Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3003/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması və iş yerinə bərpa olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.Müdafiə Nazirliyinin Sanatoriyasının ləğvi haqqında iclasın 03 noyabr 2022-ci il tarixli protokolunda qeyd edilmişdir ki, iclasda iştirak etməyən mülki işçilərə Müdafiə Nazirliyinin Sanatoriyasının ləğvi haqqında məlumatın verilməsi bölmə və xidmət rəislərinə bildirilmişdir.
2. Qəbul-bölmə müdiri X2 Hərbi Sanatoriyanın rəisinə ünvanladığı məktubundan surətindən görünür ki, məktubda İddiaçı Mərkəzi Hərbi Sanatoriyanın ləğvi ilə əlaqədar zəng vasitəsilə məlumatlandırıldığı qeyd edilmişdir. 3.Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi Kamil Cəlilov tərəfindən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədrinə ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 309 saylı əmrinə əsasən Müdafiə Nazirliyinin Hərbi Sanatoriyası ləğv edilmişdir. Bu səbəbdən mülki işçilər işdən azad olunmuşdur.
4. Mərkəzi Hərbi Sanatoriya rəisinin 25 iyul 2022-ci il tarixli 114 nömrəli əmrindən çıxarışdan görünür ki, Mərkəzi Hərbi Sanatoriya rəisinin 25 iyul 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək 25 gün müddətinə 2022-ci ilin hesabına növbəti məzuniyyətə getməsi qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı - cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» barədə iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2022-ci il tarixli 117 №-li əmrin əsassız olduğu üçün ləğv edilməsi və iş yerinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 10 noyabr 2022-ci il tarixli, 117 nömrəli əmr ilə işdən azad olunmuşdur. Həmin əmr qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi məzuniyyətdə ola-ola əmr verə bilməzdi.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı «əmrin ləğv olunması və iş yerinə bərpa olunması» tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı əvvəllər işlədiyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyası ləğv edilərək yerində yeni Müdafiə Nazirliyinin birbaşa tabeliyində Müdafiə Nazirliyinin İstirahət Evi yaradıldığından, yəni faktiki olaraq iddiaçının əvvəllər işlədiyi təşkilat ləğv edildiyindən, iddiaçı isə qeyd olunan struktur dəyişikliyi barədə və bununla bağlı işdən azad olunacağı barədə xəbərdar olunduğu üçün cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmiş və iddiaçının işdən azad olunması barədə əmrin ləğv olunması üçün heç bir qanuni əsas mövcud deyildir. Məhkəmə işəgötürən tərəfindən iddiaçının işdən azad olunması və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına dair iddiaçının dəlillərini əsassız hesab edir.
9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 77-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı 10 noyabr 2022-ci il tarixli, 117 nömrəli əmr ilə işdən azad olunmuşdur. İddiaçı hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi məzuniyyətdə ola-ola əmr verə bilməzdi. Buna görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tam ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. Odur ki, iddiaçı qətnamə ilə tam razı deyildir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin 24 sentyabr 2022-ci il tarixli, 309 saylı əmrinə müvafiq olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının ləğv edilməsi ilə bağlı İddiaçı 10 noyabr 2022-ci il tarixdə (əmr № 117) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə müvafiq olaraq (müəssisə ləğv edildikdə) işdən azad olunmuşdur. Mərkəzi Hərbi Sanatoriyanın sabiq rəisi tibb xidməti polkovniki Elçin Abdullayev 2022-ci ilin məzuniyyət hesabından 25 gün müddətində 25 iyul 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək məzuniyyətə buraxılmışdır. (Əmr № 114) və 10 noyabr 2022-ci il tarixdə məzuniyyətdə olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, onu işdən çıxaran Kamil Cəlilov həmin zaman müavin idi. Onun işdən çıxarma səlahyyəti olmamışdır. Həmçinin, o rəsmi icazə ilə 4-5 dəfə İrana gedib. Onu hazırda bu səbəbə görə işdən çıxarıblar. Rayon məhkəməsində nümayəndə bu məsələni bildirəndə o anlaya bilməmişdir. O icazə ilə onkoloji xəstəliyinə görə İrana müaliəcəyə getmişdi. Müharibədən sonra o hospitala ezam olundu və işlədiyi dövrdə Fəxri Fərman alıb. Nümunəvi işçi olub. Onun çıxma səbəbi nədir, hazırda aydın deyil. Müəssisə hazırda başqa adla fəaliyyət göstərir, işçilərin əksəriyyəti də oradadır. Kamil Cəlilov onu 8 il əvvəl işə götürmüşdü və xəstəliyini də bilirdi. Onu qərəzli işdən çıxarıblar. Ondan sonra nə qədər işçi götürülmüşdür. Müəssisə rəhbəri Elçin Abdullayev məzuniyyətdə olmuşdur. İşdən çıxarılanda rəhbər yerində olmamışdır. O bəzi qeyri-etik hərəkətlərə etirazını bildirib, göz yummayıb. Hətta onların otağına işçinin biri gəlib onu demişdi ki, çöldə 1 saat gəz gəl. Onlar işdən Kamil Cəlilov çıxarmışdır. Rəsmi əmək müqaviləsi bağlayıb. Kadrlar üzrə Elmira xanımı tanıyıb.
14. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı bildirir ki, müəssisə rəhbəri işdə olmamışdır, lakin bu düzgün deyil. Əmrdən çıxarışları təqdim edib ki, müəssisə rəhbəri nə zaman məzuniyyətdə olmuşdur. Müəssisə rəhbəri Elçin Abdullayev xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə məzuniyyətdə olmuşdur. Müəssisə sentyabr ayında bağlanmışdır.Ola bilər ki, müavin işçiləri qəbul etmişdir, iddiaçı da bunu müavinin işçiləri işdən çıxmağı kimi anlamışdır. Əmri imzalayan da müəssisə rəhbəri olmuşdur. O iddiaçıya bildirməyib ki, işdən çıxarılma səbəbi İrana getməyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 54 № Qərarına əsasən hərbi qulluqçular ölkə hüdudlarından kənara çıxarsa icazə almalı, mülki işçilər isə 1 ay öncədən müəssisə rəhbərini məlumatlandırılmalıdırlar. İddiaçı sadəcə gedib. Heç bir qərəzli mövqe olmamışdır. Vətən Müharibəsində digər işçilər kimi iddiaçı da ezam olunmuş və digər işçilər kimi Fəxri Fərman almışdır. Müəssisədə şikayətlər çox olduğuna, işçi sayı çox olduğuna və s. bu kimi səbəblərə görə müəssisə ləğv edilmiş, işçi heyətinin sayı azaldımışdır. İddiaçı qəbul bölməsində tibb bacısı çalışırdı, hazırda yeni yaranan müəssisədə qəbul bölməsi ləğv edildi. Hətta qəbul bölməsinin rəisi də işsiz qalmışdı, daha sonra qazi ailəsi olduğu üçün ona iş verdilər. Hazırda müəssisədə yer yoxdur. İddiaçıya məhkəməyə müraciət etməmişdən öncə rəhbərliyinə ərizə ilə müraciət etməsini və onkolji xəstəliyi ilə bağlı müraciət etməsini bildirmişdi. İddiaçı isə onları məhkəməyə verdi, onlara müraciət etmədi. Yeni yaranan müəssisədə köhnə işçilər ola bilər, amma yeni rəhbər gəlmişdir. X5 yeni yaranan müəssisənin rəhbəridir. Elçin Abdullayev də başqa vəzifəyə keçmişdir. Ləğv edilmiş müəssisənin işçiləri işsizlikdən söhbətlər etməyə başladılar, başqa yerlərə şikayətlər verdilər, dedi-qodular çoxaldı. Bu məsələdə iddiaçının da adı hallandı. Həmin məsələ ilə bağlı adları hallanan şəxslər heç biri hazırda işdə deyil. Yeni yaranan müəssisə ləğv olunmuş müəssisənin bazası əsasında yaranmamışdır. Yeni müəssisədə işçi heyəti azaldıldı, hərbi qulluqçuları ixtisar oldu, hətta müəssisə rəhbəri də işdən çıxarıldı. Yeni bir müəssisə yarandı. Hazırda yeni müəsissənin əsasnaməsi qəbul edilməmişdir. Bunun üçün vaxt lazımdır.
Tətbiq edilən hüquq normaları:
16. Əmək Məcəlləsi Maddə 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. A) Müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 77.1 Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iddiaçı hazırkı iddiasında işdən azad olunması ilə bağlı 10 noyabr 2022-ci il tarixli, 117 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Hərbi Sanatoriya rəisinin 10 noyabr 2022-ci il tarixli, 117 nömrəli əmrdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 309 saylı əmrinə müvafiq olaraq Mərkəzi Hərbi Sanatoriya xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmış hesab edilir. Mərkəzi Hərbi Sanatoriyanın mülki işçiləri xx.xx.2022-ci il tarixdən tutduqları vəzifədən azad edilir. Qəbul bölməsinin tibb bacısı İddiaçı xx.xx.2022- xx.xx.2022-ci iş ilinin qalan 15 t/g, xx.xx.2022-xx.xx.2022-ci il dövrü üçün 30 t/g hesabından və orta aylıq əmək haqqının 1.7 misli miqdarında müavinət ödənilir.
24. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi məzuniyyətdə olduğu müddətdə işçinin işdən azad edilməsi barədə əmr verməsi əsassızdır.
25. Mərkəzi Hərbi Sanatoriyasının 25 iyul 2022-ci il tarixli, 114 nömrəli əmrində qeyd edilir ki, t/x polkovniki E.Abdullayev 25 iyul 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 25 gün müddətinə 2022-ci ilin hesabına növbəti məzuniyyətə getmişdir.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev