Məhkəmə qərarları › İş №2(103)-30/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-30/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-30/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərova qarşı “yolun cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-61/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçıya Buzovna Tərəvəzçilik–Südçülük sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, o, 0,10 ha torpaq sahəsində ev tikərək hal-hazırda orada yaşayır. Ona ayrılan yol vaxtı ilə 10 metr enində olmuşdur. İş üzrə cavabdehlər onun qonşusudur. İddiaçı iddia edir ki, cavabdehlər qonşuların ümumi istifadəsində olan yolun 20 metr uzunluğunda 3 metr enində "qanunsuz olaraq zəbt edib öz həyətlərinə qataraq mişar daşı ilə daş hasara alıblar. Bunun nəticəsində onun həyətinə giriş-çıxışa maneə yaranır. İddiaçı hazırda cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozunda 20 metr uzunluğunda və 3 metr enində zəbt edilmiş yolun cavabdehlərin hesabına sökülərək əvvəlki qanuni vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərova qarşı “yolun cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ona Abşeron Rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 98 saylı sərəncamına əsasən Buzovna Tərəvəzçilik–Südçülük sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Ona verilmiş 0,10 ha torpaq sahəsində ev tikərək hal-hazırda orada yaşayır. Ona ayrılan yol vaxtı ilə 10 metr enində olmuşdur. İş üzrə cavabdehlər qonşusudur. Belə ki, cavabdehlər Səmayə və Namiq İsgəndərovlar qonşuların ümumi istifadəsində olan yolun 20 metr uzunluğunda 3 metr enində "qanunsuz olaraq zəbt edib öz həyətlərinə qataraq mişar daşı ilə daş hasara alıblar. Bunun nəticəsində böyük maşınların küçəyə girişi böyük çətinliklər yaradır və böyük maşınlar onun həyətinə girib çıxa bilmir. Səmayə və Namiq İsgəndərovun ümumi istifadəsində olan yolu zəbt etməsi nəticəsində həmin ünvanda yaşamaq çətinləşib. Belə ki, həmin ərazidə gələcəkdə su və kanalizasiya, qaz xətləri çəkilərkən böyük çətinliklər yaranacaq. Bu azmış kimi cavabdehlər küçədə kanalizasiya suları axıtmaq üçün quyu qazaraq çirkab suları da küçəyə axıdırlar. Nəticədə su yol ilə axıb yolu bərbad hala salır. Bunun nəticəsində yolda çalalar əmələ gəlib gediş gəlişə mane olur. Dəfələrlə cavabdehlərə gediş–gəliş yolunun əvvəlki vəziyyətinin 10 metr enində olması barədə bildirərək yolun əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir. Lakin cavabdehlər bir mənalı şəkildə küçədən zəbt etdikləri 20 metr uzunluğunda və 3 metr enində ərazinin əvvəlki vəziyyətə gətirilməsindən imtina etmişlər. O, dəfələrlə cavabdehlərə qanunsuz hərəkətlərinə son qoymağı və yolun əvvəlki vəziyyətə gətirilməsini tələb etsə də onlar buna məhəl qoymamış və onu təhqir etmişlər. Cavabdehlər tərəfindən yolun zəbt olunması ilə bağlı o, dəfələrlə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ərizə ilə şikayət etmişdir. Lakin Xəzər RPİ–nin 2–ci PB–nin təhqiqatçısının 14 iyun 2018–ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Dəfələrlə dövlət idarələrinə çox saylı müraciətlər etsə də müraciətləri cavabsız qalmışdır. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərov tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozunda 20 metr uzunluğunda və 3 metr enində zəbt edilmiş yolun cavabdehlərin hesabına sökülərək əvvəlki qanuni vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-61/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərova qarşı “yolun cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 manat məbləğində pulun İddiaçı alınaraq X1 hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.6-cı və Dövlət Şəhərsalma norma və qaydalarının 8.18-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əsaslandıraraq göstərmişdir ki, ekspert rəyinə əsasən iş üzrə cavabdehlərə məxsus yaşayış evinin torpaq sahəsinin qarşı sərhədinin (2,4 x 12,0) metr ölçüdə qırmızı xətdən kənara çıxması nəticəsində, küçənin eninin həmin sahədə 2,4 metr azalması və faktiki olaraq 7,7–7,8 metr təşkil etdiyi müəyyən olunmuşdur. Dövlət şəhərsalma norma və qaydalarına əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsində hərəkət zolağının eni 2,75-3,0 metr olmalıdır. Qanunvericilikdə yolun ölçüsü maksimum 3 metr nəzərdə tutulsa da, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının evinə gediş-gəliş yolunun faktiki ölçüsü qanunvercilikdə nəzərdə tutulan maksimum ölçüdən daha artıqdır. Buna görə məhkəmə hesab etmişdir ki, yolun cavabdehlər tərəfindən zəbt edilməsi nəticəsində iddaçının Buzovna qəsəbəsi, Südçülük–tərəvəzçilik sovxozu ünvanından istifadəsinə hər-hansı maneə törədilmədiyindən bu zəbt iddiaçının qanunla qorunan mənafelərinə və maraqlarına toxunmadığından, onun tələbi ilə hazırki iddia təmin edilə bilməz. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti iddiaçının iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.6-cı bəndinə əsasən qırmızı xətlər – şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlərdir. Dövlət şəhərsalma norma və qaydaları: 8.18-cı bəndinə əsasən küçə və yolların hesabi parametrlərinə görə məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsində hərəkət zolağının eni 2,75-3,0 metr olmalıdır Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respblikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin materiallarında olan: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsəsrrüfatı Müəssisəsinin 28 saylı, xx.xx.2003-cü il tarixli vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi haqqında əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsəsrrüfatı Müəssisəsinin 150 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı X4 Müəssisəsinin nəzdində qeydiyyatdadır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfidən mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər iki üzbəüz qonşuluqda yaşayırlar. Mübahisəli yol isə torpaqlı yoldur. Evin sağ tərəfində çala qazılıb. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2020-ci il ltarixli 375 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, iş üzrə cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərova məxsus olan yaşayış evinin torpaq sahəsinin qarşı sərhədinin (2,4 x 12,0) metr ölçüdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.6. bəndinə əsasən qırmızı xətdən kənara çıxdığı müəyyən edilir. İş üzrə cavabdehlərə məxsus yaşayış evinin torpaq sahəsinin qarşı sərhədinin (2,4 x 12,0) metr ölçüdə qırmızı xətdən kənara çıxması nəticəsində, küçənin eninin həmin sahədə 2,4 metr azaldığı və faktiki olaraq 7,7–7,8 metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin həmin hasarın qırmızı xətdən kənara çıxmasının iş üzrə İddiaçı Buzovna qəsəbəsi, Südçülük–tərəvəzçilik sovxozu ünvanından istifadəsinə maneəçilik yaradıb– yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmə kollegiyasının 2(103)-7020/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il taixli 10/5383 saylı ekspert rəyindən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Namiq İsgəndərov tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında aparılmış tikinti-texniki dəyişikliklər İddiaçı məxsus Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən və evin giriş qapısından istifadəsinə və o cümlədən yolun mövcud vəziyyətinin İddiaçı məxsus Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısından sərbəst istifadəsinə (minik və yük maşınlarından istifadəyə) hər hansı maneəçilik yaradıbyaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsəsrrüfatı Müəssisəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ərizəsində qeyd olunduğu kimi qonşuluqda ona məxsus torpaq sahəsi arasında 10 metrlik ara kəsmə məsafəsi həqiqətə əks etdirmir, qonşu hər iki torpaq sahəsini ayıran yola özünə məxsus hasardan 2 metrlik yola qeyri-qanuni girmiş, məişət tullantılarının çirkli sularını yola və orada ona məxsus olan əraziyə axıdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında 03 fevral 2023-cü il tarixdə yerli müayinə keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehə məxsus yaşayış evləri eyni küçədə üzbəüz olan sahələrdə yerləşir. Yaşayış evləri daş hasara alınmışdır. Tərəflər arasındakı yolun asfalt örtüyünün olmaması, torpaq yol olduğu aşkar olunmuşdur Bu yol avtomobillərin hərəkəti üçün heç bir maneə törətmir. Baxış zamanı çirkab sularının axıdılması müəyyən olunmamış, çirkab sularının axıdılması üçün cavabdehin həyətində qazılmış və hörülmüş yer müəyyən olunmuşdur. Eyni zamanda cavabdehin həyətinə baxış keçirərkən darvazanın alt hissəsindən yağış sularının ümumi yola axıdılması müşahidə olunmuşdur. Kollegiya tərəfindən mübahisəli yolu çirkab sularının deyil, yağış sularının axılıdması müşahidə edilmişdir. Qeyd edilən yola çirkab sularının cavabdeh tərəfindən axıdılmaması iş materiallarında olan Xəzər RPİ-nin 2-ci PB-nin xx.xx.2018-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarında öz əksini tapmışdır. Dövlət şəhərsalma norma və qaydalarına əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsində hərəkət zolağının eni 2,75-3,0 metr olmalıdır. Başqa sözlə, qanunvericilikdə yolun ölçüsü maksimum 3 metr nəzərdə tutulsa da, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının evinə gediş-gəliş yolunun faktiki ölçüsü qanunvercilikdə nəzərdə tutulan maksimum ölçüdən daha artıqdır. Məhkəmə kollegiyası hesab edir ki, yolun cavabdehlər tərəfindən zəbt edilməsi nəticəsində iddaçının Buzovna qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanından istifadəsinə hər-hansı maneə törədilmədiyindən bu zəbtin iddiaçının qanunla qorunan mənafelərinə və maraqlarına toxunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur və məhkəmə bu qəanətə gələrkən haqlı olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.6-cı və Dövlət Şəhərsalma norma və qaydalarının 8.18-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əsaslandırmaqla bu nəticəyə gəlmişdir ki, İddiaçı “yolun cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılmasına” dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-61/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsi hesabına ödənilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar