Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-299/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 5180 (beş min yüz səksən) AZN məbləğində pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınıb ona verilməsi və cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilərək Prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli bütün faktlar araşdırılmamış, o, göstərmişdir ki, cavabdehdən mübahisə predmeti olan “Lazer CL3193” markalı aparatı onun saz və işlək olduğuna dair həm cavabdeh, həm də mütəxəssis tərəfindən zəmanət verilərək 35000 manata almış, lakin aparat cəmi 2 ay 6 gün sonra nasazlıq səbəbindən dayanmış, iddiaçı cavabdehə bu haqda məlumat verdikdə isə o, mütəxəssis çağırmış və aparatın təmirinə ümumilikdə 5500 manat xərc tələb olunacağı müəyyən olunmuşdur. Daha sonra ona məlum olmuşdur ki, aparatda dəyişdirilməli olan hissələrdəki nasazlıq cavabdeh iddiaçıya onu satdıqdan əvvəl yaranmış, o isə bu faktı iddiaçıdan gizlətmişdir.Rayon məhkəmısi sübutlara düzgün qiymət verməmiş bu səbədən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, “Arash” firması aparata baxış keçirməmişdi, digər bir usta aparata baxdıqdan sonra onun saz vəziyyətdə olduğunu demiş, bir müddət – iki ay işlədikdən daha sonra aparat xarab olmuş, cavabdehə bu haqda məlumat verdikdə isə o, mütəxəssis çağırmış və aparatın təmirinə ümumilikdə 5500 manat xərc tələb olunacağı müəyyən olunmuşdur, ilkin mərhələdə cavabdeh təmir xərclərinə yarıbayarı şərik olacağını bildirmiş lakin sonra bunu etməkdən boyun qaçırmışdır, sonradan isə onlara məlum olmuşdur ki, cavabdeh onlara istismar müddəti ötmüş, zahirən işlək görünən, lakin gizli qüsurları olan lap köhnə aparat satmışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin olunması barədə qətnamə, eləcə də cavabdehin əməllərində dələduzluğun əlamətləri olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında sözgüdən aparatın alğı-satqısına dair razılaşma olmuşdur, satılan aparatın təzə olmadığını, xeyli müddət istismarda olduğunu iddiaçı bilmişdir, alınan aparatın sıradan çıxmasının səbəbi baxımsızlıq olmuş, xx.xx.2019-cu il tarixdə servisin iddiaçıya bir aydan sonra aparata texniki baxış keçirilməli olduğunu deməsinə baxmayaraq, o, müddət keçdikdən sonra servisə müraciət etməmişdir, həmin aparata mütəmadi servis xidməti göstərilməli idi, iddiaçı bunu etməmiş, nəticədə isə aparatda nasazlıqlar ortaya çıxmışdır, bu səbəbdən də, rayon məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Cavabdeh X2 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qəbzin surətindən görünür ki, o “Kondella” adlanan Lazer aparatını 35.000 (otuz beş min) manata İddiaçı satmış, qeyd edilən aparat İddiaçı istifadəsinə keçmiş, İddiaçı 30.400 (otuz min dörd yüz) manat pulu cavabdehə vermiş və 4.600 (dörd min altı yüz) manat borclu qalmışdır. Qalıq borcdan xx.xx.2019-cu il tarixdə 1600 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat verilmişdir. xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, İddiaçı ərizəsi əsasından toplanmış material üzrə tərəflər arasında olan mübahisənin mülki xarakterli olması və vətəndaş Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və tələbin mülki xarakterli olması izah edilməklə şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərarda “Araş” firmasının servis və satış rəhbəri Şahid izahatında 2013-cü ildən qeyd olunan firmada işlədiyini, İddiaçı və Cavabdeh şirkətin müştəriləri kimi tanıdığını, sözü gedən lazer aparatının xx.xx.2018-ci il tarixdə şirkət tərəfindən Cavabdeh satıldığını və şirkətin əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Esmira” gözəllik salonunda quraşdırıldığını, təxminən 7 aydan sonra Fərhadın ona zəng edərək aparatı satmaq istəməsi barədə məlumat verdiyini, aparata satılmamışdan əvvəl sonuncu dəfə xx.xx.2019-cu il tarixdə texniki qulluq olduğunu və satılarkən saz vəziyyətdə olduğunu, 2019-cu ilin mart ayının əvvəllərində “Esmira” salonunda əvvəlcədən tanımadığı Gülay adlı qadına aparat barədə ümumi məlumat verdiyini, həmin vaxtdan sonra isə Gülay və Fərhadın dəvəti ilə bir neçə dəfə salona gedib aparata texniki qulluq göstərdiyini, lakin aparatın alqı-satqısında iştirak etmədiyini və tərəflər arasında olan sövdələşmədən məlumatsız olduğunu, Gülayın isə hazırda da şirkətə 2300 manat borclu olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixli 5478 nömrəli Qaimə fakturasından görünür ki, «xxxx» Firması 3193 Glase/ Esmira salon/ Elmlərə 1 ədəd C-82/80xx-xx-0010-Fokus GL, MGL linzanı 360 manata satmışdır. xx.xx.2019-cu il tarixli 5466 nömrəli Qaimə fakturasından görünür ki, «xxxx» Firması 3193 Glase/ Esmira salon/ Elmlərə 1 ədəd C-170/71xx-xx-9210/ Clase fiberi 3.200 manata və 1 ədəd C-82/80xx-xx-0010-Fokus GL, MGL linzanı 360 manata, cəmi 3.560 manata satmışdır. xx.xx.2019-cu il tarixli 5656 nömrəli Qaimə fakturasından görünür ki, «xxxx» Firması 3193 Glase/ Esmira salon/ Elmlərə 2 ədəd C-15/9908-1704-0408/ flash lampanı və 1 ədəd C-17/13xx-xx-7150/ biok trubkası vkladışı 900 manata satmışdır. xx.xx.2019-cu il tarixli 2647 nömrəli Qaimə fakturasından görünür ki, «xxxx» Firması 3193 Glase/ Esmira salon/ Elmlərə 8 ədəd C-45/71xx-xx-3268-MGL süşə linzanı 120 manata və 1 ədəd C-146/71xx-xx/9100/MGL nasadka 18 mm-ni 40 manata, cəmi 160 manata satmışdır. «Arash Dental & Beauty»-nin xx.xx.2018-ci il tarixli Nasazlıq aktının surətindən görünür ki, Cavabdeh sifarişi əsasında GL plus-3193 avadanlığında fiber dəyişdirilmişdir. «Arash Dental & Beauty»-nin zəmanət şərtlərindən görünür ki, C-170/71xx-xx- 9210/ Clase fiberi fokus linzadan doğurlanan problemlər əsasında 1 (bir) il zəmanət verilir. Əks halda slider linza və ya qırılma baş verərsə, ehtiyat hissəsinə zəmanət verilməyəcəkdir. «Arash Dental & Beauty» tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli Nasazlıq Aktından görünür ki, Cavabdeh sifarişi əsasında GL Plus-3193 adlı avadanlıqda Fiber dəyişdirildi. Cavabdeh X2 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı “Kondella” adlanan Lazer aparatınının satışından olan borcunu tamamilə ödəmişdir. Bakı Apellyasiya Məhəkəməsinin 2(103)-3119/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə lazer aparatının alğı-satqı zamanı texniki saz olub-olmaması və aparatdakı qüsurların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2382 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatına əsasən ekspertiza qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli vəsatət göndərilmiş, xx.xx.2020-ci il tarixdə baxış keçirilməsinə baxmayaraq mütəxəssis cəlb edilməmişdir. Həmin ekspertizanın keçirilməməsinin səbəbləri araşdırılarkən iddiaçının nümayəndəsi bildirdi ki, əslində həm ekspert, həm də mütəxəssis ekspertizanın aparılması üçün gəlmiş və lazer aparatını tədqiq etməyə başlamışlar, lakin cavabdehin nümayəndəsi olan vəkil buna imkan verməmiş, ekspertlə mübahisə etməyə başlamış, bu zəmində orada səs-küy və dava- dalaş yaranmış, bundan sonra ekspert və mütəxəssis tədqiqatın aparılması mümkün olmadığından çıxıb getmişlər. Bu xüsusatla bağlı izahat verən cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, həqiqətən də, həm ekspert, həm də mütəxəssis tədqiqat aparmaq üçün gəlmişlər, sadəcə olaraq o, vəkil kimi tədqiqatın aparılmasını videoya çəkmək istəmiş, eyni zamanda mütəxəssis və eskpertlə tədqiqatın aparılması qaydası və metodları ilə bağlı aralarında fikir ayrılğı olmuş, bundan sonra mütəxəssis və ekspert tədqiqatı dayandıraraq çıxıb getmişlər. O, mütəxəssis və ekspertə qarşı hər hansı kobud rəftar və hərəkət etməmişdir. Qeyd olunan xüsusatla bağlı həmin eskpertizanın keçirilməsi həvalə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elvin Qəhrəmanov məhkəmədə şahid qismində ifadə verərək ekspertizanın keçirilməsinə cavabdeh tərəfin mane olması ilə bağlı iddiaçının nümayəndəsinin bildirdiklərini təsdiq edərək bildirdi ki, həqiqətən də, o, mütəxəssis, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkili tədqiqat aparılarkən orada olmuş, cavabdehin nümayəndəsi və vəkili Vəkil ekspertizanın keçirilməsi zamanı videoçəkiliş aparmaq istəmiş, eyni zamanda lüzumsuz suallar və iradlar bildirməklə tədqiqata mane olmuş, onlar arasında bu zəmində münaqişə yaranmış, nəticədə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 10/3573 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatına əsasən Ekspertiza Mərkəzində mühəndis-texniki ekspertizalar şöbəsində lazer aparatları və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmir və lazer aparatlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan eskpertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyil. Mülki iş materiallarında olan lazer aparatının texniki göstəricilərini özündə əks etdirən fotoşəkildən müəyyən olunur ki, “Kondella” adlanan 3193 seriya nömrəli Lazer aparatı 1999-cu ildə istehsal olunmuşdur (cavabdeh fotoşəklin həmin aparata aid olmasını mübahisləndirməmişdir). İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı «keyfiyyətsiz əmlakın qaytarılması və ödənilmiş pulun alınması» tələbinə dair xx xxxxxxxx 2020-ci il tarixli iddia ərizəsi xx xxxxxxxx 2020-ci ildə Yasamal Rayon Məhkəməsində icraata qəbul olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, hazırda iddiaçı cavabdehin öhdəliyin lazımi icrasını təmin etməməsi səbəbindən ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin qanununi əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1.3-cü maddəsi təşkil edir. Həmin normada müəyyən edilmişdir ki, satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini satıcıdan tələb etsin. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhəkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə lazer aparatının alğı-satqı zamanı texniki saz olub-olmaması və aparatdakı qüsurların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün ekspertiza təyin olunmasına baxmayaraq, müəyyən olunmuşdur ki, cavabdeh tərəf ekspertizanın keçirilməsinə maneçiliklər törətmiş, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmin xüsusat məhkəmə iclasında iddiaçının nümayənədsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatları, eləcə də, şahid qismində dindirilmiş ekspert E.Qəhrəmanovun ifadələrində təsdiq olunmuşdur. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Kollegiya hazırkı halda hesab edir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına – hazırkı işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması həmin normanın təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi lazer aparatının ona satılarkən qüsurlu olmasını sübut etmə vəzifəsindən azad edir. Hazırkı iş üzrə iddiaçı cavabdehin ona qüsurları barədə məlumat vermədiyi aparatın təmirinə çəkdiyi 5180 (beş min yüz səksən) manat pulu ondan tələb edir. Cavabdeh tərəf tələb olunan məbləği, ümumiyyətlə, mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə görə tərəflər arasında alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Beləliklə Kollegiya qeyd edir ki: - “Kondella” lazer aparatının 1999-cu il buraxılışlı olması; - Cavabdeh həmin aparatın təmirinə çəkilən xərcləri mübahisələnidirməməsi; - cavabdeh tərəfin aparatdakı qüsurların nə vaxt və hansı səbəbdən yaranmasının müəyyən olunması üçün keçirilən ekspertizaya maneçilik törətməsi MPM-in 77.1 və 106.2-ci maddələrinin tələbləri baxmından İddiaçı iddia tələbinin təmin olunmasını tam əsaslı edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən “Kondella” lazer aparatının təmir olunması üçün xərclənən 5180 (beş min yüz səksən) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3044/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh “Kondella” lazer aparatının təmir olunması üçün xərclənən 5180 (beş min yüz səksən) manat məbləğində pulun və ödədiyi 31 manat dövlət rüsumunun alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-299/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver