Məhkəmə qərarları › İş №2(103)-299/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-299/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-299/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(011)-707/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzil X5 ilə cavabdehin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. X9 mübahisəli mənzilə olan 1/2 payını İddiaçı satmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzil X5 ilə cavabdehin birgə nikahda olduqları dövrdə əldə edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2287/2019 saylı qətnaməsi ilə X4 iddiası təmin edilərək, qeyd olunan mənzilin üzərində 1/2 hissədə X4, 1/2 hissədə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi ilən Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4140/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi qismən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin üzərində 1/2 hissədə X4 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və yeni baxışa göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin bölünməsi hissəsində qanuni qüvvəyə minmişdir. X5 mənzildəki payını satmaq istəmiş, ilkin olaraq payı almağı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218-ci maddəsinə müvafiq olaraq cavabdehə təklif etmiş və bununla bağlı ona xx.xx.2021-ci il tarixdə bildiriş göndərmişdir. Cavabdeh həmin bildirişi xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və bildirişə yazılı etiraz göndərmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “həmin mənzil ona məxsus Bakı şəhəri, ünvan 2 ünvandakı 5 otaqlı 25-ci mənzilin satılması və pulunun aralarında bölünməsi nəticəsində ona çatan vəsait hesabına alınmışdır. Yəni 5 otaqlı mənzili satıb pulu bölmüşlər. İddiaçı özünə çatan hissəni götürmüş, ona çatan hissə hesabına isə o, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzili almışdır. Mübahisəli mənzilin alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı bu mənzilin alğı-satqısında satıcının nümayəndəsi, o isə alıcısı olmuşdur. Əgər bu mənzil birgə mülkiyyət kimi, yəni ümumi qazancları hesabına alınırdısa, iddiaçının satıcının nümayəndəsi kimi ona verilən etibarnamə əsasında öz mənafeyinə uyğun müqavilə bağlanması qanunsuz idi. Qeyd olunanlarla bağlı hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığından iddiaçının göstərilənlərlə bağlı müraciət etməsi əsassızdır. O. qeyd olunan müraciətlə razılaşmır və mənzilin satılmasına razı deyil.” X5 bundan sonra mübahisəli mənzildəki payını Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş AN-1 ******* saylı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 40.000 manata ona satmışdır. xx.xx.2021-ci il tarixdə isə mənzilin 1/2 hissəsinə dair adına çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum olmuşdur. Belə ki, cavabdeh mənzili kirayə verdiyindən orada yaşaya bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(011)-707/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 86 nömrəli evin 101 saylı mənzilndə iddiaçıya və cavabdehə məxsus 1/2 hissə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edildiyinə görə iddia tələbi mənzilin naturada bölünməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda, iddiaçıya Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215, 218 və 220-ci maddələrinı və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(011)-707/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2022 №-li 13 yanvar 2022-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin cavabdehlə paylarına uyğun real bölgüsünün mümkün olub-olmaması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/829 saylı rəyinə əsasən mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları”2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mənzilin naturada bölünməsi mümkün olmadığından, öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürmüşdür. Lakin işə baxan məhkəmə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehin mövqeyini öyrənmədən iddia tələbini rədd etmiş, öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Lakin məhkəmə, kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin bölünməsi tələbini irəli sürdüyü halda, həmin tələblərə baxılmasına mane olan halları qətnaməsində əsaslandırmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1- 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək iddia tələbini rədd etmişdir ki, bu da qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması ilə nəticələnmişdir. O, iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməklə versə də, məhkəmə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından iddia tələbini həmin hissədə rədd etmiş, eyni zamanda, kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin cavabdehlə aralarında bölünməsi tələbi ilə bağlı isə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Halbuki, o, iddia tələbində mənzilin naturada bölünməsi mümkün olmadıqda, mərhələli şəkildə əvvəlcə kompensasiyanın ödənilməsini, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin cavabdehlə paylarına uyğun bölünməsini xahiş etmişdir. Lakin məhkəmə, iddia tələbinin kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin bölünməsi hissələri ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, həmin tələblərə bir icraatda baxılmasını mümkünsüz edən halların olub-olmamasını əsaslandırmamış, mövqeyini yalnız məhkəməyə müraciət etmək hüququnun olması ilə izah etmişdir. Hansı ki, o, məhkəmənin ona izah etdiyi hüququndan istifadə edərək, qeyd olunan tələbləri iddia tələbində irəli sürmüşdür. Göründüyü kimi, məhkəmənin istinad etdiyi maddi hüquq normaları onun iddia tələbinin təmin edilməsi üçün əsas olduğu halda, məhkəmə həmin maddi hüquq normalarını hazırkı işə tətbiq etməklə iddia tələbini rədd etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, «əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz». Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər». Lakin işə baxan məhkəmə cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı araşdırma aparmadığından, mənzilin hərracdan satılması hissəsinə ümumiyyətlə toxunmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçıya evin bazar qiymətinin 1/2 hissəsinin ödənilməsinə razı olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir: 1) Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin naturada bölünməsi; 2) Bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması; 3) Bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi İddia tələbinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin naturada bölünməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/829 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında ümumi sahəsi 48,61 kv.m olan mənzilin doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşməsini, giriş-çıxışının yeganə olmasını, yaşayış və yardımçı otaqların planlı yerləşməsini nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin İ hissəsi üzrə araşdırma aparsa da araşdırmasını iddia tələbinin 2-ci və 3-cü hissəsi ilə bağlı aparmayaraq 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnu izah olunmalı əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsinin rədd edilməsi barədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, işin araşdırılan hallarından görünür ki, X5 mənzildəki payını satmaq istəmiş, ilkin olaraq payı almağı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218-ci maddəsinə müvafiq olaraq cavabdehə təklif etmiş və bununla bağlı ona xx.xx.2021-ci il tarixdə bildiriş göndərmişdir. Cavabdeh həmin bildirişi xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və bildirişə yazılı etiraz göndərmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “həmin mənzil ona məxsus Bakı şəhəri, ünvan 2 ünvandakı 5 otaqlı 25-ci mənzilin satılması və pulunun aralarında bölünməsi nəticəsində ona çatan vəsait hesabına alınmışdır. Yəni 5 otaqlı mənzili satıb pulu bölmüşlər. İddiaçı özünə çatan hissəni götürmüş, ona çatan hissə hesabına isə o, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzili almışdır. Mübahisəli mənzilin alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı bu mənzilin alğı-satqısında satıcının nümayəndəsi, o isə alıcısı olmuşdur. Əgər bu mənzil birgə mülkiyyət kimi, yəni ümumi qazancları hesabına alınırdısa, iddiaçının satıcının nümayəndəsi kimi ona verilən etibarnamə əsasında öz mənafeyinə uyğun müqavilə bağlanması qanunsuz idi. Qeyd olunanlarla bağlı hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığından iddiaçının göstərilənlərlə bağlı müraciət etməsi əsassızdır. O, qeyd olunan müraciətlə razılaşmır və mənzilin satılmasına razı deyil. Prosessual qənaət prinsipi və tərəflər arasında yaranmış mübahisə üzrə əsassız məhkəmə çəkişmələrinin qarşısının alınması üçün birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbləri baxımından mübahisəli mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məqsədi ilə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilə və təqdim edilmiş rəy üzrə əmlakın dəyərinin bazar dəyərinin yarısının alınması cavabdehə təklif edilməsi, razılıq əldə edilmədiyi halda mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbinə də hüquqi qiymət verilməsi daha məqsədə uyğun olardı. Məhkəmə kollegiyası tərəfindən kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, tədqiqat obyektinə baxış keçirilməsinin mümkünsüzlüyü səbəbindən ekspertizasının keçirilməsindən imtina edilmişdir. Bununla belə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş "xxxx" valuation consulting»in 06 aprel 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilinin bazar dəyəri 85.000 manat, likvid dəyəri isə 76.500 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa cavabdehin məhkəmə kollegiyası iclasında iştirakı təmin olunmuş, ona qarşı tərəfə evin bazar qiymətinin 1/2 hissəsinin, yəni 42.500 manatın ödənilməsi təklif edilmiş, lakin cavabdeh maddi imkansızlıq səbəbindən bunun mümkün olmadığını bildirmişdir. Ümumiyyətlə iddiaçıya məxsus evin 1/2 hissəsinə pay ayrılmasına, yaxud pulun ödənilməsinə qətiyyətlə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təklifi müsbət həll olunmadığı üçün iddia tələbinin mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi hissəsinə hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən paylı mülkiyyətdə olan payın açıq hərracda satılmasına qədər olan prosessual qaydalara iddiaçı tərəfindən riayət edilmiş, heç bir nəticəsi olmadığından əmlakın açıq hərracdan satışa çıxarılması hazırki halda qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hallar araşdırılmamış və iddia tələbinin bu hissədə də rədd olunması qənaətinə gəlinməsi ilə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbül edilməlidir. Belə ki, cavabdeh iddiaçıya evin bazar qiymətinin 1/2 hissəsinin, yəni 42.500 manatın ödənilməsindən imtina etməsinə görə mərhələli şəkildə paylı mülkiyyətdə olan payın açıq hərracda satılması kimi prosessual qaydanın tətbiqini nəzərdə tutduğundan iddianın cavabdehdən 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması tələbinin tutulması hissəsi təmin edilə bilməz. Buna görə də iddia qismən əsaslı sayılaraq mübahisəli mənzil açıq hərracdan satılaraq əldə olunan pul məbləği İddiaçı və Cavabdeh arasında 1/2 nisbətdə bölünməsi hissəsində təmin edilməli, qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş 317293 saylı kassa mədaxil orderindən görünür ki, iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsinə dair hesabata görə 150 manat pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(011)-707/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzil açıq hərracdan satılsın və əldə olunan pul məbləğinin İddiaçı və Cavabdeh arasında 1/2 nisbətdə bölünsün. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsinə dair hesabata görə ödənilmiş 150 manat pul iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar