Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2993/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili X2, Cavabdeh1 vəkili X5 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3064/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu - banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X6 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində aptek işlədir. Qanunvericiliyə uyğun fəaliyyətlə məşqul olmaqla müxtəlif dərman preparatlarının və bir sıra digər tibbi avadanlıqların satışı ilə məşğul olur. Elə buna görə də, cari ilin mart ayı “Azərbaycan Beynəlxalq Bankı”-nın əməkdaşları fəaliyyət göstərdiyi aptekə yaxınlaşaraq, mövcud pandemiya ilə mübarizə çərçivəsində lazımi profilaktik tədbirlərin qarşısını almaqla əlaqədar olaraq onlara 60 (altmış) ədəd xüsusi istilik ölçmə cihazlarının lazım olduğunu bildirmişlər. Tələb edilən cihazların say çoxluğu və nisbətən bahalı avadanlıq olması üzündən onda olmadığını onların nəzərinə çatdırmışdır. Onlar isə öz növbəsində qapı-qapı düşmək istəmədiklərini, bu işi onun təşkil etməyini ondan xahiş etmişlər. O isə öz növbəsində soraqlaşaraq həmin cihazların ölkəyə Cavabdeh1 (AZE17216523, Şuvalan qəsəbəsi, Nizami küçəsi, ev 98) adlı biri tərəfindən gətirildiyini, sözü gedən istilik ölçmə cihazlarının ondan tapılmasının mümkün olduğunu öyrənmişdir. Onunla ona məxsus olan (055) ***-**-** mobil nömrəsi vasitəsi ilə əlaqə yaradaraq, vəziyyəti izah etmiş və müsbət cavab əldə etmişdir. Avadanlıqların ümumi dəyəri hər biri 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat edirdi. 60*125=7500. Bunun 6000 (altı min) manatı cihazların maya dəyəri edirdi. Razılaşmaya əsasən, işin yekununda o, avadanlıqların hər biri üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 1500 (min beş yüz) manat məbləğində qazanc əldə etməli idi. Bu sadə biznes əlaqəsidir. Buna bankın nümayəndəsi özü də rəvac vermişdi. Yəni hər bir halda bank 7500 (yeddi min beş yüz) manat pul ödəyəcəkdi və həmin məbləğin 1500 (min beş yüz) manat olan hissəsi ona çatmalı idi. Elxan həmin 1500 manat olan məbləği ona ödəmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixində o, sonralar tanıdığı Cavabdeh2 (mobil nömrəsi **********) adlı birgə çalışdığı xanımla birlikdə “Hyundai Akcent” markalı, **-KB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə aptekə gələrək sözügedən avadanlıqları bankın nümayəndəsinə onun iştirakı ilə təhvil vermişdir. Lakin bir müddət sonra aydın olub ki, avadanlıqlar tibbi deyil, texniki xarakterlidir. Hansı ki, həmin avadanlıqlar avtomobil təmiri sexlərində rəngsazlar tərəfindən avtomobildə olan ümumi hərarətin ölçülməsi məqsədi ilə istifadə olunur, ondan istifadə olunması insan sağlamlığı üçün zərərlidir. Sonralar o da məlum olub ki, avadanlıqları banka satarkən heç bir əlavə faktura və ya ödəniş qəbzi təqdim edilməmişdir. Mövcud vəziyyəti Elxanın nəzərinə çatdırmışdır. Elxan isə öz növbəsində banka gedərək hər şeyə aydınlıq gətirəcəyinə söz vermişdir. Sonra məlum olub ki, Elxan banka satdığı cihazların 6 (altı) ədədininin (üzərində olan pulun çatdığı həddə) 750 (yeddi yüz əlli) manat pulunu ödəməklə geriyə götürmüşdür. Qalanını isə, yəni 54 (əlli dörd) ədədini pulunu ödəməklə götürəcəyini söz versə də, buna əməl etməmişdir. O da məlum olub ki, Elxan dəfələrlə banka verdiyi sözə əməl etməmişdir, onları yalan vədlər verməklə aldatmışdır. Bundan bir müddət sonra, xx.xx.2020-ci il tarixində bank ondan 54 (əlli dörd) avadanlıqlara görə ödədiyi pulları geri tələb etməyə başlamışdır. O isə öz növbəsində Elxana narazılığını bildirmişdir. Bundan sonra, dövriyyəyə Jalə adlı bir xanım girmişdir. Jalə Elxanla əlbir işləyən şəxsdir, mobil nömrəsi **********. Həmin məbləğin 3250 (üç min iki yüz əlli) manat olan hissəsini artıq banka ödəmişdir ki, bu da cəmi 26 (iyirmi altı) cihazın pulu edir. Həmin pulu yaxınlıqda yerləşən Lombarddan arvadının qızıl-zinət əşyalarını girov qoymaqla pul götürərək ödəmişdir. Hazırda banka 28 (iyirmi səkkiz) cihazın pulunu borcludur. Bu da 3500 (üç min beş yüz) manat edir. Mövcud iqtisadi durğunluq dövründə həmin pulu vaxtlı-vaxtında ödəyə bilmir. Elxan və əlbir olduğu Jalə və Əfsanənin qanunazidd hərəkətləri üzündən maddi rifahı kəskin aşağı düşmüşdür. Bundan başqa, Elxanın əlbir olduğu xanımlardan biri, Cavabdeh2 aptekdən 175 (yüz yetmiş beş) manat məbləğində pul almışdır ki, hələ də, həmin pulu qaytarmır. Hazırda Elxanın və Əfsanənin ona olan borcu banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Əfsanənin aptekdən aldığı 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat məbləğindədir. Cavabdeh1 və onun əlbir olduğu Cavabdeh2 AR Cinayət Məcəlləsinin bir sıra normalarının, o cümlədən AR CM-nin 32-ci, 178-ci, 200-cü maddələrinin tələblərini kobud şəkildə pozaraq ona külli miqdarda maddi ziyan vurduqlarına görə Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi Yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barələrində qanunamüvafıq tədbirlər görülməsindən ötrü ərizə ilə müraciət etmişdir. Həmin müraciəti aidiyyatı üzrə Xətai rayon Polis şöbəsinə göndərilmişdir. Xətai rayon Polis şöbəsində aparılmış təhqiqat nəticəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 86, 39.1.2 və 212-ci maddələr rəhbər tutularaq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və onun məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barəsində qətnamə qət etməlidir. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu - banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3064/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araçdlrmamış, tez-tələsik olaraq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avadanlıqlar Elnur Xasməmədovda olsa da, cavabdehlər Elnuru aldadıb. Belə ki, Elnur həmin avadanlıqların tibbi deyil, texniki avadanlıq olmasını bilməmişdir. Həmin avadanlıqlar Elnur üçün maraqlı deyil. Ona görə də həmin avadanlıqlara görə ödənilmiş pulu tələb edir. Qətnamədə göstərilir ki, guya Elnur avadanlığın texniki xarakterli olduğunu əvvəlcədən bilirdi, lakin bu belə deyil. Hazırda avadanlıqlar iddiaçıdadır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pandemiya dövründə Elnur Xasmammədov aptekdə işləmiş və bu avadanlıqların texniki xarakterli avadlıq olmasından məlumatlı olmuşdur. Elnur sonradan avadanlıqları istəmədiyini bildirmiş, cavabdehlər avadanlıqların başqa şəxslər tərəfindən daha baha qiymətə istənildiyi üçün qablaşdırılmış halda geri qaytarmasını bildirmişlər. İddiaçı isə avadanlıqların yalnız ikisini qablaşdırılımış halda geri qaytara bilmiş və həmin avadanlıqlar üçüncü şəxslər baha qiymətə satılmışdır. Cihazlar satılmazdan öncə divarda və suda Elnurun yanında yoxlanılmış, bu hal isə cihazın texniki olduğunun iddiaçıya tam məlum olduğuna dəlalət edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və X6 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3064/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında 60 (altmış) ədəd xüsusi istilik ölçmə cihazlarının satılmasına dair şifahi razılaşma olmuş, həmin cihazlar Cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş, iddiaçı da öz növbəsində həmin cihazları Beynəlxalq Bank ASC-yə satmış, daha sonra Bank cihazları iddiaçıya qaytarmış və iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona satılan istilik ölçmə cihazlarının razılaşdırıldığı kimi tibbi deyil, texniki olduğunu, bu səbəbdən müştərisi olan Beynəlxalq Bank ASC ilə aralarında pul münasibətlərinə dair mübahisə yarandığını bildirmiş, həmin istilik cihazlarının dəyərinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, bildirmişdir ki, istilik cihazları barədə iddiaçı ilə razılaşma zamanı tibbi deyil, texniki olduğu bildirilmiş, cihazların texniki olduğu iddiaçıya məlum olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından və tərəflərin izahalarından görünür ki, tərəflər arasında istilik cihazlarının alqı-satqısına dair yazılı əqd bağlanmamış, cavabdeh tərəf cihazların texniki olduğunun iddiaçıya məlum olduğunu bildirmiş, iddiaçı həmin cihazların tibbi olduğuna dair aldadıldığını sübut edən hər hansı əsaslı və mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində təqdim edə bilməmişdir. Eyni zamanda, hər iki tərəfin izahatından görünür ki, cihazlar satılmazdan öncə divarda və suda yoxlanılmış, bu hal isə cihazın texniki olduğunun iddiaçıya məlum olduğuna dəlalət edir. Cihazlar hazırda da iddiaçıdadır. İddiaçının sübut kimi təqdim etdiyi yazışmalarda və səs yazısında cihazın tibbi olmağına dair iddiaçının aldadıldığı müəyyən olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllədə yer alan alqı-satqı haqqında müqavilə təşkil edir. Belə ki, işdən görünür ki, burada iki alqı-satqı müqaviləsi mövcuddur. Birinci alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında və ikinci alqı-satqı müqaviləsi İddiaçı ilə Beynəlxalq Bankın nümayəndəsi arasında. Hər iki müqavilə şifahi razılaşma əsasında bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, Cavabdeh2 60 ədəd termometri iddiaçıya satmış və bunun müqabilində iddiaçıdan pul götürmüş, bundan əlavə, İddiaçı Beynəlxalq bankın nümayəndəsinə 60 ədəd termometri satmış və bunun müqabilində bankdan pul götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. İşdən görünür ki, satıcı Cavabdeh2 termometrləri iddiaçıya satmamışdan öncə şəklini telefonla göstərmiş, onların divarda və suda və s.yerlərdə hansı hərarətin göstərilməsini izah etmiş və razılaşdığı nümunəyə uyğun olan termometrləri iddiaçıya satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 596-cı maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 617-ci maddəsinə əsasən satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Pərakəndə alqısatqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. İşdən görünür ki, İddiaçı termometrlərin tibbi deyil, texniki olmasını cavabdeh tərəfindən ona məlumat verilməməsini iddia etmiş, lakin cavabdeh tərəf buna etiraz edərək həmin termometrlərin texniki olduğunu iddiaçıya bildirməsini, hətta divarda və suda neçə faiz hərarət göstərdiyini bildirdiyini qeyd etmiş, iddiaçı isə termometrlərin tibbi deyil texniki olması barədə onda məlumatın olmamasına dair məhkəməyə hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, alqı-satqı zamanı cihazların tibbi deyil, texniki olmağı barədə məlumatı olmamağı, cihazların təyinatına dair aldadıldığına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin hal məhkəmə iclasında müəyyən olunmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092 -ci maddələrinə istinad edərək, həmin tələblərin pozulduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandığı halın və maddələrin tələblərinin pozulduğunu iddia etsə də, öz tələbinin əsaslı olduğunu məhkəmədə sübuta yetirə bilməmiş, bununla da məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3064/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3064/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2993/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2993/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver