Məhkəmə qərarları › İş №2(103)-2989/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2989/2025

25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2989/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı üçüncü şəxs Mərdəkan Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-68/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mərdəkan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 1-3/66 saylı məktubundan görünür ki, İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qonşusu tərəfindən İddiaçı məxsus torpaq sahəsində qoyulmuş su hovuzundan uzun müddətdir ki, istifadə edilir.

2. xx.xx.2007-ci il tarixli 23 saylı və xx.xx.2008-ci il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı sahəsi 140,3 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir.

3. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və verilən məlumatda İddiaçı Mərdəkan Bələdiyyəsinin 23 saylı, xx.xx.2007- ci il tarixli müqaviləsi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m. olan torpaq sahəsinin kənd təsərrüfatı məhsulları əkmək üçün istifadəsinə verildiyi bildirilmişdir.

4. ƏMDK DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 140,3 kv.m olan torpaq sahəsinin X1 adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsinin boşaldılması, cavabdehlərə məxsus olan su çəninin götürülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinə öz hesabına hasarın çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mərdəkan Bələdiyyəsi tərəfindən 17 oktyabr 2007-ci il tarixli 23 saylı müqaviləyə əsasən ümumi sahəsi 140,3 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə cavabdeh onlardan xahiş etdi ki, onlara məxsus torpaq sahəsinə müvəqqəti olaraq su çəni qoysun. Onlar da bir qonşu olaraq buna etiraz etmədilər. Beləliklə də aralarında olan razılaşmaya əsasən cavabdeh, yəni qonşusu Cavabdeh1 özünə məxsus su çənini onların torpaq sahəsinə qoydu. Cavabdeh hazırda həmin torpaq sahəsini qanunsuz zəbt edib. O, ondan tələb etdi ki, axı onlar onun torpaq sahəsinə daxil olublar və 140,3 kv.m sahəyə qanunsuz olaraq daş hasar çəkiblər. O, onun haqlı tələblərinə məhəl qoymur, odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-68/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsində cavabdehlərə məxsus olan və iddiaçının faktiki sahibliyində olan torpaq sahəsində yerləşən su çəninin cavabdehlərin hesabına ərazidən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, həm iddiaçı tərəfin, həm də cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinə və fərdi evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bundan başqa mübahisəli su çəni cavabdehlərə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsində cavabdehlərə məxsus olan su çəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən və fərdi evdən istifadəyə maneələr törədir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə qismən haqlı olmuşdur. Göründüyü kimi, İddiaçı Mərdəkan Bələdiyyəsi tərəfindən 17 oktyabr 2007-ci il tarixli 23 saylı müqaviləyə əsasən ümumi sahəsi 140,3 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu barədə müqavilə mövcuddur. Cavabdehlərə məxsus su çəni iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Belə olan halda, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur. İddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2025-ci il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsi ünvanında su çəni müəyyən edilmiş və onun iddiaçının torpaq sahəsindən istifadəsinə maneə törətdiyi, giriş-çıxışa aşkar surətdə maneə yaratdığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “ərazinin təmizlənməsi və torpaq sahəsinə iddiaçının öz hesabına hasarın çəkilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissələrdə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsində cavabdehlərə məxsus olan və iddiaçının faktiki sahibliyində olan su hovuzu (su çəni) cavabdehlərin hesabına ərazidən çıxarılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2-ci; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi; Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-76.2, 119.1, 14.2, 217.4-cq maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflərin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarışları yoxdur. İddiaçının təqdim etdiyi Mərdəkan Bələdiyyəsi tərəfindən kənd təsərrüfatlı təyinatlı xx.xx.2007-ci il tarixli 23 saylı nüqavilənin hansı əsaslarla bağlandığı, həmin müqavilənin arxiv sənədlərində mövcudluğu, hansı əsaslarla sxemin tərtib edildiyi özlüyündə sual doğurur. Əgər sözü gedən müqavilə əsaslı olsaydı yəqin ki, şəxs onunla və onunla bağlı təqdim edilən sxemlə aidiyyəti orqana müraciət edərək daşınmaza əmlaka dair dövlət reyestrindən çıxarış əldə edərdi. Qeyd edir ki, fərdi yaşayış evində cavabdehlər, Cavabdeh1 əri, qayınata, digər cavabdeh olan qayınanası ermənistandan qaçqın olaraq məcburən 1988-ci ildən etibarən yaşayırlar. Orada fərdi yaşayış evində yaşayandan bəri demək olar 30 ildir ki, mübahisəli çəndən istifadə edirlər. Cavabdehlərdən fərqli olaraq iddiaçı oraya daha yeni köçmüşdür. Qonşu kimi köçdükdən sonra cavabdehlərə məxsus hasardan müvvəqəti olaraq işlərin görülməsi üçün istifadə etməklərini xahiş etmiş, onlar da buna icazə vermişdir. Lakin daha sonra onlar cavabdehlərə məxsus hasarı sökmüşlər. Bundan sonra münasibətlər korlanmışdır. İddiaçı istifadədə olan çəni deşmiş, onu yararsız hala qoymuşdur. Bundan başqa, cavabdehlərin yaşadıqları fərdi yaşyış evinin “Memarlıq- Planlaşdırma Həlli” nə dair 2012-ci il eskiz layihəsindən görünür ki, həmin lahiyə əri X3 adınadır. 2012-ci il tarixli evə dair “Memarlıq-Planlaşdırma Həlli” nə baxarkən məlum olur ki, fərdi yaşayış evinin qarşısında su çəni mövcuddur. Burdan da göründüyü kimi iddiaçının idda tələbi əsassızdır. İddia tələbində qeyd edilən tələblə bağlı deyə bilər ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 140,3 kv.m torpaq sahəsinin boşaldılması, cavabdehlərə məxsus olan su çəninin götürülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinə öz hesabına hasarın çəkilməsi ilə bağlı iddiaçının subyektiv hüquqları yoxdur. Belə ki, iddia etdiyi mübahisəli ərazi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarış mövcud deyildir və buna görə də iddia tələbi təmin oluna bilməzdi. Bundan başqa məhkəmə qətnamənin nəticə hissəsində 140,3 kv.m torpaq sahəsində cavabdehlərə məxsus olan və iddiaçının faktiki sahibliyində olan torpaq sahəsində yerləşən su çəni cavabdehlərin hesabına ərazidən çıxarılmasını qeyd etsə də təyin edilən ekspertiza tətqiqatı zamanı həmin ərazinin sərhədlərini müəyyən etmək mümkün olmamış, beləliklə məhkəmənin həmin nəticəni hansı halla müəyyən etdiyi məlum deyildir. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə istinad etsə də bu normanı düzgün tətbiq etməmişdir. Belə ki, maddədə mülkiyyətçilər arasında olan mübahisənin həll edilməsinə toxunulsa da məhkəmə həmin normanı, ekpertin müəyyən edə bilmədiyi və hüquqi baxımdan məhkəmnin səlahiyyətinə aid olan maneənin mövcud olmadığı mülkiyyət hüquqları olmayan tərəflər arasındakı mübahisəyə tətbiq etməsi düzgün deyildir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarına düzgün qiymət verməmiş, işdə iddiaçının tələbinin əsaslılığını sübut edəcək hər hansı yazılı, maddi sübutlarının, şahid ifadələrinin, ekspert rəyinin olmamasına baxmayaraq iddianı qismən təmin etmiş, beləliklə düzgün nəticəyə gəlməyərək düzgün olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, çən iddiaçının hasarının daxilində yerləşir. İddiaçı çəni oradan götürüb ata bilərdi, lakin bunu etməyib. İddiaçı xəbərdarlıqlar və şikayətlər edib. Çən hazırda istifadə edilmir. İddiaçıya məxsus torpaq sahəsində cavabdehin çəni qoyması ilə razı deyillər. Sənədləri də məhkəməyə təqdim etmişdirlər.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə oxşar məzmunda izahat verərək qeyd etdi ki, cavabdehlər çəni götürmürlər, onların sahəsinə qoyublar. Çəndən istifadə də edilmir. Onlara çən problem yaradır, buna görə də iddia qaldırmışdır. Bələdiyyə sədri də demişdir ki, çən götürülməlidir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Mərdəkan Bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində Cavabdeh1 münasibətdə iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Məhkəmə kollegiyasının mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, xx.xx.2007-ci il tarixli 23 saylı və xx.xx.2008-ci il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı sahəsi 140,3 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsində cavabdehə məxsus olan su çəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən istifadəyə maneə törədir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

24. Su çəninin cavabdehlərin hesabına iddiaçının faktiki sahibliyində olan torpaq sahəsindən çıxarılmalı olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarətdir ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş çıxarışı yoxdur, buna görə də subyektiv hüququ da yoxdur, təyin edilən ekspertiza tədqiqatı zamanı həmin ərazinin sərhədlərini müəyyən etmək mümkün olmamış, beləliklə məhkəmənin həmin nəticəni hansı halla müəyyən etdiyi məlum deyildir. 25.Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2007-ci il tarixli 23 saylı və xx.xx.2008-ci il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı sahəsi 140,3 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir. Mərdəkan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 1-3/66 saylı məktubundan görünür ki, İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qonşusu tərəfindən İddiaçı məxsus torpaq sahəsində qoyulmuş su hovuzundan uzun müddətdir ki, istifadə edilir. 26.Göründüyü kimi iddiaçı Bakı şəhəri Mərdəkan Bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında torpaq sahəsindən istifadə edir. Bələdiyyənin verdiyi məktubda da təsdiq edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsində qonşunun istifadə etdiyi su hovuzu yerləşir. Mərdəkan Bələdiyyəsinin xəritəsindən çıxarışda da öz əksini tapmışdır. Lakin o da nəzərə alınmalıdır ki, qeyd edilən məktub 2019-cu il tarixlidir. Hazırda həmin su hovuzu istifadəyə yararsız haldadır. Bunu iş materialında olan foto və video çəkilişdən müəyyən etmək olur. O cümlədən, cavabdeh də apellyasiya şikayətində təsdiqləmişdir ki, mübahisə predmeti olan su çəni yararsız haldadır. 27.Apellyasiya şikayətinin digər dəlilləri odur ki, iddiaçı cavabdehdən sonra mübahisə predmeti olan əraziyə köçüb. Bu dəlillərin araşdırılması zamanı iddiaçının nümayəndəsi izahatında qeyd etdi ki, 1994-cü ildə Şəlalə xanım ora köçüb. Cavabdehlər başqasının həyətini zəbt ediblər. Çənin götürülməsin xahiş edir. Çəndən neçə illərdir ki, istifadə edilmir. Cavabdehlər evi təzəlikcə tikiblər, iddiaçı isə illərdir ki, orada yaşayır. Orada yaşayış var. İddiaçı 1983-cü ildən orada yaşayır. Bina sürücülərin binasıdır, o vaxt atasına təsərrüfat üçün ev verilmişdi. Çən 2005-ci ildə qoyulmuşdur. O vaxt atası razılıq vermişdi ki, müvəqqəti qoysunlar. Ərazi boş idi, cavabdeh demişdi ki, çəni sonra götürəcək. Sonra atası dedi ki, çən götürülsün,çünki atasıgil həyətdə tikinti etmək istədi. 28.Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin iştirakını təmin etmək üçün iclas təxir edilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, öz dəlilləri ilə bağlı sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi ilə işin halları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfin yaşadığı Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, bina 8, 53 saylı mənzilə dair 1985-ci il tarixli order vardır (i.v.66). Hazırda mübahisə isə binanın yaxınlığında olan torpaq sahəsi ilə bağlıdır. Torpaq sahəsində çənin müvəqqəti qoyulmasına əvvəl razılıq verilmişdir, çünki torpaq sahəsi boş vəziyyətdə idi. Hazırda orada tikili tikilib və həmin torpaq sahəsi və tikili iddiaçının istifadəsindədir. Əvvəllər çənin qoyulmasına razılıq verilsə də artıq çən paslanmış, sökülmüş yararsız haldadır. Həmin yararsız vəziyyətdə olan çən heç bir funksionallağı olmadığı halda iddiaçının torpağında qalmaqla onun üçün əsassız maneə törədir.

29. Məhkəmə tərəfindən iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2025-ci il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsi ünvanında su çəni müəyyən edilmiş və onun iddiaçının torpaq sahəsindən istifadəsinə maneə törətdiyi, giriş-çıxışa aşkar surətdə maneə yaratdığı müəyyən edilmişdir. 30.Həmçinin iş materiallarına əlavə edilmiş elektron daşıyıcının (fləşkarta yazılmış videomaterialın) məhkəmə iclasında baxılması zamanı əldə edilmiş müşahidələr nəticəsində təsdiq olunmuşdur ki, cavabdehə məxsus su çəni artıq istifadə olunmayan, texniki baxımdan köhnəlmiş vəziyyətdədir və bu çənin fiziki mövcudluğu iddiaçıya məxsus həyətyanı sahənin giriş-çıxış yolunu xeyli dərəcədə daraldır torpaq sahəsinin iddiaçıya məxsus hissəsinin funksional istifadəsinə, o cümlədən giriş-çıxış imkanlarına aşkar və bilavasitə maneə yaradır.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 68/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

32. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-68/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar