Məhkəmə qərarları › İş №2(103)-3006/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3006/2023

19.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3006/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-512/2023 saylı qərardadına əsasən İddiaçı Tövsif oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan maneələrə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işin aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsinə dair "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə vəsatəti əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə şikayət verərək qərardaddın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə (hakim Ş.Abdullayev, iş N 2(009)-512/23) ərizə təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin vəsatətin rədd edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iş üzrə iddiaçının tələbi ona mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlak üzərində pozulmuş hüquqlarının bərpası, həmin əmlakın qeyri-qanuni sahiblikdən geri qaytarılması ilə bağlı olduğundan hazırki tələbə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılmalıdır. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmununa görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir və bu baxımdan işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar