Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3000/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azneft” İB-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müavinətin tam ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 oglu, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakarı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-329/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 1864.35 manat məbləğində vəsaitin ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, AR DNŞ-nin struktur təşkilatı olan “Azneft” İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “AR DNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr-Qərarında göstərilmişdir ki, “Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir”. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdan gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanusuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat cürbəcür bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci “Əmək haqqından tutmalara yol verilən hallar və bunun icrası qaydası” maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafıq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində, bu maddənin 3, 4 və 7ci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləgdə verilməsi nəzərdə tutula bilər. Ona müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinətindən vergi tutlmur. İşdənçıxma ilə bağlı cavabdeh tərəfindən ödənilən müavinətdən gəlir vergisinin tutulması qanuni deyildir. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-329/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia tələbi təmin edilmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 175.4 və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır.
5. Cavabdeh və üçüncü şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, məhkəmə iddianın təmin edilmə əsası kimi qətnamədə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə olmuşdur. Həmçinin, məhkəmənin qətnamədə Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına dair əsaslanması da əsassızdır. Məhkəmə tərəfindən qeyd etdiyimiz maddi hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir.
7. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz.
8. Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir.
9. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İş materiallarından da göründüyü kimi əmək müqaviləsinə işçilərin ixtisar edilməsi və sayının azaldılması ilə deyil, işçinin öz ərizəsi əsasında xitam verilmişdir.
10. Məhkəmənin iddiaçının tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən müddətin şamil olunmamasına dair dəlili əsassızdır. Belə ki, hazırki iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4-cü maddəsinə uyğun tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 iyun 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı 06 iyun 2019-cu il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin, iş İddiaçı qanunvericiliklə müəyyə edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, bununla da bir illik iddia müddətini ötürmüşdür.
11. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İN yanında Dövlət Vergi Xidməti qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçininməhkəmə bu faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericiliyin normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həminfaktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. Digər tərəfdən isə iddiaçı iddia ərizəsində belə işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir.
13. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən ARDNŞ-nin “Azneft” İstehsalat Birliyindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cutialrixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir.
14. Halbuki məhkəmənin istinad etdiyi həmin əmrqərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə İddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmrqərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır.
15. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Nəticədə məhkəmə xx.xx.2023cü il tarixli qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi qənaətinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir.
16. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; Əvəzsiz dövlət köçürmələri; Dövlət pensiyaları və dövlət təqaüdləri; İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır.
17. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə özü-üzlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir.
18. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2023-cü il tarixli qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Təsadüfi deyil ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli qərarın 3-cü səhifəsinin 4-cü abzasına əsasən 1-ci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bildiririk ki, qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır.
19. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətininin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətininin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
23. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1957-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır.
24. 08 sentyabr 1980-cı il tarixli əmək kitabçasının sürətindən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 1-ci dərəcəli iqtisadçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir.
25. SOCAR «Azneft» İB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə 07 aprel 2008-ci il tarixində bağlanmış əmək müqaviləsinə 05 iyun 2018-ci il tarixində işçinin öz ərizəsinə (AR Əmək məcəlləsinin 69.3-cü maddəsilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19 a nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22-ə nömrəli dəyişikliyə əsasən, orta əmək haqqının beş misli 9557,40 manat məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 1864.35 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
26. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.7. Kollektiv saziş -müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Maddə 175.4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
28. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: Maddə 102.1.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir. Maddə 102.1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə; Maddə 102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar. Tətbiq edilən prosessual hüquq normaları:
29. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
31. Hazırkı işin hallarına görə cavabdeh təşkilatda işləmiş İddiaçı 2018-ci ilin iyun ayında təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuş və həmin vaxt İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr- Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 9557,40 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Rayon məhkəməsi iddianı əsaslı hesab etmişdir.
32. Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri iddiaçıya ödənilən müavinətin vergidən azad olan müavinət hesab edilməməsi ilə bağlıdır, onlar, öz mövqelərini vergi qanunvericiliyində vergidən azad olunan müavinətlərin konkret müəyyən olunması ilə əsaslandırmış, hazırkı halda iddiaçıya ödənilən müavinətin vergidən azad olunmadığına istinad etmişdir.
33. Hazırkı iş üzrə iddia ərizəsindən də məlum olduğu kimi, iddiaçının (işçinin) pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndində göstərilmişdir.
34. Əmək Məcəlləsinin 3.7-ci bəndinə görə, kollektiv saziş-müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.
35. Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
36. Həmin Məcəllənin 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər.
37. Yuxarıda qeyd edilən normalardan məlum olur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) X2 Məcəlləsinin 3.7-ci bəndində nəzərdə tutulmuş işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.
38. Belə olan halda məlum olur ki, həmin sazişə əsasən iddiaçıya (işçiyə) pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi zamanı verginin (həm də bu münasibətlərin zəif tərəfi olan işçidən) tutulması heç bir halda tərəflər arasında bağlanmış kollektiv sazişin məqsədinə uyğun gəlmir.
39. Çünki yuxarıda göstərildiyi kimi, qeyd edilən kollektiv saziş işçi üçün əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri nəzərdə tutur. Eyni zamanda ƏM-in 7.1-ci maddəsinin tələbinə görə də həmin qanunvericilikdə işçilərin hüquq və təminatlarının minimum səviyyəsi müəyyən olunmuş, başqa sözlə, işəgötürən tərəfindən öz təşəbbüsü ilə işçilər üçün daha geniş təminatlar müəyyən oluna bilər. Belə olan halda, yəni işəgötürənin öz təşəbbüsü ilə işçilər üçün əlavə təminatlar verildikdə bununla bağlı ortaya çıxa biləcək vergi və ya sair maliyyə yükünün işçinin üzərinə qoyulması həm əmək qanunvericiliyinin, həm də hüquqi müəyyənlik prinsiplərinə zidd olardı.
40. Demək ki, hazırkı işin halları baxımından işçiyə ödənilmiş müavinətdən verginin tutulması üçün əsasların müəyyən edilməsi halında (əgər həmin müavinətdən həqiqətən də vergi tutulmalıdırsa), bu işçidən yox, həmin sazişi bağlamış (sazişi bağlamaq işəgötürənin hüququdur) əmək müqaviləsinin güclü tərəfi olan və həmin maliyyə və vergi yükü ilə bağlı riskləri görən işəgötürəndən tutula bilər.
41. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı tələbinə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti şamil olunmur. Çünki, iddiaçı cavabdeh qurumla əmək münasibətində olmuş olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən qeyd olunan müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçilərin hüquqlarının hər cür pozuntularını aradan qaldırılması ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilə bilməz, bu cür tələb həm də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür.
42. Kollegiya qeyd edir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1)
43. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir.
44. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir.
46. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.
47. Kollegiya üçüncü şəxsin apellyasiya şikayətinin oxşar işlərlə bağlı fərqli məhkəmə qətnamələrinin olması dəlilinə əsasən qeyd edir ki, həmin işlərin halları hazırkı işin hallarından tamamilə fərqlidir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
48. Beləliklə, rayon məhkəməsi iddia tələbini təmin etməklə, mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır və təmin edilə bilməz. Nəticə:
49. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-329/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov