Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2993/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Xəyal Ələkbərovun və cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-271/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, Cavabdeh və onun uşağının – xx.xx.2008-ci il təvəllüdlü Cəbrayıl Ələkbərovun Bakı şəhəri, Nizami rayonu, C.Naxşıvanski küçəsi, ev № 48-də yerləşən 82 №-li mənzildən (bundan sonra – mənzil) istifadə hüququ itirilmiş hesab olunsun. Qarşılıqlı iddia əizəsində tələb olunub ki, Cavabdeh və onun uşağının mənzildə istifadə hüququ tanınsın və onlar mənzilə köçürülsün. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, Cavabdeh və onun uşağı Cəbrayıl Ələkbərovun mənzildən istifadə hüququ itirilmiş hesab olunsun, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd edilsin, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı oldğunu, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Xəyal Ələkbərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Mənzil İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.1994-cü ildə reyestrdə qeydə alınıb (iş v. 39). Cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir. O, mülkiyyətçinin oğlu Xəyal Ələkbərov ilə xx.xx.2007-ci ildə nikah bağlayıb, xx.xx.2014-cü il tarixli qətnamə ilə nikah pozulub. Cavabdeh və onun uşağı Cəbrayıl Ələkbərov mənildə yaşayış yeri üzrə qeydiyyatdadır, lakin onların mənzildən istifadə hüququ yaranmayıb. Mülkiyyətçi bildirir ki, keçmiş gəlini onun mənzilində heç vaxt yaşamayıb. O cümlədən mülkiyyətçinin oğlu (hazırkı işdə nümayəndəsi) Xəyal Ələkbərov bildirir ki, nə özü, nə keçmiş arvadı Cavabdeh, nə də uşağı Cəbrayıl Ələkbərov həmin mənzildə heç vaxt yaşamayıblar. Keçmiş gəlin isə bildirir ki, nikahı pozulduqdan (2014-cü ildən) sonra uşağı ilə birlikdə həmin mənzildə yaşayıb. Keçmiş gəlinin həmin mənzildə yaşayıb-yaşamamasının mübahsənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki mənzildə yaşadığı halda da onun və uşağının mənzilə istifadə hüquq yaranmayıb. Belə ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin maddənin 1-ci cümləsində qeyd olunub: “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Cavabdeh və onun uşağı Cəbrayıl Ələkbərov mülkiyyətçinin ailə üzvləri deyillər. Həmin maddənin 2-ci cümləsində qeyd olunub: “ Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər”. Göründüyü kimi, bu ixtiyar mülkiyyətçinin ailə üzvünə məxsusdur. Cavabdeh mülkiyyətçinin ailə üzvü olmadığına görə öz uşağı Cəbrayıl Ələkbərovu mənzilə köçürə bilməz. Həmin maddənin 3-cü cümləsində qeyd olunub: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir”. Bu zaman “digər ailə üzvləri” deyiləndə mülkiyyətçinin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvünün (məs., mülkiyyətçinin oğlunun) ailə üzvü (arvadı) nəzərdə tutulur. Lakin razılıq notariat qaydasında olmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı qaydada bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Cavabdeh mənzilə köçürülməyə dair notariat qaydasında razılaşma yoxdur. Beləliklə, qətnamə həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. İlk iddiaya aid hissədə qətnamə ona görə ləğv edilməlidir ki, hər hansı hüququn itirilməsinin qət olunması üçün əvvəlcə həmin hüququn yarandığı müəyyən edilməlidir, çünki mövcud olmayan hüquq itirilə bilməz. İddianın əsası nəzərdə alınmaqla itifadə hüququnun mövcud olmadığı qət edilməldir. Qarşılıqlı iddiaya aid hissədə qətnamə ona görə ləğv olunmalıdır ki, mənzilə köçürülmə barədə tələbin təmin edilməsi istifadə hüququ itirildiyinə görə deyil, istifadə hüququ yaranmadığına görə mümkün deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-271/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ilk iddiası qismən təmin olunsun. Cavabdeh və onun uşağı X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 48də yerləşən 82 №-li mənzildən istifadə hüququnun olmadığı müəyyən edilsin. İlk iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh və onun uşağı X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 48-də yerləşən 82 №-li mənzildən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2993/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2993/2024
17.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver