Məhkəmə qərarları › İş №2(103)-3001/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3001/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3001/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və Cavabdeh1 Məhəmməd qızının iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh3 qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-507/22) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə anası vəfat etdikdən sonra ona məxsus olan mənzilə hüquqi varis kimi o və onun qardaşı X3 tanınmışdır. Həmin dövrdə bu evdə qardaşı öz ailə üzvləri ilə birlikdə yaşamamışdır. Qardaşı ona təklif etmişdir ki, Moskvada biznes qurmaq fikri vardır və bu evdə olan payına görə ona pul versin. O da razılaşaraq 30000 ABŞ dolları məbləğində qardaşına pul vermişdir. Sonradan qardaşı X3 03.03.2015- ci il tarixdə bağışlama müqaviləsi bağlayaraq özünə məxsus hissəni ona bağışlamışdır. Həmin evdə yaşaya bilmədiyindən kirayədə qalmışdır. Bundan sonra qardaşı Moskvadan qayıtmış, lakin evi boşaldacağına söz versə də, evdən çıxmamışlar. Buna görə də qardaşına və onun ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların həmin mənzildən çıxarılması ilə bağlı qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq X2 İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 17.12.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qətnaməsi qismən - cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqların) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə ləğv olunmuş və iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Hazırda o, kirayədə yaşayır və başqa yaşayış yeri yoxdur. Buna görə də cavabdehlər ona məxsus mənzildən çıxarılmalıdırlar. Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o həmin mənzilə 2001-ci ildə gəlin köçmüş və mənzilin əvvəlki kirayəçisi olmuş Cavabdeh2 Camal oğlu tərəfindən yerləşdirilmiş, onunla birlikdə uzun illər təsərrüfat aparmış və onun ailə üzvü olmuşdur. Sonradan mənzilin kirayə müqaviləsi X1nın adına rəsmiləşdirilmiş, ondan sonra isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X1 ilə də 2009-cu ildə vəfat edənə qədər onunla birlikdə ailə üzvü kimi yaşayıb, birgə təsərrüfat idarə etmişdir. Onun hazırda həmin mənzildən başqa yaşayış yeri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, iddiaçı onun anasıdır. Mübahisəli mənzil hal-hazırda onun anasının mülkiyyətindədir. Onun dayısı Fəxrəddinin həmin evin ½ hissəsinə mülkiyyət hüququ olmuş, lakin banka borcu olduğundan özünə məxsus ½ hissəni bacısı Kəmaləyə bağışlamışdır. Lakin anası tərəfindən dayısı Fəxrəddinə 30000 ABŞ dolları pul verilməmişdir. Anası daim ona həmin evi satacağını və qardaşını və onun ailə üzvlərini evdən çıxaracağını bildirmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə təqdim etdiyi sənədlərə hüquqi qiymət verməyib. Cavabdeh1 heç vaxt atası və anası tərəfindən ailə üzvü kimi qəbul olunmamış, o, indiyə kimi Biləsuvar rayonunda atasının evində pasport qeydiyyatındadır. Cavabdeh3 bu yaxınlarda ailə qurub və hal-hazırda əri ilə birlikdə Lerik rayonunda yaşayır. Məhkəmənin onların yaşayış yeri olmaması barədə qənaətə gəlməsi həqiqətə uyğun deyildir. Qardaşı və arvadı 7 il əvvəl bağlanmış bağışlanma müqaviləsinin icrasından boyun qaçırırlar. Hesab edir ki, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin 1 və 2-ci bəndinin tələblərinə uyğun olaraq həll edilməlidir. Cavabdehin həyat yoldaşı Cavabdeh2 həmin mənzilin mülkiyyətçisi deyil. Bu mənzil əvvəl atasının, sonra anasının mülkiyyətində olmuş, onlar öldükdən sonra 1/2 hissəsi onun, 1/2 hissəsi isə qardaşının payına düşmüş, 7 il bundan qabaq 30.000 ABŞ dolları müqabilində Mülki Məcəllənin 666-cı maddəsinə əsasən qanuni yolla bağlanmış bağışlama müqaviləsinə əsasən mənzilin tam mülkiyyətçisi özü olmuşdur. Mənzil bağışlandığı dövrdə Hövsan qəsəbəsinin mərkəzində yerləşən 3 otaqlı ev 90-95 min manat idi. Bu isə 57-58 min ABŞ dolları təşkil edir. Pandemiya ilə əlaqədar qiymətlərin düşməsinə baxmayaraq, indi də belə evlər 85-88 min manata satılır, bu da 52-53 min ABŞ dolları təşkil edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və göstərdi ki, 2001-ci ildən mübahisəli mənzilə gəlin gəib, uşaqları bu mənzildə doğulub və hazırda ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayırlar. İddiaçının uşaqları da mübahisəli mənzildə yaşayır və artıq uzun müddətdir ki, o, öz uşaqları ilə yanaşı iddiaçının uşaqlarına da baxır. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisələndirilməyən hallarından görünür ki, mənzil əvvəl iddiaçının atasının, sonra anasının mülkiyyətində olmuş, onların vəfatından sonra 1/2 hissədə iddiaçının və 1/2 hissədə qardaşı Fəxrəddin Əfəndiyevin mülkiyyətinə keçmişdir. 03.03.2015-ci tarixdə Fəxrəddin Əfəndiyev özünə məxsus hissəni bacısı olan iddiaçıya bağışlamış və mənzil bütünlüklə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh1 Fəxrəddin Əfəndiyevlə rəsmi olaraq nikaha 2005-ci ildə daxil olsa da, mübahisəli mənzilə 2001-ci ildə gəlin köçmüş, həmin mənzildə fasiləsiz yaşamaqla ailə üzvü kimi birgə təsərrüfat aparmış və həmin mənzildə azyaşlı uşaqları doğulmuşdur. Hazırda həmin mənzildə cavabdehlər və iddiaçının iki övladı yaşayır. İddiaçı bağışlama müqaviləsi əsasında mənzilə tam mülkiyyət hüququ əldə etməsi əsası ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə bu qənaətə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Məhəmməd qızı və onun övladları iddiaçının ailə üzvləri ilə birgə yaşamaqla, həmin zaman qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi mənzildən onlarla bərabər istifadə etmək hüququ əldə etmişlər. Bu hüquqa isə qanunverciliyin tələbinə əsasən mülkiyyətçi tərəfindən yalnız kompensasiya verilməklə xitam verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı tərəfindən cavabdehlərə məxsus başqa yaşayış yerinin mövcud olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iddianın əsassız olması ilə bağlı gəldiyi nəticəni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri də məhz həmin maddi hüquq normalarının düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə iddia tələbinin əsası kimi istinad olunan hallar eyni məzmunludur və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin istifadə hüququna yalnız Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə xitam verilməsinin mümkünlüyü barədə qənaətlə də razılaşır və qeyd edir ki, Cavabdeh1 2001-ci ildən mübahisəli mənzildə yaşamaqla həmin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır. İddiaçı yalnız 2015-ci ildə mübahisəli mənzilin tam mülkiyyətçisi olmuşdur. Həmin vaxtadək mənzilin mülkiyyətçiləri iddiaçı və Cavabdeh1 əri, iddiaçının isə qardaşı Fəxrəddin Əfəndiyev, onlardan da əvvəl iddiaçının valideynləri olmuşlar və sonuncular mülkiyyətçi olduqları müddətdə cavabdehlərin istifadə hüququnu mübahisələndirməmişlər. Mənzil iddiaçıya bağışlanarkən cavabdehin istifadə hüququ ilə yüklü olmuşdur. Mülki Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli mənzil 2015-ci ildə iddiaçıya bağışlanarkən mənzilin cavabdehlərin istifadə hüququ ilə yüklü olması iddiaçıya məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar