Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2991/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil Madar oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "X10" X1rşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı xx.xx.2017-ci il tarixində "X10" MMC-yə mətbuat xidməti üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən "X10" MMC-nin mətbuat xidməti üzrə mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu, ona təzyiq göstərilməklə aldadılaraq ərizə yazdırıldığını bildirərək işdən əsassız və qanunsuz olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "X11" X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X11" MMC tərəfindən onun, yəni İddiaçı barəsində verilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsaslanan xx.xx.2023-cii il tarixli, 47 №-li əmrin və bu əmrə əsasən ******* saylı əmək kitabçasının 2-ci və 3-cü səhifələrində 2-ci qeyd nömrəsi ilə yazılmış "Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilib" qeydinin etibarsız sayılaraq ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi və ona 12 may 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "X11" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən o qeyd olunan voleybol klubunda mətbuat xidməti üzrə mütəxəssis (mətbuat katibi) vəzifəsinə işə qəbul edilmişdir. 2023cü ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasının prezident postunda dəyişiklik oldu və həmin posta Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov seçildi. Həmin vaxt, yəni 2023-cü ilin may ayının 5-də klubun keçmiş prezidenti Dağıstan Hüseynov onlara bildirdi ki, federasiyanın yeni rəhbəri bütün klubların sıfırlanması və işçilərin hamısının işdən çıxarılması barədə göstəriş vermişdir. Bu zaman o və digər işçilər kompensasiya ödənilmədən işçilərin öz ərizəsi ilə işdən azad edilməsi tələbinə etiraz etdilər və rəhbərliyin dəyişməsinə görə kiçik işçilərin işdən azad edilməsi tələbi ilə razılaşmadılar. Lakin onlara verilən cavabda qeyd olundu ki, bu adi prosedur qaydasıdır, bütün ştatlar üzrə vəzifə tutmuş işçilər işdən azad ediləcək, daha sonra isə öz ərizəsi ilə işdən çıxanlar həmin işə yenidən götürüləcəklər, amma könüllü ərizə əsasında işdən çıxmayanlar aprel və may ayları üçün hesablanmış əmək haqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcəklər. Məhz bu formada məlumatlandıqlarına görə hər kəs, o cümlədən o da may ayının 12-si "könüllü" ərizə yazmışlar. Lakin ərizənin nəticəsi olaraq onlara nə əmr, nə də ki, əmək kitabçası təqdim olundu. Daha sonra kluba Akif adında sponsor gəldi və onlarla tanış olaraq bildirdi ki, may ayının 20-dən sonra ərizə yazan hər kəs işə yenidən götürülmək üçün yoxlanışa dəvət olunacaqdır. Amma maraqlı məqam budur ki, bu formada məlumatlandırıldıqlarına görə onlar könüllü ərizə yazmağa məcbur edilərək işdən çıxdıqları zaman klubun mühasibi, insan resursları üzrə mütəxəssis (HR) və meneceri komandanın işində saxlanılmış və onlar işə gedib-gəlmişlər. Onlar bu halı sonradan bildilər və anladılar ki, aldanıblar. Bunu onun insan resursları üzrə mütəxəssis (HR) ilə "Whatsapp" proqramı vasitəsilə apardığı yazışmalar da təsdiq edir. Onlar ərizə yazmağa məcbur edilərək işdən ayrıldıqdan sonra bu məsələ uzandı və onlara əvvəlki işlərinə qayıtmaqları barədə heç bir dəvət göndərilmədi. Buna görə də, o, iyunun 6-da Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovla görüşdü. O, ona bildirdi ki, sözügedən məsələdən xəbərdardır, amma 1-2 ay ərzində onun işinə qayıtmağı mümkün deyil, çünki bu qərar rəhbərlik tərəfindən verilmişdir. O həmçinin bildirdi ki, işinə tezliklə bərpa edilməyi mümkün olmamasının səbəbi işçilər arasında ajiotajın yaratmamaqdır. Buna görə də, o, baş katibdən hansı səbəbə görə mühasibin, menecerin və insan resursları üzrə mütəxəssisin işdə saxlandığını soruşdu və bu sualına cavab ala bilmədi. Hər bir halda əmək kitabçasının işdə saxlanılması və ona qaytarılmaması işinə geri qayıdacağı inamı yaratmışdı. 1 ay keçdikdən sonra o "X11" MMC-nin yeni rəhbəri Orxan Kərimovla görüşdü. Klub prezidenti ona bildirdi ki, o hələ komanda yığır, inzibati heyətə ehtiyacı yoxdur. Bu zaman belə bir sual meydana çıxır ki, inzibati heyət lazım olmayan komandada mühasib, menecer və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? O bu sualı Orxan Kərimovun özündən də soruşdu, lakin o ona həmin şəxsləri onun işdə saxlamadığını bildirdi. Daha sonra o Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovun qəbulunda oldu. Qəbul zamanı federasiyanın rəhbəri ona klubların sıfırlanması ilə bağlı hər hansı bir göstəriş vermədiyini və ümumiyyətlə məsələdən xəbərinin olmadığını, bu barədə ilk dəfə eşitdiyini bildirdi. Göründüyü kimi, federasiya rəhbərinin xəbəri olmadan, onun adından istifadə edərək klub rəhbərliyi insanları kütləvi şəkildə işdən azad etmişdir. Şahin Bağırovun qəbulunda olan zaman ona onun heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağı, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağı haqqında bildirdikdən sonra o, ona Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini qeyd etdi. O, qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdı, lakin bu mümkün olmadı. Daha sonra, o Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşə bilmək üçün federasiyanın mətbuat katibi Şəfəq Kərimova ilə görüşdü. Ona məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyini bildirdi. Amma qəbul üçün çağırılmadı. X14 qəbulunda olmağından artıq 3-4 aydan çox vaxt keçib və bu məsələ hələ də öz həllini tapmayıb. O, bu məsələ barədə narazılığını kütləvi informasiya vasitələri hesabına da işıqlandırmışdır və ictimaiyyətin diqqətinə çatdırmışdır. Bundan sonra bəzi xəbər saytlarının əməkdaşları tərəfindən "X11" MMC-nin prezidenti Orxan Kərimovla əlaqə saxlanmışdır. Bu zaman o, qeyd etmişdir ki, onun özü vəzifəyə o işdən çıxarıldıqdan sonra gəlmişdir, yəni o, iyunun sonlarında işə başlamış, o isə aprel ayında işdən çıxarılmışdır. Ona görə də, hər hansısa bir şərh verməsi mümkün deyil. O həmçinin onunla görüşərək komandanı yeni qurmağa başladıqlarını və klubda hazırda bu vəzifənin boş olduğunu bildirdiyini də qeyd etmişdir. Əvvəla, o işdən may ayının 12-də azad edilmişdir. İkinci olaraq isə o, 10 iyul tarixində Orxan Kərimovla görüşən zaman da ona komandanın yığıldığını bildirmişdi. Buna görə də, o, ona inzibati heyətin nə vaxt lazım olacağı barədə sual verdikdə o, vaxtı dəqiq bilmədiyini və mövsüm başlayanda, yəni sentyabr ayında ilk olaraq köhnə işçiləri çağıracağını bildirmişdi. Lakin hələ də o əvvəlki işinə bərpa olunmağı üçün klub tərəfindən çağırılmamışdır. Həmçinin xəbər saytları tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovla yaradılan əlaqə zamanı o sözügedən məsələnin klubun daxili işi olduğunu, onların klubun işinə müdaxilə etmədiyini, federasiyadan maliyyələşən klubların olduğunu, hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilənin sona çatdırılması və növbəti mövsüm yeni müqavilənin bağlandığını, artıq «Azerreyl»də yeni rəhbərinin olmasını və heyəti də onun özünün müəyyənləşdirəcəyini bildirmişdir. Həmçinin o, onun AVF-nin prezidenti Şahin Bağırovun qəbulunda olduğunu və onun ona həmin məsələnin araşdırılacağını bildirdiyini də qeyd etmişdir. Yekun olaraq o bildirmişdir ki, onlar peşəkar klubların daxili işlərinə qarışa bilmir və klub rəhbərliyi özü hər kəslə görüşəcək. O, 6 ildir ki, "X10" MMC-də mətbuat xidməti üzrə mütəxəssis kimi fəaliyyət göstərmiş və heç vaxt mövsüm yekunlaşan zaman baş katibin qeyd etdiyi formada işdən azad olma halı ilə rastlaşmamışdır. Onun qeyd etdiyi bu hal idarə heyətinə deyil, komandanın heyətinə aiddir. Göründüyü kimi, cavabdeh MMC tərəfindən heç bir əsas olmadan, federasiya rəhbərindən xəbərsiz onun adından istifadə etməklə o, və klubun digər işçiləri qanunsuz olaraq işdən azad edilmişlər. İşdən azad edilməklərinə dair ərizəni onlar aprel və may ayları ərzində öz əməkləri haqqını ala bilməməkləri və yenidən işə bərpa olunmadıqları mümkün olmaması hədə-qorxusuyla yazmışlar. Ona görə də, o, "X11" MMC-də tutduğu vəzifə üzrə işə yenidən bərpa edilməlidir və ona cavabdeh tərəfindən işdən hədə qorxu ilə azad edildiyi gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. "X10" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı cavabdehə işdən azad olunma barədə ərizə ilə müraciət etmiş, ərizədə işdən azad olunma tarixini xx.xx.2023-cü il göstərmiş, həmin tarixdən iddiaçı öz ərizəsinə əsasən işdən azad olunmuş, həmin tarixdən onunla əmək münasibətlərinə xitam verilmişdir. Hesab edir ki, iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən şahid X8 bildirmişdir ki, 2013-cü ildən otel üzrə inzibati vəzifədə, sonra "Azerreyl” Voleybol klubunda işləmişdir. Klub ikinci iş yeri idi. Onu dəvət edib bildirdilər ki, sənədə imza atmalıdır, çünki rəhbərliyin dəyişilməsi ilə əlaqədar müqavilələr yenilənməli idi. Sonra məlumat gəlmədi. Daha sonra hamının işə bərpa olunması barədə xəbər tutmuş, o, isə işə bərpa olunmamışdır. Onun əsas iş yeri olmadığı üçün ona o qədər də maraqlı olmayıb orada yenidən işləməyə başlamaq üçün 13-15 nəfər əməkdaş var idi. Nahid bəy bildirmişdir ki, bütün kollektiv imzalayacaq ərizəni, amma sonra məlum oldu ki, bəzi işçilər imzalamamış, çoxu da işə bərpa edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən şahid X9 bildirmişdir ki, "X10"nda insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Şirkətdə rəhbər dəyişiklikləri dövrü idi, bəzi işçilər öz xahişləri ilə ərizə yazaraq işdən çıxmaq istədiklərini bildirdilər. Həmin ərəfədə 5-7 nəfər təsir göstərilmədən öz xahişləri ilə işdən azad edildilər. İşçilər şablon ərizə formasını ondan istəmiş o da təqdim etmişdir. Çağırıb heç kəsə bildirilməyib ki, ərizəsini yazıb işdən çıxsın. Şəxsi seçimləri olmasına görə işdən işçilərin çıxmasını soruşmamışlar. İddiaçının əmək kitabçasını gec təqdim edilməsi onun səhvi olmuşdur. İşdən çıxanda əmək kitabçasını istədikdə əməkdaşlara təqdim edirdi. Çoxu da gəlib götürürdü. Amma iddiaçı tələb etməmiş, o da təqdim etməyi unutmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, "X10"nda baş mühasib vəzifəsində işləyir. Rəhbərlikdə dəyişikliklər baş tutacaqdı. İddiaçı gəlib özü öz ərizəsini yazmaq istədi, yazdı və işdən azad edildi. Həmin ərəfədə bir neçə nəfər işdən öz təşəbbüsləri ilə azad edildi. Yeni rəhbərlik tərəfindən işçilərin ərizə yazmaları barədə göstəriş verilməyib. Heç kimə təzyiq göstərilməyib. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-203/2024 saylı, 28 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları, tədqiq edilmiş sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, "X11" MMC-nin 2023-cü ilin may ayı ərəfəsində rəhbərliyin dəyişilməsi səbəbi ilə bir sıra işçilərin öz təşəbbüsləri ilə işdən azad edilmələri halı baş vermişdir. Bu hal işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı rəhbərliyin dəyişilməsi səbəbindən müqavilələrin yenilənməli olması adı ilə işçilərə işdən azad edilmələri barədə ərizələrin təzyiq göstərilməklə yazdırılmasını və onların sonradan işə qəbul ediləcəklərinə inandırmaqla onların işdən azad edilmələrini iddia edir. Məhkəmə işin araşdırılmış hallarını və tədqiq edilən sübutları müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa iddia ərizəsindən və iddiaçının öz izahatından da göründüyü kimi o, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verildikdə bundan məlumatlı olmuş, lakin işə yenidən bərpa ediləcəyini ümid etdiyindən əmri mübahisələndirməmiş, işə bərpa olunmadığını gördükdən sonra bununla bağlı X7 şikayət etmiş, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında əmək kitabçasını əmr verildikdən sonra ona təqdim edilməməsinin onda işə yenidən götürüləcəyinə inam yaratmasına, əmək kitabçasını sonradan götürməsinə, hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddətində müraciət etməsinə istinad etsə də, məhkəmə hesab etmişdir ki, sadalanan hallar qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürülməməsinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının 12 may 2023-cü il tarixindən işdən azad edilməsini və bu barədə elə həmin gündən məlumatının olmasını və mediasiya təşkilatına müraciət etdiyi müddət də nəzərə alınmaqla məhkəməyə müraciət etdiyi müddəti diqqətə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, işçilərin əksəriyyəti, o cümlədən tərəfindən yazılmış ərizə yeni müqavilənin imzalanması məqsədi ilə imzalanmışdır. Əslində isə həmin vaxtı bir çox sənədlərə qol çəkilmiş, qeyd olunan ərizə də həmin sənədlərin arasına qoyularaq imzalatdırılmışdır. Qeyd olunan ərizələr tərəflərindən yazılmamış, onun məzmunu kompüter vasitəsilə cavabdeh tərəfindən hazırlanmışdır. Qeyd etdiyi bu halları məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsi də təsdiq etmişdir. Digər tərəfdən onda inam və etibar yaradan həmin vaxtı klubun prezidenti Dağıstan Hüseynov olmuşdur. Çünki o uzun müddətdə və hazırda yaşadığı yerdə qonşusudur. İnanmazdı ki, illərlə tanıdığı insan ona qarşı bu addımı, yəni aldatmış olar. Cavabdeh “X11” MMC tərəfindən Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmaqla əmək kitabçası ona təqdim olunmamışdır. Bu hal isə onda yenidən işə götürüləcəyinə dair inam yaratmaqla hüququnun pozulması faktını aşkar etməyinə maneçilik törətmişdir. Əmək kitabçanı yalnız uzun müddət sonra, yəni 16 noyabr 2023cü il tarixdə dəfələrlə etdiyi müraciətlərdən və yazışmalardan sonra əldə edə bilmişdir. Bundan sonra isə, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmədən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, hesab edir ki, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanunsuz və əsassızdır. Bundan başqa işəgötürən tərəfindən əmək müqavilələri hədəqorxu yolu ilə ləğv edilsə də, həmin vaxt klubun mühasibi, meneceri və insan resursları üzrə mütəxəssisi öz işlərində saxlanılmışdır. Belə olan halda, işəgötürən tərəfindən beynəlxalq müqavilələrin və dövlətdaxili qanunvericiliyin normaları pozulmaqla, onlara işdən məcburi çıxarılan işçilərə qarşı ayrı-seçkiliyə yol verilmişdir. Məhkəmə iclasında araşdırılan vaxtı da müəyyən olunmuşdur ki, onun həmin vaxtı işdən çıxması üçün heç bir əsas olmamışdır. Əgər doğrudan da, özü işdən çıxmasını xahiş edirdisə və ya hərhansı bir işə gedirdisə niyə əmək kitabçasını götürmürdü. Sadəcə rəhbərlik, ən əsası isə öz iş yoldaşları tərəfindən aldadılmışdır. Sona qədər iş yerinə qayıdacağı günü gözləmişdir. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, iddiaçı kimi onun izahatları və şahid ifadələri ilə tam və ətraflı tanış olmamışdır. Digər tərəfdən işdən çıxmasına dair, guya ki, “könüllü” yazılmış ərizəsi onun iradə ifadəsini əks etdirməməklə, məzmunu cavabdehin özü tərəfindən kompüter vasitəsilə formal olaraq tərtib edilmiş və sənədlərin arasına qoyularaq tərəfindən xəbəri olmadan imzalanmışdır. Odur ki, həmin ərizə qanunu pozmaqla əldə edildiyi üçün onun sübut kimi qəbul edilməsinə yol verilə bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir İddiaçı tələbində eləcə də apellyasiya şikayətində rəhbərliyin dəyişilməsi səbəbindən müqavilələrin yenilənməli olması adı ilə işçilərə işdən azad edilmələri barədə ərizələrin təzyiq göstərilməklə yazdırılmasını və onların sonradan işə qəbul ediləcəklərinə inandırmaqla onların işdən azad edilmələrini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın faktiki halları Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə "X10” MMCnin rəhbəri arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, xitam verilmişdir. İddiaçı iddia tələbini eləcə də, apellyasiya şikayətini əsaslandırarkən, ona hədəqorxu gəlindiyini bildirsə də, bu cür hədə-qorxunun olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal da müəyyən edilmir. Ümumiyyətlə, kollegiya qeyd edir ki, işin araşdırılmış halları baxımından işəgötürən tərəfindən məhz qeyd olunanlar ilə bağlı ona qarşı qərəzlilik nümayiş etdirilməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində işçilərin əksəriyyəti, o cümlədən tərəfindən yazılmış ərizənin yeni müqavilənin imzalanması məqsədi ilə imzalanmasını, əslində isə həmin vaxtı bir çox sənədlərə qol çəkilməklə qeyd olunan ərizənin də həmin sənədlərin arasına qoyularaq imzalatdırılması, qeyd olunan ərizələrin tərəflərindən yazılmaması, onun məzmununun kompüter vasitəsilə cavabdeh tərəfindən hazırlanmasını və bu halları məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsi də təsdiq etməsinə dair dəlillər ilə bağlı qeyd edir ki, sonuncu iddiaçı ilə əmək münasibətlərinə xitam verilmiş işçi olmaqla onun verdiyi ifadə yalnız iddiaçının maraq və mənafeyinə uyğun olmuşdur. Həmçinin, şahidin ifadəsində adı hallanan şahid X9 ifadəsində X4 ifadəsinin məzmununda göstərilənləri təsdiq etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şahid ifadəsinə düzgün qiymət verilməməsinə dair apellyasiya şikayətinin dəlili, sözügedən şahid - X4 ifadəsinin işin heç bir sübutları ilə öz təsdiqini tapmaması baxımından tam əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, klubun prezidenti Dağıstan Hüseynovun apelyatorun uzun müddətdə və hazırda yaşadığı yerdə qonşusu olmaqla illərlə tanıdığı insanın ona qarşı bu addımı, yəni aldatması ilə bağlı dəlilləri subyektiv mülahizə olmaqla, həm iş üçün əhəmiyyət kəsb edən hal deyil, həm də, mahiyyəti üzrə düzgün olaraq qətnamənin qanuniliyinin hüquqi qüvvəsinə heç bir təsiri yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, işəgötürənin iddiaçı barədə xx.xx.2023-cü il tarixli əmri Əmək Məcəlləsinin qeyd olunan normalarında müəyyən olunmuş qaydalara riayət olunmaqla verilmiş əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Bundan başqa ona əmək kitabçasının verilmədiyini əsas gətirərək, həmçinin işə çıxmasına inamının olmasını bildərək iddia müddətinin ötməməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında əmək kitabçasını əmr verildikdən sonra ona təqdim edilməməsinin onda işə yenidən götürüləcəyinə inam yaratmasına, əmək kitabçasını sonradan götürməsinə, hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddətində müraciət etməsinə istinad etsə də, məhkəmə hesab etmişdir ki, sadalanan hallar qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürülməməsinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 87-ci və 296-cı maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yanaşı, iddiaçıya əmək kitabçası vaxtında verilməsə belə, onunla son haqq hesabın aparılmasından, yəni onun xx.xx.2023-cü il tarixində iş vaxtından artıq vaxt ərzində işlərə cəlb olunduğu, lakin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) tələblərinə uyğun hesablanıb ödənilmədiyi, həmçinin təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən, onun bank hesabına sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində 1286,04 (bir min iki yüz səksən altı manat dörd qəpik) AZN və 2474,99 (iki min dörd yüz yetmiş dörd manat doxsan doqquz qəpik) AZN vəsaitin köçürülməsini nəzərə alaraq hesab edir ki, iddiaçı əmək kitabçası ona verildiyi ana qədər artıq öz hüquqlarının pozulmasından məlumatlı olmuşdur, lakin qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının X7 müraciəti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında daxil olmuş materiallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli müraciətində işdən qanunsuz azad olunmasını qeyd etməklə bununla bağlı Müfəttişliyə izahat da vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının dəlillərinin əsaslı olması halı qəbul edilmiş olsa belə, X5 təqdim etdiyi yuxarıda qeyd edilən materialların mövcudluğu da, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini birbaşa təsdiq edir. İş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində baxışı zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamış, onun barəsində əmr verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin göstərişlərinin pozulması işin faktiki halları ilə müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-203/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov