Məhkəmə qərarları › İş №2(103)-299/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-299/2025

27.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-299/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dаir mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı3 nümayəndəsi və vəkili, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 vəkili Vəkil3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onların mülkiyyətində olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən zəbt edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddia tələbi təmin edilməmişdir.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə 50 manat məbləğində ekspertiza xərcinin iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsilməsi qərara alınmışdır.

4. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti vermişdir.

5. Digər iddiaçılar qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçılar İddiaçı1 və İddiaçı3 qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, alqı-satqı müqaviləsi bağlanmamışdır, daşınmaz əmlakın şifahi alqı-satqısı qanunda nəzərdə tutulmayıb. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 nümayəndəsi və vəkili, iddiaçıların vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh1 vəkili Vəkil2 və Cavabdeh2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, Cavabdeh2 bildirdi ki, pul verib torpaq alıblar, iki ev tikilib, evlərin ayrılıqda 60- 65 min manat qiyməti var. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan:

10. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 01-114/22 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon İHB-nin 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsindən JN-4860D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 (X6) mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi, rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Bakı şəhəri, Suraxanı rayon İHBnin 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsindən JN4860D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 (X6) mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir.

11. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN - 4860D (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Bakı şəhəri sakini X10 (ailə üzvləri X15, X11, X7, İddiaçı5 Ramiz oğlu) verilmişdir, ona görə ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1569 saylı sərəncamı ilə 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir.

12. . Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 012278 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə doğulmuş X12 adını Tərlandan İranəyə dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 06 nömrə ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1569 nömrəli sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsinin şimalında, cizgidə göstərilən sahədə fərdi ev tikintisi üçün Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, pr 1,4 №li evdə yaşayan vətəndaş X10 – 600 (altı yüz) m2 torpaq sahəsi ayrılmasına; Tikinti sahiblərinə ayrılmış sahədə 185-000-111S №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə; Kürsülük 2 m müəyyən edilməsinə dair sərəncam verilmişdir.

14. 5 saylı Bakı “ASAN xidmət” X8 tərəfindən xx.xx.2022- ci il tarixdə verilmiş, 05/09İS/043422-22 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1967-ci il təvəllüdlü İddiaçı1; Əri – İddiaçı2 (xx.xx.1966); Qızı – İddiaçı4 (xx.xx.1986); Qızı – İddiaçı3 (xx.xx.1987); Oğlu – İddiaçı5 (xx.xx.1999).

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosuna xx.xx.2022-ci il tarixdə ünvanlanmış, **********63 nömrəli qeyd olunan ünvana dair müvafiq məlumatların və sənədlərin surətlərinin verilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi X16, X15, X11, X7 və İddiaçı5 Ramiz oğlunun adlarına JN-4860D Kod 00600066 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunan şəxslərin adlarına xx.xx.2002-ci il tarixdə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-685/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsnin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı əsasında həbs qoyulmuşdur.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Eldar Rəhimov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş Leyla Hümbətovnanın müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərar barədə maraqlı tərəfə məlumat verilmiş və məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir.

17. xx.xx.2007-ci il tarixli, ƏN-İ 087646 nömrəli etibarnamənin surətindən görünür ki, Hümbətova/Orucova Leyla X1 və X2 AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2002-ci il tarixdə JN-4860D, KOD 00600066 saylı reyestrlə verilmiş “Torpağın mükiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsi şimalında yerləşən 0.06 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 30 il müddətinə verilmişdir və xx.xx.2037-ci ilədək qüvvədədir.

18. İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində X3 və X2 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnamıni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasar daxili 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli yaşayış evləri və köməkçi tikililər mövcuddur. Ümumi hasar daxilində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 3 ədəd yaşayış evlərindən 2 ədəd birmərtəbəli olan evlər sənəd üzrə 0.06 ha torpaq sahəsində yerləşir (1 ədəd ikimərtəbəli yaşayış evi isə əlavə istifadə olunan sahədə yerləşir). Vahid elektron kadastr məlumat bazasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860D, kod 00600066 nömrəli şəhadətnamənin baza məlumatı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, 3-16-16/2-10/9107 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasar daxili 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli yaşayış evləri və köməkçi tikililər mövcuddur. Ümumi hasar daxilində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 3 ədəd yaşayış evlərindən 2 ədəd birmərtəbəli olan evlər sənəd üzrə 0.06 ha torpaq sahəsində yerləşir (1 ədəd ikimərtəbəli yaşayış evi isə əlavə istifadə olunan sahədə yerləşir). Vahid elektron kadastr məlumat bazasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860D, kod 00600066 nömrəli şəhadətnamənin baza məlumatı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

21. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 195775 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 478 nömrə ilə qeyd edilmişdir.

22. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 201 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X3 2002-ci ilin dekabr ayından ölən günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşamışdır. Ailə üzvləri - həyat yoldaşı Cavabdeh1, oğlu X4, qızı X5 və Cavabdeh2 onunla birlikdə yaşamışdır.

23. Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 nömrəli arayışdan görünür ki, Cavabdeh1 2002-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 10-un yanında yerləşən fərdi yaşayış evində yaşayır və yaşadığı ünvanın 2022-ci il üçün əmlak və torpaq vergisi borcu yoxdur.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)- 685/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3330/2019 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin borclunun daşınmaz əmlaklarına yönəldilməsi üçün borclu İddiaçı1 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ümumi sahəsi 0.06 ha olan fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4534/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazıkı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş özbaşına tikililərin ayrılıqda hazırkı real bazar qiyməti müəyyən edilsin.

26. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş özbaşına tikililərin bazar dəyəri 154.000 manat, o cümlədən torpaq sahəsinin dəyəri 120.000 manat, tikili və yaxşılaşdırmaların dəyəri 34.000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: ·həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; ·müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Hazırkı iş üzrə isə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla (ödənişlərə dair qəbzlər) müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarı Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə isə birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, P.Ağahüseynovun isə müqavilə bağlanarkən həqiqi hərbi xidmətdə olması əsas götürülərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

38. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayətinə əsasən tam yoxlanılır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, aşağıdakılar hazırkı işin mübahisələndirməyən halları kimi müəyyən edilmişdir: A. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Orucova (hazırda Hümbətova) Leyla Məmməd qızına fərdi yaşayış evi tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 600 m2 torpaq sahəsi ayrılmışdır. B. Bu sərəncam əsasında 2002-ci ildə iddiaçı Leyla Orucova (Hümbətova) və iş üzrə digər iddiaçılar olan ailə üzvləri adına həmin torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. C. Leyla Orucova (Hümbətova) xx.xx.2007-ci il tarixli etibarnamə ilə həmin 0.06 ha torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə cavabdehlər X3 və Cavabdeh1 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir. xx.xx.2022-ci ildə İddiaçı1 bu etibarnamənin ləğvi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir. D. Mübahisə predmeti olan torpaq sahəsində iki fərdi yaşayış evi tikilmişdir. Həmin tikililərdə hazırda cavabdehlər yaşayırlar və torpaq sahəsi də onların istifadəsindədir. E. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı1 icra sənədi üzrə borcunun icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.

43. İddiaçı1 rayon məhkəməsinə verdiyi iddia ərizəsi və izahatında qeyd etmişdir ki, o cavabdehləri tanımır, sonradan torpaq sahəsinə dair hüquqların cavabdehlərə (Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə etibar etmiş, etibarnamə 30 il müddətinə verilmişdir) verilməsi barədə xx.xx.2007-ci il tarixli etibarnamədəki imzanın ona məxsus olduğunu təsdiq edən iddiaçı yenə də cavabdehləri tanımadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, həmin torpaq sahəsini unutmuşdu, bunu da həmin vaxt başqa çoxlu torpaq sahələri alması ilə əlaqələndirmişdir, borcuna görə bu torpaq sahəsinə həbs qoyulan zaman (xx.xx.2020-ci il tarixdə) bu torpağı xatırlamışdır.

44. Rayon məhkəməsinin qeyd etdiyi kimi, İddiaçı1 həmin vaxt çoxsaylı başqa torpaqlar alması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

45. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçıların bir halda bu sahəni həqiqətən unutması ağlabatan olardı. Belə ki, torpaq sahəsinə əmlak marağının itirilməsi halında (əmlakın məhv olması, satılması və s.) onun sonrakı taleyi ilə maraqlanmamaq başadüşüləndir. İşin hallarından və yuxarıda qeyd edilənlərdən belə görünür ki, hazırkı işdə də bu hal baş vermiş, İddiaçı1 həmin torpaq sahəsini qeyri-rəsmi qaydada etibarnamə əsasında cavabdehlərə “satdığından” sonradan sahə ilə nə o, nə də ailə üzvləri maraqlanmamışdır. Yalnız torpaq sahəsinin üzərinə onun borclu olduğu icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi həbs qoyulmasından xəbərdar olduqdan sonra iddiaçı həmin sahəni “xatırlamış”, cavabdehlərlə aralarında rəsmi alqı-satqının baş tutmaması səbəbindən torpaq sahəsinin formal olaraq mülkiyyətlərində qalmasından istifadə edərək, əvvəlcə müvafiq etibarnaməni ləğv etmiş, daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 özü də məhkəmə iclasında torpaq sahəsini illər sonra xatırlamasının həmin həbs qərarı ilə bağlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, İddiaçı1 mübahisəli torpaq sahəsini cavabdehlərə satmışdır. Lakin aralarında rəsmi alqı-satqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Bu səbəbdən torpaq sahəsi formal olaraq iddiaçıların mülkiyyəti kimi qalmaqda davam etmiş, İddiaçı1 da icra sənədi üzrə borcunun ödənilməsinə nail olmaq üçün bu “mülkiyyət hüququ”ndan suiistifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mahiyyətcə hüquqdan suiistifadə xarakteri daşıyan hazırkı iddiası təmin edilə bilməz. Məhkəmə, digər iddiaçıların bu illər ərzində torpaq sahəsinə mülkiyyət hüquqları ilə bağlı heç bir iddia irəli sürməməsini onların İddiaçı1 bağladığı “alqı-satqı” əqdini sonradan bəyənməsi kimi qiymətləndirərək, onlara münasibətdə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir. Odur ki, iddia rədd edilməlidir.

46. İddia ərizəsi və apellyasiya şikayətindən görünür ki, iddiaçılar məhz torpaq sahəsinin alqı-satqısına dair yazılı müqavilənin olmamasına istinad etmişlər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarı və F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqelərdən çıxış edən Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır.

48. Belə ki, İddiaçı1 Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə 30 il müddətinə verdiyi xx.xx.2007-ci il tarixli etibarnamənin yeganə ağılabatan izahı həmin torpaq sahəsinin onlara satılması ola bilər.

49. Digər iddiaçıların isə bu illər ərzində torpaqla maraqlanmaması, cavabdehlərin orada iki ev tikərək yaşaması onu göstərir ki, onlar da həmin müqavilə ilə razılaşmışlar. Bu baxımdan, Kollegiya belə qənaətə gəlir ki, məhz formal tələblərə riayət edilməməsi əsası ilə qaldırılan hazırkı iddia Mülki Məcəllənin 560-cı maddəsinə əsasən aşıq-aşkar və bariz şəkildə hüquqdan sui-istifadə olduğundan, vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilir. Odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

50. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

52. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçılar İddiaçı1 və İddiaçı3 özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onların apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı3 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar