Məhkəmə qərarları › İş №2(103)-2996/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2996/2023

12.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2996/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikinti işlərinin dayandırılması və yaranmış maneələrin aradan qaldırılması tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “torpaq sahələrinə verilmiş şəhadətnamələrin etibarsız sayılması tələbi barədə” qarşılıqlı iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ilk iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində (bundan sonra – mübahisəli torpaq sahəsi) cavabdeh tərəfindən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən 0,1149 ha mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçıya və qonşusu olan cavabdehə məxsus və sahəsi təxminən 0,12 ha olan torpaq sahəsi, digər qonşulara məxsus torpaq sahələri ilə birlikdə bir hasara alınmışdır (ümumi sahə 0,50 ha təşkil edir). Cavabdeh həmin sahədə tikinti işləri aparır və tikinti işləri iddiaçıya məxsus sahəni əhatə edir. Bu səbəbdən iddiaçı öz narazılığını cavabdehə bildirərək, qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etmiş, lakin cavabdeh buna məhəl qoymamışdır. Bu azmış kimi, cavabdeh, iddiaçıya qanuni mülkiyyətimdə olan torpaq sahəsindən istifadəsinə də mane olur. b) ilk iddiaya qarşı etiraz və qarşılıqlı iddia tələbi barədə məlumat

3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Özündə ilk iddiaya qarşı etirazı ehtiva edən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına verilmiş “Reyestrdən çıxarış” saxta sənədlər əsasında verilmişdir. Əslində həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. İddiaçıya aid torpaq sahəsi isə ümumi hasara alınmış sahədə deyil, başqa yerdə yerləşir. Bu məsələ ilə bağlı olaraq cavabdehin polis orqanlarına etdiyi müraciət əsasında aparılmış araşdırma zamanı da bu hal müəyyən olunmuşdur. Buna görə də, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. c) qarşılılıq iddia tələbinə qarşı ilk iddia üzrə iddiaçının etirazı barədə məlumat

5. İlk iddia üzrə iddiaçının qarşılıqlı iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi hər hansı şəxsə deyil, məhz iddiaçıya məxsusdur. Buna görə də, qarşılıqlı iddia rədd edilməlidir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi isə iddiaçının adına verilmiş çıxarışın cavabdehin hansı hüquqlarını pozması sübuta yetirilmədiyindən rədd edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat

8. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və əsaslı olan qarşılıqlı iddianı rədd etməklə əsassız nəticəyə gəlmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin, habelə apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

11. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiya baxışının hədləri barədə məlumat

12. Rayon Məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməsə də, ilk iddia üzrə iddiaçı qətnamədən şikayət verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə Rayon Məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddianın təmin edilməməsi barədə hissəsini mübahisələndirmişdir.

13. Göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxalamamışdır. Çünki MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli, AA seriyalı, 506585 nömrəli “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, həmin “Torpaq sahəsinin planı və ölçüsü” iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə görə verilmişdir.

16. İddiaçı ilə (hazırki iş üzrə tərəf olmayan) X2 arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, Arif Rəhmanov yuxarıda qeyd edilən və sahəsi 0,1149 ha olan mübahisəli torpaq sahəsini iddiaçıya satmışdır.

17. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2012ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,117655 ha olan 1337 saylı bağ torpaq sahəsi cavabdehin mülkiyyətindədir.

18. DƏDRX tərəfindən cavabdehin adına verilmiş xx.xx.2012-ci il tarixli, AA seriyalı, 043596 nömrəli “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, həmin “Torpaq sahəsinin planı və ölçüsü” iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1337 saylı bağ torpaq sahəsinə görə verilmişdir.

19. Rayon Məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş **********19 saylı, xx.xx.2022-ci il tarixli rəydən və Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 10/5653 nömrəli, xx.xx.2022ci il tarixli rəydən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçıya məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir və iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneə yaratmır. İddiaçının torpaq sahəsinin naturada yerləşməsi həmin sahəyə dair verilmiş “Reyestrdən çıxarışla” eynilik təşkil edir. Cavabdeh tərəfindən inşa edilmiş tikili X1 məxsus olan torpaq sahəsində yerləşir.

20. Cavabdeh iddiaçıya qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmeti olan qarşılıqlı iddiasında göstərir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına verilmiş “Reyestrdən çıxarış” saxta sənədlər əsasında verilmişdir. Əslində həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. İddiaçıya aid torpaq sahəsi onun torpaq sahəsinin qonşuluğunda deyil, başqa yerdə yerləşir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə cavabdehin iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddianın həlli ilə bağlı bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli torpaq sahəsini onunla (hazırki iş üzrə tərəf olmayan) X2 arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsi” əsasında satın almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, əqd olaraq həmin müqavilənin etibarsız olmasını, mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına qeydə alınmasının onun hər hansı hüququnu pozduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsini qarşılıqlı iddianı sübuta yetməməsi əsası ilə əsassız hesab etməkdə haqlı olmuşdur.

25. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur

26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar