Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2987/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-773/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi ilə 20.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin 174 nömrəli, 12.11.2021-ci il tarixli əmrinin ləğv olunması və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildən Cavabdeh Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə, 16.03.1998-ci ildən isə Cəmiyyətin Xarici İqtisadi Əlaqələr və Kommersiya Şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində üzərinə düşən öhdəlikləri peşəkarcasına tam olaraq yerinə yetirmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İki ali təhsili vardır, 24 iyun 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı X1 fakultəsini bitirərək sənaye üzrə planlaşdırma ixtisasını, 14 iyul 2001-ci ildə isə Rusiya Federasiyası Moskva şəhəri Maymonid adına X3 bitirərək hüquqşünas ixtisasını əldə etmişdir. Yeni Azərbaycan Partiya təşkilatının özəyinin təşəbbüskarı və yaradıcı olmaqla hal-hazırda da partiya təşkilatının sədrinin müavinidir. 23 avqust 2021-ci il tarixdə Cavabdeh ASC-nin mərkəzi aparatında ştat vahidlərinin, o cümlədən tutduğu vəzifənin də ixtisara düşməsinə və bu barədə işçilərin xəbərdar edilmələrinə dair Cəmiyyət üzrə 13 nömrəli əmr qəbul edilmişdir. Qəbul olunmuş əmrin və ixtisar barədə xəbardarlıgın surəti ona “COVİD-19” virusuna qarşı peyvənddən sonra sağlamlığında yaranmış problemlə əlaqədar bülletendə olduğu zaman, yəni 26 avqust 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Həmin əmrlə razı olmadığı üçün əmrin surətinə imza edərək tanış olmaqdan imtina etmişdir. 12 noyabr 2021-ci il tarixdə poçt vasitəsilə əmək müqaviləsinin pozulması barədə Cavabdeh ASC-nin 174 nömrəli, 12 noyabr 2021-ci il tarixli əmri ona rəsmi təqdim olunmuşdur. Yaranmış əmək mübahisəsi ilə əlaqədar mediasiya prosesinin tətbiqi barədə 12.11.2021-ci il tarixli rəsmi təklifi 24 noyabr 2021-ci il tarixli, 01/383 saylı məktub ilə Cəmiyyət tərəfindən məqbul hesab edilməmişdir, Cavabdeh ASC Mediasiya Şurasına 29 noyabr 2021-ci il tarixli müraciəti əsasında 14.12.2021-ci il tarixdə saat 10:00- a təyin olunmuş mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. Cavabdeh ASC -nin 174 nömrəli əmrinin 1-ci bəndində onunla 16.03.1998-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 12.11.2021-ci ildən ləğv edilmişdir. Hesab edir ki, Cəmiyyət tərəfindən həmin maddənin tətbiq edilməsi ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması əsassızdır. Həmçinin qeyd edir ki, uzun müddətdir onda şəkər xəstəliyi aşkar olunmuşdur və hal-hazırda da müalicəsi davam etməkdədir. Suala cavab olaraq bildirir ki, rus, azərbaycan və alman dillərini bilir. Moskvada hüquq fakültəsini 2002-ci ildə bitirmişdir. Bundan əvvəl isə institutu 1986-cı ildə bitirmişdir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-773/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Cavabdeh ASC-də anoloji şöbələrin başqa ad altında fəaliyyət göstərməsi və hal-hazırda ba belə bir şöbənin mövcudluğu və həmin şöbə vakansiya yerləri olması və cəmiyyətdə pensiya yaşını keçmiş işçilərin işləməsinə baxmayaraq, ona iş yeri təklif olunmaması halları müəyyən edilsə də, bu halların sübut edilməsinə məhkəmə tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkəmənin gəldiyi nəticə Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin müddəalarına zidd olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı iddianın hüquqi əsasını izah edə bilmir. İxtisarın aparılmasının ancaq qanuniliyi məhkəmə tərəfindən yoxlanıla bilər. İxtisar sahibkarın müstəsna səlahiyyətidir. Onların iddiaçı ilə heç bir qərəzi yoxdur. Onlar vəzifəni ixtisar etmişdir, yəni həmin vəzifəyə ehtiyac yoxdur. Çünki onların xarici iqtisadi əlaqələri, xarici ölkələrlə dövriyyələri yoxdur. İddiaçı bu günə kimi qoy bir misal çəksin ki, hansı xarici iqtisadi əlaqələrlə bağlı iş aparıb. Belə bir hal olmayıb. Cavabdeh ASC daxili bazardan mal alaraq, öz işini formalaşdırır. Ona görə də bu şöbə onlara lazım deyil. İddiaçının şəkərli diabet olmasının işdən azad edilməsinə aidiyyəti yoxdur. Şəkərli diabet xəstəsinin ixtisar edilə bilməməsi anlayışı yoxdur. İxtisar şəkərli diabet xəstəliyi ilə deyil, biznesin optimallaşdırılması ilə bağlıdır. Hətta iddiaçıya kompensasiya da ödənilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-773/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan İddiaçı İT-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı 16.03.1998-ci il tarixli, 4 nömrəli əmrinə əsasən Cavabdeh ASC-də xarici iqtisadi əlaqələr və kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasının yığıncağının 07.07.2021-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Müşahidə şurasının sədri və üzvlərinin iştiakı ilə Cavabdeh ASC aparatında ştat vahidlərinin sayının azaldılması ilə bağlı hazırlanmış yeni ştat cədvəlinə baxılması ilə əlaqədar təklif səsə qoyulmuş və yekdilliklə müvafiq qərar qəbul edilərək müvafiq ştat cədvəli təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin X2 yığıncağının 23.07.2021-ci il tarixli, 02 nömrəli protokoluna əsasən Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi ştatının ixtisarına razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 23.08.2021-ci il tarixli, 13 nömrəli əmrinin surətinə əsasən xarici iqtisadi əlaqələr şöbəsinin rəisi İddiaçı və digərlərinin ixtisar olunacaqları barədə xəbərdar edilməsi və həmin işçilərin xəbərdarlıq müddəti ərzində hər iş həftəsindən əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi əmr edilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli ixtisar barədə xəbərdarlığa əsasən İddiaçı "xxxx" ASC-də şöbələrin ləğvi və ştatların ixtisarı, eyni zamanda xəbərdarlıq müddəti ərzində hər iş həftəsindən əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli aktın surətinə əsasən mövcud qanunvericiliyə görə müəssisədə ştat vahidlərinin ixtisarı aparılarkən ixtisar olunan işçilərə başqa bir vəzifəni tutmaq təklif olunmalıdır. Lakin qeyd olunan səbəblərdən və mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. İş materiallarında olan 24.08.2021-ci il tarixli aktın surətinə əsasən İddiaçı 24.08.2021-ci il tarixdə üzrsüz səbəbdən işə çıxmamış və telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmamışdır. Buna görə də tanış olmaq 23.08.2021-ci il tarixli əmrin surəti və ixtisar haqqında xəbərdarlıqbildirişlər onun ünvanına göndərilmişdir. İş materiallarında xəbərnamənin surətindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 25.08.2021-ci il tarixdə İddiaçı ünvanlanmış sənədlər 31.08.2021-ci il tarixdə İddiaçı təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin 12.11.2021-ci il tarixli, 174 nömrəli əmrinin surətinə əsasən Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi İddiaçı ilə bağlanmış 16.03.1998-ci il tarixli müddətsiz əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş, İddiaçı əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmiş, İddiaçı əmrin surətini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan əmək haqqı barədə hesabatın surətinə əsasən 2021-ci ilin noyabr ayında Cavabdeh ASC tərəfindən İddiaçı orta aylıq əmək haqqının üç misli miqdarında, yəni 4353,12 manat işdən çıxarma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 1145,52 manat kompensasiya, noyabr ayında yeddi iş günü üçün 350 manat, xəstəlik pulu üçün 516,16 manat və mükafat üçün 100 manat olmaqla, cəmi 6464,8 manat məbləğində pul ödənilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, idarəetməni təkmilləşdirmək, xərclərin qarşısını almaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən ştat vahidlərinin ləğv edilməsi barədə Cavabdeh ASC-də qərar verilmişdir. Əmək Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Göründüyü kimi, işçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşiçinin stajı nəzərə alınmaqla ona orta aylı əmək haqqının 3 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh ASC-nin mərkəzi icra aparatı işçilərinin 2020-ci il və ixtisardan sonrakı 2021-ci il ştat cədvəlindən görünür ki, iddiaçının işlədiyi Xarici iqtisadi əlaqələr şöbəsi tam olaraq ixtisar olunmuşdur. Mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. Bu barədə 23.08.2021-ci il tarixdə akt tərtib edilmişdir. Kollegiya apellyatorun şəkərli diabet olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının şəkərli diabet xəstəliyinə tutulması ona işə bərpa edilməsi ilə bağlı hər hansı hüquq vermir. Əmək Məcəllənin 79-cu maddəsi, habelə Azərbaycan Respublikasının “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” 23 dekabr 2003-cü il tarixli 563-İİQ nömrəli Qanununun 8-ci maddəsi ilə işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir ki, iddiaçı ilə də əmək münasibətlərinə xitam verilməsi müvafiq əmrdən göründüyü kimi, həmin səbəblə bağlı olmamış, qanunvericilikiə nəzərdə tutulan ştat ixtisarı əsası ilə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-773/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2987/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2987/2022
13.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver