Məhkəmə qərarları › İş №2(103)-2994/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2994/2022

21.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2994/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və digər nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X2 (o, digər cavabdehin də nümayəndəsidir), digər Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Cavabdeh1 və X4 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüququnun tanındığını, onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə - girişdən sağ tərəfdən yerləşən sahəsi 16,6 kv.metr olan otağına köçürülməsinin qət edildiyini, həmin qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2004-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığını, ötən 18 il müddətində Cavabdeh1 həmin qətnamənin icrasını tələb etmədiyini, məcburi köçkün kimi hər ay Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsindən iki nəfər ailə üzvünə görə mənzili olmayan şəxslər kimi kompensasiya aldığını, lakin hazırda qətnamənin icrasını tələb etməyə başladığını və müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə qətnamə üzrə icra vərəqəsi verilməklə qətnamənin icraya yönəldildiyini bildirmiş, cavabdehlərin Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin gəldiyi nəticə ilə razı olmadığını, həmin nəticəni işin həqiqi hallarına və qüvvədə olan maddi hüquq normalarına zidd hesab etdiyini vurğulamış, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh X7 (o, digər cavabdehin də nümayəndəsidir), habelə digər Cavabdeh1 nümayəndəsi (vəkili) X8 isə şikayətin əsassız olduğunu bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.04.2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 Cavabdeh2 Zalı qızına və X11 qarşı iddia tələbi təmin edilərək Cavabdeh1 Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən istifadə hüququnun tanınması qət olunmuş, həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək qətnamə dəyişdirilmiş və Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə istifadə hüququnun tanınması, Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə - girişdən sağ tərəfdə yerləşən sahəsi 16,60 kv.m olan otağına köçürülməsi qət edilmiş, bu qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2004-cü il tarixli qərarı ilə təmin olunmamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, hazırda iddiaçının və ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzili dövlət mülkiyyətində olmaqla 13.09.1976-cı il tarixdə X12 verilmişdir və mərhum Baba Həşimovun oğlu olan iddiaçı həmin mənzildə 1981-ci il tarixdən pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11.07.2003-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 09.10.2001-ci il tarixdə X10 Həşimovla nikaha girərək Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə gəlin köçmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olması ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, cavabdehlərin istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş qətnamə olduğundan, onların istifadə hüquqlarına mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və işin hallarını düzgün qiymətləndirməməsi səbəbindən gəlmiş, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimində səhvə yol vermişdir. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 123-cü maddəsinə görə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər”. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. İşin hallarından aydın olur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Cavabdeh1 iddia tələbinə baxarkən cavabdehlər, həmçinin mənzildə yaşayan digər şəxslər (o cümlədən İddiaçı) Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə köçməsinə etiraz etmədiklərini, Cavabdeh1 isə oraya köçmək istəmədiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətini də məhz Cavabdeh1 vermiş, 11.07.2003-cü il tarixli qətnamənin qüvvəyə minməsindən sonra da o, həmin mənzilə köçməyərək ümumiyyətlə buna cəhd etməmiş, 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qətnamənin icraya yönəldilməsini xahiş etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə həmin qətnamə üzrə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmişdir. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilində olan əşyalarını da oradan çıxarmış, o və qızı Cavabdeh2 Cavabdeh1 atası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən Dövlət İqtisad Universitetinin yataqxanasında yaşamışlar (hazırda da orada yaşayırlar). Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar mövcud olmuşdur və iddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzalaşmaqdadır. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflərin arasında etibarlı ailə əlaqələri qalmamaqla Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə olan ehtiyaclarını həmin mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaları müəyyən edilməməkdədir; əksinə, işin yuxarıda qeyd olunan halları, onların sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-792/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh1 və X1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar