçt ünvanına göndərməklə qeyd olunan məlumatların başqa şəxsə açıqlaması anlamına gəlmir, eləcə də bunu iddia edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC bu halı sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC M.X1 imza etməsi və bu halda müştəri məlumatlarını öz elektron poçtuna göndərməsinin həmin kodeksə zidd olmasını qeyd etsə də, işin faktiki halları ilə İddiaçı həmin məlumatları başqa şəxsə ötürməsi, eləcə də yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan halların baş verməsini bank sübuta yetirə bilməmişdir. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının banka məxsus kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilmədiyindən, əksinə iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edildiyindən qarşılıqlı iddia tələbinin dəlilləri əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-567/2022 saylı, 25 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar